20 Yanvar milli qəhrəmanlıq tarixidir

 

Eldar İsmayılov: "Xalq bütün dünyanın ehtiyatlandığı sovet ordusunun qarşısından qaçmadı"

 

Arif Yunus: "Özümüzü hər dəfə yasda saxlamaqla nəyə nail ola bilərik?"

 

Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının ən mühüm mərhələlərində biri hesab olunan 20 Yanvar faciəsinin 20-ci ildönümü qeyd olunur. Millət istiqlal mübarizəsində verdiyi şəhidlərini hər il olduğu kimi, yenə böyük sayğı ilə anmaq üçün Şəhidlər Xiyabanına axışacaq. Amma 20 Yanvar hadisələrinin 20-ci ildönümündə bununla bağlı hər il düzənlənən mərasimin xarakteri ətrafında mübahisələr növbəti dəfə təkrarlanıb.

Bir çoxları 20 Yanvar olaylarının millətin qəhrəmanlıq tarixinin ən şərəfli səhifələrindən biri olduğunu əsas gətirərək, anım mərasiminin matəm notları üzərində qurulmasının əleyhinə çıxırlar. Onların fikrincə, 20 Yanvarın faciə şəklində təqdim olunması həmin hadisələrin qəhrəmanlıq məqamlarını tam arxa plana keçirir. Eyni zamanda, o da deyilir ki, cəmiyyətin davamlı olaraq, matəm ovqatında saxlanması Azərbaycanın məruz qaldığı işğal faktının aradan qaldırılmasına da ciddi əngəl yaradır. Mövzu haqqında danışan ziyalılar da bu yanaşmanı dəyişməyin vaxtı çatdığını deyirlər.

Tarixçi, professor Eldar İsmayılov 20 Yanvar hadisələrinin faciə kimi qeyd olunmasının əleyhinədir: "Bu, doğrudan da kifayət qədər aktual bir məsələdir. Təəssüf ki, artıq 20 ildir, tariximizin şərəfli bir dönəmi sayılan 1990-cı ilin 20 Yanvar hadisələri faciə olaraq qeyd edilir. Belə yanaşmanın dəyişməsinə ehtiyac var. Tarixə nəzər salsaq görərik ki, heç bir xalq öz müstəqilliyini havadan qazanmayıb, bunun uğrunda illərlə mübarizə aparıb qurbanlar verib. Bizdə isə tam fərqli yanaşma formalaşıb. Qəhrəmanlıq tarixini faciə şəklinə salırıq. Əslində isə 20 Yanvar hadisələrinin ildönümü tamam başqa cür anılmalıdır. Həmin hadisələrin şahidləri nəyin necə baş verdiyini yaxşı xatırlayırlar. Amma unutmayaq ki, ölkədə yeni nəsil formalaşır. Onlara tariximiz barəsində, ayrı-ayrı epizodların mahiyyəti haqqında doğru-düzgün məlumatlar verilməlidir. Yoxsa gənc nəsil ardıcıllıqla qeyd olunan faciə ildönümlərindən götürəcək? Belə olsa, onda gənclərin hansı ruhda formalaşacağını təsəvvür etmək belə çətindir. Ona görə , xalqın qəhrəmanlıq tarixinə, konkret olaraq, 20 Yanvar hadisələrinə yanaşma da dəyişməlidir. Həmin hadisələrdən danışırıq, gəlin yada salaq ki, 20 il əvvəl baş verib? O zaman Azərbaycanda geniş hərəkat başlamışdı hədəf müstəqilliyin bərpa olunması idi. Moskvada da gördülər ki, bu hərəkat, mübarizə məntiqi sonluğuna yetişmək üzrədir. Bunun qarşısının alınması üçün Azərbaycana ordu yeridildi proseslərin inkişafı 20 Yanvar hadisələrilə nəticələndi. Düzdür, insan itkisilə nəticələnən bütün hadislələr faciədir. Amma həmin şəhidlər nəyin uğrunda ölümə getdiklərini bilirdilər axı... Bu, həm ona görə faciə yox, qəhrəmanlıq tarixi sayılmalıdır ki, xalq imperiya ordusu ilə qeyri-bərabər mübarizədən çəkinmədi. Xalq bütün dünyanın ehtiyatlandığı sovet ordusunun qarşısından qaçmadı. Bu, indi bəlkə tam dolğun təsəvvür olunmur. Amma o vaxt üçün həqiqətən fenomenal bir hal idi... Bu baxımdan, 20 Yanvar hadisələri faciə kimi yox, real mahiyyətinə uyğun qaydada qeyd olunmalıdır. Eyni zamanda, vacib bir məsələni xatırlatmaq istərdim. Bu da 20 Yanvar hadisələrinə tarixi qiymətin verilməsilə bağlıdır. 20 Yanvarla bağlı siyasi-hüquqi qiymət verilib, amma tarixi qiymət unudulmamalıdır".

Arif Yunus da həmin tarixi hadisələrin "matəm kampaniyası"na çevrilməsinin doğru olmadığı qənaətindədir: "Neçə ildir ki, 20 Yanvar hadisələri məhz faciə kimi qeyd olunur şəxsən mən buna çox təəssüflənirəm. Biz nədənsə mühüm hadisələri yalnız onun baş verdiyi konkret günlərdə yada salmaqla kifayətlənirik. Amma belə olmamalıdır. İstər 20 Yanvarda, istərsə Qarabağ savaşında verdiyimiz şəhidlər bizimdir, onlar hər gün hörmətlə anılmalıdırlar. Xalq Şəhidlər Xiyabanını müntəzəm ziyarət etməlidir, valideynlər övladlarına həmin hadisələrin necə baş verdiyini danışmalıdırlar. Sizə bir misal çəkim. Ermənilər hər il özlərinin qondarma "soyqırım" abidələrini kütləvi ziyarət edirlər. Amma onlarda bu işlər fərqli qaydada aparılır - kampaniyaçılıq deyil. Ona görə , ermənilərin şüurunda lap kiçik yaşlarından "soyqırım" məsələsi özünə yer edir imkan düşən hər yerdə bu məsələdən danışırlar. Bizdə isə 20 Yanvar, yaxud da rayonlarımızın işğal olunduğu günlər ərəfəsində faciə əhvalı yaradılır, matəm verilişləri hazırlanır sonra yenə hər şey azı bir illiyə arxa plana keçirilir. 20 Yanvar hadisələrinin faciə kimi qeyd olunmasını doğru saymıram. Bu, müstəqillik uğrunda mübarizənin bir mərhələsi idi o etapda xalq sovet ordusuyla qarşıya-qarşıya gəldi. Yəni mübarizə varsa, orada qurbanlar da olur. O baxımdan, 20 Yanvar hadisələri faciə yox, qəhrəmanlıq tarixidir adına uyğun da qeyd olunmalıdır. Özümüzü hər dəfə yasda saxlamaqla, nəyə nail oluruq? Əksinə, bununla cəmiyyətdə, yetişən gənc nəslin düşüncəsində vəziyyətlə barışmaq ovqatı yaranır. Belə ovqatla nəyə nail ola bilərik? Başqa bir vacib məsələ 20 Yanvar hadisələrinə tarixi qiymətin verilməsidir. Tarixi qiymət o deməkdir ki, sovet imperiyası Azərbaycanda gedən hərəkatı boğmaq üçün respublikaya qoşun yeritdi nəticədə bu hadisələr baş verdi. Biz isə 20 Yanvar Xocalı hadisələrinə verdiyimiz hüquqi-siyasi qiymətdə sovet rəhbərliyini, erməniləri kənara qoyub, günahı özümüzdə axtarırıq, içimizdən "günahkarlar" çıxarırıq. Belə olmaz. Bu yanaşmanın nəticəsidir ki, ruslar da, ermənilər iddia edirlər ki, 20 Yanvar Xocalı hadisələri Azərbaycanda gedən daxili siyasi mübarizənin nəticəsində baş verib. Ona görə , dediyim məsələlərə yenidən obyektiv baxıb, qiymətləndirməyə ehtiyac var".    

 

 

Rahid Cəfərli

 

Xalq Cəbhəsi.- 2010.- 20 yanvar.- S.4.