Məhəmməd Əmin Rəsulzadəyə
layiq olduğu münasibət göstərilməlidir
Azərbaycan Cümhuriyyətin banisinə Bakıda
möhtəşəm abidə qoyulmalıdır
31 yanvar Rəsulzadənin doğum
günüdür
Azərbaycanın paytaxtı Bakı şəhərində tarixi qəhrəmanımız Koroğlunun abidəsi ucaldılacaq. Xalqın qəhraman oğluna bu cür münasibət təbii ki, alqışlanmalı, təqdir olunmalıdır. Ancaq Azərbaycan xalqı qarşısında heç də az xidməti olmayan, bəlkə də Koroğludan yetərincə çox fədakarlıq göstərən Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə, Bakını erməni qəsbkarlarından xilas edən Nuru Paşaya da abidə qoyulmalıdır.
Bu çağırış dəfələrlə səslənsə də, nədənsə müsbət addımların şahidi olmuruq. Güman olunurdu ki, ötən il Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi münasibətilə bu məsələ gerçəkləşdiriləcək. Əfsus ki, gümanlarımız doğrulmadı.
Bu ayın sonuncu günü, yəni yanvarın 31-də Rəsulzadənin doğum günüdür. Böyük mütəfəkkirin fəaliyyətinə qısacada olsa bir daha nəzər salaq.
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası din xadimi olsa da, həyata açıq gözlə baxıb, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəldib. Onun oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynayıb. Buranı bitirdikdən sonra Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci ildə fevral burjua
inqilabı baş verdi. Həmin ilin martında açıq fəaliyyətə
başlamış "Müsavat" partiyasının
orqanı "Açıq söz" qəzeti
yazırdı: "Şimdiyə qədər qayəmiz,
amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat
nədir bilməyən və ümumi millətimizə dəstur
olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən
birimizin belə xəbəri olmayan biz müsəlmanlar
müdhiş inqilab tufanları içərisində
kompassız ortada qaldığımızdan hara gedib
çırpınmağa, hansı tərəfə
vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də
divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər".
Həmin dövr
xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı
kimi daxil olur. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili
fraksiyaların çəkişmələri nəticəsində
ləğv olunur. Həmin ayın 27-də seymin müsəlman
fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən
ibarət Azərbaycan Milli Şurası yaranır. Səs
çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə
Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də
bütün ölkələrin radio stansiyaları və qəzetləri
Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya
yayırlar. Bu o demək idi ki, xalqımız öz
varlığını, bir xalq kimi mövcudluğunu
bütün bəşəriyyətə çatdırır,
onun da dünyada müstəqil surətdə yaşayan xalqlar
kimi öz etnoqrafik sərhədləri daxilində azad
yaşamağa hüququ var. Bitərəf Fətəlixan
İsgəndər oğlu Xoyskinin
başçılığı ilə Azərbaycan Demokratik
Respublikası hökuməti təşkil olunur. Beləliklə,
Azərbaycan xalqı nəinki türk xalqları arasında,
eləcə də bütün islam aləmində ilk dəfə
olaraq respublika üsul-idarəsinə qədəm qoyur.
İyunun 17-də Azərbaycan Milli Şurasının
iclasında Rəsulzadə öz nitqində deyir:
"Dünya müharibəsi və Rusiya inqilabının təsiri
ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm
basmış olan Azərbaycan qayəsi əhatə olunmaz
mühüm dəqiqələr keçirir. Bu yeni türk
nüzad siyasəti rişə və buluğ bulub da millətlər
zümrəsinə vəsail-həyat olaraq girə biləcək,
yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat
edəcəkdir? İştə bütün zehinləri
işğal edən bir məsələ! İştə bir
zaman ki, müqəddərat milliliyi əllərinə alanlar
üçün Azərbaycan nüzadini tələf etdirməmək
kimi müşkül, fəqət müşküllüyü
ilə bərabər şərəfli bir vəzifə və
məsuliyyət tərtib ediyor".
Gördüyümüz kimi,
Rəsulzadə özünün bu alovlu nitqində hələ
birinci dünya müharibəsi ərəfəsində
"Dirilik" jurnalı səhifələrində qaldırdığı
və sonralar isə 1917-ci ilin aprelində Bakıda
keçirilən Qafqaz müsəlmanlarının
qurultayında yenidən ortalığa atılan "Azərbaycan
qayəsi"ndən söhbət açır. Təəssüf
ki, bir sıra görkəmli inqilabçıların əsərlərində
1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti
elan olunana qədər, bu torpağın Azərbaycan
adlandırılması barədə, bu xalqın Azərbaycan
xalqı olduğu barədə bir kəlmə də yoxdur.
Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı
müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri
aradan qaldırmaq uğrunda mübarizə aparırdılar.
Amma Azərbaycan müstəmləkə idi və hətta
ölkənin adı belə xəritələrdən
silinmişdi. Müstəmləkə olan bir ölkədə
isə, ancaq milli azadlıq hərəkatından söhbət
gedə bilərdi. Azərbaycan xalqı qarşısında,
ancaq müstəmləkədən azad olub, öz müstəqil
milli dövlətini yaratmaq məsələsi dayanırdı.
Bu çətin vəzifəni Rəsulzadənin rəhbərliyi
altında Azərbaycan ziyalıları o dövrdə öz
üzərlərinə götürdülər. 1918-ci il
dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli
açılışında Rəsulzadə deyir: "Biz o
zaman ki, bizim üçün ən yaxşı məsələni
- "Azərbaycan muxariyyəti"ni müdafiə edirdik, biz
onda sağ və sol tərəfdən amansız tənqidə
məruz qalmışdıq.
Sağdan bizə deyirdilər
ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları
parçalayırsınız, türkçülük
bayrağı qaldırmaqla - Allah yıxsın - siz
İslamın əsasını sarsıdırsınız.
Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan
muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni
yarırıq. "Müsavat" partiyası birinci olaraq Azərbaycanın
müstəqilliyi bayrağını yüksəyə
qaldırmışdır. Beləliklə, müsəlman
partiyaları arasında Azərbaycan ideyasında fikir
ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan
ideyası artıq möhkəmlənmişdir: Bir dəfə
yüksələn bayraq bir daha enməz!"
Bakı Dövlət
Universitetinin yaranması da Rəsulzadənin adıyla
bağlıdır. Bu məsələ ətrafında o, bir
neçə dəfə Azərbaycan parlamentində
çıxış edir və universitetin
açılması tələbini qoyur. Universitetin ilk rektoru
olan professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi
"Bakı şəhərində universitetin əsasının
qoyulması" adlı xatirə oçerkində yazır:
"Rəsulzadənin sayəsində, onun gücü,
maarifçilik köməyi ilə "Müsavat"
partiyasında universitetin açıq və gizli düşmənləri
partiyanın qərarına tabe olmağa məcbur olmuşlar,
biz öz tərəfimizdə artıq iki partiyaya malik idik,
"Müsavat" və sosialistlər, bu da parlamentdə
çoxluğu təmin edirdi". 1920-ci ilin mart ayında
Bakıda rus dilində çapdan çıxmış,
"1920-ci il üçün Azərbaycan
respublikasının təqvim-ünvanı"nda oxuyuruq ki, Rəsulzadə
"Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı
tarixi"ndən dərs deyir. Azərbaycan istiqlalının
ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə
Bakıda bircə nömrəsi çap olunmuş və lakin
geniş oxucu kütləsinə
çatdırılmamış "İstiqlal"
jurnalında Rəsulzadənin "Azərbaycan
respublikası" adlı əsəri çap olunur.
1920-ci ildə aprel hadisələrindən
sonra Rəsulzadə Lahıcda həbsə alınır. Onun
tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində
Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan Stalinə
çatdırılır. Stalin heç kəsə xəbər
vermədən Bakıya gələrək, XII Ordunun xüsusi
şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər
Komissarlığı adından göstəriş verir və
özü şəxsən həbsxanaya gedib Rəsulzadəni
azad edir. Bununla Stalin 1905-ci ildə onu ölümdən qurtaran
keçmiş inqilabçı dostu Rəsulzadənin
qarşısında öz tarixi vicdan borcunu yerinə yetirir. O,
Rəsulzadəni özü ilə birlikdə Moskvaya aparır
və RSFSR Millətlər Komissarlığında mətbuat
müvəkkili vəzifəsinə təyin edir. Rəsulzadə
RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq
(keçmiş Lazarev) institutunda da fars dilində dərs deyir.
Beləliklə, Rəsulzadənin
mühacirət dövrü başlanır. 1928-ci ildə
İstambulda Rəsulzadənin "Azərbaycan
respublikasının keçmişi, təşəkkülü
və indiki vəziyyəti", "Əsrimizin səyavuşu",
"İstiqlal məfkurəsi və gənclik" kitabları
çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə
İstambulda "Yeni Qafqaziya" jurnalı nəşrə
başlayır. Rəsulzadə 1928-ci ildə İstambulda
"İnqilabçı Sosializmin iflası və
demokratiyanın gələcəyi", "Millət və
Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini
çap etdirir. Həmin ildə onun redaktorluğu ilə
"Azəri türkü" , sonra isə "Odlu yurd"
jurnalları və həftəlik "Bildiriş"
(1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu
ildə Rəsulzadənin Parisdə fransız dilində
"Azərbaycan və istiqlaliyyəti" və rus dilində
"Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm"
kitabları çap olunur. 1931-ci ildən Rəsulzadənin
mühacirət dövrü Avropa ölkələrində
davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə
nəşr edilən "İstiqlal" qəzeti və
"Qurtuluş" jurnalı çap edilir.
Rəsulzadənin 1933-cü
ildə Berlində çap olunan "Azərbaycan
Respublikası haqqında bəzi qeydlər" adlı
kitabı da böyük maraq doğurur. Rəsulzadə həm
də görkəmli ədəbiyyatşünas idi, onun
1936-cı ildə Berlində "Çağdaş Azərbaycan
ədəbiyyatı" məqaləsi çap edilir. 1938-ci
ildə Belində alman dilində "Azərbaycan problemi"
və 1939-cu ildə Varşavada polyak dilində
çıxmış "Azərbaycanın hüriyyət
savaşı" kitablarının adlarını çəkməmək
olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi
işləyir, 1940-cı ildən Rumıniyada yaşayır.
Onun 1943-cü ildə İstambulda nəşr olunmuş
"İslam-türk ensiklopediyasının" 1-ci cildində
"Azərbaycan ləhcəsi" adlı məqaləsi
çap edilir. 1947-ci ildən Ankaraya köçən Rəsulzadənin
1949-cu ildə "Azərbaycanın kultur kələnkləri"
adlı kitabı işıq üzü görür. Onun
"Çağdaş Azərbaycan ədəbiyyatı" və
"Çağdaş Azərbaycan tarixi" kitabları həmin
illərdə Rəsulzadənin məhsuldar işlədiyini
göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan
şairi Nizami" adlı sanballı monoqrafiyasını
çap etdirməklə dünya
nizamişünaslığına bir çox yeniliklər gətirir.
Ankarada 1952-ci ildən nəşr
olunan "Azərbaycan" jurnalında xalqımızın
tarixi və ədəbiyyatı haqqında bir silsilə məqaləsini
də bura əlavə etsək, Rəsulzadənin heyrətamiz
yaradıcılığı haqqında təsəvvür
daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə
qədər Parisdə rusca nəşr olunan "Qafqaz" və
fransızca buraxılan "Prometey" jurnallarında öz məqalələri
ilə çıxış edir. Ankara universitetinin tibb
fakültəsinin klinikasında şəkər xəstəliyindən
yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə
saat on birə on dəqiqə qalmış üç dəfə
"Azərbaycan, Azərbaycan, Azərbaycan" deyərək
əbədiyyətə qovuşur. Ankara radiosu martın 7-də
saat 22-45 dəqiqədə sabiq Azərbaycan Milli
Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin
vəfat etdiyini təəssüflə bildirir.
Aysel
Xalq Cəbhəsi.- 2010.- 23 yanvar.- S.10.