Bakı Forumu...
Rusiya-Azərbaycan münasibətlərində
yeni dönəm
Mikayıl Rəhimli: "Rusiya
ictimai rəyi 20 il əvvəl olduğu kimi indi də Ermənistanı
"forpost" kimi tanıyır, amma Azərbaycan haqda müstəqil dövlət
düşüncəsi onların
şüurunda möhkəmlənir"
Mütəllim Rəhimli:
"Azərbaycanın Qərblə
münasibətlərinin perspektivi
mütləq nəzərə
alınmalı, Rusiyaya
və Qərbə yaxınlaşmada balans pozulmamalıdır"
Həsrət Rüstəmov: "Azərbaycan
Rusiyaya qarşı hansı addımları atırsa-atsın, bu ölkənin bizə münasibəti dəyişməyəcək"
Yanvarın 22-də Bakıda Humanitar Əməkdaşlıq Üzrə I Azərbaycan-Rusiya Forumu keçirilib. Tədbirə iki ölkənin tanınmış ziyalıları, elm və təhsil işçiləri, media təmsilçiləri qatılıb. Forumda çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirin Azərbaycanla Rusiya arasında əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə təşkil olunduğunu bildirib. O, Forumun nəticəsi olaraq, yeni humanitar layihələrin reallaşdırılacağına ümidvar olduğunu da deyib. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə öz nöbəsində iki xalq arasında mövcud tarixi-mədəni əlaqələrin inkişafının zəruriliyini vurğulayıb. Amma keçirilən tədbir heç də bütün hallarda "ikitərəfli mədəni əlaqələrin gücləndirilməsi cəhdi" kimi qəbul olunmur. Bəzi çevrələr haqqında danışılan Forumu Azərbaycanın yönünü Rusiyaya çevirməsinin təsdiqi olaraq dəyərləndirirlər. Bununla belə, tədbirə yönəlik fərqli mövqelər də ortaya gətirilir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin sədri Mikayıl Rəhimli sözügedən tədbiri iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli sayır: "Əslində həmin forumun Rusiyameylli tendensiyanın təzahürü kimi qiymətləndirmək doğru olmazdı. Çünki bu, hər iki ölkənin tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin qatıldığı humanitar xarakterli bir tədbir idi. Həm də nəzərə almaq lazımdır ki, dövlətlərarası siyasi münasibətləri kənara qoysaq, son iyirmi ildə ilk dəfəydi ki, Azərbaycanla Rusiya arasında belə bir forum keçirilirdi. Ona görə də tədbirə hansısa maraqlar prizmasından yanaşılmasına ehtiyac yoxdur. Mətbuatdan da aydın olur ki, Azərbaycan və Rusiya rəhbərliyi təşkil olunan foruma çox diqqətlə
yanaşıb. Tədbirdə
hər iki ölkənin nümayəndələrinin
timsalında maraqlı
çıxışların şahidi olduq. Onlar onilliklər boyu eyni mühitdə
yaşamış iki xalq arasında elmi-mədəni-ədəbi bağların
daha etibarlı şəkildə bərpa
olunmasının vacibliyinə
diqqəti yönəltdilər.
Maraqlı məqamlar sırasında Rusiya təmsilçilərinin Azərbaycanın
dövlət müstəqilliyinə
yanaşmalarını xüsusi
vurğulaya bilərik.
Ümumiyyətlə, Rusiya
ictimai rəyinin yanaşmasına baxdıqda
da görərik ki, rus cəmiyyəti
artıq Azərbaycanı
müstəqil dövlət
kimi tanıyır. Amma yaxın illərə qədər həmin yanaşma indikindən kəskin surətdə fərqlənirdi.
Yəni belə bir mövqe formalaşmışdı ki,
postsovet respublikalarının
müstəqilliyi ötəri
prosesdir və günlərin birində onlar hansısa ittifaq formasında yenidən birləşəcəklər.
Bu, doğrudan da çox ciddi
məqamdır. Xatırladım
ki, Rusiya ictimai rəyi iyirmi il əvvəl
olduğu kimi indi də Ermənistanı
sadəcə, "forpost"
olaraq tanıyır. Amma Azərbaycan haqda müstəqil dövlət düşüncəsi
onların şüurunda
getdikcə daha da möhkəmlənir. Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev forumda maraqlı bir fikir bildirdi. O, mövcud münasibətlərin
iki ölkənin gəncləri səviyyəsində
inkişafının əhəmiyyətli
olduğunu dedi. Doğrudan da, həm Azərbaycanda, həm Rusiyada orta və yaşlı
nəsil arasında müəyyən ortaq bağlar var. Hər halda, dediyim kimi uzun müddət
ərzində eyni mühitdə yaşayıblar.
Amma Azərbaycan və Rusiya gəncliyi fərqli arealda və dəyərlər əsasında
formalaşır. Bu baxımdan,
onların arasında inteqrasiyanın gücləndirilməsi
vacib sayılıb. Yəqin ki, bu tip tədbirlər davamlı hal alacaq və münasibətlərin inkişafına
müsbət təsir
göstərəcək".
Ədalət Partiyası
sədrinin müavini Mütəllim Rəhimli keçirilmiş tədbirin
pozitiv tərəflərini
vurğulamaqla yanaşı,
Azərbaycanın Qərblə
münasibətlərinin də
diqqətdə saxlanılmasının
vacibliyini önə çəkir: "Etiraf olunmalıdır ki, mövcud mürəkkəb
situasiyada bu məsələlər barəsində
birmənalı fikir bildirmək çox çətindir. Buna baxmayaraq,
Azərbaycan-Rusiya humanitar
Forumunun təşkilinə
müsbət yanaşıram.
Unutmayaq ki, Azərbaycan tarixinin son iki əsri Rusiya
ilə bağlılıqla
xarakterizə olunur. Eyni zamanda, Rusiya
şimal qonşumuz olmaqla bərabər, həm də özünün növbəti
inkişaf mərhələsinə
qədəm qoyub. Ona görə də, bu və
başqa amillər Rusiya ilə münasibətlərin normal saxlanılmasını
və inkişaf etdirilməsini zərurətə
çevirir. Bununla belə, dediklərimizin fonunda Azərbaycanın Qərblə münasibətlərinin
perspektivi də mütləq nəzərə
alınmalı, Rusiyaya
və Qərbə yaxınlaşmada balans pozulmamalıdır. Əks
halda, bu, Azərbaycan üçün
ciddi problemlər doğura bilər. Çalışmaq lazımdır
ki, təşkil olunan belə tədbirlər bərabər
hüquqlar əsasında
qarşılıqlı faydalı
əməkdaşlığın inkişafına təsirsiz
qalmasın".
Demokrat Partiyası
(ADP) sədrinin müavini
Həsrət Rüstəmov
da mövzu haqda fikirlərində Qərblə münasibətlər
amilini qabartdı:
"Rusiya Azərbaycanla
sərhədləri olan
böyük ölkədir
və uzun illər eyni siyasi, iqtisadi, mədəni məkanda yaşayıblar. Məsələyə
bu aspektdən qiymət versək, o zaman elə Forumların keçirilməsi
normal qarşılanmalıdır. Amma Azərbaycanın vəziyyətində olan bir ölkənin öz siyasətində balansı açıq-aşkar
və nümayişkaranə
şəkildə pozması
müsbət perspektivdən
xəbər vermir. Sözsüz ki, Azərbaycan qonşuları
ilə normal münasibət
saxlamalıdır. Amma
qonşular da Azərbaycana qarşı sayğılı davranmalıdırlar.
Rusiya hansı xidmətlərinə görə
Azərbaycanın xüsusi
dostu ola bilər ki? Hər kəs bilir ki, Qarabağ
münaqişəsini Rusiya
yaradıb və Azərbaycan ərazilərinin
işğalında birbaşa
iştirak edib. Bütün bunları nəzərə almamaq mümkündürmü? Azərbaycan
Rusiyaya qarşı hansı addımları atırsa-atsın, bu ölkənin bizə münasibəti dəyişməyəcək.
Rusiyanın maraqları
belə dəyişikliyə
imkan verməyəcək.
Ona görə də, qeyd olunduğu
kimi, Azərbaycanın
öz siyasətində
balansı gözləməsi
lazımdır".
Rahid Cəfərli
Xalq Cəbhəsi.-
2010.- 26 yanvar.- S.8.