Doqquz il Avropa Şurasında...
Doqquz il bundan öncə, yəni yanvarın 25-də
Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü oldu. Bu zaman
ölkəmiz sözügedən
beynəlxalq qurum qarşısında üzərinə
bir sıra öhdəliklər götürdü.
Öhdəliklərin konvensiyaya dair bölümündə qeyd olunur ki, Azərbaycan Avropa Şurasına daxil olduğu müddətdən sonra bir il ərzində işgəncələrin və digər qəddarlığın, vəhşiliyin və ləyaqətin alçaldılmasına yönəlmiş cəzaların qarşısını almaq üzrə Avropa Konvensiyasını və ona aid protokolları imzalamalı və ratifikasiya etməli, milli azlıqların müdafiəsi haqda Avropa Şurası Çərçivəli Konvensiyasını imzalamalı və təsdiqləməli, regional dillər və milli azlıqların dilləri haqda Avropa Xartiyasını imzalamalı və ratifikasiya etməli, yerli özünü idarəetmə haqda Avropa Xartiyasını imzalamalı və ratifikasiya etməlidir. Konvensiyaya aid bölmədə daha sonra bildirilir ki, Azərbaycan quruma daxil olduğu müddətdən sonra iki il ərzində sərhədsiz əməkdaşlıq haqda Avropa Çərçivə Konvensiyasını imzalamalı və ratifikasiya etməli, Avropa Sosial Xartiyasını imzalamalı və Avropa Şurasına daxil olduqdan sonra üç il ərzində onu ratifikasiya etməli və Xartiyada qeyd olunan və onun prinsiplərinə cavab verən siyasətin aparılması üçün təcili səylər göstərməli, korrupsiya haqda cinayət qanunu Konvensiyasını və korrupsiya haqda mülki hüquq Konvensiyasını imzalamalı və ratifikasiya etməli, Avropa Şurasının imtiyazlar və toxunulmazlıq haqda Əsas Sazişini və ona aid olan əlavə protokolları imzalamalı və daxil olduqdan sonra bir il ərzində onu ratifkasiya etməlidir.
Azərbaycan üçün ən önəmli məsələyə, Dağlıq Qarabağ probleminə gəldikdə isə bu zaman Avropa Şurası qarşısında hakimiyyətlə yanaşı, müxalifət də öhdəlik götürdü. Həmin öhdəlikdə birmənalı olaraq bildirilir ki, Dağlıq Qarabağ konfliktinin yalnız sülh yolu ilə həllinə səy göstərmək lazımdır. Problemin həllilə bağlı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar bir nəticə vermədikdə, hər dəfə Azərbaycan rəhbərliyi torpaqların hərb yolu ilə azad edilməsinin qaçılmaz olduğunu gündəmə gətirir. Həmişə də Avropa Şurasının təpkisiylə qarşılanır, götürülən öhdəlik bir daha diqqətə çatdırılır.
Azərbaycan Avropa Şurası qarşısında milli qanunvericiliyə dair də öhdəliklər götürüb. Düzdür, həmin öhdəliklərin bir qismi o vaxtkı seçkilər öncəsi və seçkilərdən sonrakı dövrü əhatə edir. Ancaq yenə də tarixi baxımdan götürülən öhdəliklərə nəzər salmaq maraqlı olardı. Beləliklə, öhdəliklərin milli qanunvericiliyə dair bölməsində bildirilir ki, Azərbaycan əvvəlki sekilərdəki beynəlxalq müşahidəçilərin tövsiyyələrini nəzərə alaraq qanunlara, o cümlədən Mərkəzi Seçki Komissiyası və Seçki Məcəlləsi qanunlarına yenidən baxmalı, 2000-ci ilin payızında keçiriləcək seçkilərin daha demokratik keçirilməsinə və bu sekilərin nəticələrinin seçkidə iştirak edən əksər siyasi partiyaların qəbul etməsinə və beynəlxalq müşahidəçilərin bu seçkilərin azad və ədalətli keçməsini qəbul etməsinə nail olmalıdır. Növbəti seçkilərin keçirilməsinə qədər yerli hakimiyyət orqanlarının səlahiyyətlərinə dair qüvvədə olan qanunvericilikdə dəyişiliklər edilməli və Avropa yerli və regional hakimiyyətlər Konqresinin bu sahədə təkliflərini nəzərə alaraq onlara geniş müstəqillik və səlahiyyətlər verilməlidir. Qanunverici orqanın icra orqanlarından asılılığını azaltmaq və onun müstəqilliyini gücləndirmək və bununla da birincilərin hökumət üzvlərinə sorğuların verilməsi üçün islahatlar aparılmalıdır.
Azərbaycan quruma daxil olduğu müddətdən sonra bir il ərzidə Avropa Şurası ekseprtlərinin qeydlərinin nəzərə alındığı cinayət-prosessual məcəlləsini və "Ombudsman haqqında", "Korrupsiya haqqında" qanunlar qəbul etməli, eyni zamanda iki il ərzində korrupsiya əleyhinə mübarizə proqramını təsdiqləməlidir.
Azərbaycan Avropa Şurasına daxil oduğu müddətdən sonra üç il ərzində Avropa Standartları nəzərə alınaraq "Orduda alternativ xidmət haqda" qanun qəbul edilməli və bununla birgə hərbi xidmətdən boyun qaçıranların hamısı əhf olunmalıdır.
Öhdəliklərin insan haqlarına və azadlıqlarına dair bölməsində isə qeyd olunur ki, məhkum edilmiş şəxslərlə məhdudiyyətsiz və maneəsiz görüşlərin mümkünlüyü üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə müqavilə imzalamalı, insan hüquqlarının müdafiə təşkilatlarının "siyasi məhbus" kimi tanıdığı məhbuslar azad edilməli və ya onlara təkrar məhkəmə prosesi üçün şərait yaradılmalıdır.
Digər bəndlərdə bildirilir ki, bütün hüquq-mühafizə oranları nümayəndələrini öz səlahiyyətlərini yerinə yetirən zaman insan hüquqlarını pozduqlarına görə (əsasən işgəncələri qadağan etmək) məhkəmə qaydasında təqib etməli, kütləvi informasiya vasitələrinin və jurnalistlərin azad fikir bildirməsinə və müstəqilliyinə zəmanət verməli, kütləvi informasiya vasitələrində azadlıqların məhdudlaşdırılması üçün tətbiq olunan inzibati qaydalar aradan qaldırılmalıdır. Azərbaycan quruma daxil oduğu müddətdən sonra ən uzağı iki il ərzində "Kütləvi informasiya vaitələri haqqında" qanuna baxılmalı və düzəlişlər edilməli, milli televiziya kanalını müstəqil inzibati şuranın başçılığı ilə ictimai televiziya yayım kanalına dəyişdirməlidir.
Digər maddələrdə isə qeyd olunur ki, Azərbaycan Avropa Şurasına daxil oduğu müddətdən sonra üç il ərzində Konstitutsiyaya və Cinayət məcəlləsinə əlavələr etməli, milli azlıqlar diskriminasiyasının əleyhinə və prezident fərmanının dəyişdirilməsi haqda qanun qəbul olunmalı, assosiasiyaların qeydiyyatı və appelyasiyaların icrası qaydalarına baxılmalı və əlavələr edilməli, maksimum 3 ilə ərzində "Vəkillər haqqında" qanuna yenidən baxılmalı və əlavələr olunmalı, 2 il ərzində Konstitutsiya Məhkəməsinə çıxış imkanlarına yenidən baxılmalı, 3 il ərzində hakimlərin təyini və vəzifədə qalması prosedurlarına yenidən baxılaraq əlavələr olunmalıdır.
Məlum olduğu kimi, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətinə bu 9 il müddətində əməl edib. Ancaq gəlin görək, sözügedən qurum necə, ölkəmizin xeyrinə qarşılıqlı olaraq nələrinsə həyata keçməsində yardımçı olubmu? Birmənalı olaraq deyə bilərik ki, "xeyr". Azərbaycanda milli azlıqlara olan münasibət göz qabağındadır. Onların da Azərbaycan türkləri kimi hüquq və azadlıqları tanınır və hörmət olunur. Ancaq yenə də qurumun nümayəndələri ölkəyə gələndə və milli azlıqlarla görüşəndə çalışırlar ki, hardasa nöqsanlar tapıb, ölkəmizi günahlandırsınlar. Ermənistana münasibət isə bütün sahələrdə olduğu kimi burda da fərqlidir. Bu ölkədə milli azlıqların varlığından söhbət gedə bilməz. Çünki Ermənistan, ancaq ermənilərin yaşadığı bir məkana çevrilib. Avropa Şurası da bunu hər zaman görməməzlikdən gəlib.
Avropa Şurasının görməməzlikdən gəldiyi, danışılanda da sanki eşitmədiyi digər məsələlər də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə qalması, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal etdiyi 20 faiz tarpaqlarında vandalizmi həyata keçirməsi, tarixi, mədəni abidələrini darmadağın etməsi, demək olar ki, hər il ermənilərin işğal altında saxladığı Azərbaycan torpaqlarına od vuraraq yandırmalarına seyrçi qalmasıdır.
Azərbaycandan bütün
öhdəliklərə əməl
etməsini gözləyən
Avropa Şurası görəsən daha neçə illər ötməlidir ki, özü qarşılıqlı
münasibət göstərib
itirdiyi inamı bərpa edə bilsin?
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2010.- 26 yanvar.- S.7.