Azərbaycan ədəbiyyatının
Cümhuriyyət dövrü
Ədəbiyyatşünas
Gülxani Pənah: "Müstəqillik ədəbi həyatda
böyük bir canlanmaya təkan verdi"
1-ci yazı
Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın 20-ci yüzilin əvvəllərində
qazandığı müstəqilliyinin sübutu oldu. Bu
dönəmdə ədəbiyyat, mədəniyyət sahəsində
özünəməxsus irəliləyişlər baş
verdi. Bu da təbii idi: əgər fərd özünü hər
mənada azad hiss edirsə, ilk növbədə mənəvi
azadlıqdan doğan təəssürat ədəbiyyatda ifadəsini
tapmalı idi. 20-ci yüzilin əvvəllərində xalqlar
imperiyaçılığın caynağından
qurtulmağa başladıqları bir dönəmdə
dünyanın gedişatının içərisində əriməkdən
özlərini xilas etmək istəyirdilər.
Azərbaycanda 1918-ci ilin
mayında milli dövlət quruldu.
Demək olar, hər kəs
hiss edirdi ki, müstəqilliyin ömrü qısa ola bilər.
Çox keçmədi ki, bolşevik Rusiyası Azərbaycanı
işğal etdi...
Ədəbiyyatşünas
Gülxani Pənah Xalq Cümhuriyyəti dövründə ədəbiyyat
məsələsini araşdırıb. Əvvəlcə o,
XX yüzilin ilk onilliyində ədəbiyyatın
inkişafına təkan verən hadisələrin mahiyyətindən
danışır: "XX yüzil Azərbaycanın
ictimai-siyasi, ədəbi-mədəni həyatında elə
bir yüzildir ki, onda daha böyük oyanış var, bu
yüzil milli azadlıq hisslərinin güclənməsi,
dövlətçilik, azadlıq və tərəqqipərvər
hisslərlə zəngindir. Bu milli azadlığın
şirinliyini XX yüzilin ilk onilliyində daddıq, sonra
itirdik və yüzilin son iki onilliyində yenidən əldə
etdik".
Araşdırmaçı
qeyd edir ki, Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması
ölkəmizdə ictimai həyatda olduğu kimi, mədəni,
ədəbi həyatda böyük bir canlanmaya təkan verdi.
Xalqımızın milli-azadlıq, dövlət müstəqilliyi
uğrunda mübarizə apardığı və arzularına
nail olduğu və qurduğu Xalq Cümhuriyyəti fəaliyyət
göstərdiyi qısa müddətdə milli ideya mübarizəsində,
o cümlədən, romantizm və realizm yaradıcılıq
axınında birləşir. Və bu dövrdə fəaliyyətə
başlayan parlament Azərbaycan dilini dövlət dili elan edir.
XX yüzilin əvvəlindən Azərbaycan ədib və
şairləri müəyyən məktəblər,
üslublar üzrə qruplaşmaqda idi. Həmin birliklər ədəbiyyatın
get-gedə daha çox ideoloji məzmun kəsb etdiyini,
zamanın siyasi konyukturasına tabe olduğunu göstərirdi.
Bu və ya digər siyasi-ideoloji mərama mənsubluq ilk
yaradıcılıq təşkilatlarının, yaxud cəmiyyətlərinin
fəaliyyəti ilə yanaşı adında da
özünü göstərirdi: "Yaşıl qələm",
"Qırmızı qələm"... Ədəbiyyatın
bu cür "rənglənməsi" sənət
baxımından o qədər təbii olmasa da, bədii təfəkkürün
cəmiyyət həyatına yaxınlığından irəli
gəlirdi. XX yüzilin ilk iki onilliyində Azərbaycan
çox mürəkkəb, ictimai-siyasi cəhətdən ən
ağır dövrünü yaşadı. Rusiya-Yaponiya
müharibəsi, rus imperiyasının məğlubiyyəti,
ictimai-siyasi proseslər, Azərbaycanda güclənən
milli-azadlıq hərəkatı ədəbi prosesə də
öz təsirini göstərdi. Ölkədə
maarifçilik hərəkatının güclənməsi,
maarifçi ədəbiyyatın inkişafına kömək
etdi. Milli problemlərin həlli yollarını axtarmaqda
ziyalılar bir araya gəlməkdə idilər. "Şərqi-rus",
"Hümmət", "Molla Nəsrəddin",
"Füyüzat", "İrşad",
"İqbal", "Tərəqqi", "Təkamül",
"Yoldaş", "Məktəb", "Dirilik" kimi
mətbu orqanlar fəaliyyətə başladı, ana dilimizdə
yaranan bu mətbu orqanlar xalqımızın ədəbiyyatının
inkişafına kömək etmiş olurdu. Bunlarda ictimai-siyasi
və milli-mənəvi problemlər öz əksini
tapırdı. Bu dövrdə realizm və romantizm ədəbi
məktəbləri dövrün ədəbi proseslərini
özündə əks etdirirdi. "Molla Nəsrəddin",
"Fyüzat" jurnalları ətrafında toplanan
maarifçi ziyalılar realist və romantizmin ideya-estetik
düşüncələrini ifadə edirdilər".
Cəlil Məmmədquluzadənin
nəşrə hazırladığı "Molla Nəsrəddin"
jurnalı realist şair və yazıçıları öz
ətrafında birləşdirir, mollanəsrəddinçilər
kimi tanınan ədiblər ədəbi dili xalqın
danışıq dilinin bazası əsasında
yaratmağı düşünürdülər. Ə.Hüseynzadənin
başçılıq etdiyi "Fyüzat" jurnalı
romantiklərin ideya və düşüncələrini
müdafiə edir və fyüzatçılar kimi tanınan
ziyalılar isə "orta türk dilinin
formalaşdırılması ideyası"nı əsas bilir
və "bu məsələdə Türkiyə türkcəsinin
əsas götürməyi düşünürdülər:
"Rusiyada 1905-ci il inqilabı məğlubiyyətə
uğradı və bu azadfikirli, maarifçi Azərbaycan
ziyalılarının işini
ağırlaşdırırdı. 1908-1910-cu illərdə Məhəmməd
Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu kimi ziyalılar Azərbaycanı tərk
etməyə məcbur olmuş, təqib olunduqlarından
İranda (Məhəmməd Əmin Rəsulzadə),
Türkiyədə (Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu) fəaliyyətlərini davam etdirməli
olmuşdular. 1905-1911-ci illərdə Səttarxan hərəkatı
bütün İrana, eləcə də Şərqə, məşrutə
hərəkatının qələbəsi ictimai-siyasi hərəkata,
eləcə də ədəbi prosesə ciddi təsir göstərir.
Bu hadisələri Məhəmməd Əmin Rəsulzadə, Əli
bəy Hüseynzadə silsilə məqalələrlə dərindən
izləyir. Məşrutə hərəkatını
yaxından izləyən M.Ə.Rəsulzadə
yazdığı silsilə məqalələrlə milli mətbuatda
ictimai tendensiyanın, vətəndaşlıq amalının
güclənməsinə təkan verib. Əli bəy
Hüseynzadə isə "Siyasəti-fürusət"
adlı fəlsəfi-publisistik traktatında şərti-simvolik
üslubun imkanlarından bəhrələnərək diqqəti
Azərbaycanın Güneyində cərəyan edən siyasi
hadisələrə yönəldir, hər bir millət
üçün azadlığın qaçılmaz olduğu
zərurətini vurğulayırdı. "Səfa",
"Nəşri-maarif", "Cəmiyyəti-xeyriyyə"
kimi ədəbi mədəni mühitə təsir edən cəmiyyətlərin
rolu xüsusilə qeyd edilməlidir. Onların köməyilə
keçirilən yubiley tədbirləri, nəşr olunan
kitablar, səhnələşdirilən dram əsərləri
ədəbi prosesin inkişafına göstərilən dəyərli
köməklər idi. M.Ə.Rəsulzadə
"Açıq söz" qəzetinin nəşrinə
başlamaqla Azərbaycan mətbuatı tarixində yeni bir yol
açır. Bu qəzet "milli ideologiyanın
formalaşdırılmasında müstəsna rol oynadı.
Onun səhifələrində dərc olunan yazılar Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin
inkişafına böyük təkan idi".
1918-1920-ci illərdə
baş verən ictimai-siyasi hadisələr, Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması xalqımızın həyatında
misilsiz rol oynadı. Gülxani Pənah hesab edir ki,
"qısa bir müddət yaşasa da, Azərbaycandakı
müstəqil milli dövlət böyük çətinliklərlə
qurulan bir dövlət idi və bu yolda Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin, ziyalılarının xüsusi fəallığı
nəticəsində 1918-1920-ci illər millətimizin həyatında
xüsusi bir mərhələ olub və onun gələcək
inkişafına ciddi təsir göstərib. Bu dövrdə
xalqımızın yüz ildən artıq sürən
köləlik zəncirindən xilas olması, müstəqil həyata
qədəm qoyması, yalnız ictimai-siyasi sferalarda deyil, ədəbi-mədəni
sahələrdə də köklü dəyişikliklərin
gerçəkləşdirilməsi üçün zəmin
yaradıb. Azərbaycanda 1919-cu ildə Bakı Dövlət
Universiteti fəaliyyətə başladı. Bununla
yanaşı "Azərbaycan Dövlət Teatrı",
"Teatr xadimləri cəmiyyəti", "Müsəlman
Mühərrir və Ədiblər Cəmiyyəti",
"Yaşıl qələm" ədəbi birliyi
yarandı, fəaliyyətə başladı. Milli mətbuat
bu illərdə öz inkişafında uğurlar qazandı.
Belə ki, bu dövrdə "Azərbaycan" (rusca,
türkcə), "Azərbaycan hökumətinin əxbarı",
"İstiqlal", "Al bayraq", "Bəsirət",
"İttihad", "Gələcək",
"Şeypur", "Doğru yol", "El", "Əfkari-nəfisə",
"Xalq sözü", "Hürriyyət", "Zəhmət
sədası", "Məşəl" və s. qəzet və
dərgilər çap olunub. Ümumiyyətlə, 1919-cu ildə
Azərbaycanda 92 adda qəzet və dərgi nəşr olunub
ki, 42-si türkcə, 44-ü rusca, 6-sı isə digər dillərdə
yayılıb.
1918-1920-ci illərdə Məhəmməd
Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd
Cavad, Ümgülsüm Sadıqzadə, Əli Yusif poeziya sahəsində
uğurlar qazandılar. Məhəmməd Hadi "Əsgərlərimizə,
könüllülərimizə", "Məfxureyi-aliyəmiz",
"Şühədayi-hürriyyətimizin əhvalinə-ithaf"
kimi şeirlərində əldə edilən milli
azadlığın qorunub saxlanması uğrunda millətini
mübarizəyə səsləyir. "Şühədayi-hürriyyətimizin
əhvalinə-ithaf" şeirlərində 1918-ci ildə erməni
daşnaklarının törətdikləri qanlı cinayətlərdən,
erməni-müsəlman faciəsindən, tökülən
günahsız qanlardan sarsılmış şair bu yolda şəhid
olanlarımıza ağlayır. "Əsgərlərimizə,
könüllülərimizə" şeirində müstəqillik
uğrunda mübarizədə igid vətən
oğullarına üz tutur, onları vətənpərvər
olmağa, torpağı, milləti, dövləti qorumağa
çağırır. M.Hadinin bu sətirlərində M.Ə.Rəsulzadənin
"Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək
deyil, yalnız adını söyləmək
üçün... nə qədər töhmətlərə
məruz qaldıq..." kəlmələrində yaşayan
bir ruh, amal, ideya var. M.Hadi bolşeviklərin hakimiyyətə
gəlməsinə, Xalq Cümhuriyyətinin süqutuna
dözməyərək Gəncə üsyanında
yaxından iştirak etmiş, bu amal, məqsədə xidmət
etmiş, bu yolda həlak olmuşdu.
Türkçülük,
turançı ideyaları ilə köklənmiş Abdulla
Şaiqin yaradıcılığında Xalq Cümhuriyyətinə
bəslənən hörmət və ehtiram əsasdır.
"Yeni Ay doğarkən", "Marş", "Vətənin
yanıq səsi", "Arazdan Turana" şeirlərində
vətəndaş şairin qəlbinin səsi duyulur. Bu
şeirlərdə azad, müstəqil dövlətə, Xalq
Cümhuriyyətinə sevgi yaşayır. Milləti, xalqı
haqsızlığı yıxmağa, "Turanda gün
doğunca" zülmətlə çarpışmağa, irəlidə
mübarizə yolu ilə qazanılacaq qələbələrə,
orada doğacaq Günəşə-yeni dövlətə,
dövlətin qurduğu gözəl həyata səsləmə
var.
Milli ədəbiyyat tarixində
"istiqlal şairi" kimi tanınan Əhməd Cavadın
"Türk ordusuna", "Şəhidlərə",
"Azərbaycan bayrağına", "Elin
bayrağı", "İngilis", "İstanbul",
"Bakı deyir ki" və s. şeirlərində ölkədə
milli azadlıq uğrunda gedən mübarizələr tərənnüm
olunur, bu yolda canını qurban verənlərə hörmət
və ehtiram göstərilir. Bu şeirlərdə "Bir kərə
yüksələn" və bir daha enməyən, onu endirməyə
çalışanlara qarşı xalqın
apardığı mübarizə, bu mübarizədə
"müvəqqəti məğlubiyyət", beşiyində
boğulmuş müstəqil Azərbaycan dövlətinin
bayrağının 70 ildən sonra yenə başımız
üstündə dalğalanması həqiqəti
yaşayır, xalqın mübarizə dolu həyatı,
qanı canı bahasına əldə etdiyi müstəqilliyə
yenidən qovuşması, milli duyğular yaşayır. Bu
gün də şairin "Azərbaycan bayrağına"
şeiri, buradakı milli qürur, milli dövlətçiliyimiz
atributlarından biri kimi öyülən bayraq, şeirdəki
hər vaxt, hər zaman özünü qoruyub saxlayan
müasirlik hissi - qan bahasına əldə edilmiş dövlətə,
onun bayrağına hörmət və ehtiramdan
yoğrulmuş misralar yada düşür:
Türküstan yelləri
öpüb alnını,
Söylüyor dərdini
sana, bayrağım!
Üç rəngin əksini
Quzğun dənizdən,
Ərmağan yollasın
yara, bayrağım!"
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 27 yanvar.- S.14.