Azərbaycan ədəbiyyatının
Cümhuriyyət dövrü
M.Ə.Rəsulzadə: "Azadlıq və istiqlaliyyət
əsas süngüləri ilə yox, ədəbiyyat və
incəsənət vasitəsi ilə əldə olunur"
2-ci yazı
Araşdırmaçı
G.Pənah bildirir ki, Əhməd Cavad
yaradıcılığında ölkəni yenidən
işğal edən rus imperiyasına nifrət hissi var.
"Göygöl" şeirinin ideya məzmununda azadlıq
göynərtisi, müstəqillik arzusu, milli-istiqlal
yanğısı ilə yanaşı üsyankar bir qəlbin
səsi duyulur: "Türkçülük,
turançılıq ideyalarına gənc yaşlarından
böyük rəğbəti olan Cəfər Cabbarlı milli
hərəkatın genişləndiyi ilk illərdə
"Trablis müharibəsi" və "Ədirnə fəthi"
pyeslərini yazdı və bu əsərlər Türkiyədə
baş verən inqilabi-tarixi hadisələri, türk
xalqının suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda
mübarizəsini əks etdirirdi.
Cəfər Cabbarlı heç
zaman bolşevik ideyalarını qəbul etməyib
Milli hökumətin yarandığı illərdə
parlamentdə stenoqraf işləyən C.Cabbarlı dramaturgiya,
eləcə də lirik yaradıcılığını
davam etdirir, milli dövlətçiliyi, vətənin,
torpağın gözəlliyini tərənnüm edir. İlk
şeirlərində - "Azərbaycan bayrağına",
"Sevdiyim", "Sevimli ölkəm", "Salam" və
s. şeirlərində Xalq Cümhuriyyətinin şirin
dadını duyan, bu dövlətə məhəbbətini qəlbində
yaşadan vətənpərvər qəlbin səsi duyulur.
Bayrağımız, türkçülük,
turançılıq məfkurəsi ön planda verilir.
Şairin "Azərbaycan bayrağına" şeiri
şairin "azadlıq və istiqlal" sevgisini orijinal
formada əks etdirən əsərlərdən" biri kimi
yüksək qiymətləndirilir. "Sevdiyim"
şeirində də şair üçrəngli bayrağa, Vətənə
müqəddəs hisslərlə yanaşır, bu bayraqda
türkçülük, turançılıq
ideyalarını ümumiləşdirir. Ölkədə milli
hökumətin süqut etməsiylə Xalq Cümhuriyyətinin
qurucuları, ədəbiyyata gələn gənc istedadlı
qələm sahibləri mənəvi cəhətdən
yaralanmışdılar. Bu zərbənin
ağrılarını çəkirdilər. C.Cabbarlı da
onlardan biri idi. "Aydın", "Oqtay
Eloğlu" kimi əsərlərində milli kədərin
motivləri vardı. Qorxmaz, mübariz C.Cabbarlı 1920-ci il
aprelin 27-də hakimiyyətin süqutu haqqında qərar qəbul
edilən axşamı bu milli hərəkatın bir çox
cavan fəalları ilə Məhəmməd Əmin Rəsulzadənin
evinə yığışırlar. "Gənc
müsavatçılar" hərəkatı yaranır. Bu
gizli təşkilatın sədri Mirzə Bala Məmmədzadə,
baş katib Cəfər Cabbarlı oldu. Təşkilatın
bir sıra yığıncaqları Cəfər
Cabbarlının bağında keçirilir, bolşevizmə
qarşı mübarizə aparan özəklər
yaradılır. "İstiqlal" qəzeti dərc edilirdi.
1923-cü ildə təşkilatın üzvləri, o cümlədən
C.Cabbarlı da bolşevik hökuməti tərəfindən
həbs edilsə də, avqustun ortalarında müxtəlif
şərtlər əsasında azadlığa
buraxıldığı bildirilir. Onun yaradıcılığını
ətraflı araşdıran alimlər bu qənaətdədirlər
ki, Cəfər Cabbarlı heç zaman bolşevik
ideyalarını qəbul etməyib və sovet quruculuğunun
kor-koranə təbliğatçısı olmayıb. Onun bu
rejimlə birbaşa həmfikirliyini göstərən
heç bir yazısı yoxdur. Ancaq müəyyən mənada
aydın və oqtayların prototipi olan C.Cabbarlının bir
xüsusiyyəti vardı: doğma xalqa bağlı olan ədib
üçün idealsız, qayəsiz, Azərbaycanın
sabahına inamsız yaşamaq qeyri-mümkün idi. Belə qayələri Cabbarlı qismən 20-ci illərdə
bolşeviklərin xüsusi ardıcıllıqla həyata
keçirdikləri mədəni inqilabda tapdı. Bu inqilab Azərbaycan
xalqını Avropa mədəniyyəti yoluna yönəldirdi
və məhz bu cəhət Cəfər Cabbarlının
xalqımızın gələcəyi barədə
arzularına uyğun idi. Ona görə də bu prosesdə
iştirak edən Cabbarlını mənəvi iflasdan və əzablardan
xilas etdi".
Vətənin azad və abad
yaşaması ideyaları
G.Pənahın sözlərinə görə, Xalq Cümhuriyyətinin köməyini, dövlətin qayğısını üzərində hiss edən, onun dəstəyilə xaricdə təhsil alan, elmə, biliyə yiyələnən Əli Yusifin "Azərbaycanlıya", "Bayraq", "İdeal", "Bir türk yanğısı deyir ki", "Qarabağ xainlərinə" və s. şeirlərində xalq, millət, vətən sevgisi əsasdır: "Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Umgülsüm Sadıqzadənin "Əsgər anasına", "Çəkil, dəf ol", "Bir mayıs günündə", "Yolunu bəklərdim" şeirlərində azadlığını, müstəqilliyini əldə etmiş xalqına, onun yenicə qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət ifadə olunur. Vətənin sabahı üçün narahatlıq, xalqına çətin anda köməyə gələn, onu düşmən caynağından qurtarmağa çalışan Türk ordusunun arxa, dayaq olmasından ürəyində qürur hissi doğması diqqət çəkir. Dili bir, qanı bir Azərbaycan xalqının, türklərinin hiss və duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər yaşayır. Onun şeirlərində eyni zamanda ölkədə Xalq Cümhuriyyətinin süquta uğraması, başımıza gətirilən müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapıb.
Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar,
Hüseyn Cavid, Əli Şövqü, Davud Ağamirzadə və
başqa sənətkarlarımız Xalq Cümhuriyyətinin
yaşadığı dövrün ümumi mənzərəsini
poeziyada verdiyi kimi, bu illərdə bədii nəsr
yaradıcılığı ilə məşğul olan Cəlil
Məmmədquluzadə, Əbdürrəhimbəy
Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla
Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi
tanınmış ədiblər də öz yaradıcılıqlarında
bunu əks etdirirdilər. Cəlil Məmmədquluzadənin
hekayələrində qadın azadlığı ("Konsulun
arvadı" "Xanın təsbehi", "Qəssab")
problemlərinə toxunur. "Zırrama" hekayəsində
mənfi əxlaqi keyfiyyətlər tənqid olunur. Ə.Haqverdiyevin "Mirzə Səfər", Seyid
Hüseynin "Həzin bir xatirə", "İsmailliyə"
hekayələri diqqəti cəlb edir. "İsmailliyə"
hekayəsində ədəbiyyatşünaslar Seyid Hüseynin
"bu tarixçənin istiqlal və azadlıq hərəkatı
ilə bağlı məqamlarına diqqət yetirildiyini,
"əslində İsmailliyənin simasında
yazıçının bütün ruhu və qəlbi
ilə bağlı olduğu doğma Azərbaycanın
obrazını yaratdığını bildirirlər. Abdulla Şaiqin "Əsrimizin qəhrəmanları"
romanının bir hissəsini Cümhuriyyət dövründə
qələmə aldığı, bu yüzildə birinci
dünya müharibəsi, çar Rusiyasının tənəzzülü,
Oktyabr inqilabı dövründə yeni nəsli
düşündürən və narahat edən problemlərin
diqqət mərkəzinə çəkildiyi qeyd edilir.
Ağababa Yusifzadənin "Sınan qanad" romanında
xalqın, millətin qayğılarını bir vətəndaş
kimi irəli çəkmək məsələləri, vətənin
azad və abad yaşaması, qurulması ideyaları
verilir".
"Vətən məhəbbəti,
hürriyyət eşqi təlqin ediniz"
Bu dövrdə C.Cabbarlının "Ədirnə fəthi", "Trablis müharibəsi", yaxud "Ulduz", "Aydın", Hüseyn Cavidin "İblis", C.Məmmədquluzadənin "Anamın kitabı", "Kamança" əsərləri Cümhuriyyət dövrünün dramaturji əsərləri kimi bədii cəhətdən yüksək qiymətləndirilir. G.Pənah deyir ki, araşdırmaçılar Hüseyn Cavidin "İblis" faciəsinin "bu illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlan"dığını bildirir: "Dramaturqun "İblis" faciəsinə ziddiyyətli münasibəti olsa da, Abdulla Şaiq bu əsəri tənqid edənlərə qarşı çıxır: "Cavidin "İblis" faciəsini ideoloji cəhətdən tənqid edənlərə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçdiyi müdhiş bir fəlakəti yazmaq məcburiyyətindəyəm. Cavid Bakıda Nikolayevski küçəsində yerləşən "Təbriz" otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı Hüseyn Sadiqlə bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi.... Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan "İblis" faciəsini bu acı təsirlər altında yazmışdı".
Milli birlik, mənəvi
bütövlük ideyaları üzərində qurulan
dövlətin tərəfdarı olan C.Məmmədquluzadənin
"Anamın kitabı" pyesinin ədəbi tənqiddə
dərin təhlili verilib. M.Ə.Rəsulzadə milli
azadlıq yolunda əldə edilən müvəffəqiyyətlərin
qazanılmasında bədii ədəbiyyatın rolunu belə
dəyərləndirir: "Azadlıq və istiqlaliyyət əsas
süngüləri ilə yox, ədəbiyyat və incəsənət
vasitəsi ilə əldə olunur". O, "Qurtuluş
günü" məqaləsində yazır: "Ey millətin
lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini,
ülvi niyyət və məqsədlərini
oxşayınız, kəndisinə millət sevgisi, vətən
məhəbbəti, hürriyyət eşqi təlqin
ediniz".
"...Basılan kitablar kəsilən pullardan qiymətlidir"
Cümhuriyyət
dövründə Seyid Hüseyn "Yaşıl qələm"
ədəbi-elmi cəmiyyət yaradır. Bu cəmiyyət Məhəmməd
Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf
bəy Vəzirov, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Əhməd
Cavad, C.Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər
ziyalıları, sənətkarları özündə birləşdirirdi.
Yusif Vəzir Çəmənzəminli bu
dövr ədəbiyyatşünaslığına dəyərli
əsərlər verib. "Azərbaycan ədəbiyyatına
bir nəzər" monoqrafik tədqiqat əsəri 1919-cu ildə
İstanbulda nəşr edilib, öz elmi-nəzəri əhəmiyyəti
ilə seçilir. F.Köçərli
Tiflisdə "Azərbaycan teatrının ədəbiyyatı"
əsərini rus dilində nəşr etdirir. O, elə
bir dövrdə fəaliyyətə başlayıb ki, o
dövrdə Rusiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşir,
Azərbaycanda milli şüur getdikcə qüvvətlənirdi.
Azərbaycanda dramaturgiya, nəsr, nəzm realizm
üslubu ilə inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir,
qəzet və jurnallar dilimizdə nəşr edilirdi. Azərbaycan ədəbiyyatı tarixini sistemli şəkildə
öyrənməyə meyl artırdı. F.Köçərli
silsilə məqalələrini, "Azərbaycan türklərinin
ədəbiyyatı" əsərini, "Azərbaycan ədəbiyyatı"
əsərlərini yazır. Onun ən
böyük xidməti "Azərbaycan ədəbiyyatı"
əsəridir. Yusif Vəzir Çəmənzəminli
"Milli-mədəni işlərimiz" silsilə məqalələrində
kitab nəşrinin vacibliyini qeyd edir. O yazırdı:
"Hankı yolda qənaət olunsa, nəşriyyat
üçün qənaət olmasın. Çünki
bugünkü basılan kitablar kəsilən pullardan qiymətlidir.
Bir çox pullar var ki, sərf olunur və əməli
nəticələr vermir. Nəşriyyata
xərclənənlər millət üçün
böyük sərmayə vücudə gətirər. Bütün gələcəyimiz mədəni
binalarımız, tərəqqi məhsullarımız bu sərmayə
üzərinə binalanacaqdır".
Araşdırmaçılarımız
Cümhuriyyət dövrünün
araşdırıcılarından Adilxan Ziyadxanın "Azərbaycan
haqqında tarixi, ədəbi və siyasi məlumat" (1919) əsərini
"milli ədəbiyyat tarixinin öyrənilməsi
baxımından" dəyərli bilirlər. A.Ziyadxan Çəmənzəminlidən
fərqli olaraq azərbaycanlı müəlliflərin, ərəb
və fars dillərində yazıb-yaradan ədiblərin
irsini milli ədəbiyyatımızın ayrılmaz tərkib
hissəsi kimi tədqiqata cəlb edib. Əlimərdan
bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və
başqaları Azərbaycan ədəbiyyatını, mədəniyyətini
təbliğ etmək məqsədilə bir sıra məqalələri,
kitabları Avropada çap etdiriblər. Bu
dövrdə Abdulla Şaiq, C.Cabbarlı, Abbas Səhhət
yaradıcılığı ilə bağlı müxtəlif
məqalələr yazılıb".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 28 yanvar.-
S.14.