Məhəmməd Əmin Rəsulzadə milli müstəqilliyimizin ideoloqudur
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Mübaliğəsiz demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti onun əsəridir. M.Ə.Rəsulzadənin adı gələndə istər-istəməz hamı Azərbaycan Xalq Cümhuriyyətini xatırlayır. Cümhuriyyəti o, həm də təmənasız əqidədaşları ilə birlikdə yaratmışdı. M.Ə.Rəsulzadənin xoşbəxtliyi onda idi ki, hər şeydən əvvəl millətçi ideoloq idi və istəklərini müəyyən mənada da olsa gerçəkləşdirə bilmişdi. Cümhuriyyətin gördüyü işlər həmişə xatırlanacaq. Cümhuriyyət qurucuları uca millətçi ziyalılar idilər. Bu əməllərin çağdaş dönəmdə daha inadla inkişaf etdirilməsi gərəkdir. Professor Qüdrət Əbdülsəlimzadə M.Ə.Rəsulzadənin rəhbərliyilə 2 ilə yaxın müddətdə mövcud olan cümhuriyyətin əməllərinə belə qiymət verir: "Sivil dövlətçilik prinsiplərinə və atributlarına - çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qədim Odlar Yurdu Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. 19-cu yüzilin sonu, 20-ci yüzilin əvvəllərində bütövlükdə beynəlxalq aləmdə, o cümlədən də "qan və atəş" üzərində qurulmuş "millətlər həbsxanası" (Mirzə Bala Məmmədzadə) sayılan Çar Rusiyası daxilində, müxtəlif maraqların toqquşduğu Qafqaz bölgəsində, Azərbaycanda baş vermiş qanlı-qadalı hadisələrdən sonra çətinlik, ciddi maneələrə baxmayaraq dünyanın siyasi xəritəsində Azərbaycan Xalq Cümhuriyətinin meydana çıxması, habelə de-fakto tanınması təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında həqiqətən misilsiz xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov kimi kişilərin xidmətləri sayəsində "işıqlı ulduza" bənzətdikləri və "bir daha enməyəcəyinə inandıqları" "Millətin hüquqi, İstiqlalı, Hürriyyəti" amallı yeni quruluşun siyasi-mənəvi varisi olmaq böyük şərəfdir. Biz babalarımızın bünövrəsini qoyduqları işi, arzularını başa çatdırmalıyıq".
Q.Əbdülsəlimzadə M.Ə.Rəsulzadənin, ümumən Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əməllərinin ürəklərdə daha dərindən kök salması üçün millli yaddaş tərbiyəsinin, ənənəsinin gücləndirilməsini arzulayır: "Başqa xalqlar keçmişlərinə, tarixi mübarizə yollarına, siyasi xadimlərinə, tanınmış adamlarına dərin hörmətlə yanaşırlar. Onlar bəzən yaşamadıqları tarixi proseslərə belə müxtəlif variantlar uydurur və olmayan hadisələrə belə xatirə kompleksləri təşkil edir, heykəllər yapırlar. Biz isə qaydasız-zövqsüz uca imarətlər, saysız-hesabsız şadlıq evləri tikmək mərəzindən, onlara himayədarlıq etmək ədalarından xilas olub "Bir kərə yüksələn bayraq bir daha enməz!" qətiyyətli, sal qayaları xatırladan babalarımızın şərəfinə ucaltmalı olduğumuz abidə barəsində tələsmirik. Bir anlıq o mürəkkəb, ziddiyyətli günlərə qayıdaraq siyasətin imkanı gerçəkliyə çevirmək bacarığı - sənəti olduğunu, habelə hökmən müəyyən güzəştlər müstəvisində reallaşması zəruriliyini nəzərə alsaq, Məhəmməd Əmin Rəsulzadənin sözləri nə qədər aktual səslənir: "Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və əngəllidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi nəzərə almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıq etməli, səbat göstərilməlidir". Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə etmiş fəaliyyətini, onun iqtisadi-sosial siyasətini, beynəlxalq aləmdəki addımlarını düzgün qiymətləndirmək üçün ilk növbədə hakimiyyətə necə ağır miras qaldığını unutmamaq lazımdır. O zaman neft hasilatı və onun ixracında çətin vəziyyət hökm sürürdü. Elektrik enerjisi istehsalı kəskin azalmış, dəmir yolu və dəniz nəqliyyatı pis işləyirdi, maşınqayırma və metal emalı müəssisələrinin məhsul buraxılışı kəskin ixtisar olunmuşdu. Azərbaycan qəzalarında yerləşən mis mədənləri, pambıqtəmizəmə zavodları, ipək fabrikləri, habelə digər emal müəssisələri fəaliyyətini dayandırmışdı. Xəzər dənizində balıq ovu dəfələrlə azalmış, əkin sahələri ixtisar olunmuş, su təsərrüfatı sistemi dağılmış, taxılçılığa, maldarlığa, bağçılığa-meyvəçiliyə ciddi ziyan dəymişdi. Gerçək mənada Cümhuriyyətin qurulması, yaşaması üçün heç bir imkan yox idi. Cümhuriyyət qurucuları sözün əsil mənasında hünər göstərdilər. Belə bir çətin şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasətinin cari və perspektiv konturları, onun lideri Məhəmməd Əmin Rəsulzadənin "Milli və siyasi istiqlalın kökü - İstiqlaldır" ideyası əsasında formalaşmışdı. Məhəmməd Əmin Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər yolu ilə irəliləmək siyasətini aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi".
Q.Əbdülsəlimzadə daha sonra deyir: "Torpaq və ondan istifadə məsələlərinə gəlincə, M.Ə.Rəsulzadə bu qənaətdə idi ki, hər bir əkinçi özü əkib-becərdiyi torpağa sahibliyini qəbul etməklə yanaşı "Azərbaycan islahatları geniş torpaqları "ölü halında" (istifadəsiz) saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi". Belə bir yol, konkret reallıqları nəzərə alan uzaqgörən iqtisadi siyasətin nəticəsi idi". 1918-ci ilin sonlarında Bakı-Batum neft kəmərinin bərpa olunub işə salınması Milli Hökumətin daxili vəziyyətinin sabitləşməsi və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük rol oynamışdı. Təşkil olunub fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətin atributlarından sayılan milli pul vahidini tədavülə buraxmış, Azərbaycan Dövlət Bankı yaradılmış, maliyyə-kredit və vergi-gömrük sistemi formalaşdırılmış, Xəzər gəmiçiliyinin inkişafına ciddi qayğı göstərilmiş, Bakı-Culfa dəmir yolu xəttinin inşası başa çatdırılmış, Kür çayı üzərindən yeni körpü salınmış, ölkə ərazisində nəqliyyat, rabitə, poçt-teleqraf, telefon əlaqələri nizama salınmış, xarici dövlətlərdə yüksək ixtisaslı milli kadrların hazırlanması işlərinə başlanmış, yeni məktəblər açılmış, yaşlı əhalinin savadsızlığını aradan qaldırmaq üçün xüsusi gecə kursları təşkil olunmuş, ilk ali təhsil ocağı sayılan Bakı Dövlət Universiteti fəaliyyətə başlamışdı". Nisbətən qısa bir tarixi dövr ərzində AXC-nin dünyanın müxtəlif qitələrində yerləşən 23 dövləti tərəfindən tanınması faktı onun və liderlərinini beynəlxalq aləmdəki nüfuzunu təsdiq edir. Azərbaycan cəmiyyətinin milli-azadlıq hərəkatını canlandıran, proseslərə yeni nəfəs gətirən, onun önündə gedən, idarə edən, millətinin istiqlalı yolunda çalışan, "İstiqlal Bəyannaməsi"ni elan edən, Hökumət quran, parlament yaradan, müstəqilliyini beynəlxalq aləmdə tanıdan Vətən övladlarının adları, xidmətləri unudulmazdır. Milli oyanış və özünü dərkin ilkin addımları 19-cu yüzilin ikinci yarısından etibarən müxtəlif istiqamətli böyük maarifçi-demokratlar nəsli tərəfindən atılsa da, milli dövlətçilik, Azərbaycançılıq ideyası, müstəqillik amalları müstəvisində AXC-nin liderləri, xüsusilə "Azərbaycan dövlətçiliyinin elmi, nəzəri, konseptual və ideoloji əsasları"nı işləyib hazırlamış" (Nəsiman Yaqublu) Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan milli qurtuluş hərəkatının böyük ideoloqu" (M.B.Məmmədzadə) tarixi fəaliyyəti yüksək qiymətləndirilməlidir. Məhəmməd Əmin Rəsulzadə milli müstəqilliyimizin ideoloqudur. Onun millət yanğısı, gələcəyimizə inamla xeyir-duaları həmişə bizi haqq-ədalətə çağıracaq".
Araşdırmaçı Ramiz Abutalıbov Azərbaycanın mühacirətdə olmuş tanınmış şəxsiyyətlərinin (Məhəmməd Əmin Rəsulzadənin, Ceyhun Hacıbəylinin, Əlimərdan bəy Topçubaşovun və b.) irsinin ölkəmizə gətirilməsində xüsusi zəhməti olan ziyalılarımızdandır. O, ötən yüzilin 90-cı illərinin əvvəllərində Azərbaycan Demokratik Cümhuriyyətinin tanınmış simaları, ümumiyyətlə, milli hökumətin süqutundan sonra mühacirət etmiş şəxslərlə bağlı sənədləri dövlət arxivlərinə təhvil verib. Bu dəyərli əməlin gerçəkləşməsi barədə danışaraq deyir ki, M.Ə.Rəsulzadənin məktublarını Azərbaycana gətirib. Həmin məktublar Ceyhun Hacıbəylinin arxivindən tapılıb.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2010.- 30 yanvar.- S.14.