“Dünyada sözdən isti, soyuq və qaranlıq heç nə yoxdur”

 

Dəyanət Osmanlı deyəndə oxucular və ədəbiyyatsevərlər gözlərinin önündə hardasa Modern Azərbaycan şeirinin ilkin cığırdaşlarından biri, bəlkədə birincisi canlanır. Amma o, nəyinsə iddiasında deyil. Buna görə də bəzən tənqidçilər onun şeirlərini təhlil etməyiblər (ya da çəkiniblər onun şeirlərini təhlil etməkdən!), bəzən isə o, Azərbaycan ədəbiyyatında baş alıb gedən müəyyən qruplaşmaların heç birində yer almadığı ücün özlərini görməməzliyə vurublar. O, isə Bakıda oturub sakitcə sözlərini yandırır. Biz də sözlərini yandırarkən yaxaladıq. Bu halında ondan bir neçə sözü xilas etməmək ən azından günah idi… Ona görə də bu müsahibəni aldıq…

Dəyanət Osmanlı özü haqqında bir az məlumat verərdi «Bizimki»nin oxucularına…

1965-ci ildə Borçalıda doğuldum. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 1991-ci ildə bitirdim. Uzun illlər nüfuzlu mətbuat orqanlarında jurnalistlik etdim. İlk şeirlərim 1989-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olundu. 1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçildim. “Ağ kitab” adlı şeirlər toplusu 1997-ci ildə, sonrakı illərdə isə beş publisistik kitabım nəşr olundu. Çapı maliyyə səbəbindən ləngiyən şeir kitablarım var. Azərbaycanda Atatürk Mərkəzinin Baş redaktoruyam.

Bildiyimiz kimi siz modern Azərbaycan şeirinin ilkin cığır daşlarındansınız. Dəyanət Osmanlıya görə Azərbaycan şeirində modernizm yaşandımı ümumiyyətlə?

Dünya ədəbiyyatı tarixindən bizə bəlli ədəbi cərəyanlarının dayandığı dəyərlərin elementləri, izləri, həm də gözəl alt yapı olan rişələri Azərbaycan xalq ədəbiyyatında mövcuddur. Epos və dastanlarda, bayatı və nəğmələrdə belə məqamlara kifayət qədər rast gəlmək olar. Bunlar bəlli ənənəvi, təbii ki, çox möhtəşəm mədəni-ədəbi sistemin nümunələridir. Amma ötən yüzilin bütöv bir orqanizm səpkili yenilikçi poeziyası 90-çı illərdən başlayıb. O illərdə ədəbi mühitdə ç.ox geniş, eyni zamanda birmənalı olmayan rezonans doğuran “2+” ədəbi cərəyanının yaradıcılarından biri oldum. Az sonra proses bir qədər də gücləndi və həmfikirlərlə müxtəlif ədəbi dərnəkləri özündə birləşdirən “Avanqard” ədəbi birliyi yaratdıq.

Əlbəttə, bizə, xüsusən də mənim poetik mətnimə qarşı çıxanlar çox idi. Bizi dağıdıcı gənclik adlandıranlar da vardı. Mənə açıq-aydın millətçi deyirdilər. İndi onların özləri kütləvi xorda çox pəsdən oxuyurlar.

Toplantılarımız, mətbutda ilk olan ədəbiyyat səhifələri, xüsusi buraxılışlar modernizmin yaşandığını göstərən və bu gün də aktuallığını itirməyən əsil ənənədir. Ədəbiyyatda çağdaşlıq məsələsi bütün dövrlər üçün ən önəmli faktordur. Bütün ədəbi oyunlar, hoqqabazlıqlar isə, məsələn, “sürreal”ın sonundakı “izm”in mahiyyətidir. Mənim istinad etdiyim çağdaşlıq özlüyündə içində olduğum reallığa nəzərən ədəbiyyat faktına yeni yaradıcı münasibəti, forma və üslubu ehtiva edir. Mətnin işlənmə və təqdimatı texnikasında yeni modellərdən istifadə olunması da modernizmin özəllikləridəndir.

Klassik ənənələrə bağlı olan bir mühitdən çıxan Dəyanət Osmanlı üçün çətin olmadı ki, bir başa şeirdən başlamaq?

Mənim böyüdüyüm, formalaşdığım mühit türkün milli, etnik, mənəvi, mədəni özəlliyini bütün təzyiqlərə rəğmən saxlaya bilən bir mühitdir. Ədəbiyyata marağım hələ kənd məktəbində oxuyarkən yaranıb. Ən əvvəl bu maraq ümumi səciyyə daşıyırdı. Sonralar mən nəyin mühüm və həqiqi ədəbiyyat olduğunu müəyyənləşdirə bildim. Yaddaşımda dərin iz buraxan əsərlər, xüsusən də xalq yaradıcılığı nümunələri var. Ədəbiyyata münasibətimin formalaşmasında bu əsərlərin rolunu sonradan tam aydınlığı ilə anladım.

Universitet illərində yəqin etdim ki, poeziyaya meylim tam ciddiləşib. Məhz bu müddətdə öncül Rus, Avropa və Qərb ədəbiyyatı ilə çox geniş şəkildə tanış ola bildim. Eyni zamanda, öz imkanlarimı nəzərdən keçirdim. Mən ədəbi təmayülləri və materialları özlüyümdə qiymətləndirərkən hər zaman seçimimin yeni mühit üçün nə dərəcədə xarakterik olduğunu nəzərə alıram. Ədəbiyyata, sənətə, ümumən mədəniyyətə baxışlarımın fərqliliyi mənim poetik üslubumu təbii olaraq doğurmuşdur. İlk dövrlərdə klassik üslubda xeyli miqdarda şeirlərim olub. Amma onları çap etdirməmişəm. Klassik ölçü mənim ücün keçilmiş bir sistem, vacib təcrübədir. Ədəbiyyatla ciddi məşğul olmağa başlayarkən anladım ki, klassik ölçülər və qəliblər hisslərimi və müşahidələrimi ifadə etmək üçün məhdudiyyətdən başqa bir şey vermir. Burda zamanın və cəmiyyət sivilizasiyasının da təsiri böyükdür. Bir sözlə, mən yeni, özünəməxsus konstruksiyalı üslubumu tapana kimi lazım olan yolu keçmişəm. Onu da qeyd edim, dövrü mətbuata ilk dəfə 1989-cu ildə şeirlərlə, sərbəst üslubda çıxmışam.

“Ağ kitab”la, eləcə də mətbuatda cıxan şeirlərlə mən həm bir çox hallarda qınanmışam, amma təqdir də olunmuşam. Onların içərisində bizim ədəbi nəslin nümayəndələri də vardı. Təsəvvür edin, o dövrdə birdən-birə ilk olaraq bütün poetik qəliblərdən və durğu işarələrindən imtina etmək necə reaksiya doğura bilər. Amma mən heç nəyə baxmadan yeni konstruksiyalı poetik sistemimi yaratdım. O vaxtlar mənə “mürəkkəb” deyilən şeirlərə və durğu işarələrinə görə ağız büzənlərin əksəriyyəti bu gün, çox gec də olsa, özləri qəliblərdən və durğu işarələrindən istifadə etmirlər. İndi deyə bilərəm ki, onların bəziləri bunu mətndə durğu işarələrinin yerini bilmədiyindən edirlər.

 

Pəncərəmdən gecə keçir

qışın son nəfəsini görmüş sanki

təkcəyəm masamın arxasında

bu kağız göyüzündə

sən üşüyürsən

mən sözləri yandırıram… Sözləri yandırmaq niyə?

 

Dünyada sözdən isti, soyuq və qaranlıq heç nə yox. Bu mənada, insan içindəki acını, soyuğu və qaranlığı sözün şirinliyi, istisi və işığı qova bilər. Mən dünyanın acılarından üşüyən o ruhu yalnız sözlə isidə bilirəm. Günlərin bir günü anladım ki, mənim sözdən başqa varım yoxdur. Məncə, burda mürəkkəb elə də bir şey olmamalıdır.

Sizi anlamaq çətin gəlir niyəsə oxuculara. Bir də görürsən ki, hardansa bir söz gəlib dayanıb başqa bir sözün qənşərində və əslində bu sözləri indiyə kimi işlədən olmayıb bir yerdə. Şeirdə sistemsizlikdir bu yoxsa…

Ola bilsin, yazdıqlarım kiməsə çətin gəlsin. Mən heç vaxt oxucunu düşünüb yazmamışam. Ədəbiyyat naminə, əsası isə yaşantılarımın doğurduğu duyğuları, acıları və millətə, insana, həyata sevgini qələmə almaqla, düşüncələrimi öz ruhi sistemimdən azad edirəm ki, onların son aqibətini də yaşaya bilim.

Mən sözlərin, hətta bir-birinə əks görünən sözlərin realda bir-biri ilə qırılmaz əlaqəsini, təmasını və doğmalığını görürəm. Əslində, dünyanı Söz idarə edir, desəm, daha konkret olar. Və sistemsiz heç nə yoxdur, qənaətinin tərəfindəyəm. Sadəcə, bu həyatda hər şey Tanrı tərəfindən sözlə kodlaşdırılmış vəziyyətdədir. Hər kəs intellektinə, səviyyəsinə görə anlar və bu koda öz açarını salar. Amma hamı aça bilməz, şübhəsiz.

Hətta ədəbi tənqidimizin özü belə 90 – cılar haqqında danışanda ya yanınızdan sükütla keçirlər, ya da təbiri – caizsə yıxıb sürüyürlər sizi. Onlar başa düşmürlər sizi, ya bəlkə siz bilərəkdən onlarla oynayırsınız?

Mənim ədəbi tənqidə öz münasibətim var və fikirlərim mətbuatdan sizə tanışdır. Səviyyəli, predmeti dəqiq olan tənqid ədəbiyyat tarixinə lazımdır. Bizdə bəzən tənqidin missiyasını şəxsi münasibətlər, regionçuluq və cılız iddialar müəyyənləşdirib. Belə tənqid həmişə mənim sərt tənqidimlə rastlaşıb. Bax, bu səbəbdən yanımdan sükutla kecənlər də, bir az uzaqlaşıb daş-kəsək atanlar da olub. Belələri başı ədəbiyyata yox, öz oyuncaqları ilə oynamağa qarışmış vəziyyətdə yaşayırlar. Ancaq zərrə qədər də fərqinə varmamışam. Cünki həqiqi ədəbiyyat xiridarı olan tənqidci və yazıçılar zamanında şeirlərim haqqında konkret fikir söyləyiblər.

Postmodern estetikanı Azərbaycan ədəbiyyatına sırımaq istyənlər var. Necə bilirsiniz, postmodern estetikanın cəmiyyətimizə və təbii ki, cəmiyyətin əsas tərkib hissəsi olan ədəbiyyatımıza xeyri və zərəri nə ola bilər?

Kim özünü klassik, modernist, postmodernist, yaxud da olsun, neopostmodernist adlandırırsa, qoy elə olsun. Hər kəsin alnına istədiyi ad yapışdırılsa, dünyada nə baş verə bilər ki… Mahiyyəti anlamaq lazım. Mənim düşüncəmə görə, ədəbiyyatın yaşarılığını nə tənqidçi, nə ad, nə də cərəyanlar təmin edir. Yüksək dəyəri olan mətnlər illərlə də zamanını gözlər.

Postmodernizm Avropa və qərbdə bir eksperiment olaraq sınaqdan çıxıb və bəzi hallarda özünü doğrultmayıb. Fantastika da eləcə. Çünki burada reallıq ya nəzərə alınmır, ya da arxa plandadır. Amma gözəl əsərlər də yaranmamış deyil.

Azərbaycanda postmodernist düşüncəli ədəbiyyat yoxdur, postmodernizmi təhrif edən antaqonistlər var. Belələri yazılarında öz ruhi, bioloji qüsurlarından bəhs edirlər. Bunun isə, potensialı böyük olan Azərbaycan ədəbiyyatına, ədəbiyyat lazım olan cəmiyyətin inkişafına, yeni nəslin baxışlarının formalaşmasına zərəri böyükdür. Bunu birdəfəlik bilmək kərəkdir ki, ədəbiyyat, mədəniyyət vasitəsilə Azərbaycana ixrac olunan irtica siyasəti var. Bu siyasət icraçılara milli dəyərlərin ləkələnməsi əvəzində müəyyən imkanlar vəd edir…

Fikirimcə, dünya ədəbiyyatında elmin, həyatın istiqamətini və perspektivi dəqiq müəyyən edən, intellekt düşüncənin məhsulu olan, fantastika da, realizm də, abstrakt cərəyan da, modernizm də postmodernizm də var və maneəsiz yaşayacaq. Ancaq mən bu gün özümü heç bir cərəyanıın nümayəndəsi saymıram.

Şeirimizin bu günkü vəziyyətində, bu xaos ortamında kimləri oxuyursunuz? Ümumiyyətlə, şeirdəki bu qaragüruhun səbəbləri nədir axı?

Daimi müraciət etdiyim bayatılar, nəğmələr, ağılar, atalar sözləri, ümumiyyətlə, müxtəlif xalqların şifahi ədəbiyyat nümunələridir. Bunlar hələ möcüzəsi tam açılmayan bir dünyadı. Mütaliə etdiyim konkret yazıçı və şairlər, esseistlər var.

Nazim Hikmətin, Yunus Əmrənin, Səməd Vurğunun, Tufarqanlının, Aytmatovun, Oljas Sülemenovun, Vaqif Bayatlının, Pablo Nerudanın, Folknerin, Karl Sendberqin, Oktavio Pasın,Pasternakın, Xlebnikovun, Axmatovanın, Erenburqun və daha neçə-neçə sayğılar bəslədiyim ustadların qələmindən çıxanlar mənim üçün çox qiymətlidir. Hazırda Deyl Kornegini və Aşiq Ələsgəri, hər şeydən yorulanda isə müdriklərin kəlamlarını, lətifələri oxuyuram.

Hərənin özünə görə bir Ortaq Türkcəsi var. Dəyanət Osmanlının xəyalındakı Ortaq Türkcənin konturları necə çəkilib?

Ortaq türkcənin taleyi perspektivlə bağlı məsələdir. Amma bu, mütləq baş verəcək. Çünki müasir dünyada və türk dövlətlərində gedən proseslər millətləri daşlaşmış mədəni dəyərlərinə qayıtmağı, siyasi, ideoloji baxımdan birləşməyi zəruri edir. Xəyalda deyil, biz elə realda əsasən Ortaq türkcədə danışır və yazırıq. Nəticə ideloqların, dilci alimlərin qəraından asılıdir. Məncə, Azərbaycan və Anadolu türkcəsi müəyyən sintezlər əvəzində Ortaq türkcənin alt yapısı sayıla bilər.

Və sonda «Bizimki» e – jurnalına və onun oxucularına arzularınız, tövsiyyələriniz…

“Bizimki” izlədiyim və təqdir etdiyim saytllardan biridir. Acığı, onu sənin imzana gərə tanıdım və bəyəndim. İstərdim ki, jurnal bütün türk dünyasını əhatə etsin. Tanınmayanları bir-birinə tanıtsın. Türk dünyası mədəniyyətinin möhtəşəmliyini əks etdirsin. Həqiqi ədəbiyyatçıları saxtakarlardan və dəllallardan ayıra bilsin. Bu, Azərbaycan üçün mühüm məsələdir. Dostlara uğurlar və uğurlar.

 

 

Oqtay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 1 aprel.- S.14.