“Gülüşün dadı-duzu da itib”
Parodiyaçı Həsən Cəbrayıllı:
“Yaşadığımız çağda adamlarda rast gəldiyimiz
çatışmazlıqlar acı gülüş doğurur
Hər il aprelin 1-i
bütün dünyada Beynəlxalq Gülüş
Günü kimi qeyd olunur. Amma təəssüf ki, bu beynəlxalqlaşmalar
çox zaman insaniliyin mahiyyətini ifadə etmir, milli
ölçülərə ziyan verir. Bəşərin həqiqətə
yad, yabançı nəsnələrə gülmək ənənəsinin
yaşı qədim olsa da, hələ də davamlı, ciddi
gülüşü formalaşmayıb. Çox zaman
insanların gülüşü gerçəklik səviyyəsini
aşa, sabaha gərəkli ola bilmir. Bu da hər şeydən əvvəl
insanların daxilən köklənməməsi, insani
imkanlarını aşkarlamaması, böyük mənada
halına yiyəlik duyğusunun yaranmaması ilə
bağlıdır.
Hər halda bəşərin
minillərdən bəri gülüş kimi ruhsallıq
nişanəsinə, mənəviliyə qanad ola biləcək
imkanı bu və ya digər dərəcədə incəsənətin
müvafiq janrlarında ifadəsini tapıb. Amma teatrda eybəcərliyə
gülən tamaşaçı zaldan çıxan kimi yenə
də öz adi həyat tərzini başının üstə
bayraq kimi qaldırırsa, o zaman gülüşün
insanı yetkinləşdirməsindən danışmaq olmur.
Rəssamlıqda, xüsusən də karikatura sənətində
eybəcərliyə gülüş ifrat həddə ifadəsini
tapıb, indi də belə nümunələr yaranır. Di gəl
ki, tamaşaçı özündə ciddi köklənmək,
eybəcərliklərdən islah olunmaq üçün
güc tapa bilmir. Bunun əsas səbəbi sənətin
büsbütün insaniliyin tələblərinə köklənə
bilməməsidir. Əgər tamaşaçı sənətkarın
şəxsiyyəti ilə onun sənətinin insani, uca tələbləri
arasında təzad, ya uçurum görürsə, belədə
şübhəsiz, gülüşün də insani, tərbiyəvi
əhəmiyyətinə zərbə dəyir. Əsil
gülüş insanın istənilən vəziyyətlərdə
nikbin qalmasına yardımçı olur, onu naşı, hərcayi
gülüşlərdən qoruyur. Özünə müəyyən
mənada sahib olan insan əslində sənətdəki ciddi məqamları
ağlına, ürəyinə yığır, onları
daxilində böyüdür, artırır.
Zamanımız həmişə
olduğu kimi yenə də təlatümlər,
çırpıntılar içərisindədir. Ümumiyyətlə,
insanın özünü təsdiq etməsi üçün
heç vaxt yaxşı zaman olmayıb. Yaxşı zamanı
insan özü hünəri ilə yaradır. Deyirlər ki,
indi hərcayi gülüşlərin, qeyri-ciddi məqamların
artmasının səbəbi zamandır. O zaman sual yaranır: bu pis zamanı
yaradan insan deyilmi?
Gülüşün mahiyyətcə ciddiliyindən,
onun insanı ifadə etməsi gərəkliyindən danışırıq. Əslində insan daxilən köklənəndə onda
heç tez-tez gülmək tələbatı
da yaranmır. Gülüşdə bir sövqi-təbiilik,
gözlənilməzlik halı
da var.
Parodiyaçı Həsən
Cəbrayıllı bu
qənaətdədir ki,
ciddi gülüş insanı düşündürür,
əxlaqı təmizləyir,
mənəviyyata qüvvət
verir: "Mən Arkadi Raykindən çox bəhrələnmişəm.
Onu ciddi yumorist hesab edirəm. Belə bir qənaət var ki, gülüş
çox ciddi bir işdir. Yoxsa yumorist fikirləşə
ki, küçə səviyyəsi ilə insanları güldürəcəyəm;
bu, adi, məzmunsuz hərəkətdir.
Gərək yumorçu aşağı
səviyyəlilərin halını
qaldırsın, onları
ciddi gülüşlə
islah eləsin, amma ki, onların
səviyyəsinə düşməsin.
Təəssüf ki, indi peşəkar sayılan yumorçular belə aşağı səviyyəli
gülüş yaratmağa
üstünlük verirlər.
Fikirləşirlər ki, əgər
belə etsələr,
o zaman daha çox tamaşaçı
cəlb edəcəklər.
Təbii
ki, əsil, ciddi gülüş yaratmaq üçün çox əziyyət çəkmək lazımdır.
Adi gülüş
yaratmağa nə var ki,?
Yaşadığımız çağda adamlarda
rast gəldiyimiz çatışmazlıqlar çox
zaman hər birimizdə təbii olaraq acı gülüş doğurur.
Yumorçu bu vəziyyətdə
çox məharətli
olmalı, kinayəli gülüşdən istifadə
etməlidir. Sovet dövründə
varlanmaq ehtirası ilə yaşayanlar, rüşvətxorlar bu yolla tənqid edilirdi, cəmiyyətdə
onlara qarşı tənqidi gülüş
yaradan münasibət
formalaşdırılırdı. İndi özümüz gəlib yenə kapitalizm dövrünə çıxmışıq.
Nə qədər qəribə səslənsə də, insafla, sosializmdə müəllimə, məktəbə
hörmət vardı.
O dövrdə indiki kimi sənət adamları açıq-aşkar
biri-birinin ardınca qeybət etmirdilər, bundan şöhrət qazanmaq üçün yararlanmırdılar. İndiki belə
münasibətlərdən tamaşaçı nə
götürə bilər?
Tanınmış müğənnilərdən eşitmədim ki, biri-birləri haqqında sayğısız söz desinlər, qəbahətli
məqama yol versinlər. O dövrün
estradası da indikindən çox ciddi idi. Gülüş sağlam olmalıdır.
Mən insanların ələ salınmasının, dolanmasının
əleyhinəyəm. Səhnədə parodiyaçı bu mənada çox ehtiyatlı olmalıdır. Xüsusən etniklərə münasibətdə
çalışıram ləhcələrindən
istifadə edərək
onlara məxsus gülüşü təzədən
dirçəldim, hamınınkı
eləyim. Bu danışıqları eşidən
kimi ləhcənin təsiridir, nədir, o saat ürəyin açılır".
Teatr sənətinin
bu gün ciddi, düşündürücü
gülüşdən uzaqlaşmasının
əsas səbəbini
H.Cəbrayıllı bu
mövzuda səhnə
əsərlərinin yazılmamasında
görür: "Mən
parodiyaçıyam və
bu sənətin öz qaydaları var. Görürsən, indi çoxu tamamilə mental qaydalara zidd hərəkətlər etməklə
tamaşaçını güldürməyə
üstünlük verir,
hətta söyüşlərə
keçir. Mərhum sənətkarlar Əliağa Ağayevlə
Fazil Salayevin vaxtilə oynadıqları
məşhur səhnəciyi
xatırlayaq. Adam baxdıqca yenə də baxmaq istəyir. İndi belə aktyorlar
varmı? "Məşədi
İbad" filminə,
"Arşın mal alan"a nə qədər baxmışıq?
Klassik tamaşalarımızda bircə
bayağı məqam
tapmaq olmaz. Çünki bu tamaşalar
xalqın zövqünün
süzgəcindən keçib,
beləcə formalaşıb.
Yoxsa indi nə oldu
danış, təki gülüş olsun; bu, olmaz. Meyxanada da bayağılıq çox artıb, indi hamı meyxana deyir. Bu janrı da
pis günə qoydular. İndi qafiyə, tamaşaçını
güldürmək xatirinə
rusca, ingiliscə kəlmələr işlədirlər.
Nə bilim, "iynəni belə vurdun", "nəşəni belə çəkdin"; bu onu, o bunu söyür.
Qabaqlar meyxanaçılar bilirdilər
ki, nəyi danışmaq olar, nəyi olmaz.
Bu gün
parodiya və satira üçün estrada teatrımız
demək olar, yoxdur. Parodiyalarımı həmişə özüm yazmışam.
Bu sahədə qələm çalmış
adamların yazdıqlarını
oxumuşam. Səhnədə hər şeyi demək olmaz. Dəfələrlə keçmiş postsovet
məkanında keçirilmiş
tədbirlərdə iştirak
etmişəm. Ruslarda
estrada teatrları
çoxdur, bu sahə onlarda yaxşı inkişaf edib. Özü də bol tamaşaçıları var."
Görəsən, bu gün cəmiyyətdə
ciddi gülüşün
olması üçün
nə lazımdır? N.Cəbrayıllı
deyir ki, bundan ötrü konsertlər olmalıdır:
"Sənətə təsadüfi
adamlar çox gəlib. Estradaya gəlirlər, baxırsan,
bir aydan sonra bahalı maşınlar sürürlər.
Bu gün yumor
bizdə demək olar, yoxdur. Bu gün nəsə,
gülüşün dadı-duzu
da itib. Rus mətbuatında elə yumorlar verirlər ki, adam tərcümə
etməyə xəcalət
çəkir".
Dövlət Gənclər
Teatrının baş
rejissoru, dramaturq Rəhman Rəhmanov da ciddi gülüşün
tərəfdarıdır: "Hırıltılı gülüş
millətin ziyanınadır.
Ciddi gülüşün mayası
kitabdan gəlir.
Ciddi düşünəndə ciddi
də gülüş
yaranır. Belə gülüş
cəmiyyətin sağlamlaşdırılmasına
xidmət edir. Gülüş təhqir etməməlidir,
insanı alçaltmamalıdır.
Millətin də nöqsanlarına
elə gülmək lazımdır ki, onun hissiyyatına toxunmayasan. Əsil gülüş insana
həmin hərəkətin
düzgün olmadığını
başa salmağı
bacarmalıdır. İndiki tamaşalara,
şoulara baxırsan,
orada gülüş islah eləməkdənsə,
tamaşaçının tərbiyəsini
daha da korlayır.
Lağlağılıq cəmiyyətin halını
daha da pozur.
Əsl peşəkar gülüş
başqa şeydir.
Söz xətrinə gülüş
tamamilə mənasızlıq
yaradır. Molla Nəsrəddin
lətifələri tamamilə
ciddilik ifadə edir".
Uğur
Xalq Cəbhəsi.- 2011.- 1 aprel.- S.13.