"Duz saray"ında "konsert"

 

Aydın Çobanoğlu məclislərdə şeirləri və sazı ilə milli azadlıq hərəkatını təbliğ edirdi...

 

Aydın Çobanoğlunu tələbəlik illərindən - Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğum illərdən (1968-73) tanıyırdım. Çox maraqlı yoldaşlığımız və dostluğumuz var idi. O, Tovuzda, mən Göyçədə doğulub boya- başa çatmışdıq. Hər ikimiz Bakıya ali təhsil arxasınca gəlmişdik. Hər ikimizin doğulduğumuz bölgə sazı-sözü ilə ilə məşhur idi.

Göyçəli aşıqların bir çoxu Ermənistanın rəsmi dairələrinin aşıq sənətinə diqqət yetirmədikləri üçün Azərbaycanın Gəncə, Tovuz, Qazax və s. bölgələrinə köçüb orada yaşayır və aşıqlıq edirdilər. Bizi saza - aşıq musiqisinə sevgimiz yaxınlaşdırmışdı. Aydın yataqxana otaqlarında bizə konsertlər verərdi. Biz onun dinləyiciləri olmaqla yanaşı, həm də tənqidçiləri rolunu oynayırdıq. Pulsuz-parasız dinlədiyimiz, zövq aldığımız bu konsertlərə görə Aydını və onun kimi gəncləri alqışlamaqla yanaşı, yerli-yersiz irad tutmalarımız da olurdu. Əslində bu iradlarımız aşıq sənəti haqqında bilgimizin çoxluğundan deyil, özümüzü göstərmək istəyimizdən, doğrultmaq iddiamızdan irəli gəlirdi. Aydın isə çox vaxt bilgisizliyimizi, yanlışlığımızı üzə vurmadan saz çalır və arada bir də izahatlar verirdi.

Beləcə, Aydının çaldığı saz havalarını dinləyərək unversiteti bitirdim. 1973-cü ildə məni təyinatla "Şərq qapısı" qəzetində işləməyə göndərdilər. Beləcə, Aydınla bir müddət görüşə bilmədik. Ancaq mən onun sorağını eşidirdim.

Bir zaman saz həvəskarı kimi tanıdığımız, radio-televiziyada çıxışını təşkil edə bilmədiyimizə görə özümüzü onun yanında xəcalətli hiss etdiyimiz Aydın Çobanoğlunu ara-sıra ekranda görür, efirdə çaldığı saz havalarını dinləyirdik. O, artıq peşəkar bir aşıq kimi respublikada məşhurlaşmışdı. Bir gün Aydının məni axtardığını eşitdim. Sevincək gedib görüşdüm. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin xəttilə Naxçıvana konsert verməyə gəlmişdilər. Aydın Çobanoğlunu münasib yerdə qonaq etdik.

Aydıngil axşamlar konsertlər verirdilər, gündüzlər isə onları Naxçıvanın maraqlı yerlərinə gəzməyə aparırdıq. Belə yerlərdən biri olan Duz Mədəninə də apardıq. Mədənçilər dağı dələrək duz laylarındakı daş duzları çıxararaq yerin 1200-1300 metr dərinliyinədək irəliləmişdilər. Mədənin dərinliklərində bəzi yerlərdə kiçik gölməçələr yaranmışdı. Bu gölməçələr yağış-qar sularının torpaq və daş duz laylarından sızaraq tunellərə çatmasından əmələ gəlmişdi. Gölməçələrin içərisinə alüminium atanda ağ, mis atanda qırmızı, dəmir atanda başqa bir rəngdə maraqlı və olduqça cəlbedici kristallar yaranırdı. Aydın isə romantik bir insan olduğundan kristalları gördükdə təbiətin yaratdıqlarına heyranlıqla tamaşa etməklə kifayətlənmədi, onlardan nümunələr götürərək Bakıya gətirdi. Havada temperatur 35-40 dərəcə olsa da, mədən olduqca sərin idi. Duz Mədənlərinin içərisində havanın temperaturu yayın ən isti günlərində də, qışın soyuğunda da 16-18 dərəcə olur.

Buranın başqa bir qəribəliyi isə o idi ki, xiyar 1000-1200 metr dərinlikdə kəsildikdə belə, qoxusu qapının ağzında hiss edildiyi halda, qızardılan kolbasanın və başqa yeməklərin qoxusunu duz özünə elə çəkirdi ki, 4-5 metrlikdə belə qoxu hiss edilmirdi.

Yeraltı "Duz saray"ında bizə bələdçilik edən mədənin baş mühəndisi, ailəvi dostumuz Elman Fətiyev Aydına bu mədən haqda məlumat verdi. O, duz mədənində işləyənlərin bir sıra xəstəliklərə tutulmadığından, burada astma və başqa nəfəs yolları xəstəliklərinin müalicəsi üçün xəstəxana açıldığından, hətta balaca duz gölməçələrinin də dəri xəstəlikləri üçün müalicəvi əhəmiyyəti olduğundan, buraya müalicə olunmaq üçün SSRİ-nin hər yerindən xəstələr gəldiyindən, minlərlə insanın isə növbəyə yazıldığından söz açdı. Eşitdiklərindən cuşa gələn Aydın bəy dedi: "Məni elə həvəsləndirdiniz ki, oxumağım gəldi. Burada oxumaq istəyirəm, görüm səsimə necə təsir edəcək".

Yeraltı "duz saray"ında "konsert" başladı. Aydın və aşıq yoldaşları oxuduqca həvəslənir, mədənin sərin havasının onlara xoş təsir bağışladığını deyirdilər. Bir azdan ətrafımız adamla doldu. Bizim olduğumuz şaxtada saz səsi eşidən fəhlələr işi dayandıraraq buraya toplaşmışdılar.

Dinləyicinin çoxaldığını gördükdə aşıqlar daha da ilhamlandılar. Bir saatdan çox fəhlə və mühəndisləri işdən ayırdıq. Direktor Abdulla da şaxtaya gəldi. Düşündüm ki, işə mane olduğumuza görə qanı qaralacaq. Ancaq əksinə oldu. O da həvəslə dinlədi və ayrılanda zarafatla dedi: "Mən istəsəydim də işçilərim üçün belə bir istirahət təşkil edə bilməzdim. İndiyə kimi belə bir konsert təşkil etmək heç ağlımıza da gəlməmişdi. Bu hadisə çox yaddaqalan oldu".

Aydın Çobanoğlu bir sənətkar kimi dinləyiciləri ilə tez ünsiyyət qururdu, həm də həmsöhbətlərinin qəlbinə tez yol tapa bilirdi. Xüsusən şair Hüseyin Arif haqqında söylədiklərini dinləyənlər gözləri yaşarıncaya qədər gülürdülər. Bu söhbətləri Hüseyin Arifin yanında etdikdə o, özü də inciməzdi. Bilmək olmurdu söylədiklərinin hansı Hüseyin Arifin başına gəlib, hansını Aydın özündən quraşdırır. Bəlkə də olmuş kiçik bir hadisəyə Aydın bəyin gözəl bəzək vurması nəticəsində lətifələr belə şirin alınırdı. Şəxsən mənim diqqət yetirmədiyim onlarla hadisədən Aydının gülüş doğuracaq lətifələr yaratdığının şahidi olmuşdum.

Aydın təkcə ailəsini dolandırmaq üçün aşıqlıq etmirdi. O, bu sənətə həyatının mənası kimi baxırdı. Həm də xalqına vətənpərvərlik ruhu aşılamağa çalışırdı. Aydın böyük audutoriyalarda belə milli şüuru oyada bilirdi. Sovet hökumətinin yasaqlarına baxmayaraq, o, Azərbaycanın əsarətdən qurtarmasını, "o tay", "bu tay" sözünün aradan qaldırılmasını, Azərbaycanın birləşəcəyinə inamını eyhamla dinləyicisinə çatdıra bilirdi.

1988-ci ildə başlayan xalq hərəkatında Aydın Çobanoğlu sazı, sözü və əməliylə öndə oldu. Bir hadisə heç vaxt yadımdan çıxmır. Bakıda keçirilən mitinqlərdən birinin səhərisi günü Aydın bəy məni də götürüb restorana getdi. Orada xeyli adam vardı. Aydın bəyin təşəbbüsü və təşkilatçılığıyla buraya milli, vətənpərvər, ictimai iaşə işçiləri yığılmışdılar. Onların əksəriyyəti Aydını tanıyırdılar. Mən isə onları birinci dəfə görürdüm. Şəxsi maşını olduğundan və peşəsilə bağlı rayonlara, kəndlərə tez-tez getdiyindən, bölgələrdə daha çox insan tanıdığından Aydın Xalq Cəbhəsinin fəal təbliğatçısına və təşkilatçısına çevrilmişdi. O, bir növ canlı körpüyə çevrilmişdi. Mən Naxçıvanda yaşasam da, Aydın Çobanoğlu və onun kimi fəalların sayəsində bölgələrimizdəki milli azadlıq hərəkatı fəallarını qiyabi də olsa tanıyır, lazım gələndə birbaşa onlara müraciət edə bilirdim. Həmin gərgin və ağır günlərdə Aydın bəy böyük cəsarətlə bütün məclislərdə həm şeirləri ilə, həm də sazı ilə milli azadlıq hərəkatını təbliğ edirdi.

Onun ölümü də vətənpərvərliyindən - millətinə, vətəninə sevgisindən oldu. Vətən üçün kiçicik bir iş görənə də böyük məhəbbəti olan, onlara bacardığı qədər yardım etməyə can atan Aydın Çobanoğlu yol kənarında durmuş "əsgərlər"i mənzilə vaxtında çatdırmaq üçün onları maşınına əyləşdirib. Sən demə, insanların həssaslaşmasından, vətəni qoruyan əsgərlərə məhəbbətinin artmasından istifadə etməyi düşünənlər də varmış. Onlar əsgər paltarı geyərək bu paltarla diqqəti cəlb etmiş, Aydın Çobanoğlunun maşınına əyləşərək onu yoldan-izdən uzaq bir yerə aparmışlar.

Maşını aparıb dəyər-dəyməzinə satmaq həvəsilə gənc bir sənətkarı, coşğun bir vətəndaşı öldürmüşdülər. Aydının öldürülməsi bir zərbə idisə, Azərbaycan əsgəri geyimilə cinayət törədilməsi də vətənsevərlərə bir zərbə oldu...

 

 

Əli Şamil

 

Xalq Cəbhəsi.- 2011.- 5 aprel.- S.14.