“ÜNVANLI SOSİAL YARDIMLARIN VERİLMƏSI FORMASI DƏYİŞMƏLİDİR”

 Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin APA-ya müsahibəsi

- Sosial siyasət komitəsinin gündəliyində hansı yeni qanun layihələri var?

- Sosial qanunvericilik daim təkmilləşən, reallıqdan, büdcə imkanlarından və cəmiyyətin inkişafından asılı prosesdir. Ona görə də biz qanun yaradıcılığında birinci növbədə sosial sifarişləri öyrənir, daha sonra maliyyə imkanlarını nəzərə alır, beynəlxalq təcrübədən istifadə edərək yeni qanunlar hazırlayır, yaxud mövcud qanunlara əlavə və dəyişikliklər edirik. Gündəliyimizdə bu gün üçün aktual bir neçə məsələ var. Bunlardan birincisi Ailə Məcəlləsinə əlavə və dəyişikliklərdir. Biz hər il Ailə Məcəlləsinə bir neçə dəfə dəyişikliklər və əlavələr edirik. Bu, zamanın tələbidir. Əlavə və dəyişikliklər nikaha girənlərin bir-birilərinin sağlamlıqları haqqında dəqiq məlumatlı olmalarından ötəri həkimdən arayış almasını zəruri edir. Bununla bağlı mətbuatda fərqli müzakirələr gedir. Bəziləri deyirlər ki, pul verib arayış alacaqlar. Yaxud Lerik rayonunda dağ kəndindən necə gəlib yoxlamadan keçib, arayış alacaq? Mən bunun əksini düşünürəm. Necə olur ki, şəxsiyyət vəsiqəsi alanda qan analizi verilir, sürücülük vəsiqəsi alanda tibbi arayış alırsan. Maşın alanda tibbi arayış almaq olar, arvad alanda olmaz? İkinci sənəd «Sosial xidmət və sosial iş haqqında» qanun layihəsidir. Bu da aktual və günün tələbidir. Düşünürük ki, bir sıra sosial xidmətlər dövlətdən alınıb QHT-lərə verilməlidir. Bu məsələlər qanunvericilikdə əksini tapacaq və hazırda müzakirə olunur. Nə üçün evdə xidməti nazirlik göstərməli, sosial müdafiənin ən adi əməliyyatlarını nazirlik yerinə yetirməlidir? Düşünürəm ki, gələcəkdə tender elan edilib bu xidmətlər QHT-lərə verilməlidir.

- Sizin müzakirə etdiyiniz qanun layihəsində evdə sosial xidmətlərin dövlət vəsaiti hesabına göstərilməsi nəzərdə tutulur. Hesablamalar aparılıbmı ki, bu, nə qədər insana şamil olunacaq və buna nə qədər vəsait lazımdır?

- Biz bu gün reallıqlardan çıxış edirik. Bəzən sosial xidmət anlayışını ahıllar evində göstərilən xidmət kimi başa düşürlər. Amma dünyada özəl ahıllar, əlillər evləri var. Ancaq bu institut hələ bizim üçün tanış deyil. Bu gün özəl ahıllar evindən danışsaq, bizə gülərlər. Amma zaman gəldikdə Azərbaycanda bu da normal qarşılanacaq. Bizim müzakirə etdiyimiz qanun Azərbaycanda sosial işə, sosial xidmətə yeni baxış formalaşdıracaq. Hesab edirəm ki, bu il qanun qəbul olunacaq və təxmini hesablamalara görə, təkcə Bakı şəhərində bu, təxminən 800 xəstəni əhatə edəcək. Hazırda cəmiyyətin buna münasibətini, sosial sifarişləri öyrənirik. Biz istəyirik ki, bu prosesdə QHT-lər yaxından iştirak etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funksiyalarının bir hissəsini özəl və qeyri-hökumət qurumlarına verilməsi bu işlərin səmərəsini və keyfiyyətini xeyli yaxşılaşdırardı.

- Söhbət tək sosial işlə bağlı funksiyalardan gedir?

- Bəli. QHT-lərə sosial xidmətləri göstərmək üçün vəsait qrant formasında veriləcək. Bu xidmətləri göstərəcək təşkilatlara gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən lisenziya da verilə bilər.

- «Pasiyentin hüquqlarının müdafiəsi haqqında» qanun layihəsi barədə nə deyə bilərsiniz?

- Bu, çox aktual qanun layihəsidir. Azərbaycanda sağlamlığın qorunması, özəl səhiyyə haqqında və s. qanunlar var. Amma pasiyentin hüquqlarının qorunması ilə bağlı qanun yoxdur. Baxmayaraq ki, belə bir qanun layihəsini komitəmiz 10 il əvvəl hazırlayıb. Amma o zaman təəccüblü olsa da, bu layihə parlamentdən keçmədi.

- Niyə?

- O vaxtı reallıqlar, parlamentin səviyyəsi, dünyagörüşü indikindən fərqli idi. Ötən dövrdə biz bu layihə üzərində yenidən işlədik. Qanun layihəsi ilk variantla müqayisədə tam dəyişdi. Dünyanın qabaqcıl təcrübəsini öyrənərək, yenidən o qanunu hazırlamışıq. Deyim ki, indi artıq özəl səhiyyə də inkişaf edib. Özəl səhiyyəyə müraciət edən pasiyentin bəzən hüquqları pozulur. Pul verir, lakin sağalmaq əvəzinə vəziyyəti daha da pisləşir. Məhkəməyə verir, əsası da olmur. Bu qanun hər bir tərəfin - pasiyentin, özəl və ya dövlət tibb müəssisəsinin hüququnu dəqiqləşdirəcək.

- Sizin komitə parlamentin cəmiyyətlə ən çox təmasda olan strukturdur. Bu gün sosial sahəyə aid mühüm qanunlar qəbul olunsa da, sadə vətəndaşların əksəriyyəti bu qanunların müddəalarından istifadə edə bilmir. Bu nə ilə bağlıdır?

- Bunun birinci və başlıca səbəbi maarifləndirmə ilə bağlıdır. Çox təəssüf ki, bəzi KİV bunun əksinə işləyirlər. Mən demoqrafik təhlükəsizlikdən danışıram. Amma «Hadı Rəcəbli axtalanma haqqında qanun qəbul edir» yazırlar. Sosial qanunları qəzetlər yaxşı mənada yazmaq əvəzinə, təhrif edirlər. Sosial qanunvericiliyi təbliğ eləmək, onu sahənin mütəxəssisləri ilə müzakirə eləmək əvəzinə bütöv kontekstdən çıxaraq, bir detalından tutub ortaya qoyur, ağıllarına gələni yazırlar. Məsələn, «Reproduktiv sağlamlıq haqqında» qanunu «süni mayalanma haqqında qanun» kimi təqdim edirlər. Mətbuat vətəndaşı istiqamətləndirmək əvəzinə, çaşdırır. Biz indi pasiyentin hüquqlarının müdafiəsi haqqında qanundan danışırıq. Sabah görəcəksən buna da bir qulp qoydular. Biz vətəndaşları müdafiə edirik. Biz xalqın rifahına zidd olan heç bir qanunu ortaya qoya bilmərik.

- Çox arvadlılıq və çox ərlilik barədə qanunlara əlavə və dəyişikliklərin ediləcəyi söylənilir. Bu doğrudurmu?

- Bunlar söz söhbətdir. Bu gün ailə iki uşaq istəyir. UZİ-yə gedirlər. Baxır, oğlan uşağıdır, saxlayır, qız uşağıdır abort etdirir. Müqayisə üçün deyim ki, Çində doğulan körpələrin 62%-i oğlan, 38%-i qızlardır. Bu artıq katastrofik vəziyyətdir. Azərbaycanda bu göstərici müvafiq olaraq 54%-46% təşkil edir. Təbii qanuna uyğunluğa görə bu, 51%-49%-ə nisbətində olmalıdır. Belə olan halda cəmiyyətdə qız azalır, oğlan çoxalır. Nəticədə bir azdan bir qıza iki oğlan düşəcək. Yaxud əksinə. Hesab edirəm ki, bioloji normaları pozmaq olmaz. Dünyada bir çox ölkələr UZİ-ni, abortları qadağan ediblər. Bir sıra ölkələr uşaq dünyaya gətirmək üçün müxtəlif addımlar atırlar. Məsələn, Rusiya analıq kapitalı verir. Avropada nə edirlərsə, uşaq artmır. Almanlar isə dünyadan hazır məhsul alırlar. Miqrasiya üçün kvota ayırırlar. Bizdə UZİ və abortla bağlı hər hansı qadağalar hələ ki, nəzərdə tutulmur. Bizim müzakirə etdiyimiz qanun layihələrində də belə şeylər yoxdur. Çoxarvadlılıq haqqında çox söhbətlər gedir. Mən şəxsən buna neqativ yanaşıram.

- Qanunvericilikdə çoxarvadlılığa rəsmən icazə verilməsi mümkündürmü?

- Yox. Hazırda Azərbaycandakı şüur, səviyyə, inkişaf buna imkan vermir.

- Siqaretin qadağan olunması ilə bağlı qanun layihəsi üzərində işləyirdiniz. Həmin qanunun bu il qəbul olunacağını gözləmək olarmı?

- Siqaretin ictimai yerlərdə çəkilməsinin qadağan olunması cəmiyyəti toqquşduran məsələdir. Bir qrup bunun əleyhinə, bir qrupu isə lehinədir. Biz bu qanun layihəsi üzərində düz 7 ildir çalışır, müzakirələr aparırıq. Bu sahədə çoxlu problem var. Gəlin görək lap bu qanunu qəbul elədik. Lənkəranın hansısa kəndində, çayxanada siqaret çəkənə qarşı necə tədbir görəcəyik? Bizim reallıqda bu məsələ çətindir. Amma bütün bunlara rəğmən qanunu qəbul edəcəyik. Ola bilsin ki, bu il qanun layihəsi müzakirəyə çıxarılsın. Qanunun qəbulunun indiyədək ləngiməsinin səbəbi cəmiyyətimizin hazır olmamasıdır. Bildirim ki, bu qanunda bir sıra məhdudiyyət var. Qapalı yerdə siqaret çəkmək qadağan olunur. Eyni zamanda məktəblərin yaxınlığında siqaret çəkmək və satışını həyata keçirmək yasaqlanacaq. Həmçinin reklamı qadağan olunacaq.

- Digər ölkələrdə analoji qanunların müzakirələri zamanı belə məlumatlar yayılırdı ki, böyük siqaret istehsalçıları parlamentlərdə lobbi yaradaraq qanunun qəbulunu əngəlləyir. Bunu Azərbaycana da şamil etmək olar?

- Yox. İndi istehsalçı şirkətlər başqa yollar seçirlər. Məsələn, nikotinsiz siqaretlər buraxır və s.

- Maraqlısı odur ki, Türkiyədə analoji qanun qəbul edilənə qədər psixoloji hazırlıq məqsədilə televiziya verilişlərində, filmlərdə siqaret çəkmə səhnələri üzərinə fon verilirdi. Bunu bizdə də etmək olarmı?

- Bizim «Tütün və tütün məmulatları haqqında» qanunumuzda ciddi qadağalar olsa da, bu qadağalar İnzibati Xətalar Məcəlləsində əksini tapmayıb.

- Niyə siz özünüz bu məsələnin Məcəllədə əksini tapması üçün qanunvericilik təşəbbüsü ilə çıxış etmirsiniz?

- Mənim fikrimcə cəmiyyət hələlik buna hazır deyil.

- Korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli orqanlarında həbs edilənlər oldu. Əksəriyyəti də ünvanlı sosial yardımların verilməsində nöqsanlara yol verdiklərinə görə. Buna münasibətinizi bilmək istərdik.

- Münasibətim çox pisdir. Bu gün cəmiyyətdə başqa sahələrdə olan nöqsanların bir qismi də bu sahədədir. Amma bu sahə daha kütləvi olduğu və insanlarla, xüsusilə ehtiyacı olan insanlarla bağlı olduğu üçün diqqəti də daha çox cəlb edir. Onu da vurğulamağı vacib bilirəm ki, müvafiq Nazirliyin rəhbərliyi bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün ciddi, kəskin, konkret tədbirlər həyata keçirmiş və artıq bəzi müsbət dəyişikliklər əldə etmişdir, bəzi nəticələr göz qabağındadır.

- Ünvanlı sosial yardımların verilməsi ilə bağlı qanunlarda hansısa dəyişikliklər etməyi nəzərdə tutursunuzmu? Məlumatlara görə, ünvanlı sosial yardımların birdəfəlik yardımlarla əvəzlənməsi, kiçik sahibkarlıq fəaliyyəti qurmaq üçün verilməsi nəzərdə tutulur.

- Biz bu gün ünvanlı sosial yardımların verilməsində Polşa modelindən istifadə edirik. Zaman keçdikcə görürük ki, bu modelin forması dəyişməlidir. Ünvanlı sosial yardımlar bəzən insanlarda ələ baxımlılıq yaradır. Buna görə də sahibkarlıq fəaliyyəti qurulması üçün birdəfəlik yardımın verilməsi lazımdır. Bununla bağlı Dünya Bankı ilə işləyirik. Hazırda yardımların verilmə forması üzərində müzakirələr gedir. Onu deyə bilərəm ki, yardımlar müəyyən sadə, lap kiçik iş qurmaq üçün hansısa məbləğdə və bir dəfəyə verilə bilər.

- Müharibə əlilləri və veteranlarla bağlı hansı yeniliklər gözlənilir?

- Hazırda Azərbaycanda 13 min 700 şəhid ailəsi, 11 min Qarabağ əlili var. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları bu qrup insanın sosial müdafiəsini gücləndirmək üçün ardıcıl və çox genişmiqyaslı iş aparır. Müharibə veteranlarının sayı isə təxminən 76 mindən çoxdur. Bu gün əlində silah, 5 il vuruşub yaralanmayan veteranımız da var, bir həftəlik ezamiyyətə gedən polis əməkdaşımız da. Bir həftə ezamiyyətdə olan həmin polisə deyəndə ki «sən veteran deyilsən», cavab verir ki, «mən də ölə bilərdim». Onun dediyində də əsas var. Ona görə də veteranların təsnifatlandırılmasına ehtiyac duyulur. Bununla bağlı ideyalar var və həyata keçiriləcək. Qarabağ müharibəsi veteranları ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Prezidentin tapşırığı əsasında da məhz veteranların təsnifatlandırılması və müharibə veteranlarının imtiyazlarının öyrənilməsi prosesi gedir. 20 yanvar əlili ilə Qarabağ müharibəsi əlili arasında fərq olmalıdır. Biri evində oturduğu yerdə hardansa güllə gəlib ona dəyib, digəri döyüşlərdə yaralanıb. Təsnifatlandırma deyəndə, öncə müəyyənləşdirilməlidir ki, kimlər əldə silah döyüşüb. Üç gün döyüş bölgəsində olmuş jurnalist veteranlar var, bunlar ayrılmalıdır. Könüllülər ayrılmalıdır. Bu isə o deməkdir ki, həmin şəxslərin veteran statusu özlərində saxlanılmaqla, fərqli imtiyazları olacaq.

- Bu çərçivədə müharibə veteranları və əlilləri üçün yeni imtiyazlar ola bilərmi?

- Ola bilər. İmtiyazların forması dəyişə və arta bilər. Bunun üçün zamana ehtiyac var, eyni zamanda bu, maliyyə imkanlardan da asılıdır.  Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin APA-ya müsahibəsi

- Ola bilər. İmtiyazların forması dəyişə və arta bilər. Bunun üçün zamana ehtiyac var, eyni zamanda bu, maliyyə imkanlardan da asılıdır.

Xalq Cəbhəsi.- 2011.- 5 aprel.- S.13.