“Biz “erməni soyqırımı” haqqında qərarın
ləğvinə nail olduq
Krımın Azərbaycan
İcmasının sədri, "Alubika" qəzetinin
redaktoru, Jurnalistlərə dəstək komitəsinin sədri,
Krım Respublika (Cümhuriyyət) Millətlərarası Razılıq
Birliyinin sədr müavini Rəhim Hümbətovdur.
- Bu gün Krımda nə
qədər soydaşımız yaşayır və
xüsusilə, onlar Krımda siyasi administrasiyada təmsil
olunublarmı?
- Bizim
hesablamalarımıza görə, Krımda 10 minə qədər
azərbaycanlı yaşayır. Burada Ukrayna vətəndaşı
olan şəxslər, eyni zamanda qeyri-leqal (qeyri qanuni), lakin
daimi olaraq yaşayan insanlar da nəzərdə tutulur.
Düzdür statistika (amar) azərbaycanlıların
sayını çox az göstərir, amma,
apardığımız analiz bizim rəqəmlərin həqiqətə
daha uyğun olduğunu göstərir.
Siyasi hakimiyyətdə
təmsil olunmağa gəldikdə isə qeyd etmək
lazımdır ki, zənnimcə, azərbaycanlıların
Ukrayna cəmiyyətinə inteqrasiyasını (həmgərayini)
uğurlu hesab etmək olar. Bu gün Krımda həmvətənlərimiz,
sovet vaxtının termini (vajəsi) ilə desək, “xalq təsərrüfatının”
bütün sahələrində çalışırlar.
Krımda azərbaycanlıları həkim, müəllim,
hüquqşünas, jurnalist, transport (nəqliyyat)
işçiləri, müxtəlif səviyyəli iş
adamları və s. kimi vəzifə və iş yerlərində
görmək olar. Həmyerlilərmiz eyni zamanda müxtəlif
səviyyəli hakimiyyət orqanlarında deputat (millət vəkili)
seçilmişdir. Akademik Şamil Topçiyev Ukraynanın
yay paytaxtı sayılan Yaltada yaşayır.
- Rəhbərlik
etdiyiniz İcma erməni yalanlarının ifşa edilməsi
istiqamətində hansı işləri görür?
- Krım Azərbaycan cəmiyyəti
1989-cu ildə yaradılıb, Ukraynada ilk Azərbaycan
qurumlarından biridir. Qeyd edim ki, Ukraynada ilk Azərbaycan mətbu
orqanı bizim buraxdığımız “Millət” qəzeti
idi. Sadəcə məlumat üçün deyirəm,
diasporanın diaspora haqqında nəşr etdiyi ilk kitab da,
krımlı azərbaycanlı müəlliflərinin
yazılarının işıq üzü gördüyü
ilk almanax da Krımda dünyaya gəlib.
Təşkilatımızın
qarşısında duran əsas məsələlər mədəniyyətimizi
təbliğ etmək, azərbaycanlılar, Azərbaycan
haqqında yerli əhalidə pozitiv (müsbət) fikir
yaratmaqdır. Eyni zamanda, biz Azərbaycan haqqında həqiqətləri
ictimaiyyətə çatdırmağı özümüzə
borc və vacib məsələlərdən biri bilirik. Misal
üçün, 1990-cı ilin yanvar hadisələrindən
sonra biz Bakıdan çox sayda bu faciə ilə, Qarabağ
konflikti ilə bağlı ədəbiyyat gətirmişdik,
Yaltada daimi fəaliyyət göstərən sərgi təşkil
edərək bu kitabları insanlara paylayırdıq. “Millət” qəzetinin səhifələrində
bu hadisələrlə bağlı materiallar dərc edirik.
Uzun müddətdir ki, İnternet səhifəmiz işləyir.
Eyni zamanda yerli mətubat səhifələrində bu mövzu
ilə bağlı müxtəlif yazılar yerləşdiririk.
Hələ 1991-ci ilin yanvarında, “Millətin” ilk nömrəsi
dərc olunandan bir az sonra məni qəzetin redaktoru kimi
Krım vilayət kommunist partiyasının ideoloji şöbəsinə
“xalça” üzərinə çağırdılar. Sən
demə bizim qəzetin birinci nömrəsini görən ermənilər
o saat “obkoma” şikayətçi olublar. Çünki elə
ilk nömrəsindən “Millət” bu yalanları ifşa etməyə
başladı. Söz gəlişi deyim ki, o vaxt Krım erməni
cəmiyyətinin sədri sonralar buradan Qarabağa gedib
çıxan A.Danelyan idi.
Hesab edirəm ki, indiyədək
bizim gördüyümüz ən mühüm işlərimizdən
biri dünyada birinci dəfə olaraq erməni
“soyqırımı” haqqında Xarkov vilayətində
İzyum şəhər sovetinin qəbul etdiyi qərarın ləğv
olunmasıdır. Bu fakt əyani surətdə subut etdi ki, erməni
diasporunun çox “qüdrətli” olması bir mifdir, həqiqətə
o qədər də uyğun deyildir. Lakin, bu o demək deyil ki,
onlara lazımı qiymət verməmək olar. Hazırda biz
Krım parlamentinin analoji (oxşar) qərarının ləğvi
üzərində çalışırıq.
- Ümumiyyətlə,
Ukraynada Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz
və diasporumuz hansı imkanlara malikdir?
- Əvvəlcədən
qeyd edim ki, Ukraynada Azərbaycan diasporu böyük potensiala
malikdir. Xüsusən, nəzərə alsaq ki, hazırda bizim
daha yaxşı təhsil alan, daha yaxşı dil bilən gənclərimiz
yetişir, diasporun gələcəyi bizə daha çox
ümidlər verir. Lakin bu gələcəyin yetərincə
parlaq olması üçün müəyyən faktorları
nəzərə almaq lazımdır. Onlardan biri, deyərdimki
vacibi gənclərimizin ana dilini bilməsidir. Təəssüflər
olsun ki, Ukraynada son siyahıyaalmanın nəticələrinə
görə Krımda yaşayan azərbaycanlıların bir
hissəsi öz doğma dilini bilmir.
Azərbaycan diasporunun
Ukraynada fəaliyyətini, ümumiyyətlə götürsək,
müsbət qiymətləndirirəm. Xüsusən, bir
sıra regionlar (bölgələr): Dnepropetrovsk, Xarkov, Donetsk,
son zamanlar Nikolayev kimi və digər vilayətlərdə
aktiv işlər aparılır.
Lakin son vaxtlar Ukrayna azərbaycanlıları
konqresində gedən xoşagəlməz proseslər
diasporanın bir çox təşkilatlarında
narazılıqla qarşılanır və narahatlıq
doğurur.
- Bəs Krım ictimaiyyəti
Dağlıq Qarabağ münaqişəsi haqqında
hansı fikirlərə, düşüncələrə
sahibdirlər?
- Krımda yaşayan
insanlar bütün başqa yerlərdə oturan insanlara bənzəyir.
Onları birinci növbədə öz ətrafında olan,
bilavasitə onlara aid olan, yaşayışlarına,
durumlarına təsir göstərə biləcək xəbərlərlə
maraqlanırlar. Amma onu da qeyd etmək
lazımdır ki, yerli ictimaiyyət Dağlıq Qarabağ
münaqişəsi haqqında, o cümlədən,
keçirdiyimiz tədbirlər, apardığımız təbliğat
vasitəsilə məlumatlanır.
- Ukrayna Azərbaycanın
ərazi bütövlüyün açıq şəkildə
müdafiə edən dövlətlərdən sayılır.
Bu gün Ukrayna siyasətçiləri ilə ünsiyyətiniz
zamanı münaqişə haqqında hansı fikirləri
bildirirlər?
- Doğrudan da Ukrayna Azərbaycanın
ərazi bütövlüyün açıq şəkildə
müdafiə edən dövlətlərdən biridir. Bu
yaxınlarda biz Krım Azərbaycan cəmiyyəti olaraq,
Ukrayna Xarici işlər nazirinə müracət edərək
xahiş etmişdik ki, XİN Qarabağa getmək fikri olan
ölkə vətəndaşlarına belə bir səfəri
Azərbaycan hakimiyyət dairələri ilə
razılaşdırdıqdan sonra etmək xəbərdarlığı
ilə çıxış etsin. Bu günlər bizim Ukrayna
XİN-dən aldığımız cavabda Xarici işlər
nazirinin müavini bir daha qeyd etdi ki, Ukrayna Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və münaqişənin dinc yolla
həll olunmasını istəyir.
Turqut
Xalq Cəbhəsi.- 2011.- 7 aprel.- S.6.