“Səhvlərimiz bizə daha böyük hərflərlə görünür”

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun APA-ya müsahibəsi

 

- İsrafil müəllim, əsaslı təmir olunmuş və dünya standartlarına cavab verən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında artıq iki tamaşanın premyerası keçirilib. Bu tamaşalara münasibətiniz necədir?

- Fevralın 1-dən başlamışıq və martın 10-da teatr qapılarını tamaşaçıların üzünə açıb. Aydın məsələdir ki, elə şeylər var, onlar teatrın keçmiş ənənələri ilə bağlıdır. Sözsüz ki, ilk bir neçə tamaşa sadəcə sınaq tamaşaları olacaq. Kənardan görünən kimi bəzi nöqsanlar bizim özümüzə də görünür. Xüsusən nəzərə alsaq ki, bəlkə kənardan baxanlar teatr mütəxəssisi deyillər, amma biz mütəxəssisik və biz bütün nöqsanları görüb daha yaxşı qiymətləndirə bilirik. Səhvlərimiz bizə daha böyük hərflərlə görünür. Amma bu o demək deyil ki, biz dayanmalıyıq. Burada bizim bu zamana kimi olan daxili problemlərimiz də rol oynayır. Dramaturq, rejissor, aktyor, tamaşaçı, tənqidçi, səhnəqrafiya, texniki heyətin mütəxəssis problemi var. Bütün bunlar tamaşaların hazırlanmasında, aktyor ifaçılığında, bütövlükdə tamaşanın təşkilində özünü göstərir. Bizim nəzərdə tutduğumuz mərhələ 2011, 2012 və 2013-cü illər üçün nəzərdə tutulub. O səbəbdən də işə başlayan kimi ilk və ya üçüncü, dördüncü tamaşamızda birdən-birə böyük nailiyyətlər gözləmək sadəlövhlük olardı. İştahamız böyükdür və nikbin olmağa da əsasımız var.

- Çıxışlarınızdan sonra çoxları düşünürdü ki, artıq Akademik Milli Dram Teatrına tamaşaçı başqa cür gələcək və tamamilə fərqli hisslə ayrılacaq. Ancaq heç bir tamaşanın nümayişi zamanı bunu görmədik…

- Məgər tamaşaçı həmin tamaşaçı deyil ki? Teatrda nə dəyişib ki? Binanın təmiri məgər tamaşaya, məhsula dəlalət edir? Mən söz vermirəm, amma deyirəm ki, biz yüksək keyfiyyətə doğru gedirik. Rejissor həmin rejissor, ifaçılar həmin ifaçılar, müəllif həmin müəllif deyil ki?

- İsrafil müəllim, axı siz söz vermişdiniz. Belə qənaətə gəlmək olar ki, hələ istədiyinizi ala bilməmisiniz?

- Mən teatr işini təşkil edirəm. Əgər quruluşçu rejissor olsaydım, bu konsepsiyanın realizəsini düşünmüşdüm, amma bu alınmadı. Təsəvvür edin ki, xəstə bir orqanizm yataqda idi, mən hələ onu qaldırıb yataqda oturtmaq istəyirəm. Sonra isə ayaq üstə qaldırmaq, addımlamaq, qaçırmaq lazımdır. Bu birdən-birə olmayacaq. Məgər bunu məndən soruşan adam Azərbaycan teatrının durumunu bilən, görən adam deyil ki? Nə dəyişəcək? Mən gəlib möcüzə göstərəcəyəm? Amma biz o iddiadayıq və o bacarığımız var. Biz əgər onu istəyiriksə, başqa ritmlə addımlamalıyıq.

- Biz Akademik Milli Dram Teatrının nə zaman istədiyimiz səviyyədə görə biləcəyik?

- Əgər hər şey yaxşı getsə, siz o səviyyəni 2013-cü ildə görəcəksiniz. Bəzən iş quranda gərək tərif olsun. Məsələn bir xanəndə səhnədə oxuyanda, əgər tamaşaçılar ona əhsən deyirsə, o bir az ruhlanır. Yaxud əksinə, kənardan kimsə öz söhbətini edirsə, xanəndəyə diqqət etmirsə, təbii ki o ruhdan düşür. Bu yaradıcılıq, hissiyyat məsələsidir. Məgər, tək başına bu qədər tez bir zamanda nə isə etmək mümkündür? İki aya hansı işlər görmək olar ki, kimisə təəccübləndirəsən? Vaqif İbrahimoğlu Yuğ Teatrını yaratdı, düz 10 ildən sonra Vaqif İbrahimoğlu haqqında danışmağa başladılar. 10 il mən heç kimi inandıra bilmirdim ki, o doğrudan da çox böyük istedad sahibidir. Eləcə də Bəxtiyar Xanızadə. Bu iki və ya üç aya olan bir şey deyil. Digər bir tərəfdən, bəzən bədən, orqanizm boş buraxılır və həkim diqqətindən kənarda qalır ki, əvvəlki səhhətini bərpa etmək çox zaman alır. Bunun üçün uzunmüddətli bir müalicə lazımdır. Heç kim öz ayranına turş demir. Hamı özü, yaradıcılığı, məharəti haqqında çox yüksək fikirdədir. Birdən-birə kiminsə və ya nəyinsə üstündən xətt çəkmək insafsızlıqdır. İş görmək lazımdır.

- Vaqif İbrahimoğlunun tamaşanın məşqlərinə gələ bilmədiyini eşitdik. Hətta o da deyilir ki, Vaqif müəllim tamaşanın hazırlığını diskdən izləyib…

- Düzdür, Vaqif müəllim səhhətindəki problemlərə görə tamaşanın məşqlərində iştirak edə bilmədi. Teatrda hər zaman həqiqətə bənzər şeylərə daha çox inanırlar, nəinki həqiqətə. Diskə baxmağa nə ehtiyac var, məgər Vaqif müəllim danışa, tərpənə bilmir? Tamaşanın ikinci rejissoru Vaqif müəllimin qonşusudur, onlar hər gün gecə saat birə qədər bir yerdə olublar. Kasetə baxmağa nə ehtiyac var? Vaqif müəllim özünə hörmət edən insandır. Bir dəfə bu söhbəti teatr daxilində birindən eşitdim və yanıma çağırıb bu sözü kimin dediyini soruşdum. O da ad çəkdi və həmin insanı çağırıb dedim “bir yaşına bax, fəxri adına bax, eyibdir axı söz gəzdirirsən”. Görkəmli, istedadlı insanımız xəstə olanda məgər onun arxasınca nə gəldi danışmaq olar? Yeganə olaraq mən ictimai baxışı çəkdirib diski ona göndərmişdim. Burada qeyri-adi nə var axı? Hər şeyə bir az ədalət, insaf və mənəviyyat gözü ilə baxmaq lazımdır. Əsas məsələ bu işin görülməsidir. Vaqif müəllim gəlib məşqlərə başlayanda, məgər o xəstələnəcəyini bilirdi?

- Sizdən teatr mütəxəssisi kimi “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası haqqında rəyinizi eşitmək istərdim.

- Bu tamaşada Yuğ Teatrının yolu, estetikası var, mən bunu istəməzdim. İstəyərdim ki, bu tamaşada Akademik Milli Dram Teatrının ənənələri daha möhkəm olsun. Mən bununla bağlı fikrimi bildirmişəm və qərara alınıb ki, tamaşa üzərində müəyyən dəyişiklər aparılacaq. Tamaşa bəzi hərəkətlərdən təmizlənməli və səliqəyə salınmalıdır. Hər teatrın öz yolu, qanunları var. Vaqif müəllim bir qədər daha yumşaq və bir az başqa cür etməli idi. Amma bəzən 10 tamaşa arasında belə tamaşa da olmalıdır.

- Əvvəlcədən nəzərdə tutulduğu kimi, yəqin ki, rejissorlarla iş qonorar sistemi ilə həyata keçirilir. Sirr deyilsə, Vaqif İbrahimoğlu bu tamaşaya görə nə qədər qonorar alıb?

- 3000 manat. Amma bu o demək deyil ki, Amerikadan dəvət etdiyimiz rejissora da bu miqdarda qonorar veriləcək. Onlar 3000 manata tamaşa qoymazlar. Onlarla başqa cür danışılır. Teatrımızda aparıcı aktyorumuzun aldığı əmək haqqı 400 manat təşkil edir. Amma bu əmək haqqını artırılması yönündə səy göstərməliyik. Bunun üçün də işləmək lazımdır.

- Yəqin ki, qulağınıza çatmamış olmaz, aktyor heyəti indi də sizdən narazıdır.

- Bilirsiniz, Tofiq Kazımov işləyən dövrdə ondan nə qədər adam narazı idi? Truppada 65 nəfər adam var, onun 10-u və ya 12-si narazı olursa, bu, nə böyük faciədir? Aktyor rolsuz qalanda, ifaçılığa imkan yaradılmayanda narazı olur. Gəlin baxın, hazırda paralel olaraq beş tamaşa hazırlanır, səhər gəlib axşam gedirlər. Əgər hansısa aktyor axşam hansısa toya tamada gedə bilmirsə və məşq etməlidirsə, necə narazı qalmasın? Mən onları razı salmaq üçün deyim ki, tamaşanı at, get tamadalıq elə? Hər kəs baş rol oynamaq istəyir, amma bir pyesdə iki-üç baş rol var. Fikrimcə, istənilən yaradıcı insan enerjisini gəlib teatrda qeybətə yox, səhnə fəaliyyətinə sərf etməlidir. Mən bu teatrda yox idim, bu teatrdan bütün tamaşaçılar, teatrşünaslar, mütəxəssislər narazı idi. Nədən narazı idilər? Bu aktyorlar heç bunu düşünüblər? Niyə bizim ziyalılarımızın böyük bir qismi teatra gəlmirdi? Amma “Sörgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının premyerasında necə ziyalılar iştirak etdi. Onlar heç vaxt teatra gəlməyən adamlar idi. Bilirsiniz bu, nədən qaynaqlanır? Çünki repertuarda olan tamaşalar da maraqlıdır, aktyorlar da əvvəlki kimi işləmirlər. Vaxt var idi, saat 12-də, 1-də teatrda aktyor tapmaq olmurdu.

- Sizcə, aktyor heyətini necə razı salmaq olar? Bunun üçün hansı yollardan istifadə etmək lazımdır?

- Heç bir yoldan istifadə etmək lazım deyil. Aktyor heyətini razı salmaq hələ heç bir teatr xadiminə müyəssər olmayıb. Bu yaxınlarda İtaliyaya səfərim zamanı dünyanın çox tanınmış rejissorlardan biri ilə görüşdüm. O dedi ki, aktyorlar dəcəl və tərbiyəsi unudulmuş bir uşaqlardır. Onların dəcəlliyi ilə barışmaq lazımdır, müəyyən tərbiyədən kənar hərəkətlərini də bəzən qəbul etmək lazımdır, ancaq onlarla işləməkdən başqa çarə yoxdur. Bizim teatr sənətinin tarixində məşhur insanlar olub – Ədil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov… Mən Tofiq Kazımovun zamanında teatrda işləmişəm və onun tələbəsi olmuşam. Həmin Tofiq Kazımovdan aktyorlar məgər razı idilər? Bilirsiniz nə qədər narazı adam vardı? İndikindən də qat-qat çox. Ondan yalnız Şəfiqə Məmmədova, Amaliya Pənahova, Səməndər Rzayev, Hamlet Xanızadə razı idi. SSRİ xalq artisti İsmayıl Dağıstanlı ondan razı deyildi. Bu faktdır. Mehdi Məmmədov məşq prosesində nə qədər dərman qəbul edirdi. Hətta dəfələrlə məşq zamanı aktyorların ucbatından teatrdan küsüb getmişdi. Bu gün bir aktyora baş rol verilir, o da deyir ki teatrda hər şey yaxşıdır, sabah ikinci rol verilir, deyir yaxşı deyil. Bu rejissor səni bu rolda görür, digər isə başqa rolda. Amma sən həmişə baş rol istəyirsən. Bunu necə təmin etmək olar? Axı teatr rəhbəri xidmətçi sahə deyil! Teatrın bir strategiyası var. Teatrın Azərbaycan cəmiyyətində yerini müəyyən etmək lazımdır. Azərbaycan teatrının ən məşhur sənətkarını Avropada, MDB ölkələrində kim tanıyır? Heç kim tanımır. İndi də mən çalışıram elə edək ki, teatrımız Azərbaycan mədəniyyətinin daşıyıcısı, təmsilçisi olsun və bunu tanısınlar. Bunun üçün də aktyor gərək müasir aktyor tipinə malik olsun. Sənətə münasibət dəyişilməlidir.

- İki ay müddətində biz Siyavuş Aslanı teatrda görmədik. Niyə əsaslı təmirdən çıxmış teatra gəlmir? Bəlkə sizdən incik düşüb?

- Siyavuş Aslan xəstə idi, özünü yaxşı hiss eləmir. O, necə sağaldı, müalicə pulunu haradan aldı? Bir adam bir başqasının səhhətini, yaşını, xidmətlərini nəzərə alırsa, ondan necə incimək olar? Əgər bütün bunlara baxmayaraq yenə də inciyirlərsə, buna nə ad vermək olar? Onun səhhətində problem var və o səbəbdən də səhnəyə çıxa bilmir. Azərpaşa Nemətov “Hamlet”i bərpa etməlidir, Siyavuş Aslan da orada Poloni rolunu oynayıb. Poloninin heç olmasa üç cümləsi bu gün Siyavuş Aslanın yadındadır?! Teatrda kiminsə xətrinə dəyəcək heç bir hal, heç bir münasibət yoxdur. Mən aktyorları sevməsəm, onlarla işləyə bilmərəm. Mən onları sevməyə məhkumam.

- Deyəsən, teatra rəhbərlik etmək sizə çətin gəlir?

- Asan nə var ki? Bu dəqiqə hara rəhbərlik etmək asandır. İncəsənət Muzeyinə rəhbərlik etmək də çox asan bir iş deyildi. Sadəcə muzey həyatı bir az konservativ həyatdır, nisbətən adama cansız görünür. Çünki şəkildir də – o heç nə istəmir, şikayət eləmir. Amma aktyor şikayət edir. Bəzən aktyorlarda adi məsələlərə elə qəribə yanaşmalar olur. Birinə rol verirlər, o dəqiqə maraqlanır tərəf-müqabili kim olacaq və başlayır onun söhbətini eləməyə. Ay əzizim, axı tərəf-müqabilini sənə görə seçmirlər. Texniki sahədə peşəkarlıq baxımından bizim o qədər problemimiz yoxdur. Amma mütəxəssislərə ehtiyacımız var. Bu gün Azərbaycan teatrının ən böyük problemlərindən biri səhnə rəssamının olmamasıdır. İyun ayında Çexiyada böyük bir tədbir keçiriləcək. Mən də ora dəvət olunmuşam. Səhnəqrafların böyük bir yığıncağı və sərgisi keçiriləcək. Düşünürəm ki, orada bununla bağlı suallarımıza cavab tapa biləcəyik. Biz teatrşünasların laboratoriyasını yaratmışıq. Bilirsiniz, çox istərdim ki məhz siz gəlib teatrda bir neçə ay mənim yanımda bütün baş verənləri müşahidə edəsiniz. Görəsiniz ki, teatrda necə anlaşılmaz şeylər baş verir! O zaman sizə problemi anlamaq çox asan olacaq. Rol istəyən aktyor sözünü mənə deməkdənsə, gedib başqa qurumlara ərizə yazıb rol istəyir. Axı səni o rolda rejissor görməlidir. İndi sən Otello oynamaq istəyirsən, amma rejissor səni Otello obrazında görmür.

- İsrafil müəllim, yenə də qayıtdıq keçmiş söhbətlərə . Rejissor xoşladığı aktyoru Otello, aktrisanı Dezdemona görəcək, kimi bəyənmirsə, istedadı yerə göyə sığmasa da, o aktyoru həmin rolda görməyəcək. Axı sizə kimi də teatrda bu siyasət hökm sürüb.

- Əvvəla rejissor özünün və tamaşaçının düşməni deyil. Heç kəs buna getməz. İkinci tərəfdən bu “köhnə hamam, köhnə tas deyil”. Tamaşanın müəllifi rejissordur. Mənə elə bir aktyor və ya aktrisa göstərin ki, hansısa rolu oynamaq istəyir və o rolu ona vermirlər. Bütün aktyor heyətinə bildirmişəm, kim hansı əsərdə hansı rolu oynamaq istəyirsə, gətirsin, o əsəri hazırlayaq. Amma deyin görək, bizdə mütaliəsi olan insan çoxdurmu? Bu dəqiqə İtaliya pyesi desəm, 30 il bundan əvvəl yazılan pyesləri gətirərlər. Amma son 30 ildə yazılanlardan xəbərsizdirlər.

- Çox maraqlı məqama toxundunuz. Sonuncu mətbuat konfransında bildirdiniz ki, bir aktrisaya oxuması üçün bədii ədəbiyyat təqdim etmisniz, o isə bu kitabları başqa birinə verib oxutdurub və onun dediyi fikirləri sizə öz adından deyib.

- Onun adını soruşursunuz?

- Adını çəkməyə ehtiyac yoxdur. Sadəcə siz Azərbaycan teatrına bu cür yanaşan bir aktrisanı işə götürdünüz…

- Nə etməli idim? Mütaliə eləyir, amma mən verdiyimi oxumayıb. O demək deyil ki, heç bir şey eləmir. Mən deyirəm ki, bu suyu içmə, boğazın ağrıyar, o öz bildiyini edir. İkinci tərəfdən hər hansı bir hərəkətə görə insanın üstündən xətt çəkmək lazımdır? Biz özümüz hər şeyi yerində edirik? Azərpaşa Nemətov tanınmış, qabaqcıl rejissordur. Məgər o, hər işini düz edir? Vaqif İbrahimoğlu bütün tamaşalarını yerli-yataqlı edir? Yox. Əslində bu onun şəxsi keyfiyyətidir. Ümumiyyətlə götürdükdə Azərbaycan teatrında çalışan bütün aktyorların mütaliəsi varmı? Onlar adi suallara cavab verə bilmirlər, çünki mütaliəsizdirlər. Əgər o uzunömürlü aktyor işi istəyirsə, o mütləq bu yoldan keçməlidir. İlk növbədə mütaliə etməlidir, ikincisi aktyor keyfiyyətlərinə yiyələnməlidir.

- Akademik Milli Dram Teatrının neçə faizi dediyiniz keyfiyyətlərə malikdir?

- Təqribən 20-25 faizi. Ona görə də teatrın vəziyyəti belədir. Ona görə teatrda hər şey sizə bu qədər maraqsız gəlir. Mənim çox böyük arzumdur ki, teatrın yüksəlişini görüm. Başqa iddiam yoxdur, nalayiq işlər mənim düşüncəmdə yoxdur. Heç kəslə də qərəzim yoxdur. Başqa ölkələrin teatrlarına baxanda ağzımın suyu axır. Axı bizim aktyorlarımız doğrudan da istedadlıdırlar, sadəcə onların istedadı qablaşdırılmayıb, yonulmayıb, saçı var, amma daranmayıb, darağı qoyuram qabaqlarına, onlar götürüb daramırlar.

- Görkəmli aktyorlarımız Fəxrəddin Manafov, Fuad Poladovu Milli Dram Teatrının səhnəsində görmək bizlərə nəsib olacaqmı?

- Azərpaşa Nemətov “Hamlet”i bərpa etdikdən sonra, “Hacı Murad” tamaşasına başlanılacaq və Fuad Poladov o tamaşada baş rolu oynayacaq. Bundan əlavə, iki başqa layihə də var ki, Fuad müəllim onlarda da rol alacaq. Fəxrəddin Manafov isə hazırda xəstədir, onun onurğasında problem var və intensiv müalicə alır.

- Zemfira Nərimanovanı hansı tamaşada izləyəcəyik?

- Niyə Zemfira Nərimanovanı soruşursunuz, amma Şükufə Yusupovanı yox? Gəlin səmimi olaq. Əgər qadın aktrisalardan danışırıqsa, o zaman birinci Şükufə xanımın adını çəkməli idiniz. Mən hər zaman bu aktrisanın peşəkarlığından, qabiliyyətindən danışıram. Bəyan edirəm ki, beynəlxalq festivallarda, xarici ölkələrdə çıxışlarda Şükufə xanımı canla-başla səhnəyə çıxararam. Çünki onun peşəkarlığına əminəm. Zemfira Nərimanovanı “Tiflis yengələri” pyesində görəcəksiniz.

- Sözlərinizlə Zemfira xanımın ürəyini qırmaqdan qorxmursunuz?

- Bizim teatrda 15 qadın aktrisa var. Biri o birindən fərqlidir, hərənin repertuarı var, hərənin rolu var və hərənin bacaracağı iş var. Kimdəsə bu rol, digərində başqa bir rol alınır…

 

 

Xalq Cəbhəsi.- 2011.- 7 aprel.- S.15.