Bakıda beynəlxalq neft-qaz sərgi-konfransı
Bu il ölkəmizdə
neft hasilatı artırılacaq
Bu il iyunun 7-10-da
Böyük Britaniyanın “ITE Group” şirkətinin
Qafqazdakı eksklyuziv tərəfdaşı olan “Iteca Caspian”
şirkətinin təşkilatçılığı ilə
Bakıda XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft
Emalı və Neft Kimyası Sərgi və Konfransı
(“Caspian Oil and Gas”) keçiriləcək.
“Iteca Caspian” şirkətindən
APA-ya verilən məlumata görə, sözügedən tədbirdə
28 ölkədən 300-dən artıq şirkətin, o
cümlədən neft və qaz sənayesi sektorlarını təmsil
edən bütün bölmələrin istehsal və idarəetmə,
neft və neft məhsullarının nəqli üzrə rəhbər
işçiləri, ekologiya işçiləri, eləcə
də elm xadimlərinin iştirakı gözlənilir. Sərgi
sahəsinin 40%-dən çox hissəsini əsas etibarı ilə
Xəzər Neft və Qaz tədbirinin daimi
iştirakçıları olan dünya şöhrətli
şirkətlər tutacaq ki, sərgidə ötən illə
müqayisədə 25%-lik artım gözlənilir. Sərgi
çərçivəsində “Caspian Oil and Gas” konfransı
da keçiriləcək ki, tədbirdə Avropanın enerji təhlükəsizliyi
və Azərbaycanın bu məsələdə rolu, ölkənin
investisiya baxımından cəlbediciliyi, həmçinin Azərbaycanda
kəşfiyyat və hasilatın əsas inkişaf istiqamətləri
kimi mövzular müzakirə ediləcək. Sərginin sponsorları
Azərbaycan Dövlət
Neft Şirkəti
(ARDNŞ), “Caspian Geophysical”, “Cross Caspian”, “Oil and Gas Logistics”,
BP, “McDermott Caspian”, “Inpex”, “Conoco”, OMV, RWE, “Caspian Pipe Coatings” və “Nobel Oil” şirkətləridir.
“Caspian Oil and Gas” layihəsinə Azərbaycan Sənaye və Energetika Nazirliyi və ARDNŞ tərəfindən dəstək
verilir.
Bu il Azərbaycanda 53,6 milyon ton
neft hasilatı proqnozlaşdırılır. Ölkədə
fəaliyyət göstərən
xarici şirkətlərin
2011-ci ildə 45,4 milyon
ton, ARDNŞ-in isə 8,2 milyon
ton neft hasil edəcəyi gözlənilir.
Ötən il ərzində xarici şirkətlər 43 mln.
ton, ARDNŞ isə 8,5 mln.
ton neft hasil edib. Göründüyü
kimi, xarici şirkətlər bu il neft hasilatını
5,6% artıracaq, ARDNŞ isə
3,5% azaldacaq. Ümumiyyətlə,
2011-ci il üçün
nəzərdə tutulmuş
proqnoz yerinə yetirilərsə, Azərbaycanda
ümumi neft hasilatı 2010-cu ilə nisbətən 4,1% artacaq. Ötən il ərzində Azərbaycanda
52 mln. ton proqnoza qarşı 51,5 mln. ton neft hasil olunub.
Azərbaycan hökumətinin
2011-2014-cü illər üçün
hazırladığı yeni
makroiqtisadi proqnozlara əsasən, ölkədə
neft hasilatının tədricən artacağı
gözlənilir. Analoji
tendensiya qaz hasilatı üzrə də gözlənilir, hətta qaz hasilatı üzrə artım tempinin daha yüksək olacağı proqnozlaşdırılır.
Neft hasilatı üzrə 2011-ci ildə,
qaz hasilatı üzrə isə 2012-ci ildə müqayisəli azalma gözlənilir. Ümumilikdə, 2009-cu ilin
faktiki göstəriciləri
ilə müqayisədə
2014-cü ildə neft
hasilatının 23,8%, qaz
hasilatının isə
35,8% artacağı proqnozlaşdırılır.
Azərbaycanda neft hasilatının artımı
ona Asiya bazarına çıxmağa
da imkan verib. 2010-cu ildə
AÇG üzrə neft
hasilatı 4,5%, Azərbaycanın
mənfəət nefti
isə 6,6% artıb.
Azərbaycanın 1994-2009-cu illər
ərzində xarici şirkətlərlə imzaladığı
31 beynəlxalq neft-qaz
(PSA tipli) sazişlərinin
icrasına yatırılacaq
sərmayələrin ümumi
həcmi 60 mlrd.
ABŞ dollarına çatacaq.
Artıq bu investisiyanın 37 mlrd. dolları neft-qaz sektoruna yatırılıb.
Hazırda Azərbaycanın
quru və dəniz sektorunda 61 yatağın istismar olunur. Neft hasilatı
1997-ci ildən sonra
5,5 dəfə artırılaraq
52 milyon tona, gündəlik neft istehsalı isə rekord səviyyəyə -
1 mln. barelə çatdırılıb. ARDNŞ növbəti illərdə
Almaniyanın RWE şirkəti
ilə “Naxçıvan”,
Fransanın “Total” və
“Gaz de Frans” şirkəti ilə “Abşeron” strukturlarında
axtarış-qazma işlərinə
başlayacaq. 2015-ci ildə
Azərbaycanda neft hasilatının 60 mln. tona, qaz hasilatının
isə 35-40 mlrd. kubmetrə çatdırılacağı
proqnozlaşdırılır. Xəzər dənizinin Azərbaycan milli sektorunda yerləşən
“Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlar blokunda
aparılmış tədqiqatlar
nəticəsində buradakı
karbohidrogen ehtiyatlarının
həcmi 2 dəfədən
çox artırılıb.
AÇG-nin ümumi bərpa olunan ehtiyatları 1 mlrd. ton neft və 350 mlrd. kubmetr qaz
həcmində qiymətləndirilir.
“Yeni işlənməyə
açılan “Çıraq”
layihəsi hasilatın
yüksək saxlanılması
dövrünü 3 ilə
yaxın artırmağa
imkan verəcək. “Çıraq” layihəsi çərçivəsində ilk neftin 2013-cü ilin IV rübündə hasil ediləcəyi gözlənilir.
AÇG yataqlar blokunda
çıxarıla bilən
ehtiyatlar 300-400 mlrd. kubmetr həcmindədir.
Bakı-Tiflis-Ceyhan (BTC) əsas
ixrac boru kəmərinin gündəlik
ötürmə gücü
artırılacaq. Hazırda
BTC-nin gündəlik ötürmə gücü
1,2 mln. barel təşkil edir, lakin hazırda bu kəmər vasitəsilə daşınan
həcm bundan azdır. BTC ilə Türkmənistan nefti daşınır. Əlavə
olaraq sözügedən
kəmərlə Qazaxıstan,
Rusiya mənşəli
və s. neftin daşınması Azərbaycan
üçün cəlbedicidir
və ARDNŞ bu məsələdə maraqlıdır
ki, kəmər tam gücü ilə işləsin. Ehtiyac yaranarsa perspektivdə boru kəmərinin ötürmə gücü
1,6 mln. barelə və bundan da çox artırılacaq.
Hazırda Qazaxıstanda
“Kaşaqan” layihəsi
həyata keçirilir
və artıq 2019-cu ildə bu layihə
çərçivəsində böyük neft hasilatı gözlənilir.
2009-cu ildə BTC kəməri
ilə neft nəql edən Qazaxıstan tərəfi
2010-2011-ci illərdə bu
kəmərdən nəqletmədən
imtina edib.
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti
(ARDNŞ) və BP şirkəti
arasında Xəzərin
Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman”
perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və
işlənməsi haqqında
da yeni Hasilatın
Pay Bölgüsü Sazişi
(HPBS) imzalanıb. “Şəfəq-Asiman”ın
birgə işlənməsi
4 il çəkəcək
və lazım gəldiyi təqdirdə müddət daha 3 il uzadıla bilər. Hər yataqda bir kəşfiyyat
quyusu qazılacaq. Sözügedən perspektiv
struktur qaz-kondensat strukturu kimi dəyərləndirilir. HPBS-nin
müddəti 30 ildir və sazişə əsasən, “BP Exploration Caspian Sea” şirkəti əməliyyatçı
olmaqla müqavilədə
50% paya, ARDNŞ isə
qalan 50% paya malikdir. “Şəfəq-Asiman”
bloku Bakıdan 125 km cənub-şərqdə yerləşir.
Qaz hasilatı
üzrə də böyük gözləntilər
var. “Şahdəniz” layihəsinin
tammiqyaslı işlənməsi
hazırda dünyanın
ən böyük layihələrindən biridir,
yeni Cənub dəhlizi isə Avropa qaz idxalının
təhlükəsizliyi və
çoxşaxəliliyini əsaslı
şəkildə artıracaq.
“BP Azerbaijan” şirkətindən bildirilib ki, sözügedən layihənin
tammiqyaslı işlənməsi
konsepsiyasına dənizdə
emal gücü ildə 16 mlrd. kubmetr qaz olan
və körpü ilə birləşdirilmiş
iki yeni platforma, 2 yarımdalma qazma qurğusundan qazılacaq 30-dək sualtı
quyu, suyun 550 metrədək dərinliyində
500 km uzunluğunda sualtı
boru kəməri şəbəkəsi və
Səngəçal terminalının
genişləndirilməsi daxildir.
Bundan başqa, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ildə 16
mlrd. kubmetr əlavə qaz daşımaq üçün
400 km uzunluğunda yeni
xətt və Gürcüstanda iki yeni kompressor stansiyası vasitəsilə
genişləndiriləcək. İlk qazın 2017-ci ildə əldə ediləcəyi planlaşdırılır.
Tərlan
Xalq Cəbhəsi.-
2011.- 7 aprel.- S.14