“Mən XXI əsrin nağılçısıyam”
İndi bilmirəm, amma əvvəllər
Aygün Bünyadzadəni uşaqlarla əlaqəsi olan istənilən
yerdə görmək mümkün idi. Hansısa bir balaca rəssamın
rəsim sərgisimi keçirilir, siz həmin sərgidə
Aygün Bünyadzadəni görə bilərdiniz. Hansısa
bir tamaşamı var uşaqlar üçün, Aygün
Bünyadzadəni tamaşaçılar arasında görmək
mümkün idi. Uşaqların sevimli Ələkbər əmisi
ilə, digər bir nağılçı Sevinc
Nuruqızı ilə bərabər əslində o qədər
də dəyər verilməyən (əslində isə,
çox böyük dəyəri var!) bir işlə - uşaqlarımızın
incə, məsum qəlblərini öz maraqlı
yazıları, tamaşaları ilə oxşamaqla məşğuldurlar.
Eyni zamanda Aygün Bünyadzadə və ya nami – digər Elay
Qayst «Cırtdan» uşaq jurnalına da rəhbərlik edir. Maşaallah,
hardan alır bu enerjini sifətində daim uşaq təbəssümü
dolaşan bu xanım?! Onunla müsahibəmizdə bu suallara
cavab tapmağa çalışdıq.
Uşaq ədəbiyyatının
yorulmaz təbliğçisi Aygün Bünyadzadə kimdir?! Özü
haqqında bir balaca məlumat verərdi də…
6 ildir uşaq ədəbiyyatında
varlığına, onlarla nağıl, nağıl-povestin və
nağıl-pyesin müəllifi, yazdığı ilk 3
nağılına görə(!) Azərbaycan
Yazıçılar Birliyinin “ilin ən yaxşı uşaq əsərlərinə
görə” mükafatını almasına baxmayaraq həmin
Birliyin üzvü olmayan, Respublika Gənclər Təşkilatları
tərəfindən “ilin gənc yazarı” seçilməsinə,
Dövlət Teatrında və Qeyri-hökumət təşkilatları
tərəfində nağıl-pyesləri uğurla səhnəyə
qoyulduğuna baxmayaraq hələ bir kitabı işıq
üzü görməmiş XXI əsrin
nağılçısı.
Hansı məqamı
özünüzə daha çox
yaraşdırardınız: nağılçı, yoxsa
uşaq yazarı?
Nağılçı!
Nağıl yazmaq
üçün nə lazımdır adama? Daxilini uşaq
saxlamaq, yoxsa bir başa balacalarla münasibətdə olmaq?
Əlbəttə, həm
daxilini uşaq saxlamaq, həm də uşaqlarla münasibətdə
olmaq çox vacibdir. Lakin əsas bir amil var ki, onsuz
nağılçı olmaq qeyri-mümkündür. Bu,
nağıllara sonsuz inamdır. Bu inam isə məndə
çox güclüdür. Çoxlarından fərqli olaraq
nağıllara və orada baş verən möcüzələrə
çox, lap çox inanıram. Əslinə qalsa, həyatımız
özü də bir nağıldır axı:
özünün xeyirxahları, pislikləri və
möcüzəli sürprizləri ilə.
Dünya uşaq ədəbiyyatında
hansı nağılçının
yaradıcılığı ilə öz
yaradıcılığınız arasında müəyyən
yaxınlıq hiss eləyirsiniz?
Hans Xristian Andersenin həm
həyatı, həm də yaradıcılığı ilə
aramızda yalnız “Nağıllar ölkəsi”nin sakinlərinə
məxsus olan qəribə oxşarlıqlar var. Bütün
nağılçıların arasında onu özümə
daha doğma hesab edirəm.
Azərbaycanda uşaq ədəbiyyatı
sahəsində nə kimi problemlər var? Və bu problemlər hardan qaynaqlanır?
Bilirsiniz bu sahəyə gənclər
niyə gəlmir? Çünki hal-hazırda
bu sahədə maddi maraq yoxdur,
üstəlik uşaqlarla
məşğul olan şəxslərə nə
üçünsə dırnaqarası
və əhəmiyyətsiz
bir işlə məşğul olurmuşsan
kimi baxırlar. Mən yalnız ikisini saydım. Bütün bu və digər problemlərin kökü isə o qədər çoxdur ki, saymaqla bitməz.
Uşaq ədəbiyyatının
başqa bir nümayəndəsi Sevinc
Nuruqızı Azərbaycan
Yazarlar Birliyinin qurultayından əvvəl
keçirilən uşaq
ədəbiyyatının müzakirəsi
zamanı nümayişkaranə
bir şəkildə öz tənqidi fikirlərini bildirmişdi.
Siz də Sevinc xanımla razısınızmı?
Sözsüz! Zənnimcə,
Sevinc xanım etika xatirinə və s. səbəblərə
görə hələ
az tənqid etmişdi.
Sovet dövrü
uşaq ədəbiyyatı
ilə müstəqillik
sonrası uşaq ədəbiyyatının oxşar
və fərqli cəhətləri nədir
sizcə?
Sovet dövrünün
uşaq ədəbiyyatı
əsasən kommunizm ideologiyasına xidmət edirdi. Bu gün isə həmin ədəbiyyatda tam fərqli
bir abu-hava hökm sürməlidir. Adi bir nümunə:
Əgər Sovet dövrünün uşağı
böyüyəndən sonra
kosmonavt, müəllim
və s. olmaq istəyirdisə, bu günün uşağı
prezident, biznesmen və s. olacağını
indidən qət edir. Ancaq… nə
olursa-olsun, uşaq elə uşaqdır və onu doğru
yola yönəltmək
uşaq ədəbiyyatının
ən əsas vəzifələrindən biridir.
Artıq yeni dövr uşaq ədəbiyyatının yaranması
vacib amillərdən biridir. Kim var burda sizinlə çiyin – çiyinə?
Sevinc Nuruqızı,
Elvira, yoxsa Qəşəm
Nəcəfzadə?
Əlbəttə ki, Sevinc Nuruqızı və bir də
ki, uşaq psixologiyasını dərindən
öyrənməkdə mənə
əvəzsiz müəllimlik
edən uşaqların
sevimli Ələkbər
əmisi və ya respublikanın əməkdar artisti Ələkbər Hüseynov.
Qeyd etmək istərdim ki, bu günəcən Ə.
Hüseynovun bir neçə tamaşası
A.Şaiq adına Dövlət Kukla Teatrında uğurla tamaşaya qoyulub. O ki, qaldı Elviraya, təəssüf ki, o, uşaq mətbuatına daha çox meyllidir.
Bədii yaradıcılıqla
yanaşı «Cırtdan»
uşaq curnalına rəhbərlik edirsiniz. Necə balanslaşdıra
bilirsiniz yaradıcılıqla
rəhbərliyi?
Mina Media nəşriyyat
evinin məhsulu olan “Cırtdan” jurnaldakı işim yaradıcılığıma yalnız
kömək edir. Belə ki, gördüklərimin
içində məhz
bu nəşriyyat evinin rəhbərliyi uşaq ədəbiyyatının
inkişafı üçün
əlindən gələni
edir. Burada mənim inkişafım üçün yaradılan
şəraitin nəticəsidir
ki, bu gün
bir nağılçı
kimi dünya səviyyəsinə çıxmağa
hazır olduğumu böyük inamla bəyan edirəm. Eyni zamanda yenə
də burada minlərlə balaca oxucu ilə əlaqə saxlayır və bu günün
uşaqlarının nə
mütaliə etmək
istədiyini birbaşa
onların özündən
öyrənirəm. Sevindirici
haldır ki, Sevinc Nuruqızı da mənimlə çiyin-çiyinə məhz
bu jurnalda çalışır.
Necə bilirsiniz
internet şəbəkəsində normal bir uşaq saytının
yaranmasının vaxtı
deyilmi?
Vaxtdır, ancaq… bundan ötrü bir fədakar insan tapmaq lazımdır
ki, bu çətin
zamanda pulsuz işləməyə razı
olsun.
«Bizimki»
e – dərgisini vaxtaşırı
izləyə bilirsinizmi?
Ümumiyyətlə necə
təsir bağışlayır
sizə?
Bu jurnalı
bir aydır ki, kəşf etmişəm. Hazırda onu vaxtaşırı izləməyə imkanım
var. Ümumiyyətlə isə,
başım dünya uşaq ədəbiyyatını
və folklorunu, eyni zamanda müəllif
nağıllarını və
dünya səviyyəli
nağılçıların həyat və yaradıcılığını dərindən öyrənməyə
elə qarışmışdı
ki, gənc yazarların yaradıcılığı
ilə tanışlığı
tamam unutmuşdum. “Bizimki”nin vasitəsi ilə mən bizim gənc yazarlar və onların yaradıcılığı
tanış oldum, üstəlik son dövrlərdə
yaranmış ədəbiyyata
da az-çox bələd oldum.
Oqtay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 13 aprel.- S.14.