Unutmamalıyıq ki bir Tanrıya dua edirik
AŞPA-nın yaz
sessiyasının ikinci hissəsində Lüksemburqlu deputat An
Brasör tərəfindən hazırlanmış “Mədəniyyətlərarası
dialoqun dinlərarası dialoq müstəvisi” adlı hesabat ətrafında
aparılan müzakirələr zamanı Azərbaycanın
AŞPA-da nümayəndə heyətinin üzvü Qənirə
Paşayeva da çıxış edib. Millət vəkili
bildirib ki, Avropa məkanında və ümumiyyətlə,
dünyada dözümsüzlüyün və ksenofobiyanın
artması, tolerantlığın azalması ciddi narahatlıq
doğurur:
“Biz bunun səbəblərini ciddi təhlil
etməli və onlara qarşı sərt mübarizə
aparmalıyıq. Doğrudur, bu istiqamətdə din xadimlərinin,
dini icmaların üzərinə çox böyük yük
düşür. Amma siyasətçilərin, medianın,
qeyri-hökumət təşkilatlarının da üzərinə
böyük yük düşür. Məsələn, Avropa məkanını
götürsək görərik ki, bəzi ölkələrdə
bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat
və açıqlamaları insanlar arasında
dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu
prosesi dünyanın müxtəlif bölgələrində
də görə bilərəik. Düşmənçilik,
dözümsüzlük, etnik təmizləmələr,
müharibələr bugünkü dünyanın
reallığıdır. Bu gün dünyada
qarşıdurmaların və münaqişələrin
sayı azalmır, əfsuslar olsun ki, artır”. Qənirə
Paşayeva bildirib ki, mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq indi dünyada ən aktual
mövzulardan biridir: “Dünyanın müxtəlif ölkələrində
bu problemə həsr olunmuş çoxlu sayda konfranslar,
forumlar keçirilir. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə
də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri
olduqca azdır. Biz elə bir dövrdə yaşayırıq
ki, hətta insanların ən müqəddəs, ən
ülvi hissləri ilə oynamaq istəyənlərin sayı
artır.
Özünü din
xadimi adlandıran biri müqəddəs kitabı- “Qurani-Kərim”i
oda atıb yandırdı. Harada və kim tərəfindən
törədilməsinə baxmayaraq, biz bu cür halları,
müqəddəs dini kitabların
yandırılmasını, təhqir edilməsini qətiyyətlə
pisləməliyik. Dini inamımızdan asılı olmayaraq hər
birimiz. Təəssüf ki, biz bunu görmürük. Həmin
hadisədən sonra nə baş verdiyini xatırlayaq. Bir
radikallıq başqa bir radikallığa səbəb oldu və
biz bunun şahidi olduq. Biz unutmamalıyıq ki, biz müxtəlif
dinlərdə bir Tanrıya dua edirik. Ona görə də
müxtəlif dinlərə və etnik qruplara məxsus
insanların biri-birinə sadəcə dözümlü
yanaşması, tolerantlıq göstərməsi kifayət
deyil, dünyanın gələcəyi üçün biz
onların biri-birinə hörmət etməsi
üçün çalışmalıyıq. Biz mədəniyyətlər
və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən
uşaqlarımıza ailədən, məktəbdən
başlayaraq öyrətməliyik. Unutmamalıyıq ki,
dözümsüzlük qarşıdurmanı,
çatışmanı və ağır fəsadları
doğurur. Dözümsüzlüyün artması,
tolerantlığın azalması və ksenofobiyanın nələrə
səbəb olduğunu görməmiz üçün
dünyada bir çox örnəklərin var və biz onlardan
dərs almalıyıq”. Qənirə Paşayeva Azərbaycan
xalqının bu bu bəlalardan əziyyət çəkmiş
bir xalq olduğunu deyib: “Məhz bunun nəticəsidir ki,
1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə
siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandakı
öz ev-eşiyindən qovdu və bu gün orada bir azərbaycanlı
belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan
işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti həyata
keçirərək 20 mindən çox insanı qətlə
yetirdi, 1 milyon insanı öz yurdlarından didərgin
saldı, azərbaycanlılara məxsus məscidlər
dağıdıldı, tarixi-mədəni abidələr məhv
edildi. Biz bu cür hadisələrdən nəticə
çıxarmalı və dözümsüzlüyün,
ksenofobiyanın nələrə səbəb olduğunu
görməli və dünyanın harasında baş verməsindən
asılı olmayaraq ona qarşı sərt mübarizə
aparmalıyıq”.
Millət vəkili
bildirib ki, Azərbaycan müxtəlif millətlərə və
dinlərə məxsus insanların birgə mehriban
yaşadığı bir ölkədir və Şərqlə
Qərb, Qərblə İslam dünyası arasında bir
körpü olaraq mədəniyyətlər və
sivilizasiyalararası dialoqa böyük önəm verir:
“İki gün bundan əvvəl Azərbaycanda dünyanın
müxtəlif bölgələrindən gəlmiş 500-dən
artıq din xadimi, siyasətçi, mətbuat və media
nümayəndəsi, QHT-lər, elm xadimlərinin
iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirildi və burada Mədəniyyətlərarası
Dialoqa önəmli töhfə verəcək müzakirələr
aparıldı və qərarlar qəbul edildi. Bu gün Azərbaycan
əsl dialoq məkanına çevrilir. Keçən il
ölkəmizdə dünya dini liderlərinin Bakı sammiti
keçirilib. 2009-cu ildə İslam Konfransı Təşkilatına
üzv olan ölkələrin və həm də Avropa
dövlətlərinin mədəniyyət nazirlərinin
toplantısı keçirilib. 2008-ci ildə bütün qitələri
əhatə edən beynəlxalq qadın konfransı
keçirilmiş və mədəniyyətlərarası
dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul
edilib. Bu gün dünyanın gələcəyini
düşünən hər kəsin üzərinə
böyük yük düşür”.
Cəfərli Ağa
Xalq Cəbhəsi.- 2011.- 14 aprel.- S.10.