"Azərbaycanda inqilab və silahlı üsyanlar dövrü bitib"
Qüdrət Həsənquliyev:
"Mən Azərbaycanda
inqilabi şəraitin
yetişdiyini görmürəm"
"Kütləvi
aksiyaların keçirilməsi
adiləşdirilməli və
"Azadlıq" meydanı
bütün vətəndaşların
üzünə açılmalıdır"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsini diqqətinizə çatdırırıq.
- Bəzi siyasi dairələr və media qurumları ərəb ölkələrində baş verən inqilabların Azərbaycanda da təkrarlanma ehtimalının olduğunu bildirirlər. Bəs Siz bu mülahizələrə necə yanaşırsınız və bütövlükdə ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- İnqilablar və üsyanlar xalqlara azadlıq və inkişaf yox, daha çox uzunmüddətli xaos və qanlı toqquşmalar gətirir. Azərbaycanda əhalinin bir hissəsində narazılıq olsa da, insanlar inqilab və üsyanlara dəstək vermirlər. 1988-1995-ci illərdə Azərbaycanda inqilab və silahlı üsyanlar dövrü bitib. Bu baxımdan ölkədəki bütün siyasətçilər çalışmalıdırlar ki, hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə baş versin. Mən Azərbaycanda inqilabi şəraitin yetişdiyini görmürəm.
- Son proseslərə xarici diplomatların və bəzi səfirliklərin xüsusi diqqət yetirmələrinə necə yanaşırsınız?
- Bəzi diplomatlar həqiqətən də səmimi olaraq Azərbaycanda demokratiyanın inkişafını arzulayırlar. Amma ABŞ və Fransanın məqsədi başqadır. Hər iki dövlət Azərbaycanda qarşıdurma yaratmaqla ölkəmizi Qarabağı ermənilərə güzəştə getməyə sövq etmək istəyirlər. Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması üçün fəaliyyət göstərirlər. 70 milyonluq Türkiyəni Sürix protokollarını imzalamağa məcbur etdikləri halda 2,5 milyonluq Ermənistandan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etmirlər. Bu səbəbdən də onların insan haqları ilə bağlı bəzi çağırışları bəzən doğru olsa da belə Azərbaycan vətəndaşlarında qıcıq və ikrah doğurur.
- BAXCP olaraq
Siz nə təklif edirsiniz?
- Biz təkamül
yolu ilə inkişafın tərəfdarıyıq.
Prezidentin qaldırdığı məsələlərin həllini
gözləyirik. "İslahat" parlament qrupu olaraq, Konstitusiya
islahatlarının keçirilməsini
istəyirik və bununla bağlı layihə də təqdim etmişik. Yalnız bu yolla məhkəmələrin
müstəqilliyinə və
parlamentin səlahiyyətlərinin
artırılmasına nail olmaq
olar. Müstəqil məhkəmə və səlahiyyətli parlament olmadan isə azad cəmiyyət
qurmaq mümkün deyil.
- "Prezidentin qaldırdığı
məsələlərin həllini
gözləyirik" dediniz. Gözləntinizə səbəb
olan məsələlərə konkretlik gətirə bilərsiniz?
- Hesab edirik ki, ilk növbədə
Prezidentin fikirlərini öz istədikləri kimi yozan və
yaxud əməl etməyən məmurlar azad edilməlidir. Məsələn,
neft pullarının 2 milyard manatını sahibkarlara
aşağı faizlə kreditlərin verilməsi
üçün Azərbaycan banklarında yerləşdirilməsilə
bağlı tapşırıq yerinə yetirilmir. Evlərin sənədləşdirilməsiylə
bağlı tapşırıqdan sonra Neft Şirkətinin rəhbəri
yalnız onların icazə verdiyi evlərin sənədləşdiriləcəyini
deyir... Prokurorluq araşdırmalıdır ki, bu icazələr
hansı əsaslarla verilib. Yaxud necə olur ki, insanların bir
hissəsinə icazə verilir, başqa bir hissəsinə isə
yox. Maraqlıdır ki, sənədsiz evlərin sənədləşdirilməsilə
bağlı məsələ gündəliyə gələndən
sonra Neft Şirkəti evlərin sökülməsini daha da
sürətləndirib. Bu siyahını xeyli uzatmaq olar. Amma
birini də söyləyim ki, mənzərə daha da aydın
olsun. Prezident ölkənin siyasi sisteminin gücləndiriləcəyini
söyləmişdi, amma müvafiq qurumlar bu istiqamətdə
heç bir addım atmırlar. Bu da haqlı olaraq
narahatlıq yaradır.
- Sizcə, siyasi sistemin
gücləndirilməsi üçün hansı addımlar
atılmalıdır?
- İlk növbədə
ölkə başçısının parlament müxalifəti
ilə görüşünə böyük ehtiyac var. Eyni
zamanda "Siyasi partiyalar haqqında" qanuna əlavə və
dəyişikliklər edilməli, siyasi təşkilatların
xarici qüvvələrdən və ayrı-ayrı
sahibkarlardan asılılığının azaldılması
üçün partiyalar dövlətdən maliyyələşdirilməlidir.
Partiyaların rolunun artırılması üçün
parlament rəhbərliyinin formalaşdırılmasına yenidən
baxılmalı və müxalifət parlamentin idarəçiliyində
iştirak etməlidir. Konstitusiya islahatlarının tərkib
hissəsi kimi parlamentin səlahiyyətləri
artırılmalı və növbəti parlament seçkiləri
proporsional seçki sistemi əsasında keçirilməlidir.
- Aprelin 2-də keçirilən
icazəsiz etiraz aksiyası zamanı saxlanılanlar var...
- Hesab edirəm ki,
saxlanılanlar azad edilməlidir. Kütləvi aksiyaların
keçirilməsi isə adiləşdirilməli və
"Azadlıq" meydanı bütün vətəndaşların
üzünə açılmalıdır. Biz hələ
öz seçki platformamızda bu barədə söhbət
açmışdıq.
Bilirsiniz, çox qəribə
bir mənzərə yaranıb. Vətəndaşlara
"Azadlıq" meydanında öz avtonəqliyyat vasitələrini
saxlamağa icazə verilir, amma özlərinin həmin meydanda
dayanıb sərbəst toplaşmaq hüququnu gerçəkləşdirmələrinə
yox... Bütün hallarda mən kütləvi
aksiyaların demokratik cəmiyyətin atributlarından biri kimi
adiləşdirilməsinin və buna olduqca təbii yanaşılmasının
tərəfdarıyam.
Xalq Cəbhəsi.-
2011.- 14 aprel.- S.3.