Azərbaycanın ilk miniatür romanı - "Qara
su"
Paşa Qəlbinur: "Bu romanı illərlə
ağlımda və ürəyimdə gəzdirmişəm"
Tanınmış şair, həkim,
professor Paşa Qəlbinur bu yaxınlarda "Qara su"
romanının ikinci hissəsini yazıb. Bu haqda
danışan P.Qəlbinur romanın yaranma səbəblərinə
belə aydınlıq gətirir: ""Qara su"
romanını 20-30 il ərzində ürəyimdə və
ağlımda gəzdirmişəm. O vaxta kimi qeydlərimi eləmişəm.
Sanki xalçaya - ən nadir güllərin, çiçəklərin
rəngini ki, çöldən, çəməndən,
dağdan, uzaqlardan, yaxınlardan tapdıqlarını bir-bir
naxışa çevirib köçürürsən; o
günü baxıram, 32 il əvvəlki qeydimdən istifadə
etmişəm romanda". "Qara su" Azərbaycanın ilk
miniatür romanıdır. Paşa Qəlbinur romanı 3 ilə
yazıb: "Hərçəndi kiçik həcmlidir. Son
10-15 ildə dünyada miniatür romanlar çox
yazılır. Məlumdur ki, miniatür romanların virtual həcmi
böyük olur. Ancaq məzmunu sıxılır,
sıxılır, fiziki cəhətdən çox kiçik
həddə gətirilir. Oxucu romanı oxuyanda hiss edir ki, bu,
çox "sıxılmış" bir əsərdir. Ona
görə də miniatür əsər kimi "Qara su"
romanını Azərbaycan ədəbiyyatında yenilik saymaq
olar".
"Qara su" romanı ilk
dəfə "Azərbaycan" jurnalının 2008-ci il
4-cü sayında işıq üzü görüb. 2009-cu
ildə isə əsər Rusiyada çıxıb. Ən
qısa vaxtda yüksək tirajla satılıb. Yaxınlarda
romanın ana dilimizdə işıq üzü görəcəyi
gözlənilir. Dünyanın müxtəlif yerlərindən
- İsraildən professor-psixiatr Miron Fel bu haqda yazı
yazıb. P.Qəlbinur Almaniyadan, Amerikadan məktublar alıb.
Roman barədə Rusiya mətbuatı da yazıb: "Azərbaycanın
tanınmış qələm sahiblərindən akademik
Ağamusa Axundov, Tofiq Hacıyev, Nizamədin Şəmsizadə,
Məhərrəm Qasımlı, Bəsti Əlibəyli, Adil
Mirseyid, Sərvaz Hüseynoğlu və başqaları
"Qara su" haqqında yazılar yazdılar. İndi də
bu mövzuda çoxlu məktublar alıram. Oxucular bu əsəri
kitab şəklində öz dilimizdə görmək istəyirlər.
Digər tərəfdən də əsərin davamı
gözlənilir. Əsərin əvvəlki biçimi
üç nöqtə ilə bitir. Diqqətli oxucular qəhrəmanın
sonrakı taleyi ilə maraqlanırlar".
Fevralın axırlarında
Paşa Qəlbinur "Qara su" romanının ikinci hissəsini
bitirib. Əsərin çap olunan hissəsi il yarıma
yazılıb: "Əvvəllər fikirləşirdim ki,
yeni hissəni gec yazım, sonra gördüm oxucular əsərin
davamı ilə çox maraqlanırlar. Ağlımda olan
bölümü yalnız kağıza
köçürdüm".
2009-cu ildə romanın rus
variantı "İlin ən yaxşı romanı" hesab
olunub: "Roman indiyə kimi ağlımızda olan roman
anlamından xeyli fərqlidir. Bir sözlə ifadə etsək,
miniatür romanlar gərək mütləq mənada bənzərsiz
olsun, adamın yadına heç bir kitabı salmasın. Kitab
yaxşı mənada bu iddia ilə yazılıb. Digər tərəfıdən
bənzərsizlik, fərqlilik sözün əsl anlamında
olmalıdır. Əsərin oxucuya mübarək cazibəsi
olmalıdır. Sovet dövründə
şair-yazıçılarımızın içində bu
və ya digər dərəcədə "Qlavlit"
qadağası vardı. İndi o yoxdur və insan azad şəkildə
sözünü deyə bilir. Və yalnız bəşəriyyətin,
insanlığın mübarək, xoş gələn
qayğılarına uyğun söz demək gərək".
Əsərin məzmunu
qısaca belədir: iki nəfər
"Bakı-Frankfurt-Çikaqo" reysilə uçurlar.
Bunlar biri-birinə qohumdurlar.
Birinin qaraciyərinin bir hissəsini
və böyrəyini o birisinə köçürəcəklər.
Donor olan adam bir ziyalıdır. O birisi ziyalı deyil, ancaq
imkanlıdır. Bu ziyalının oğlunu haqsız yerə
həbs ediblər, buna çox böyük məbləğdə
pul lazımdır ki, oğlunu xilas etsin. Bütün fəsillər
göydə cərəyan edir, vaxt göydə keçir.
Yalnız bir fəsil Çikaqoda - professor Starlzın
klinikasında, əməliyyat otağındadır. Əməliyyat
otağı da nəsə adi yer deyil, insanın
düşdüyü fövqəladə bir vəziyyətdir.
Virtual vəziyyətlərdə insanlar həmişə
sözün düzünü deyirlər. Burada isə təbii,
həyati vəziyyətlər məharətli təsvirlərlə
müşaiyət olunur: ölüm qorxusu ilə üz-üzə,
yerdən çox uca, əməliyat otağı, narkozda...
"20 dəfədən
çox Amerikaya uçmuşam"-deyən P.Qəlbinur əsərin
yazılması psixologiyasına yenidən toxunur: "Saatlarla
göydə olmaq, 12-14 saat, getmək-qayıtmaq. Avropaya
uçuşların sayını itirmişəm. Br neçə
saat keçəndən sonra insanda artıq başqa-başqa
fizioloji vəziyyətlər əmələ gəlir, habelə
psixi durumunda. Bir həkim olaraq deyə bilərəm, bu
sarıdan da o uçuşlar mənə doğmalaşıb.
O uçuşları hər mənada təhlil etmişəm.
Əslində o hadisələr praktik olaraq baş verənlərdir.
Əslində "Qara su" sözü görmək
iddiası ilə yazılıb. Əsərdə süjet var,
həm də süjet yox kimidir. Səmada təyyarələrin
radar tutmadığı bir zona var. Bu əsər obrazlı desək,
həmin "radar tutmayan zonada" yazılıb".
"Qara su" müəllifin 5-ci romanıdır. Ancaq
onları indiyə kimi çap etdirməyib, özü
demişkən, oxucuya layiq bilməyib: "Esselərim var,
onların da çoxunu çap etdirməmişəm. Ancaq
"Cahad" kimi esselərim olanda çapını məsləhət
bilmişəm. Həmişə oxucuya çox böyük
hörmətlə yanaşmışam ki, onun vaxtına qənaət
olsun".
Tanınmış şair
Adil Mirseyidin "roman haqqında fikirləri maraqlıdır:
""Qara su" romanı şair ilhamıyla
yazılmış nəsr əsəridir. Romanda təsvir
olunan hadisə məhz göy üzündə, buludların
arasında - təyyarədə cərəyan edir. Romanın məkanı
irreal aləmdir. Və bu irreal aləmdə gerçək
hadisələr yer alır.
"Bakı-Frankfurt-Çikaqo" reysi ilə uçan təyyarə.
Təyyarədə yanaşı oturmuş iki adam - Aydın və
Bəy Qasım. Aydının oğlu nahaq yerə həbs olunub,
o, günahsızdır. Oğlunu türmədən qurtarmaq
üçün Aydına külli miqdarda pul lazımdır. Bəy
Qasımın pulunu balta kəsmir, amma o, ağır xəstədir.
Aydın böyrəyini və qaraciyərinin bir hissəsini Bəy
Qasıma verəcəkmi? Bu məqama diqqət verin, müəllif
Qasım bəy demir, Bəy Qasım yazır. Qasım bəylə
Bəy Qasım arasında necə böyük bir fərq
olduğunu anlamaq üçün oxucudan xüsusi bir erudisiya
tələb olunmur. İndi Qasım bəylər dövrü
deyil, Bəy Qasımlar zəmanəsidir. Paşa Qəlbinurun
"Qara su" romanı klassik roman anlayışından bir
sıra özəllikləri ilə fərqlənir. Paşa Qəlbinur
orijinal şair olduğundan qələmə aldığı
mətndə də poeziyaya məxsus özəlliklər
açıq-aydın görünür. Mən zahiri, formal
ifadəni deyil, daxili kamilliyi nəzərdə tuturam. Roman
vahid, kamil və yığcam hadisələrin, həyat hekayələrinin
təhlili, geniş mənada yazıçının həyatdan
aldığı təəssüratlardan
çıxardığı poetik, əxlaqi-ruhi nəticələrdir.
Roman 28 fəsildən ibarətdir. Hər fəsil bir hekayət,
bir portret, bir pritçadır. "Qara" sözünün
dilimizdə nə az, nə çox, 17 mənası var. Bu mənada
romanın adını tam mənada müəyyənləşdirmək,
çözələmək çox çətindir. Amma
romanın adı bir rebus-müəmma deyil, uğurlu bir rəmzdir".
Akademik Ağamusa Axundov isə
əsəri "Nəsrimizdə hadisə"
adlandırıb: "Fəsillərin
adında bir qeyri-adilik var: "Aydın",
"Yastıqca", "Heyva ətri", "Nemes Nəbi",
"Niyə Qasım bəy yox, Bəy Qasım", "Qara
qıllı meymun", "Milçək",
"Delfin", "Mazelin", "Sunami", "Tur
Heyerdal", "Balaca - nəhəng tısbağa",
"T.Starzlın klinikası" və daha 16 fəsil adı.
Əsər köhnə, lap köhnə ədəbiyyat
mövzusundadır: "yaxşılıq-pislik",
"xeyir və şər" probleminə həsr olunub. Amma
tamamilə yeni aspektdə. "Yaxşı nədir, pis nədir"
sualının cavabı aspektində yox! Zahirən əsərin
fəsillərinin adları kimi məzmunu da müxtəlif olan
bu düşüncələr, yaddaşnamələr və
xatirələrin hər birinin öz vəzifəsi var və
bu vəzifələr surətlərlə bilavasitə
bağlanaraq, onların ömür yollarını
işıqlandırmaq və göstərməkdən ibarətdir.
Yazıçı yerinə yetirilməsi o qədər də
asan olmayan bu vəzifənin icrası üçün nəsrimizdə
yeni bədii üsul (priyom) yaratmağa,
yaradıcılığın bədii texnologiyasını zənginləşdirməyə
nail ola bilib. Müqayisəli verilməsi hiss edilməyən
bir müqayisəli-təsvir üsulu romanda nəzərdə
tutulan hadisələrin hamısını bir süjet ətrafında
birləşdirməyə və beləliklə, oxucunu daim
yazıçının maraq dairəsində saxlamağa xidmət
göstərir. Ədəbiyyatımıza, özəlliklə,
nəsrimizə Paşanın gətirdiyi yeniliklərdən
biri də təhkiyədə üslub çarpazlaşması
üsuludur. Ayrı-ayrı fəsillərdə təsvir edilən
hadisələri nəql edərkən müəllif həm
hekayə, həm oçerk, həm də məqalə
janrlarının imkanlarından istifadə edir və bir
növ həyat həqiqəti ilə bədii həqiqət əlaqəsini
gücləndirir.
Romanın dilində də
yeniliklər çoxdur. Əsərdə ədəbi dilimizin,
demək olar, bütün üslubları, bədii üslub da,
elmi üslub da, publisistik, işgüzarlıq-dəftərxana
üslubları da öz inikasını tapıb.
Danışıq dilinə, onun bütün təzahür
formalarına (fonetik, leksik, qrammatik) geniş yer verilib; dilimizin
dialekt və şivələri də özlərinə yer
tapıb. Bir zamanlar geniş müzakirələrə, mübahisələrə,
hətta bəzən ciddi tənqidlərə məruz qalan bu
"dil azadlığı" Paşa Qəlbinurun əsərinə
təbiilik, milli və tarixi kolorit, şirinlik gətirib.
Romanın dilinin lüğət tərkibi də zəngindir.
Sinonimləri, eyni və müxtəlif söz təkrarları
müəllifin üslubunu daha da gözəlləşdirir".
Uğur
Xalq Cəbhəsi.- 2011.- 19 aprel.- S.14.