"Yazar
da, yazı da öz taleyini yaşayır"
Vüsal Nuru:
"Yazıçılar cəmiyyətə müəyyən
mesajlar verməyə çalışırlar"
"Zahiri parıltılara görə
insan insana dəyər verməməlidir"
Həmsöhbətimiz Vüsal Nuru 1981-ci ildə Ağdamda doğulub. Orta məktəbin son illərindən şeirlər yazıb, rəsmlər çəkib. 2007-ci ildə ilk şeir və hekayələr kitabı "Yağış damlasıyam" adı ilə çap olunub. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Yerli mətbuatda müntəzəm olaraq köşə yazıları, şeirləri və hekayələri ilə çıxış edir. 2009-cu ildən Prezident təqaüdçüsüdür. 2010-cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.
- Vüsal, təzə nə yazırsan?
- Yenicə yazdığım "Eybəcərlər adası" romanımı "Qanun" nəşriyyatına vermişəm. Bu yaxınlarda işıq üzü görəcək. Səbrsizliklə onun çap olunmasını gözləyirəm.
- Sən də qoşuldun roman yazanların sırasına?
- Bu mənim sayca ikinci
romanımdır. Sadəcə birinci romanıma bir az mövzu,
bir az da sujet baxımından təkrar baxdım və
düşündüm ki, hələ bunu nəşrə vermək
tezdir. Ona görə də ikinci romanımı nəşrə
hazırlamağa qərar verdim. Amma təkcə bununla kifayətlənmirəm,
şeirlərim ədəbiyyat saytlarında, qəzet və
jurnallarda dərc olunur. Mən bu romanda illərdir görmək
istədiyim romanı görmək istəyirdim, ona görə
də durmadan axtarışda idim. Arayıb axtarırdım,
yeni-yeni romanlar oxuyurdum. Sonra özümü köklədim və
"Eybəcərlər adası" romanını qələmə
aldım. Bu roman küçə həyatından bəhs edir,
küçədə yaşayan insanların həyatından.
Bizim hər birimizin yanından iyrənərək
keçdiyimiz insanların həyat tərzini bizə təqdim
edir. Bu həmin insanlardır ki, biz o insanlara baxanda onlara ikrah
hissi ilə yanaşır və onları özümüzdən
aşağı hesab edirik. Mən bu əsəri yazarkən
demək olar ki, bir ay o insanlarla bərabər yaşadım,
onların həyatı ilə yaxından tanış oldum. Bir
yerdə gəzdik, oturub çörək yedik, gecəni
onlarla bərabər keçirdim. Və bir şeyi özüm
üçün dərk elədim ki, əsl insanın nə
olduğunu, insanlığın nə olduğunu anlamaq
üçün mütləq onların həyatına
"bomj"ların pəncərəsindən baxmaq
lazımdır.
- Səncə bu romanı
"underground roman" hesab etmək olar?
- Bilmirəm, nə hesab etmək
olar. Amma mənə elə gəlir ki, bu roman birbaşa
insanlığın tərifidir. Bu roman eyni zamanda insanı əhatə
edir özlüyündə. İnsan qarşısındakı
insanın zahiri görünüşünə, paltarına və
digər xüsusiyyətlərinə baxıb ona qiymət
verir, amma bu belə olmamalıdır. Əslində insanlıq
onun şüurunda, beynində, düşüncəsində,
təfəkküründə və
dünyagörüşündə olmalıdır.
- Bir insanı geyiminə,
yaxud da zahiri görünüşünə görə qəbul
etmək, ya da həmin insanı özündən
uzaqlaşdırmaq doğrudurmu?
- Qətiyyən! Bu doğru
deyil. Mən elə məhz bu halların doğru
olmadığını sübut etmək üçün
romanı qələmə aldım. İnsan insana yediyi yeməyə,
geydiyi geyimə və s. bu kimi zahiri görünüşlərinə
görə diqqət etməməlidir. Biz hamımız
insanıq və bir-birimizi sevmək bizim ən ümdə
borcumuzdur. Qətiyyən zahiri parıltılara görə
insan insana dəyər verməməlidir.
- Belə çıxır
ki, bu roman sənin etirazındır?!....
- Belə, mən bunu iddia
edirəm ki, bu roman sənin, mənim və
bütövlükdə bizim cəmiyyətə, cəmiyyətdə
olan stereotiplərə etirazımızdır.
- Səncə, cəmiyyətdə
illərdən, əsrlərdən bəridir oturuşmuş
bu stereotiplər dəyişəcək?
- Mən bu romandan əldə
etdiyim təcrübədən danışım. Bu romanı
bitirdikdən sonra oxumaq üçün zövqünə
inandığım ətrafdakı insanlara verdim. Romanı
oxuyub bitirdikdən sonra onların küçədə
yaşayan insanlarla bağlı düşüncələrinin
tamamən dəyişdiyini gördüm. Yəni artıq onlar
bu insanlardan iyrənməməyə başlamış, sadəcə
həmin insanlara acımaqla kifayətlənməmişdilər.
Yəni onlar bu insanların, yersiz-yurdsuz bu səfillərin niyə
bu səviyyəyə gəlib düşdükləri ilə
maraqlanırdılar. Əslində heç kim öz isti
ev-eşiyini qoyub gəlib küçədə, bayırda
yatmaz, buralarda yaşamaz. "Azərbaycan" nəşriyyatının
qarşısında dayanan İlyas Ərnəfəsi
götürək. İlyas Ərnəfəs doxsanıncı
illər Azərbaycan ədəbiyyatında özünəməxsus
imzalardan biri olub. Amma müəyyən səbəblər,
müəyyən təsirlər nəticəsində gəlib
o vəziyyətə düşüb. Nəşriyyatdan bir az
aşağıda Mühü adında bir jurnalist var, çox
unikal bir təfəkkürə sahib insandır. Amma gəlin
görək neçəmiz o insanın o vəziyyətə gəlib
düşmə səbəblərini
araşdırmışıq? Yəqin ki, çox
azımız! Mən elə düşünürəm ki, hər
bir insanın ətrafında baş verən hadisələrə
bir etiraz forması var. Onun da etiraz forması məhz odur. Bir
şəhərdə yaşayan səfilin ən gözəl
şeirlərini oxuya bilərəm. Mən bu şeirlərə
qulaq asmışam və bu gün də həmin şeirlərin
təsirindəyəm. Mənim bu romandakı obrazım da kənddən
şəhərə gəlib işlərini, həyatını
qura bilməyən bir cavandır. Bu gəncin buralara gəlib
düşməsinin bəlkə də ən böyük səbəbi
onun tapdığı iş olur. Bu gənc həddindən
artıq titiz olmağına baxmayaraq işdə onu məcbur
edirlər ki, meyid daşısın. Nətiədə isə
iyrənclik xəstəliyinə düçar olur və
küçələrdə yaşamağa başlayır. Həmin
qəhrəmanımın gözü ilə küçələrdə
baş verən reallıqları təsvir etməyə
çalışmışam.
- İnsan
vizuallığın arxasını görməlidir deyirsən,
amma cəmiyyətimiz buna hazırdırmı?
- Bu, məncə insan
psixologiyasıdır. İnsanımız, cəmiyyətimiz
buna nə bu gün hazırdır, nə də sabah hazır
olacaq. Mən iddia edə bilmərəm ki, bu mənim bir
romanımla düzələcək. Düzəlmiş
olsaydı, gərək onda dahi Tolstoyun "Hərb və
sülh" romanından sonra yer üzündə müharibələr
olmayaydı. Amma məncə hər bir qələm adamı, hər
bir incəsənət adamı istəməli, eyni zamanda səy
göstərməlidir ki, insana sadəcə və sadəcə
insanı sevmək qalsın. Yazarlar vizuallığın
arxasını görməyi bacardıqları
üçün cəmiyyətə müəyyən mesajlar
verməyə çalışırlar.
- Bəlkə elə ona
görə bədbəxt olurlar?
- Tamamilə doğrudur. Elə
ona görə də həmişə yazarlar, incəsənət
adamları arxa plandadılar. Onları biz lüks həyatda,
bahalı evlərdə, maşınlarda görə bilmərik.
Bu mümkün deyil. Çünki aşağıda olanda
yuxarılar daha möhtəşəm görünür.
- Bəlkə qələm və
incəsənət adamları yuxarıdan aşağı
baxsın cəmiyyətə?
- Yox, çünki
yuxarıdan hər şey balaca, hər şey cılız
görünür. O zaman ona mikroskop lazım olacaq. Amma
aşağıdan yuxarı baxanda ona mikroskop lazım deyil. O,
həyatı necə varsa eləcə, yəni
gördüyü kimi təsvir edəcək.
- Vüsal Nurunun fikrincə,
bu gün Azərbaycan ədəbiyyatı hansı səviyyədədir?
- Televiziyada
çıxış edən ədəbiyyatçılarımızın
hərəsinin ağzından bir avaz gəlir: biri deyir roman
epidemiyası yaranıb, biri deyir gənclər özlərini
ifadə edə bilmirlər deyə əllərinə qələm
götürüb qısa-qısa cümlələr yazıb
onu şeir adlandırırlar. Hərə bunu bir cür izah
edir, ancaq mən düşünürəm ki, bunların
özlərinin düşüncələrində bir xəstəlik
var. Bir adam özünü ifadə edirsə, bir adam
yazırsa, bunun nəyi pisdir axı? Bu adam pis bir işlə məşğul
olmur ki?! Yazır da, əgər bunu o yazmaq xoşbəxt edirsə
niyə yazmasın? Zəif yazırsa, bunu zamanın öhdəsinə
buraxmaq lazımdır. Qoy zaman özü onu cilalasın.
Ümumiyyətlə, yazar da, yazı da öz taleyini
yaşayır. Müasir Azərbaycan ədəbiyyatına gəldikdə
isə, hesab edirəm ki, ədəbiyyatımız bu gün
artıq şose yola çıxıb və ciddi-cəhdlə
irəliyə doğru addımlayır.
- Son vaxtlar kimi oxuyursan?
- Azərbaycan ədəbiyyatında
hadisə sayıla biləcək və sayılmayacaq, istər
ədəbiyyat saytlarında, istərsə də ədəbi
orqanlarda dərc olunan bütün yazıları oxuyuram. Oxumaq
mənim üçün bir qidadır və mən bundan
zövq alıram. Eyni zamanda izləmək hər birimizin
borcudur. Mən də öz borcumu yerinə yetirirəm.
- Bəyəndiklərin
çox olur, yoxsa bəyənmədiklərin?
- Ümumiyyətlə, bəyənmədiyim
bir əsər yoxdur. Mən bir az fərqli aspektdən
yanaşıram hadisələrə. Mən ən zəif əsəri
də bəyənirəm. Ən zəif əsərin
içində də bir hiss var. Ən zəif əsər belə
insanı yerindən oynada bilər. Bax, mən o insanı yerindən
oynada bilən hissi sevirəm.
- AYB ətrafında gedən
proseslərə münasibətini bilmək maraqlıdır...
- Bu sadəcə gülməlidir.
Tutaq ki, AYO deyir ki, Anar AYB-nin sədri olmamalıdır. Adama
belə bir sual verərlər: sənin nəyinə
lazımdı ki, AYB-də sədr kim olacaq? Sən
Yazıçılar Birliyinin üzvü deyilsən, sənin
bu quruma dəxlin yoxdu və sən hansı haqqla nəyisə
iddia edə bilərsən? Sənin görünüşdə
bundan heç bir umacağın yoxdu axı. Varsa,
açıq bir şəkildə iddianı ortaya qoy, gəl
AYB-in sıralarında ol və mübarizəni bu şəkildə
apar. Məncə bu çox gülünc bir haldır.
- Hazırda AYB-nin öz
içində də bir etiraz dalğası var axı. Konkret
"Ədəbiyyat" qəzetinin ətrafında gedən
oyunlar...
- Keçən dəfə sənin
apardığın sorğuda da mən demişdim ki, "Ədəbiyyat"
qəzeti adında bir ədəbi qəzet tanımıram...
- Sən necə bu qəzeti
tanımaya bilərsən ki, bu qəzetin təsisçisi olan
qurumun üzvüsən...
- Bəli, mən AYB-nin
üzvüyəm və AYB-nin üzvü olaraq "Ədəbiyyat"
qəzetinin varlığına və bu şəkildə
işıq üzü görməsinə etiraz edirəm... "Ədəbiyyat"
qəzeti Azərbaycan mətbuatında ən tipik monopolik qəzetdir.
O qəzetdən nə heç nə ummuram, nə də
heç nə gözləmirəm.
- İndi durub desəm ki,
yadında qalan şeirdən bir bənd de....
- Kimdən?
- Fərqi yoxdu...
- Mən qərib, didərgin,
kimsəsiz ruham,
Göylərdə bilinməz
qəbrim var mənim.
Ölsəm tabutumu mələklər
tutar,
Yasımı Allahlar saxlayar mənim.
- Kimindir bu bənd?
- Şair Rüstəm
Behrudinin.
- Haşa, Allahın
işi-gücü qurtarıb Rüstəm Behrudinin
yasını saxlasın?!...
- Allah təkcə Rüstəm
Behrudinin yasını saxlamır, Allah bütün qərib,
didərgin, kimsəsiz ruhların yasını saxlayır....
Söhbətləşdi: Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.-
19 aprel.- S.11.