Tolerantlıq yüksək mədəniyyət nümunəsidir

 

Müsahibimiz "Sağlam Toplum" İB-nin rəhbəri, sosioloq Lalə Mehralıdır.

-Lalə xanım, Azərbaycanda dini və milli tolerantlıq hansı səviyyədədir?

-Mən tolerantlığın özünü yüksək bir mədəniyyət hesab edirəm və bu mədəniyyətin də hər millətdə olmadığını düşünürəm. İnformasiya əsrində yaşayırıq, hər gün dünyada nələrin olduğunu görürük, tolerantlığı kafirlik sayanlar da var, açıq-saçıqlığa meyillilik kimi qavrayanlar da. Amma bu sözün mənası "dözümlülük" anlamını verir. Demək ki, tolerant olmaq dözümlü olmaq deməkdir, dini, milli və mənəvi cəhətdən tolerant olmaq isə hər toplumun bacardığı iş deyil.

Azərbaycan tarixən tolerant bir diyar olub, burda istənilən düşüncəli insan rahatlıqla yaşayır. Düşünürəm ki, Azərbaycanda həm milli, həm də dini tolerantlıq yetərincə inkişaf edib. Əgər hansısa bir vətəndaş asanlıqla kilsəyə, məbədə, məscidə gedə bilirsə və onun hüquqları məhdudlaşdırılmırsa, demək, tolerantlıq mövcuddur. Eləcə də, etnik aspektdən yanaşılsa, bu eynilədir. Milli mənsubiyyət bizim ölkədə heç vaxt problem sayılmayıb, əksinə, milliyyəti fərqli olanlara daha yaxşı münasibət göstərilib. Bu dövlət tərəfindən də belə olub, vətəndaşlar tərəfindən də.

Uzağa getmirəm, qonşuluğumuzda, İranda bu məsələdə nə qədər problemin yaşandığını görürük. Nə qədər insan dini və milli tolerantlıq tələb etdiyinə, insan kimi yaşamaq istədiyinə görə təqiblərə məruz qalır, həbslərdə çürüyür, edam edilir. Bütün bunlara nəzər yetirək və bu faktların fonunda ölkəmizə baxsaq, fərqi duymamaq mümkün deyil.

-Ümumiyyətlə, din insan üçün nə kimi önəm daşıyır?

-İnsan yaranışının hər dövründə inanca və bir işığa ehtiyac duyub. Dinlər və ruhi biliklər də bu ehtiyacdan yaranıb. Avestadan bu yana çox dinlər yaranıb və bu dinlərə inanan milyonlarla insan var. Mənim düşüncəmə görə, din maddi məsələlərdən, maddi kainatdan və elementar yaşam qaydalarından bəhs etməməlidir.

Din ruhi bilik verməlidir və əgər bunu bacarmırsa tez məhv olur. Din Tanrıdan, Yaradılışdan, ruhdan bəhs etməlidir, insanlara bu haqda dərin bilik verməlidir, ruhi planetlərdən, Tanrı qatından danışmalıdır, qorxu və xof aşılamamalıdır. İnsanlar üçün elə bu xüsusiyyət önəm kəsb edir, yəni din ruhi bilik aşılamırsa, ona inananlar da getdikcə azalır, insan üçün bir önəmi qalmır.

İnsan dini kitabı oxuyanda, ruhi bilik axtaranda düşünür- bu dünyadakı həyatdan sonra necə olacaq, ruhi planetlər necədir, biz niyə maddi planetdə doğulmuşuq? İnsan ona görə dinləri öyrənir ki, bu suallarına cavab tapsın, əgər cavab yoxdursa, o zaman dinlərdən əlini üzür.

Ateist olanların çoxu da bu cür insanlardır. Amma təəssüf ki, bu gün ateist olan insanların bir çoxu gerçək ruhi biliklərdən xəbərsizdirlər və bilmirlər ki, onların illərdir axtardığı suallarının cavabları olan dərin biliklərin yer aldığı mənbələr var. Sadəcə axtarmaq lazımdır və axtaran tapar.

-Necə fikirləşirsiniz, Azərbaycanda mövcud dini və milli tolerantlıq regiondakı digər dövlətlərə örnək kimi göstərilə bilərmi?

-Məncə, göstərilə bilər. Bizim ölkədə yaşayan xristianlar, yəhudilər, krişnaçılar eləcə də digər dinlərə etiqad edənlər heç bir vaxt problemlərlə üzləşmədiyini deyirlər. Elə bu yaxınlarda sizin qəzetinizdə də bir keşişin müsahibəsi vardı, o da bu barədə razılıq edirdi. Azərbaycanda həmişə milli və dini münasibətlərə diqqət yetirilib.

Çünki normal bir cəmiyyətin düzgün dini və milli siyasətinin olması vacibdir. Azərbaycanda dini və milli tolerantlığın olmasının əsas səbəbi ölkənin, xalqın buna uyğun tarixi köklərinin olmasıdır. Biz minillərlə dini və milli baxımdan heç bir problemlə üzləşmədən yaşamışıq.

Hesab edirəm ki, Azərbaycan dövlətinin hazırkı siyasəti də buna uyğundur. Siyasət həm də milli və dini dözümlülüyün, milli birliyin olması üçün var. Fikrimcə, Azərbaycanda milli və dini birliyin olması, dini və milli tolerantlığın olması baxımından nəinki region ölkələrinə, dünyaya örnək ola bilər.

Ona görə ki, bizim ölkədə heç vaxt milli və dini baxımdan narazılıq yaranmayıb, heç vaxt insanlar bu sahədən şikayətlənməyiblər. Ölkəmizdə heç vaxt rahib, keşiş, molla və ya başqa din xadimi, eləcə də milli düşüncəsi fərqli olan insanlar öldürülməyib, təqibə məruz qalmayıb. Hər gün eşidirik, oxuyuruq, dünya ölkələrində bu cür hadisələr tez-tez olur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tolerant ölkədir.

-Bu gün cəmiyyətdə milli-mənəvi dəyərlərimizə qarşı bir yadlaşma hiss olunur. Biz bunun qarşısını sizcə, necə ala bilərik?

-Doğrudur, bunu hamı deyir. İstər adətlərimizə, istər milli sərvətlərimizə qarşı bu cür laqeydlik hiss olunur. Bir qədər də öncə qeyd etdiyim ki, tolerantlığın inkişaf etdiyi bir ölkədə yaşadığımız üçün istənilən kəs bizim ölkədə rahatlıqla fəaliyyət göstərə bilir.

Bu bir tərəfdən yaxşıdır, insanların seçimlərinə hörmət deməkdir, amma bir tərəfdən də ictimai nəzarət lazımdır. Əgər hansısa xarici qüvvə öz dəyərlərini bizim ölkəmizdə müxtəlif qanunsuz vasitələrlə aşılasa, öz dinini yaymağa çalışsa, əlbəttə ki, milli-mənəvi dəyərlərin itirilməsinə səbəb olacaq.

Hər kəs istədiyi kimi mahnı oxuyacaq, neçə ki oxuyurlar. Hər radio istədiyi dildə və ləhcədə danışacaq, necə ki, bunu edirlər. Hər televiziya yayım siyasətini öz bildiyi tərzdə biçəcək, necə ki, biçirlər. Biri bizi ərəbləşdirməyə, o biri əxlaqsızlaşdırmağa, digəri zombiləşdirməyə çalışır.

Min bir əziyyətlə ərsəyə gələn milli filmlərimizi kəsib-biçirlər, biz hələ səssizik, öz siyasətlərini yeridirlər, psixologiyaları dağıdırlar, biz hələ tamaşa edirik. Bizim "qızıl fondumuz"a təcavüz edənlərə layiqli cavab verilmir.

Milli sərvətimiz olan Novruz-Ergenekon bayramına fars şovinizmi sahib çıxmağa çalışdı, Azərbaycan Respublikasının Prezidenti buna öz cavabını səssizcə verdi. Dövlət başçısının bu məsələdə atdığı addım alqışa layiqdır. İranda təşkil olunan və dünyaya fars bayramı kimi təqdim edilməyə çalışılan Novruz şənliyinə getmədi.

Məsəl var, deyir, "el bir olsa, dağ oynadar yerindən". Əgər bütün güclər birləşdirilsə, hamı eyni güc ətrafında toplansa bu cür məsələlərdə daha yaxşı nəticələr əldə etmək olar. Ən azından dəstək vermək lazımdır.

-Şərq-Qərb münasibətləri xristian-islam təfəkkürü baxımından günümüzdə hansı səviyyədə inkişaf edir? Cəmiyyət özü milli və mənəvi dəyərlərinin qorunması yolunda hansı tədbirləri görə bilər?

- Şərq islam mədəniyyəti demək deyil, Şərqdə saysız mədəniyyətlər var- hind, çin, rus, yapon, türk, ərəb və s. İslam ərazi və əhali baxımından Şərqin cüzi bir hissəsini təşkil edir. Qərb də təkcə xristian mədəniyyətindən ibarət deyil. Burada onlarla mədəniyyətə məxsus icmalar sərbəst yaşayırlar.

Hər zaman bu sualı ortaya atırlar-biz Avropa dəyərlərinə üstünlük verməliyik, yoxsa ərəb-islam dəyərlərinə. Niyə biz hansısa yad dəyərlərə üstünlük verməliyik ki? Özümüzün dünya mədəniyyətinin əsasını qoyan dəyərlərimizə nə gəlib? Türklər din, mədəniyyət, elm yaradanda, ərəblər də, avropalılar da hələ cahil idilər.

Biz nə ifrat ərəb-islam dəyərlərinə, nə də ifrat Qərb dəyərlərinə getməyəcəyik. Hər şeydə "qızıl orta" deyilən bir şey var- bax həmin "qızıl orta" mədəniyyəti türklərə məxsusdur. Milli-mənəvi dəyərlərimiz imkan verir ki, biz özümüz kimi olaq, öz tolerantlığımızı qoruyaq.

Modern olmaq üçün Avropa, ya da başqa bir mədəniyyətin dəyərlərinə meyl etmək lazım deyil. Azərbaycanda mədəniyyət qaynayanda, elm xadimləri böyük kəşflər edəndə Avropada insanlar yenicə oxumağı öyrənirdilər.

Azərbaycanın on min ilə dayanan mədəniyyəti, incəsənəti var. Bunları qoruyan milyonlar var. Fars şovinizminin zülmünü görən, amma dilini, adətlərini unutmayan milyonlarla soydaşımız var. Hər il Bəzz qalasını ziyarət etdiyinə görə yüzlərlə soydaşımız təqiblərə məruz qalır, həbs edilir. Amma növbəti il bu ilkindən daha böyük izdiham olur, insan dənizinin ucu-bucağı görünmür. Mübarizə əzmini məhz onlardan öyrənmək lazımdır.

Azərbaycanda insanlara zərər verən ideologiyalar, yad vərdişlər, kənar adətlər heç vaxt qərar tuta bilməyib, çünki modern olmaqla bərabər milli düşüncəyə malik bir cəmiyyətimiz də var. Bizim insanlar dinə, xofa, cənnət-cəhənnəm fikrinə aludə olmaqdansa elm öyrənməyi, milli adətləri qoruyub saxlamağı üstün tuturlar.

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 19 aprel.- S.10.