"Gənc yazarların əksəriyyəti Güney Azərbaycan mövzusundan uzaqdırlar"

 

 Nofəl Ədalət: "Bəzən elə yazarlarımız tapılır ki, Arazın o tayına səfər etdikdən sonra inkişafdan danışır, Təbrizin gül-çiçəkli xiyabanlarını vəsf edir"

 

"Sadə oxucu da Cənubi Azərbaycanda hər şeyin yolunda olduğunu düşünür"

 

Gənc yazar, şair Nofəl Ədalət deyir ki, Güney Azərbaycanda gedən hadisələri daima izləmək deyil, orada baş verən proseslərə dəstək nümayiş etdirmək lazımdır: "Biz quzeyli və güneyli olaraq Azərbaycanımızı kiçiltməməliyik. Güneyin dərdlərini özümüzünkü bilərək dəyərləndirməyə və ortaya yetkin bir fikir qoymağa çalışmalıyıq. Güneyin azadlığını, ümumiyyətlə, Azərbaycanın vahid bir bayraq altında birləşməsini Güney təşkilatlarının hər biri, eləcə də Azərbaycanı sevən hər bir şəxs istəyir. Amma bu yolda birlik nümayiş etdirmək, mövcud gücümüzüdən maksumum dərəcədə yararlanmaq ən vacib şərtdir. Güney Azərbaycan Milli Hərəkatının ətrafında toplaşan qurumların işlərini alqışlayıram. Ancaq onu da deyim ki, bu sahədə nə etmişiksə, yenə də azdır. Daha uğurlusunu edə bilərik. Məni ağrıdan məqam, Cənubi Azərbaycanla bağlı olan bir sıra təşkilatların tutduğu mövqe narahat edir. Bəzən elə soydaşımız, yurddaşımız tapılır ki, milli hərəkatın rəsmi olaraq önünə keçmək istəyir. İlk öncə bu şəxsi ambisiyalardan qaçmaq və təmizlənmək lazımdır. Bu gün güclü və inamlı gəncliyimiz var. Həmin gənclik ki, sovetlərin ikiüzlülərini, Qərbin mütilik siyasətini yaxın buraxmır. Onlardan qrantlar alaraq Qərbə yönəlik işlər həyata keçirmir. Bu gəncliyi bir araya gətirmək yolunda işlərin qurulmasına çalışmalıyıq. Bu bir həqiqətdir ki, bəzən adı pafosla çəkilən təşkilat yalnız bir və ya bir neçə vətənsevərdən ibarət olaraq yaşayır. Ancaq bu təşkilatların birliyinə nail olmaq lazımdır. Mən fürsətdən istifadə edib müxtəlif qurumlarda təmsil olunan gənclərə səslənirəm ki, gəlin biz bu təşkilatların birliyinə nail olaq. Məqsədimiz bir, amalımız birdirsə, niyə bölünək? Yetmədimi bu qədər bölünmək bizə? Bu bölünməyimizin səbəbidir ki, İrəvanı, Borçalını, Təbrizi, Dərbəndi və ən nahayət, Qarabağı itirdik və bu sürətlə davam etsək, növbəti əlli ildə bir qarış da olsun Azərbaycan torpağı qalmayacaq. İçimizdən, özümüzdən başlamalıyıq. Necə ki, içimizdən çıxan Fətəli şah Qacar öz taxtını qorumaq üçün son dəfə 1828-ci ilin fevralın 10-da böyük bir xəyanətə imza atdı. Bu gün də Fətəli şahın yolunu tutanlarımız var ki, bunlara gənclik yerini göstərməlidir. Böyüklərə sayğım və hörmətim çox böyükdür, amma bu bir həqiqətdir ki, yaşlandıqca ölümdən, qandan qorxuruq. İnqilab daim gənclərin üzərində son akkordunu vurub. Bundan qaçmamalıyıq. Daim qılınc tutan, güc tərəfi inqilabın aparıcı əsasını təşkil edir. Bu da gənclikdir". Şair bildirir ki, Güney mövzusunu bu günə qədər ədəbiyyatda bu və ya başqa bir formada işlədiblər: "Bu mövzunun özünəməxsusluğu var. Ancaq nə yazıq ki, bunu hələ yazarlarımızın çoxu anlaya bilməyib. Hətta Süleyman Rüstəmin tez-tez efirlərdə səsləndirilən "Təbrizim" şeiri də bu mövzunun bədii əksi deyil. Eləcə də bu mövzunu yaradıcılığında qabardan sovet dövrü ədəbiyyatımızın nümayəndələri Balaş Azəroğlu, Söhrab Tahir və s. Bu siyahını xeyli genişləndirmək olar. Diqqət edin Süleyman Rüstəm deyir: "Gəlmişəm öpməyə torpağın daşın..." Ancaq demir ki, gəlmişəm səni azad edəm və s. Demək bu günə qədər yazılmışlarla heç nə edə bilməmişik. Daim bu mövzuda yazılan əsərlərin ana xəttində mücərrədlik olub. Gerçəkliyə sığışmayan, heç özünəməxsus romantikası da olmayıb. Qəbul edilən faktdır ki, azad düşüncə tərbiyəsini bədii əsərlərlə daha dərindən aşılamaq mümkündür. Bu günə qədər aşılanan fikirlər nəticə hasil etməyib. Bu mövzuya şimalda olan bir çox yazarlarımız yaxın düşə bilməyiblər. Baxın, İranda yaşaya-yaşaya böyüu ustad Şəhriyar bu fikirləri səsləndirir: "İgidlərin İran üçün şəhid olub, əvəzində dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!" Bizsə burada "Araz həsrəti", "Təbrizin yolları" və başqa-başqa mifik qəhramanlardan ümid diləyən əsərlər yazmışıq. Onların davamçıları da bugünkü gənclikdir. Bu gəncliyin isə böyük əksəriyyəti nəinki Cənub, ümumiyyətlə, Vətən mövzusundan uzaqdırlar. Bunlar ya mücərrəd sevgidən, ya da erotikadan yazırlar. Bəzən elə yazarlarımız tapılır ki, Cənuba gedib-gəldikdən sonra oranın inkişafından danışır, Təbrizin gül-çiçəkli xiyabanlarını vəsf edir. Sadə oxucu da düşünür ki, Cənubda hər şey yolundadır. Bir müdət bundan öncə yazılarımın birində ədəbiyyatı döyüş sənəti adlandırmışdım. Bu gün də o fikirdəyəm. Ədəbiyyat özü bir döyüş sənətidir. Onun incəliklərini dərindən öyrənən fərd şəxsiyyətə çevrilərək ümumbəşəri əhəmiyyət daşıyan əsərlər meydana gətirir və ya millli düşüncəyə yönəlik möhtəşəm bir abidə yaradır. Bu əsər də minlərlə fərdi şəxsiyyətə çevirə bilir. Onun ruhunu tərbiyə edə bilir. Yazıçı, şair, bir sözlə, sənət adamı öz məni ilə daim mübarizədədir. Sənətkarın yaratdığı əsərlərdə bu mənlik mübarizəsinin üzərində yaranır. Təbiətdə zəif və güclü mübarizəsində güclünün qalib olması bədii əsərin də göstəricisidir. Kimliyindən, şəxsi mövqeyindən, ictimai nüfuzundan asılı olmayaraq, yaradıcı şəxsin yaratdığı əsər zəifdirsə, məhvə məkumdur, güclüsə öz yerini bəlli edərək əbədilik qazanacaq və bundan xalq da yararlana biləcək. Bugünkü gənclikdən nə gözləyəsən? Seymur Baycanmı Təbrizdən nə isə yazacaq, ya Sevinc Pərvanə, ya da adlarını çəkmədiyim AYO-da kimsə və yaxud AYB-nin sifarişlə prezident təqaüdü alan bəzi gənc yazarlar. Budur Azərbaycan gəncliyinin mənzərəsi. Yeri gəlmişkən, onu deyim ki, Həmid Herisçidən gözləntilərim böyükdür. İstedadlı bir yazıçıdır. Müsahibələrinin birində Təbriz mövzusunu yeni bir formada təqdim edəcəyini söyləyib. Qələminə hörmətlə yanaşdığım digər bir gənc xanım yazarımız da var ki, o da Aytən Təhmasibdir. Onun bu günlərdə "Düşüncə" adlı şeirini oxudum. Sözün həqiqi mənasında xəcalət çəkdim bugünkü gənc olaraq. Bunu demək lazımdır. Orada bir "papaq" obrazı var. Biz o papağı Təbrizdə Qarabağda, Dərbənddə itirməklə ləyaqətimizə ləkə salmışıq. Bunu yazmalıdır gənclik. Elə bir şəkildə ki, insana toxunsun. Təbriz, Qarabağ həsrətli şeir bu gəncliyə təsir etmir, ona anlatmaq lazımdır ki, bu torpaq sənin ləyaqətindir, əxlaqındır, namusundur. Bu gün sənin namusun alçaldılır, ləyaqətin tapdanır. Bəlkə onda oyanar". Hofəl Ədalət yazaların Güney Azərbaycan məsələsini tamamilə yaddan çıxardığını düşünmür: "Bu mövzuya müraciət edən gənclərimiz var, ancaq nə qədərdir? Bunun özü müzakirə mövzusu ola bilər. Bu mövzuya müraciət etmək üçün şəxsin içində bir təşəbbüs olmalıdır. Bu yoxdursa, onun yolunu tapmaq gərəkdir. Gəncliyin içində daha çıx Ələmdar Cabbarlı yaradıcılığında Təbriz həsrəti və azadlığını təbliğ edən əsərlərə rast gəlmişəm. Ola bilsin bu səpkidə yazan gənc yazarlarımız da var, lakin biz onları tanıya bilmirik. Çünki gəncliyin çapolunma imkanları məhduddur. Azərbaycanda olan hansısa bir qurum bu sahəyə investisiya qoymaqdan, hər hansı bir vətənpərvər yazarın kitabını çıxarmaqdan boyun qaçırır. Həticə etibarilə bunun da zərbəsi vətənə, millətə dəyir. Təsəvvür edin ki, nəinki Azərbaycanda, ümumiyyətlə, Şərqdə və Türk Dünyasında əvəzi olunmayan Əvəz Qurbanlı kimi bir gənc satirik yazarımızın, bir vətənpərvər şairin on ildə bir kitabı çap olunmur, kiminsə bığının altında keçməyi bacaran bir yaltağın ildə bir kitabı çıxır və efir və digər mətbuat vasitəsilə oxucuya sırınır. Yaxud hansısa bir yazarcığazın əsəri. Bu bir tərəfə Azərbaycanda fəaliyyət göstərən telekanalların hansı birində vətənpərvərliyi təbliğ edən bir poezya verilişi var. Ədəbi verilişlərdə çoxmu gənc yazarlar görürük? Əlbəttə ki yox. Bir əxlaqsız müğənniyə saatlarla vaxt ayıran, onun alt paltarlarına kimi nümayiş etdirən bir kanal olmaz ki, gənc yazarlara ayda bir saat vaxt ayırsın. Bunu etmir. Əvəz Qurbanlı, Aytən Təhmasib, Ələmdar Cabbarlı, Sabir Alim, Arif Alim, Elşən Əzim, Elnur Bayram, Günay Ələkbərzadə kimi istedadlı gənclər bu gün kölgədə qalırsa, onlara hər hansı qayğı göstərilmirsə və yazdıqları oxucuya çatmırsa, bütöv gəncliyi qınamaq olmaz. Bu məsələnin də gündəmdə saxlanılması mətbuat orqanlarının işidir. Televiziyalar bu sahədə böyük iş görə bilər, ancaq nə yazıq ki, bunu etmir. Yaxşı olardı ki, bu mövzunu yaradıcılığında qabardan gənclik önə çəkilməlidir. Dövlət və ya qeyri-hökumət təşkilatları vasitəsilə mükafatlar təyin olunaraq yazarlarda maraq yaradılmalıdır".     

 

 

Turqut 

 

Xalq Cəbhəsi.- 2011.- 20 aprel.- S.4.