Yol ayrıcı
Keçmiş gələcəyin
dayaq nöqtəsidir
Hüseynağa Qəniyev: "Nə yaxşı ki,
oğullar eynilə atalarının yolunu getməyiblər"
"Azadlıq uğrunda mübarizə şəxsiyyət,
insan və həyat uğrunda mübarizədir"
Bu gün
tanınmış ictimai-siyasi xadim, filosof Hüseynağa Qəniyevin
70 yaşı tamam olur. Bu günlərdə "Zəka və
xarakter" adlı tarixi-fəlsəfi esseləri işıq
özü görən, hələ də həqiqət
axtarışında olduğunu söyləyən, əndazəli
azadlıq tərəfdarı Hüseynağa müəllimlə
müsahibəyə qəzetimizin baş redaktoru Elçin Mirzəbəylinin
suallarıyla başlayırıq.
- 70 yaşdan həyat necə
görünür?
- Düşünürəm
ki, 70 yaşında olan insan həyata daha yüksəkdən
baxmaq imkanına malikdir. Əvvəllər
keçdiyin, amma görə bilmədiyin yerləri indi daha
aydın görə bilirsən.
-
İnsanların bir çoxu belə düşünür ki,
70 yaşa çatan insan geriyə dönüb keçdiyi yola
baxmalıdır. Amma bunun əksini söyləyənlər də var...
- Mənə elə gəlir
ki, keçmiş və gələcək adlı iki qütb
bir-birindən heç vaxt ayrılmamalıdır. Keçmiş gələcəyin dayaq nöqtəsidir.
Keçmişdə qazandığın bilik və
təcrübə sənə imkan verir ki, səhv etməyəsən.
Həmişə belə
düşünmüşəm biliyi olmayının
keçmişi, fəlsəfəsi olmayanın gələcəyi
yoxdur. Bu iki qütb bir-biri ilə həmişə
bağlı olanda, vəhdət təşkil edəndə
yaxşı nəticə verir.
- Çox qəribə həyatınız
olub. Sovetlər vaxtında rəhbər vəzifədə
işləmisiniz, eyni zamanda Azərbaycanın müstəqilliyinə
səs verən şəxslərdənsiniz. Həm hər şeyi çərçivədə
saxlayan ideoloji bir dövlətdə, həm də ondan qopan,
üsyan edən, müstəqilliyinə nail olan dövlətdə
rəhbər vəzifələrdə işləmək
çətin deyildi?
- Doğrudan da bizim payımıza mürəkkəb və ziddiyyətli bir dövr düşdü. İndi o dövrü çox dəhşətli təsvir edirlər, əslində vəziyyət bir qədər fərqliydi. Mən gözümü açandan azadlıq, müstəqillik, dəyişmə meyllərini görmüşəm. Bu meylləri ilk növbədə ədəbiyyatda müşahidə etmişəm. Bizim görkəmli ədəbiyyat xadimləri iki məsələni daha çox önə çəkirdilər: Cənub problemi və Azərbaycanın müstəqilliyi, bütövlüyü. Yeri gəlmişkən, o dövrün də özünəməxsus müsbət əxlaqi cəhətləri vardı. Həyatda nə qazanmışamsa, ona öz zəhmətim hesabına nail olmuşam, bu baxımdan sovet dövrü də istisna deyil. Sovet dövründə həddindən artıq zəngin kitabxanam olub. Başqa vəzifəli şəxslərin ola bilsin ki, nələrdəsə gözü olub. Ancaq mən kitab əldə etməyi özüm üçün ən böyük səadət saymışam. Daha doğrusu xoşuma gələn kitabı tapanda bu mənim üçün ən böyük bayram olub.
- Gənc yazarlar deyir ki, həmin dövrdəki əksər qəhrəmanlıqlar icazəli olub.
- Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması icazəli idi?
Bu iddia yanlışdır. Bəxtiyarın başı nə bəlalar çəkdi? O qəzet yandırılmışdı, sonradan çap maşınında nüsxələrini çoxaldıb cibimizdə gəzdirirdik. Bunun heç biri icazəli deyildi. Sadəcə Azərbaycan ziyalıları cəsarətli mövqe sərgiləyirdi, bu mövqelər "Ədəbiyyat"da, "Qobustan" da işıq üzü görürdü. Ancaq bir məqam da xüsusi olaraq qeyd edilməlidir ki, əgər xalqımızın hər bir nümayəndəsi öz şəxsi azadlığını qazana bilməyibsə, bütövlükdə azadlıq haqqında danışmaq doğru olmazdı.
- Azadlığın nisbi olması fikirləriylə razısınız?
- Azadlığın əzələsi olmayanda insanı köləliyə, məsuliyyəti olmayanda hərc-mərcliyə, əxlaqı olmayanda vəhşiliyə aparıb çıxarır. Hər şeyin əndazəsi olmalıdır. Aristol deyirdi: Mümkün olan işdən yapış, əndazəni gözlə, abır-həyanı əldən vermə. İnsanın əxlaqı var, əxlaq olmayan yerdə insan yoxdur. İnsanı bütövlükdə təbiətin qanunlarına uyğunlaşdırmaq olmaz. Əxlaq xalqın xoşbəxtliyinə xidmət etməlidir, etmirsə, hakim dairələr müəyyən prinsiplərdən öz məqsədləri üçün yararlanırsa, o əxlaqın xalqa dəxli yoxdur.
- Azadlığın hüdudlarını kim müəyyənləşdirir ki?
- Əslində azadlığın çərçivəsi yoxdur, sadəcə ictimai mühit, şərait, ümumi səviyyə insanın azadlığının hüdudlarını müəyyənləşdirir. İnsanın intelektinin səviyyəsi onun azadlığının səviyyəsiylə qoşa gəlir. İnsanın intelektual səviyyəsi nə qədər yüksəkdirsə, dünyagörüşü nə qədər çoxdursa onun azadlıq tələbatı çox olur. İntelekti olmayanı isə yalnız iqtisadi amillər düşündürür.
- Kitab mövzusuna qayıdaq. Kitab bayramı keçirmək ideyası necə yaranmışdı?
- Taleyimiz qəribə olub, cəmiyyət bizi sıxıb, başqa şeylər olub. Amma biz kitablar vasitəsilə dünyagörüşü qazanmışıq. Bizi Hizami, Füzuli, Hömer, Firdovsi bu həyata hazırlayıb. Düşünürdüm ki, insanların dünyagörüşünün artması, azadlığa münasibətinin dəyişməsi, proseslərdə yerini görməsində kitab müstəsna rol oynaya bilər.
- Təcrübə göstərir ki, insanların kitab sevgisi təsadüfən yaranmır, kitaba məhəbbətin formalaşmasında böyüklərin fəaliyyəti öz sözünü deyir. Bu baxımdan sizin kitaba bağlılığınızın kökü haralara gedib çıxır?
- Bəzi məsələləri genetika ilə də bağlayırlar. Mənim ata tərəfdən axund, ruhani nəslindənəm. Bizim əsas soyadımız Axundovdur. O dövrlərin də ziyalısı axundlar hesab olunurdu, ola bilsin ki, kitaba bağlığın kökünü buralarda axtarmaq lazımdır. Biliyə, öyrənməyə meyl, həqiqət axtarışı mənim üçün hər zaman önəmli olub. Həqiqəti tapa bilməsən azadlığa çıxa bilməzən... Məhz bu axtarışın bünövrəsi məni uzaqlara aparıb.
- Xüsusi olaraq bəyəndiyiniz, vurğunu olduğunuz konkret bir kitab var, yoxsa yox?
- Müəyyən mərhələlərdə bəyəndiyim bir çox kitablar olub. Məsələn, cavanlıqda Azərbaycan ədəbiyyatına daha çox bağlı olmuşam. Cavanlıqda rəssamlığa da meylim vardı. Hətta Rəssamlıq İnstitutuna sənəd vermək niyyətində idim. Teatra da meyl göstərmişəm. Hətta balaca teatr dərnəyi yaratmışdıq, səhnəciklər yazırdım. Bütün bunların içində məni maarifçilik daha çox cəlb edib. Sonralar dünya ədəbiyyatı daha çox diqqətimi çəkib. "Səfilləri" oxuyanda isə yaxşı mənada diksindim. Fikirləşdim ki, nəhəng əsərlər varmış.
Sonrakı dövrlərdə isə mənim üçün dünya tarixi və fəlsəfə daha böyük önəm kəsb etməyə başladı. Başa düşdüm ki, bitib-tükənməyən bir dünya var. Anladım ki, həqiqət insanı özü edir. Azadlığa çıxmağın yolu həqiqətdən keçir. Həqiqətdən uzaqlaşdıqca, özündən uzaqlaşır və başqalaşırsan. Ona görə mənim üçün həqiqəti bilməkdən böyük amal yoxdur. Həqiqəti dərk etməyin yolu isə özünü dərk etməkdən başlayır. Özünü dərk etməsən, heç vaxt həqiqəti dərk edə bilməzsən. Çoğrafiyada belə bir anlayış var: harada olduğunu bilməsən, hara getdiyini qəti müəyyənləşdirə bilməzsən.
- Biz hardayıq?
- Olduğumuz yeri hələ tam müəyyənləşdirə bilməmişəm, çalşıram ki, tapam. Doğrudur, özüm üçün təqribi müəyyənləşdirmişəm ki, hansı tərəfə getmək olar. Ancaq mənim gediyim yol başqadır, ola bilsin ki, başqa insanlar tamam fərqli yolla getsinlər. Bu təbiidir, hərənin özü dünyagörüşü var. Maraqlı burasıdır ki, Azərbaycan ərazicə balaca olmasına baxmayaraq xarakter, fikir müxtəlifliyi ölkəmizdən ərazicə 50 dəfə böyük olan ölkələrdən də müxtəlifdir.
- Bu yaxşıdır, yoxsa
pis?
- Bu çox pisdir. Elə dəyərlər var ki, ona baxışda
konkert ümumi fikirimiz yoxdur. Mən deyə
bilmərəm ki, bizim millət kimi tam
formalaşmamışıq. Ancaq demək
mümkündür ki, hazırda bizdə millət kimi
formalaşma prosesi gedir. Təəssüf
ki, Elçibəyin söylədiyi kimi Millətləşmək,
Bütövləşmək, Dövlətləşmək
prosesi hələ tam getmir. Bilirsən bizim
bəlamız nədir? Vəhdətdə
deyilik. Özü özüylə və təbiətlə
vəhdətdə olan insan xoşbəxtdir. Bu vəhdət pozulanda sistem pozulur,
yarımçıqlıq yaranır, heçliyə yuvarlanma
baş verir. İnsanlar başa düşməldirlər
ki, həyat onlara bir dəfə verilir. Şəxsən
mənim üçün ən böyük maddi möcüzə
varlıqdır. Bu dünya
görüb-götürməklə yanaşı həm də
paylaşmaq dünyasıdır.
- Paylaşa bilirik?
- Yox, paylaşmaq işi
lazımi səviyyədə deyil. Bunun əsas səbəbi
isə maariflənmənin aşağı səviyyədə
olması, cəhalətdir.
- Bu günkü Azərbaycan
oxuduğunuz hansı kitaba bənzəyir?
- Çox çətin
sualdır. Azərbaycanla bağlı
düşüncələrim, arzularım tamam başqaydı.
Məncə o kitab hələ yazılmayıb.
Ola bilsin ki, o kitabı biz və bizdən sonra gələnlər
yazsınlar.
- 70 yaşlı,
dünyagörmüş bir insanı gənclərin indiki səviyyəsi
qane edirmi?
- Bineyi qədimdən atalar və
oğulların fikirlərinin üst-üstə düşməməsi
əsas müzakirə mövzusudur. Lap əvvəldən
atalar oğullardan narazı olublar, həmişə şikayət
ediblər ki, övladlarımız başqa yolla getdi. Hə yaxşı ki, oğullar eynilə
atalarının yolunu getməyiblər. Yoxsa
inkişaf olmazdı. Atanın qoyduğu kərpicin
üzərinə sən də bir kərpic qoymalısan.
O xalq xoşbəxtdir ki, ata-anaların gözəl ənənələrini
yaşadıb, pis cəhətləri isə bir kənara
atıb. Onu da deyim ki, yersiz
islahatçılıq və yaxud ifrat mühafizəkarlıq
fəlakətli nəticələr doğurur. Mən həmişə
deyirəm, Don Kixot Robin Qudun 300 il
gecikmiş formasıydı. 300 il bundan əvvəlki
məsələni gündəmə gətirmək Don
Kixotluqdur. 300 il qabağa getsən, yenə
də Don Kixot ola bilərsən. Mən
bütün məsələlərdə ənzadə məsələsinin
üstünə gəlirəm. Konkret
olaraq Azərbaycan gəncliyinin ümid verdiyini söyləyə
bilərəm. İnternetə baxıram,
azad düşüncəli, işıqlı fikirləri olan gəncləri
görürəm və bu məni sevindirir.
- Gənclərə nə məsləhət
verə bilərsiniz?
- Kant yazırdı ki,
"Haqq sözünü deməyə gücün
çatsın". Mənim isə gənclərə
məsləhətim belə olardı ki, haqq sözünü
demək azdır, sözünü əməli işdə həyata
keçirmək lazımdır. Onda dediklərimiz
əmələ gələr. Söz demək
bir qəhrəmanlıqdırsa, əməl etmək daha
böyük qəhrəmanlıqdır. İngiltərədə
azadlıq prosesi 1225-ci ildən başlayıb. Uğursuzluqlar da olub, təqib və təzyiqlər
də, itkilər də. Amma onlar öz
azadlıq konsepsiyalarından vaz keçməyiblər. Ümumiyyətlə gərək xalq azadlıq
konsepsiyası ətrafında birləşə bilə. Vətəndaşlar azadlığın keşiyində
dayanmalıdırlar. Əgər bir xalq
azadlıq uğrunda ölməyə hazır deyilsə, o məhkum,
kölə olmağa layiqdir. Əgər
atanın ürəyində qorxu hissi varsa, o hissi boyunduruq kimi
oğlunun boynuna keçirəcək. Azadlıq
uğrunda mübarizədə qorxu olmamalıdır. Azadlıq uğrunda mübarizə şəxsiyyət,
insan və həyat uğrunda mübarizədir. Həyatı
isə puça vermək olmaz.
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2011.- 26 aprel.- S.5.