"İstəyirlər teatrdan
getməyimi etiraz kimi qəbul etsinlər..."
Bəhram Osmanov: "Bu
gün normal sayılan bütün teatrların hər birinin rəhbəri
rejissordur"
Əməkdar incəsənət
xadimi, rejissor Bəhram Osmanovun APA-ya müsahibəsi (ixtisarla).
- Bəhram müəllim necəsiniz
və haralardasınız? Akademik Milli Dram Teatrından işdən
öz istəyinizlə uzaqlaşdınız. Bu hadisədən
sonra atdığınız addımla bağlı təfərrüatı
ilə danışmaq istəmədiniz...
- Görünür, insanın sənətdə elə bir vaxtı gəlib çatır ki, adam daha sərbəst işləmək, azad olmaq istəyir. Gənclik həyatımdan bu günə qədər Akademik Milli Dram Teatrında müxtəlif vaxtlarda hər hansı pyesin hazırlanması üçün teatra rəhbərlik edən şəxsi uzun bir inandırma prosesi keçmişəm. Bir əsərin hazırlanmasından əvvəl bir il söz-söhbət gedir və ondan sonra bu əsərin səhnələşdirilməsinə icazə verilir. Yəni gücün xeyli hissəsi onu inandırmağa gedir. Görünür, elə zaman çatdı ki, artıq bundan yoruldum, usandım və çox rahat şəkildə düşündüm ki, istər yaradıcılığı, istərsə də həyatı belə qurmaq olmaz. Mənim teatrdan getməyimdə qeyri-adi bir şey yoxdur. Mən onsuz da Akademik Milli Dram Teatrında işləyəndə də müxtəlif bölgə teatrlarında tamaşalar hazırlamışam.
- İndiki rəhbərliklə münasibətləriniz necədir? Bəlkə teatrda kardinal rəhbərlik dəyişikliyi və mövcud vəziyyət Sizi qane etmədiyi üçün bu addımı atdınız?
- İşdən çıxmazdan əvvəl indiki rəhbərliklə dəfələrlə söhbətimiz olub. Bu söhbətlər bizim ikimizə aid olub, yəni ictimaiyyətə aidiyyəti olmadığından danışmağı lüzum bilmədim. Sadəcə özümü İsrafil İsrafilovun düşündüyü komandada görmədim və getdim. Ümumiyyətlə, teatrda islahatlar adı altında baş verənləri qəbul edə bilmədim. İslahat o demək deyil ki, kimisə işdən xaric edəsən. İndiki islahat proqramında da bu şeylər vardı və görünür cənab direktor islahatı məhz bunda görür. Mən orada bu gün hökm sürən rejissuranın lazımsızlığını hiss elədiyim üçün o teatrdan getdim. İstəyirlər teatrdan getməyimi etiraz kimi qəbul etsinlər...
20 ilə yaxındır pedaqoji fəaliyyətlə məşğulam və tam dəqiqliyi ilə anlamışam ki, bir aktyorun yetişdirilməsi üçün təhsildən əlavə, peşəkar teatrda azı 10 il vaxt lazımdır və yalnız 10 ildən sonra demək olar ki, bu aktyordur, ya deyil. Əlbəttə lazımsız deməzdim, müəyyən yaşantılar nəticəsində artıq yorulan, bezən sənət adamları var ki, onlar bu gün deyil, onlar illərdir teatra yük olaraq qalırlar. Amma onlar sənət adamlarıdır və onları birdən kəsib atmaq düzgün deyil. O insan gərək özü lazım və ya lazımsız olduğunu hiss etsin.
- Və Siz bütün bunlarla mübarizə aparmaq istəmədiniz...
- ...Elə deyil. Mən işlədiyim müddətdə kifayət qədər öz düşüncələrimi demişəm və söylədiklərimin bəziləri keçib, bəziləri isə yox. Bir şeyi anlayıram ki, teatrda 70, 100, hətta 120 nəfər aktyor heyəti ola bilər və bu 120 nəfərdən 10 və ya 20 nəfəri sözün əsil mənasında istər cəmiyyət, eləcə də teatr üçün lazımlı olanlardır. Demək ki, teatrda artıq truppa var. Yerdə qalan 30-35 nəfər isə ümidverən heyət ola bilər. Vacib deyil ki, bir truppada 70 nəfərin hamısı gözəl aktyor olsun. Buna ehtiyac yoxdur. Ən əsası odur ki, sənət adamlarını sevmək lazımdır. Teatr bir ailədir və ailə kimi də fəaliyyət göstərməlidir. Onların qayğısına mütləq qalmaq lazımdır. Hələlik proses gedir və mən o prosesin içində deyiləm. Sözsüz ki, hər bir sənət adamının depressiyaya düşən və depressiyadan çıxan vaxtı olur. Mənim nəzərimdə bu gün sözdən əməli işə keçmək lazımdır, amma təəssüf ki, hələlik onu görmürük. Bu həyəcan təbiri elə-belə deyil.
- Teatrdan uzaqlaşandan sonra, rəhbərlik tərəfindən Sizə təklif gəlibmi?
- Bildiyimə görə, üç tamaşa bərpa olunub, amma mən bərpalarda iştirak etməmişəm. Ancaq bunlar 4-5 il bundan əvvəl oynanılan, mənim üçün artıq ləzzətini itirmiş tamaşalardır. Mənə də İsrafil müəllim təklif elədi və biz anlaşdıq. Sadəcə olaraq mən o tamaşaları bərpa etməkdən imtina etdim, amma anlaşmamız müsbət oldu, teatrın gələcək planlarından, arzulardan danışdıq. Arzular çox zaman çin olmur, mən istəməzdim ki, teatrda arzular arzu olaraq qalsın. Bu gün Azərbaycan teatrında çox güclü orta nəsil var. Bir neçə ildən sonra onlar da gözləməkdən usanacaqlar. Bu gün boş qalmaqları onları incidir.
- Çıxışınızdan belə qənaətə gəlmək olar ki, İsrafil müəllim rəhbər olduğu müddətdə o teatrda tamaşa qoymayacaqsınız? Əgər təklif gəlsə, hansı şərtləriniz olacaq?
- İsrafil müəllim o teatrın direktorudur və heç bir teatrda direktor yaradıcılıq işlərinə qarışmır. Hətta qonşu Rusiyada elə bir teatr yoxdur ki, orada direktor yaradıcılıqla məşğul olsun. Rusiyanın ən güclü rejissorları bu gün bədii rəhbərdir və direktor ikinci adamdır. Həmişə də belə olub. Azərbaycanda isə direktor həmişə Bədii Şuranın sədri olub, baş rejissor həmişə ikinci adam olub. İsrafil İsrafilov teatrın sadəcə direktorudur, o teatrın bədii rəhbəri deyil, baş rejissoru deyil. Bəlkə də İsrafil İsrafilov kimisə axtarır... Azərbaycan rejissurasında adları olmayan, amma rejissor sayılan şəxsləri teatra dəvət edib, onların vaxtını uzatmaq üçün tamaşalar verir ki, kollektivin başı qarışsın və işləsin. Yəqin ki, öz qəlbinə hansısa birini yaxın bir adam hesab edir və nə zamansa məsələ qaldıracaq ki, bu adam teatrın baş rejissoru olsun. Yəqin ki, belə olacaq, onsuz mümkün deyil. Teatrda rejissorun ənənəvi işləməməsi yaxşı hal deyil. Rejissorun teatrda işləməyi həmin truppanın sabit qalmağı deməkdir. Rejissor aktyorlara ümid verir.
- Akademik Milli Dram Teatrında
sonuncu tamaşalara baxmısınızmı?
- Xeyr, baxmamışam. Adətən
adamı belə yerlərə dəvət edirlər.
Ümumiyyətlə, mən xüsusi bir dəvət gözləməyən
adamam, Bakıda paralel olaraq bütün tamaşalara gedirəm.
Sadəcə olaraq son bir-iki ildə istəyirəm ki, dəvət
etsinlər, sonra gedim. Hansı teatrın rəhbəri ilə
yoldaşamsa, dəvətsiz də gedib həmin teatrın
tamaşasına baxıram. Bura getmədim, çünki mənim
üçün maraqsızdır. Düz üç ilə
yaxın Bakı tamaşaçısı çox möhtəşəm
şəkildə Dram Teatrının
açılışını gözlədilər, amma mən
o təntənəni, möhtəşəmliyi görmədim
və ona görə də orada yox idim. Mən o tamaşalardan
qeyri-adi bir şey gözləmirdim. Hələ köhnə rəhbərliyin
vaxtında repertuar təsdiqlənən zaman öz
düşüncələrimi demişdim. Bilirsiniz, teatra yeni
baxış olmalıdır, onsuz mümkün deyil.
Açığı deyim, orada mən iki-üç
tamaşa hazırlamalı idim, sonradan o pyeslər də
lazım olmadı. Lazım olmadısa, mən yenidən gedib
orada hansısa bir şərtlə tamaşa hazırlamaq istəmirəm.
Heç bir şərtim yoxdur və istəmirəm.
Bacardıqca yox demək fikrim var.
- Teatra yeni baxışı
kim gətirəcək? Xarici rejissorlar?
- Tamaşanı hazırlayan
rejissor gətirməlidir bu baxışı. Əgər onda
yeni baxış yoxdursa, o zaman başqa bir rejissor dəvət
olunmalıdır və bunu o etməlidir. Gəlmələr
bilə bilməzlər, çünki heyəti
tanımırlar. Gəlmələr gəlir, uzağı
bir-iki tamaşaya baxır, teatrın direktoru rolları
seçir və təqdim edir. O da işləyir, bir tamaşa
qoyub pulunu alıb gedir. Bu, çıxış yolu deyil... Əgər
mən bu gün Gənc Tamaşaçılar Teatrında dəvətli
olaraq bir tamaşa hazırlayıramsa, bu o demək deyil ki, mən
o teatrın sənət həyatını tamam dəyişəcəyəm.
Qətiyyən. Dəvət olunan rejissorlar sadəcə bir
balaca tərpəniş edib, öz işlərini görüb
gedirlər. Yerdə qalan həyat teatrın öz həyatıdır.
Hər dəvət olunan rejissor bundan başqa heç nəyə
malik deyil. 40 günə heç bir insan gəlib burada heyrətamiz
bir şey edə bilməz, heç buna həvəsi də
olmaz. Kənardan dəvət olunan rejissorların heç biri
gəlib Azərbaycan teatrını dünya səviyyəsinə
çıxara bilməz. Azərbaycan teatrı daim inkişafda
olub. Müxtəlif illərdə, müxtəlif uğurlu
tamaşalar da olub. Azərbaycan teatrının 138 yaşı
var və biz bu teatrı yaratmamışıq ki, şəxsi
sərvətimiz kimi məhv edək.
- Sizcə rejissor teatra rəhbərlik
edə bilər? Siz özünüzü Akademik Milli Dram
Teatrının rəhbəri olaraq
görürsünüzmü?
- Belə bir söz var -
general olmaq istəməyən əsgər, yaxşı əsgər
deyil. Bu gün normal sayılan bütün teatrların hər
birinin rəhbəri rejissordur. Bizim teatr ənənəsində
Adil İsgəndərov və teatrın ən çiçəklənən
dövrü sizlərin, mənim görmədiyim həmin
dövr olub ki, o dövrü əfsanəyə çeviriblər.
Adil müəllim teatrı həm böyüdə, həm
kiçildə bilərdi. Teatr həyatı məhz budur, ancaq
yekunda nə isə bir şey göstərməlisən. Adil
müəllim, Tofiq Kazımov bunu öz dövründə
göstərməyi bacardı. Yenə də təkrar edirəm
öz dövründə, amma bu gün XXI əsrin 2011-ci ilində
oturub Adil İskəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov,
Məhərrəm Haşımov, Nəsir Sadıqzadə, Əşrəf
Quliyev üçün həsəd aparmaq lazım deyil. Teatr sənəti
canlı sənətdir və bu gün
yaşadığımız dövr üçün
lazımdır. Hər bir dövrün özünün sənət
adamları var, onları qiymətləndirmək
lazımdır. Akademik Milli Dram Teatrında işlədiyim
dövrdə müəyyən ekstremal vəziyyət olanda mən
hər zaman çağırılmışam və həmişə
mənimlə bir fikir mübadiləsi aparılıb. Gəncədə
iki il müddətində baş rejissor əvəzi kimi ezamiyyətdə
olmuşam və sözün əsil mənasında tam
ölü bir yaradıcılıq müəssisəsini bu
müddətdə yeni təyin olunmuş direktorla bərabər,
bir balaca tərpəniş edən teatra çevirmişik. Təyin
olunan rəhbər bir il müddətində repertuarı
seçir və heyətini yığır. Və gələcək
üç il müddətində konkret hansısa yüksəlişləri
dəf edir. Akademik Milli Dram Teatrında növbəti
üç il ərzində bu yüksəlişi görsəm,
sevinərdim. Çox təəssüf ki, vədlər
verilir, amma yerinə yetirilmir. Mən istərdim ki,
bütün vədlər yetirə yetirilsin.
- O zaman belə qənaətə
gəlmək olar ki, Azərbaycan teatrının mövcud vəziyyətində
günahkar əslində rejissorlar yox, teatr rəhbərləridir?
- Azərbaycan
rejissurasının yüksək səviyyədə
olduğunu deyə bilmərəm. Bu gün Azərbaycanda
rejissor barmaqla sayılacaq qədərdir. Əgər 4 -5
rejissor varsa və onlara dəstək verilirsə, o zaman kənardan
rejissor axtarmağa ehtiyac yoxdur. Bu kifayət edir. Rejissor həmişə
olub, sadəcə olaraq onlar qiymətləndirilmir, onlara lazımi
şərait yaradılmır.
- Bir müddət hansı tamaşanın yaradıcı heyətinə baxırdıqsa, rejissor olaraq Sizin adınızı görürdük. Nə vaxtdır adınıza rast gəlmirik.
- Bu bir fasilədir. İnana bilmərəm ki, həmişə belə olacaq. Görünür, hələ uzun müddət sınaqlardan çıxmalıyam. Bakıda məni istəyən çoxlu sənət adamı var, çoxlu teatrlar var ki, onların rəhbərləri mənə inanır. Onların arasında Mübariz Həmidov, Əliqismət Lalayevin adını çəkə bilərəm...
Xalq Cəbhəsi.- 2011.- 28 aprel.-
S.14.