"Cəmiyyətdə mənfi meyllərin aradan qaldırılmasında din mühüm rol oynayır"

 

 Vamiq Şükürov: "Hüquq normalarıyla hər bir məsələni tənzimləmək olmur və hüquq insanların mənəvi həyatlarını, əqidələrini nizama salmır"

 

"Bir sıra hüquq pozuntuları insanların mənəvi cəhətdən düzgün tərbiyə olunmaması səbəbindən baş verir"

 

Hüquqşünas-ekspert Vamiq Şükürovla Azərbaycandakı dini və milli tolerantlıqla bağlı söhbətləşdik, hüquq sistemi ilə bu anlayışların münasibətini aydınlaşdırmağa çalışdıq.

- Din cəmiyyətdə hansı önəmi daşıyır?

- Cəmiyyətdə insanlar arasında münasibətləri tənzimləyən müxtəlif qaydalar, normalar mövcuddur. Əxlaq, hüquq, təşkilatdaxili-korporativ, adət-ənənə normaları ilə bərabər din də insanların həyatını, ictimai münasibətləri tənzimləyir. Bu baxımdan din insan həyatı üçün çox əhəmiyyət daşıyır. Hüquqa yalnız insanlar arasında maraqlar toqquşması, mübahisələr zamanı müraciət olunur. Hüquq normaları ilə hər bir məsələni tənzimləmək olmur. Eyni zamanda hüquq insanların mənəvi həyatlarını, əqidələrini nizama salmır. Amma bir sıra hüquq pozuntuları insanların mənəvi cəhətdən düzgün tərbiyə olunmaması, zərərli əqidələri mənimsəməsi səbəbindən baş verir. Bu cür mənfi meyllərin aradan qaldırılmasında din mühüm rol oynayır.

- Milli dəyərlərin hüquqi aspektdən açıqlaması necədir?

- Mövcud siyasi-hüquqi sistemimiz milli ideologiyanı, insanları milli dəyərlərlə yaşamağa yönləndirən doktirinanı rədd edir. Konstitusiyamıza görə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi respublikadır. Konstitusiyada demokratik quruluşa təminat verilir, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq xalqın ülvi niyyətləri kimi göstərilir. Deməli, dövlət-insan və hakimiyyət münasibətləri bu niyyətlər çərçivəsində həyata keçirilə bilər. Dövlət milli dəyərləri müəyyənləşdirmək məsələsində insanları sərbəst buraxmışdır. Ancaq bu o demək deyil ki, milli düşmənçilik yaradan hərəkətlərə yol verilə bilər. İrqi, milli ədavət və düşmənçilik oyadan təşviqata və təbliğat qadağandır. Digər tərəfdən, mövcud qanunvercilikdə milli dəyərlərin qorunub saxlanması üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

- Azərbaycandakı mövcud dini və milli tolerantlıq regiondakı digər dövlətlərə örnək kimi göstərilə bilərmi?

- Azərbaycan bu məsələdə regionda Ermənistan ilə müqayisə oluna bilməz. Bizdən fərqli olaraq ermənilər tək millətli və tək dinli dövlətdirlər, bu baxımdan onlarda milli və dini dözümlülüyün nə dərəcədə olmasını müşahidə etmək olmur. Gürcüstan və Rusiyaya isə tolerant bir dövlət kimi örnək sayıla bilərik. Azərbaycan xalqında digər xalqlara, onların dinlərinə münasibətdə qısqanclıq, öz milli və ya dini hisslərini sərgiləmək kimi zərərli vərdişlər yoxdur. Son dövrlər bəzi ifrat qrupların hərəkətləri belə dini və milli tolerantlığımıza heç bir təsir göstərməmişdir. Bizdə çox az neqativ halları çıxmaq şərtilə milli ayrıseçkilik, azsaylı xalqların nümayəndlərinə xoş zarafatlardan yuxarı səviyyəyə qalxmamışdır. Son dövrlərdə Gürcüstanda milli dözümlülük məsələsində irəliləyiş müşahidə edilir. Belə ki, Azərbaycanlıların yaşadığı bir sıra yerlərin tarixi adlarının bərpa olunmasını misal çəkə bilərik. Bu gün cəmiyyətdə milli-mənəvi dəyərlərimizə qarşı bir yadlaşma hiss olunur.

- Biz bunun qarşısını necə ala bilərik?

- Artıq qeyd etdiyim kimi milli-mənəvi dəyərlər nisbi olduğuna görə onlara qarşı yadlaşmanı da hər kəs bir cür izah edə bilər. Amma elə milli-mənəvi dəyərlər var ki, onların oturuşmasını, hər kəsin qəbul etməsini, onlara uyğun yaşamasını demək olar. Bunlara bir sıra bayramlar, dini ənənələlər, yas adətləri, evlənmək qaydaları, tarixi abidələri ziyarət və s. dəyərləri aid etmək olar.Bu dəyərlərə münasibətdə yadlaşmadan danışmaq mümkündür. Yadlaşmanın qarşısı isə cəzalndırma, müdaxilə etmək yolu ilə aradan qaldırıla bilməz. Dövlət dini, milli və irqi ayrı seçkilik yaradan təbliğatların, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılmasının qarşısını almalı, milli mənsubiyyətin azad şəkildə davam etdirilməsinə, hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququna və vicdan azadlığına təminat verməli, kütləvi informasiya vasitələrində, reklamlarda uşaqlara mənfi təsir edən neqativ halları qadağa qoymalıdır. Nəticədə azad və fakir müxtəlifliyinə hörmət edilən bir ortam yaranacaq. Bu cür cəmiyyətdə hər şey, o cümlədən milli dəyərlər ağıla uyğun və elmi şəkildə müzakirə olunacaq, cəmiyyət üçün yararlı dəyərlər qəbul olunacaq, məntiqsiz və ziyanlı dəyərlər isə aradan qalxacaq.

- Hüquqi dövlətlərdə insanların din ve vicdan azadlıqları necə təmin olunur? Bu sahədə ölkəmizdə hansı hüquqi islahatlar aparılmaqdadır?

- Qərb ölkələrində dini, müxtəlif fəlsəfi, siyasi-ictimai əqidələr dövlət idarəçiliyində, ictimai-siyasi proseslərin tənzimlənməsində və insan - dövlət münasibətlərində vasitə kimi istifadə olunmur. Dini, müxtəlif fəlsəfi, siyasi-ictimai əqidələri seçmək, onlara uyğun yaşamaq və təbliğ etmək insanların ixtiyarına buraxılmışdır. Yəni, din və vicdan insanın şəxsi həyatıdır. Heç kim, o cümlədən dövlət bu şəxsi həyata qarışa bilməz, nə də insanlar və ya qruplar öz əqidələrəni cəmiyyətdə totallaşdıra, dövlət idarəçiliyinə gətirə bilməzlər. Bu cür dünyəvi dövlət mexanizmi qərbdə artıq kök salmışdır. Azərbaycanda müstəqillikdən sonra dünyəvi dövlət mexanizminin yaradılması istiqamətində müsbət addımlar atılmışdır. Konstitusiyaya əsasən hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Demək olar ki, hər kəsin vicdan azadlığı təmin olunub.

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 27 aprel.- S.5.