"1918-1920-ci illər
milli tariximizin şanlı dövrüdür"
Nəsib
Nəsibli: "Gürcüstanın
diplomatları o zaman təkcə Gürcüstanın
müstəqilliyi üçün
çalışmırdılar, bolşeviklərlə danışıqlarda
həm də Azərbaycanın məsələsini
qoyurdular"
"Mühacir diplomatlarımız
Azərbaycan məsələsinin
dünyaya tanıdılmasında
böyük işlər
gördülər"
Tarix elmləri
doktoru, professor Nəsib Nəsiblinin APA-ya müsahibəsini ixtisarla oxucularımıza
təqdim edirik.
- Nəsib
bəy, bir tədqiqatçı olaraq
Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-1920-ci illər
ərzində yürütdüyü
xarici siyasətə baxışınızı bilmək
istərdik. Tarixdə 23 ay mövcud olmuş
cümhuriyyətin xarici
siyasətini necə qiymətləndirmək olar?
- 1918-1920-ci illər
milli tariximizin şanlı dövrüdür.
Çünki tarixdə ilk dəfə
olaraq milli demoktratik dövlətin əsası qoyulmuşdu.
Çətin və keşməkeşli
bir dövrdə cümhuriyyət öz müstəqilliyini dünyaya
tanıtmaq istiqamətində
kifayət qədər
ciddi mübarizə apardı. Çox təəssüf ki, bu dövlətin
ömrü 23 ay çəkdi
və bu müddətin böyük
hissəsi Azərbaycanın
yad qüvvələrdən
təmizlənməsinə sərf olundu. Azərbaycan türkü 1918-1920-ci ildəki
fəaliyyəti, dövlət
quruculuğu sahəsindəki
işləri ilə müstəqilliyə layiq
olduğunu göstərdi.
Bundan sonra 70 illik sovet dövrü başladı. Bu dövrdə 23 ayın üstündən qara xətt çəkmək,
xalqın yaddaşından
silmək cəhdləri
oldu. Amma yenə izlər
itmədi. Demokratik
cümhuriyyətin xarici
siyasətinin 3 əsas
istiqamətini göstərmək
olar: Elan olunmuş müstəqilliyin
dünyaya tanıdılması
və qəbul etdirilməsi; Qonşu ölkələrlə normal mehriban
qonşuluq münasibətləri
qurmaq cəhdləri; Azərbaycanın gələcək
inkişafını təmin
edən xarici siyasətin şərtlərinin
təmin olunması.
- Azərbaycan
Demokratik Cümhuriyyətinin
I Dünya müharibəsindən
yeni çıxmış
və siyasi dəyişikliklərin mövcud
olduğu qonşu ölkələrlə münasibətləri
necə qurulmuşdu?
- Azərbaycan
az vaxt
ərzində bir neçə ölkə ilə normal münasibətlər
qurmağa nail oldu. Hansı ki, bu dövlətlərlə
Azərbaycanın geopolitik
maraqları da uyğun gəlirdi. Bunların başında Osmanlı dövləti dayanırdı.
Osmanlı dövlətinin cümhuriyyətin
qurulmasında, Azərbaycan
türklərinin varlığında
danılmaz və böyük rolu olub. Gürcüstanla da normal münasibətlər
qurulmuşdu. İranla münasibətlərin
qurulması çətin
başlasa da, normal inkişaf yolunda davam etdi. Ermənistanla münasibətlər isə müharibə şəraitində keçdi
və demək olar ki qurulmadı.
Rusiya ilə də münasibət qurula bilmədi. Çünki Rusiya keçmiş
çar Rusiyasının
varisi olduğunu sübut elədi və bu, Azərbaycanın
işğalı ilə
nəticələndi.
- Azərbaycan
cümhuriyyətinin müstəqilliyini
elan etdikdən bir neçə gün sonra ilk imzaladığı sənəd
Osmanlı dövləti
ilə Batum müqaviləsi oldu. Bu müqavilə barədə
nə deyə bilərsiniz?
- Bununla bağlı çox yazılıb. Əsası o idi ki bu müqavilə yeni elan olunmuş
Azərbaycanın varlığını
qorumaq üçün
imzalanırdı. Osmanlı dövləti
də çətin vəziyyətinə baxmayaraq,
Azərbaycandan öz yardımını əsirgəmədi.
Bundan sonra Azərbaycanın müdafiəsi, Bakının
işğaldan azad olunması üçün
hərbi qüvvə göndərildi. Borclar verildi,
kadrların hazırlanması
üçün müəllimlər
göndərildi və
digər ehtiyacların
qarşılanmasında yardımlar
oldu.
- O dövrdə
İranla münasibətlərin
çox çətin
qurulduğunu söylədiniz.
Bu nədən irəli gəlirdi?
- Qacar xanədanı Arazın şimalında Azərbaycan
adlı dövlətin
yaranmasından ehtiyatlanır,
narahat olurdu. Ehtiyat ondan ibarət idi ki, qacarlar
Azərbaycanın İranın
tabeliyində olan Azərbaycanla birləşəcəyindən
ehtiyatlanırdı. Amma sonda
Bakı İranı inandıra bildi ki, münasibətlərin
qurulması Azərbaycanın
müstəqilliyinin gücləndirilməsinə
yönəlib. Bundan sonra
İran tərəfinin
mövqeyində yumşalma
oldu və hətta bəzi əməkdaşlıq planları
da ortaya çıxdı. Qacarlar Arazın
şimalında müstəqil
bir dövlətin olmasını strateji baxımdan öz maraqlarına uyğun gördü. Hətta İran
siyasi rəhbərliyinin
Azərbaycanla konfederativ
birləşməyə dair
arzu və istəkləri də vardı. Bundan sonra münasibətlərin
normal inkişafı başladı.
- Əlimərdan bəy Topçubaşovun rəhbərlik
etdiyi nümayəndə
heyətin Paris Sülh
Konfransına qatılması
dövrün mühüm
diplomatik hadisəsi idi. Bir az
da bu məsələ
üzərində dayanmanızı
istərdik.
- Bu, milli
tariximizin fəxr edə biləcəyimiz hadisələrindəndir. Nümayəndə heyəti çox hazırlıqlı şəxslərdən
ibarət idi və başında da Əlimərdan bəy Topçubaşov dayanırdı. Topçubaşov milli hərəkatın lideri və ideoloqlarından biri idi. Kiçik nümayəndə heyətimiz Azərbaycanın
tanıdılması istiqamətində
çox fədakar fəaliyyət göstərdi.
Az bir
vaxtda kiçik həcmli olsa da 20-yə yaxın müxtəlif dillərdə
kitablar nəşr olunaraq yayıldı. Həmçinin Parisdə ABŞ prezidenti, Avropanın o dövrki dövlət xadimləri, digər ölkələrin nümayəndə
heyətləri ilə
görüşlər oldu.
Onların işləri
nəticəsində cümhuriyyətin
tanıdılması qərarına
nail olundu.
- Gürcüstanla
münasibətlərdən danışdınız. Azərbaycan Türkiyədən
sonra Gürcüstanla
hərbi-strateji pakt imzaladı. Azərbaycanın bu qonşu ölkə ilə sonadək diplomatik münasibətlərinin davam
etdiyini görürük.
- Dövlətlər
arasında imzalanmış
müqaviləyə əsasən
Azərbaycan Gürcüstana
iqtisadi sahədə yardımlar elədi. Gürcü hökuməti
də çar ordusundan qalmış silah və döyüş
sursatlarını, hərbi
ləvazimatları Azərbaycana
verdi. Üstəlik gürcü zabitləri Azərbaycan ordusunda işə götürüldü.
Ölkələr arasında ərazi
və sərhəd məsələlərinin, o cümlədən
Borçalı ilə
bağlı mübahisənin
qalmasına baxmayaraq, münasibətlər normal inkişaf
edirdi. Onu da deyim ki, Gürcüstanın diplomatları o zaman təkcə Gürcüstanın
müstəqilliyi üçün
çalışmırdılar. Sovet liderlərilə görüşlərdə
Cənubi Qafqazın müstəqillik məsələlərini
müzakirə edir, bolşeviklərlə danışıqlarda
həm də Azərbaycanın məsələsini
qoyurdular.
- O vaxt Borçalı, Dağıstanın
Qasımkənd ərazisi
və s. kimi poblemli ərazilərin mövcudluğu bölgədə
gərginliyi saxlayırdı
demək olarmı?
- Bu mübahisələrin
olması təbii idi. Bölgədə milli dövlətlər
yeni yaranmışdı
və sərhədlər
əvvəllər olmamışdı.
Ona görə də sərhəd məsələsi
qonşular arasında
mübahisəyə səbəb
olmalı idi.
- Azərbaycanın işğalına dünya dövlətlərinin göz yummasını necə xarakterizə etmək olar? Belə demək olarmı ki, Azərbaycan bu işğalı dünya birliyinə o dövrdə də anlada bilməyib?
- O dövrədə Avropa müharibədən yeni çıxmışdı. Müstəqil dövlətlərin yaranması ilə bağlı siyasi fikir fərqli idi. Müstəqil dövlətlər coğrafiyasının genişləndirilməsi fikrləri yox idi. Avropada bu məsələyə sovetlərlə münasibətlər kontekstində baxılırdı. Məsələn, onlar sovetləri müvəqqəti rejim kimi görürdülər. Düşünürdülər ki, neftlə bağlı məsələdə sovetlərlə razılığa gələ bilsələr, bu məsələlərdə israr etmək lazım olmaz.
- Bəzi tarixçilər Azərbaycanın işğalını o dövrdə xarici siyasətdə, xüsusilə də Rusiya ilə münasibətlərdə yol verilmiş səhvlərlə əlaqələndirirlər. Məsələn, iddia olunur ki, bolşeviklər Bakıya müraciət edərək Denikinə qarşı birgə mübarizə aparmağı təklif edib. Amma Azərbaycan buna nəinki razılıq verməyib, hətta əksinqlabçıları dəstəkləyib. Bu da Azərbaycanın işğalı üçün Rusiyanın əlində bir arqument olub.
- Bu, arqument
yox, bəhanə idi. İşğal üçün Rusiya müxtəlif bəhanələr axtarırdı.
Ən böyük bəhanə isə fəhlə-kəndli
sinfinin Azərbaycan hökumətini "sevməməsi",
inqilab eləməsi oldu. Azərbaycan hökuməti Denikinlə
bağlı məsələdə
açıq şəkildə
bəyanladı ki, biz
müstəqilik və
başqa ölkələrin
işlərinə qarışmırıq,
Rusiya öz problemini özü həll eləsin.
- Cümhuriyyətin
süqutundan sonra mühacir Azərbaycan diplomatları fəaliyyətlərini
davam etdirdilər. Mühacirət diplomatiyasının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mühacir
diplomatların başında
Azərbaycanın Paris konfransında
iştirak edən rəsmi nümayəndə
heyəti dayanırdı.
Mühacirət Azərbaycan siyasi
fikrinin inkişafı
sahəsində fövqəladə
böyük işlər
gördü. Mühacir diplomatlarımız
Azərbaycan məsələsinin
dünyaya tanıdılmasında
böyük işlər
gördülər. Milli tariximizin
fəxr olunası işlərindən biri də məhz mühacirət diplomatiyamız
oldu.
Xalq Cəbhəsi.-
2011.- 28 aprel.- S.5.