“Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu”

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 27-də Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu” mövzusunda geniş konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov , 20-dən artıq media rəhbərləri, Suraxanı rayon ziyalıları, aktiv gəncləri və tələbələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önündə gül dəstələrini qoyublar. Sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqları İcra Hakimiyyətinin inzibati binası və Heydər Əliyev muzeyi ilə yaxından tanış edib.

Konfransı giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqları salamlayaraq konfransın mahiyyəti və vacibliyi haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli öz çıxışında Azərbaycan mətbuatına göstərilən dövlət dəstəyi və Fondun fəaliyyəti barədə geniş məlumat verib: “Başqa sahələrdə olduğu kimi media sahəsinin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Belə ki, iki il öncə yaradılan Fond Azərbaycanın müstəqil mətbuatının inkişafına xidmət edir. Fond KİV-lərin inkişaf etdirilməsi üçün layihə müsabiqələri və jurnalistlər arasında yazı müsabiqələri təşkil etmişdir. Bu da öz növbəsində jurnalistlərin peşəkarlığının artırılmasına və maddi-sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. Bundan əlavə KİV təşkilatlarına maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə birdəfəlik yardımlar edilmişdir”.

 

 

Real Cəfərli

 

Xalq Cəbhəsi.- 2011.- 28 aprel.- S.4.