"Nərimanova səlahiyyətlər verməyin"

 

 Orconikidze və Kirov Nərimanovun Bakıya göndərilməsini istəmirdilər

 

Orconikidze: "Hər şeyi elə qurmaq lazımdır ki, bizim üsyanı yatırmağımız müsəlmanlar arasında səs-küyə səbəb olmasın və kamalçıları bizdən çəkindirməsin"

 

II yazı

 

"Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri" kitabında göstərilir ki, guya 1920-ci il aprelin 28-də Azərbaycan inqilabi komitəsi Rusiya hökumətinə teleqram vuraraq bildirib: "Öz qüvvələrinmizlə daxili və xarici əksinqilabi quldur birləşmələrinin güclü hücumunun qarşısını almaq imkanına malik olmadığımızdan təklif edirik ki, qardaşlıq ittifaqına girək və qırmızı ordu dəstələrini göndərmək yoluyla təcili real köməklik göstərəsiniz".

4 may teleqramında isə deyilirdi: "Hakimiyyəti kommunistlərə təhvil verdikdən iki saat sonra piyada batalyonu olan zirehli qatar Bakıda idi. Ertəsi günü bizim süvari və ordu qərargahı gəldi (11-ci ordu nəzərdə tutulur-V.A.)".

Sonra teleqramda əhalinin böyük ruh yüksəkliyindən bəhs olunur: "Hətta, bu ruh yüksəkliyi Peterburqda oktyabr inqilabıyla eyniləşdirilirdi. Yalnız bir fərq göstərilirdi ki, burada heç bir toqquşma baş verməyib. Sənaye, ticarət donanmasına tamamilə toxunulmayıb. Neft məhsulları ehtiyatı 300 milyon puddan çoxdur. Aylıq istehsal 20 milyon puddur. Hələlik, Həştərxana yarım milyon pud yola salınıb. İxracatın həcmi Həştərxandan asılı olacaq. Azərbaycan sərhədlərində hərbi əməliyyatların dayandırılması ilə bağlı Ermənistan hökumətinə xəbərdarlıq haqqında müzakirələr sevinclə qarşılandı"...

Q.K.Orconikidze və S.M.Kirov daha sonra məlumat verirdi: "Yaxın vaxtlarda Azərbaycanda baş verənlər Gürcüstanda da olacaq. Gürcüstanla heç bir danışıq aparmayın. Sizin Azərbaycanı təbrik etməyiniz və onun ümumi formada tanınması vacibdir". 1920-ci il mayın 5-də Leninin Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə göndərdiyi teleqramda deyilirdi: "Xalq Komissarları Soveti müstəqil Azərbaycan respublikasının zəhmətkeş kütlələrinin azad edilməsini təbrik edir".

Orconikidze və Kirovun məlumatında daha sonra qeyd olunur: "Azərbaycanın Sovet Rusiyası ilə hərbi, təsərrüfat və iqtisadi birləşməsini həyata keçirəcəyik. Təcrübə bizə, bütün Qafqazda, eləcədə başqa yerlərdə Xalq Komissarları Sovetinin adından səlahiyyət vermənizi istəyir. Təcili radio ilə, yaxud kimləsə göndərməklə, bizi bu səlahiyyətlə təmin edin. Nərimanova belə səlahiyyətlər verməyin (buradan göründüyü kimi, əgər əvvəllər Orconikidze və Kirov Nərimanovu təcili Bakıya göndərməyi xahiş edirdilərsə, indi artıq onun Bakıya gəlişini istəmirdilər, səbəb isə, onun nüfuzundan və onların hər ikisinin pərdəarxası oyunlarının Nərimanov tərəfindən ifşa olunacağından qorxmaları idi - A.V.)".

Q.K.Orconikidzenin Bakıdan V.İ.Leninə və İ.V.Stalinə 1920-ci il 12 dekabr tarixli teleqramında isə Gürcüstandakı vəziyyətlə, o cümlədən Dağıstanla bağlı məlumat verilir. Burada Azərbaycanla bağlı bir neçə cümlə diqqəti cəlb edir. Teleqramda deyilirdi: "Hər şeyi elə qurmaq lazımdır ki, bizim tərəfdən üsyanın yatırılması müsəlmanlar arasında səs-küyə səbəb olmasın və kamalçıları (Mustafa Kamal Atatürk hökumətinə işarədir-V.A.) bizdən çəkindirməsin".

Burada söhbət, 1920-ci ilin mayında Gəncədə antisovet üsyanından gedir. Onun təşkilində türk zabitləri iştirak edir. Üsyançıların böyük bir hissəsi müsəlmanlardan ibarət idi. Üsyanın qəddarlıqla yatırılması məsələsi Türkiyə Böyük Millət Məclisində geniş müzakirə olunur.

Sonra Gürcüstanın da sovetləşdirilməsi məsələsini işləyib hazırlamaq planlaşdırılır. 1920-ci ilin aprelin ortalarında Gürcüstanda hakimiyyətə qarşı yerli kommunistlər tərəfindən təşkil olunmuş üsyan məğlubiyyətlə başa çatır.

Gürcü hökuməti üsyanı yatırır. Onun iştirakçılarının bir çoxu həbsxanaya salınır. Orconikidze 1920-ci il aprelin 23-də gürcü kommunistələrinin həbsi haqqında Lenin və Çiçerinə teleqrafla xəbər verir. (Buradan aydın olur ki, Azərbaycanı işğal etməzdən əvvəl Sovet Rusiyası Gürcüstanı işğal etmək fikirində olub. Lakin Gürcü hökumətinin qəti addımı bunun qarşısını alır-V.A.).

XI qırmızı orduu Azərbaycanı işğal etdikdən sonra bura sovet hakimiyyətinin sonrakı fəaliyyəti üçün əsas dayaq məntəqəsi oldu.

Q.V.Çiçerinin Q.K.Orconikidzeyə 1920-ci il 19 iyun tarixli teleqramı diqqəti cəlb edir. Teleqramda bildirilirdi: Qarabağ, Zəngəzur, Şuşa, Naxçıvan, Culfa nə Ermənistana, nə də Azərbaycana birləşdirilməməli, yerli sovetlər yaratmaqla Rusiyanın hakimiyyəti altında qalmalıdır. Əks təqdirdə, başqa qərarlar, ümumi vəziyyətin tələb etdiyi sülh siyasətimizi poza bilər (burada söhbət mübahisəli ərazilər haqqında gedir-V.A.). Orconikidze 1920-ci il mayın 22-də Leninə, Stalinə və Çiçerinə göndərdiyi teleqramında yazırdı: "Mənə elə gəlir ki, Şuşa, Naxçıvan, Ordubad və Culfa ermənilər tərəfindən heç bir müqavimətə rast gəlmədən işğal olunmalıdır".

Buna baxmayaraq mübaHisəli ərazilər məsələsi erməni hökumətinin nümayəndələrilə (Azərbaycanın iştirakı olmadan-V.A.) Moskvada həll olunurdu. Siyasi büro "rus ordusunun köməyilə təcili sovetləşdirmə təşəbbüsünü öz üzərinə götürməməyi və Ermənistan hökuməti ilə danışıqları davam etdirmək qərarını vermişdi".

Q.V.Çiçerin RK(b)P MK Siyasi bürosuna 22 iyun 1920-ci il tarixli məktubunda RK(b)P MK SB-yə məlumat verərək bildirirdi ki, "Bakıdakı yoldaşlar intizamsızlıq edirlər (Çiçerin Bakı yoldaşları deyəndə əsasən Orconikidzeni, Kirovu, Leqran və başqalarını nəzərdə tuturdu. - V.A). Onların siyasi xətdən kənara çıxmaları Mərkəzi Komitə tərəfindən müəyyənləşdirilərək qərar çıxarılmalıdır". O, həmin şəxslərin cilovlaması üçün ölçü götürülməsini tələb edirdi. Çiçerin təklif edirdi ki, mərkəzdən buraya Qafqaz qruplaşmasına daxil olmayan nüfuzlu yoldaşlar təyin olunsun. Həmin şəxslərə Xalq Komissarları Soveti səlahiyyət versin. Bu məktubda Gürcüstan və Ermənistanla münasibətlərdə daha ehtiyatlı olmaları haqqında fikirlər əsas yer tuturdu.

Çiçerin sovet qoşunlarının ələ keçirilməsi nəzərdə tutulan mübahisəli ərazilərin Azərbaycana birləşdirilməsinin mümkün olmadığını yazır: "Belə bir addım atılarsa, onda Ermənistanla razılaşmanı qeyri-mümkün edəcək (söhbət Qarabağ, Zəngəzur qəzası, Naxçıvan, Culfa, Şərur, Dərələyəz qəzalarından gedir-V.A.)".

İlk vaxtlar Moskva Azərbaycanla hesablaşırdı. Cənubi Qafqazda hər hansı bir tədbir keçirmək istəsəydi, onda Azərbaycanın mövqeyini nəzərə alırdı. Ancaq sonrakı mərhələdə, yəni Azərbaycanda Sovet hakimiyyəti möhkəmləndikcə Azərbaycanın hakimiyyət orqanlarının fikirləri daha nəzərə alınmırdı.

Q.K.Orconikidze V.İ.Leninə, Q.V.Çiçerinə, İ.V.Stalinə göndərdiyi 16 iyul 1920-ci il teleqramında (teleqram 16 iyul 1920-ci ildə Bakıdan vurulmuşdu-V.A.) belə hesab edir ki, "Çiçerinin dəvətilə Azərbaycan nümayəndə heyəti gələnə qədər Ermənistanla sülh bağlamağı gözləmək vacibdir".

Burada söhbət Azərbaycan və Ermənistan sərhədlərindəki vəziyyətin tənzimlənməsi ilə əlaqədar RSFSR və Ermənistan arasında danışıqlardan gedir. Moskva mübahisəli sərhəd məsələsini uzun müddət, Azərbaycan nümayəndələrinin iştirakı olmadan həll etmək fikrində olub. Sonra Orconikidzenin teleqramında bildirilirdi: "Azərbaycanın iştirakı olmadan Ermənistanla sülh bağlanması buradakı yoldaşları çox əsəbləşdirir. Naxçıvan rayonunda ermənilər və tatarlar arasında qırğınlar qaçılmazdır. Bundan qaçmaq üçün yalnız bizim irəliyə doğru hərəkətimiz və Naxçıvan rayonunun işğalı ilə mümkündür".

Stalin Orconikidzeyə göndərdiyi 1920-ci il 8 iyul tarixli teleqramında isə yazırdı: "Mənim fikrim belədir ki, tərəflər arasında uzun müddət manevr etmək olmaz, tərəflərdən birini qəti surətdə müdafiə etmək lazımdır. Hazırki vaxtda əlbəttə, Türkiyə ilə Azərbaycanı müdafiə etmək lazımdır. Mən Leninlə danışmışam, o, etiraz etmir".

Orconikidze Azərbaycana xüsusi önəm verirdi. Ona Bakıda qalıb Azərbaycan inqilab komitəsinin siyasi rəhbərliyini öz üzərinə götürməsi göstərişi verilmişdi. Bu dövrdə (yəni 1920-ci ilin noyabr ayı-V.A.) Türkiyə hökuməti Ermənistana sovet qoşunlarının yeridilməsi və burada sovet hökumətinin qurulmasını istəyirdi. Bununla da Türkiyə arxasını möhkəmlətmək fikirində idi. Çünki Sevr müqaviləsilə Türkiyənin bir hissəsini faktiki olaraq Qərb dövlətləri işğal etmişdi. Ona görə də bir cəbhədə müharibə aparmaq üçün Ermənistanla müharibəyə birdəfəlik son qoymaq istəyirdi.

Q.K.Orconikidzenin RK(b)p MK-ya, V.İ.Leninə, L.D.Trotskiyə, İ.V.Stalinə 1921-ci il 6 fevral tarixli teleqramında Bakı ilə bağlı verilən məlumatda, deyilirdi: "Yazın gəlişinin yaxınlaşması ilə Qafqazda vəziyyət daha da gərgin olacaq. Əhalinin dolanışığı ağır olaraq qalır. Ağır at-araba mükəlləfiyyətləri kəndlilərin əkin sahələrini səpmək imkanlarından məhrum edir. Ona görə mülkədar torpaqları haqqında bütün bizim danışıqlarımız boş söhbət olaraq qalır. Kəndlilər nəinki mülkədar torpaqlarını, hətta bir parça torpağını belə şumlamaq imkanından məhrumdur".

Yuxarıda bolşevik yazışmalarında qeyd olunan, ayrı-ayrı bölgələrdə baş vermiş sosial-iqtisadi və siyasi hadisələr haqqında, rabitəsiz məlumatlar verilsə də, hər halda, ilkin mənbə kimi olduqca maraqlıdır.

Eyni zamanda, bu məlumatların qiyməti ondadır ki, onlar subyektiv, siyasi və partiya mövqeyi xarakteri daşımasına baxmayaraq, Azərbaycanın XX əsr tarixi ilə bağlı ilkin mənbə xarakteri daşıyır.

Beləliklə, tarixi faktlar vasitəsilə XX əsrin yalnız 1920-1921-ci illərinə az da olsa nəzər yetirə bildik. Bu zaman nələri müşahidə etdik: 1) 1920-ci il aprelin 28-də Şimali Azərbaycanda Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi üçün sovet-rus ordusu Azərbaycanı işğal etdi; 2) Azərbaycanın təbii sərvətləri - neft və s. məhsulları təmənnasız olaraq Rusiya Sovet imperiyasının ümumi malı hesab olundu; 3) Azərbaycanın idarə olunması və ərazi bütövlüyü məsələsi sovet hökumətinin nəzarəti altında həll olunması nəzərdə tutulurdu və s. 

 

 

Vaqif Abışov,

Tarix üzrə fəlsəfə doktoru

 

 Xalq Cəbhəsi.- 2011.- 29 aprel.- S.10.