"Şəhriyarın əsərlərinə
çəkilən miniatürlər"
Fəxrəddin Əli:
"Şəhriyara olan vurğunluğum uşaqlıqdan bəri
ürəyimdə qövr eləyən nisgilimdəndir"
Böyük Azərbaycan
şairi Məhəmmədhüseyn Şəhriyar haqqında
yeni bir kitab nəşrə hazırlanır. Bu barədə
tanınmış miniatürçü rəssam Fəxrəddin
Əli məlumat verib. Kitab "Şəhriyarın əsərlərinə
çəkilən miniatürlər" adlanacaq. 90-a yaxın
miniatürün yer alacağı kitabın nəfis tərtibatla
çıxacağı gözlənilir. Habelə kitabda
şairin əsərləri də yer alacaq.
Şəhriyar şeirlərini
Azərbaycan və fars dillərində yazıb. 1906-cı ildə
Təbriz yaxınlığındakı Xoşginab kəndində
anadan olub. 1921-ci ildə Tehrana gələn Şəhriyar Dar-əl-Fənun
məktəbində orta təhsilini tamamlayıb. Sonra isə
ali təhsilini Tehran Universitetinin tibb fakültəsində
davam etdirib. İlk şeirlər toplusunu 1929-cu ildə
çap etdirib. Keçən yüzilin 50-ci illərinin birinci
yarısında yazdığı "Heydərbabaya salam"
şeirlər toplusu isə sovet Azərbaycanında
böyük maraq oyadıb. 18 sentyabr 1988-ci ildə vəfat
edib.
Fəxrəddin Əli ötən
illər ərzində Azərbaycan tarixində şərəfli
yer tutmuş qəhrəmanlarımızın portretlərini məharətlə
yaratmağa müvəffəq olub. Onun bir rəssam olaraq
uğuru onun miniatür janrında çoxsaylı,
özünəməxsus əsərlər
yaratmasındadır. Xüsusilə rəssamın
böyük Azərbaycan şairi Məhəmmədhüseyn
Şəhriyarın əsərlərinə, həmçinin
məşhur "Heydər babaya salam" poemasına çəkdiyi
çoxsaylı miniatürləri diqqəti cəlb edir.
1979-cu ildə "Yazıçı" nəşriyyatı
tərəfindən buraxılmış "Aman,
ayrılıq" adlı şerlər və poemadan ibarət
kitab oxucular arasında böyük rəğbət
doğurdu. Şəhriyarın nisgilli, milli ruhu ifadə edən
əsərləri Fəxrəddin Əlinin gözəl və
məzmunlu miniatürlərilə müşayiət olunurdu.
Rəssamın
yaradıcılığında Güney Azərbaycan
mövzusu xüsusi yer tutur. O, deyir: "Dərdlərimiz
böyükdür. Əsrlərlə çəkdiyimz
acı-ağrı nəinki azalmadı, əksinə,
artdı. Belə çıxır ki, hələ bundan sonra
neçə-neçə nəsillər
parçalanmış yurdumuzun nisgilini ürəklərində
yaşadacaqlar. Şəhriyara olan vurğunluğum
uşaqlıqdan bəri ürəyimdə qövr eləyən
nisgilimdəndir. Uşaqlıqdan bitib-tükənməyən
Güney həsrəti üstə köklənmişəm".
F.Əli 1979-cu ildə Bakıda "Heydər babaya salam"
poemasının işıq üzü görməsindən
danışır: "Əslən Güneydən olan
Qulamhüseyn Beqdeli İrana getməyə
hazırlaşırdı. Bunlar Güney Azərbaycanda
tanınmış, həm də imkanlı bir nəsildirlər.
O, axır ki, İrana getməyə müvəffəq oldu. Gedərkən
ona Şəhriyarın yağlı boya ilə çəkdiyim
portretini verdim ki, ona çatdırsın. Hələ Beqdeli
yola düşməmişdən əvvəl belə bir təklif
irəli sürdü ki, Şəhriyarın "Heydər
babaya salam" poemasına miniatürlər çəkim. Həmin
miniatürləri çəkdim, 25 miniatürün
altından Beqdeli ərəb qrafikası ilə müəyyən
parçaları ora yazdı. Bu kitabı çap etdirmək
üçün çox çalışdıq. Ancaq bir səmərəsi
olmadı. Hara gedirdiksə, deyirdilər yox, belə olmaz, bizə
inqilabi ruhlu şeirlər lazımdır. Yadımdadır,
söhbətimizə qulaq asan bir nəfər heç gözləmədiyimiz
halda dedi ki, sabah o materialları "Yazıçı" nəşriyyatına
gətirərsiniz. Sonra bildim ki, bu, rəhmətlik Əjdər
Xanbabayev imiş. Əjdər Xanbabayev materiallarla tanış
oldu, söz verdi ki, bunu mütləq çap etdirəcək.
Biz kitabı əski əlifbada çap etdirməyi qərara
almışdıq ki, İrana göndərək, ancaq kiril əlifbası
ilə çap etdirməli olduq. "Aman, ayrılıq"
adlı kitab beləcə yarandı. O dövrdə bu
kitabın çıxması çox böyük səs-soraq
saldı. Artıq o zaman İranda şah devrilmiş, Xomeyni
hakimiyyətə gəlmişdi".
Portretin Şəhriyara
çatması da bir möcüzə olub: "Bu zaman
İrana getməyi üçün məqam yaranmış
Qulamhüseyn Beqdeliyə Şəhriyara çatası
miniatürlərin surətləri, eləcə də portreti o
tərəfə keçirməkdə mane olmuşdular.
Axırda çarəsiz qalan Beqdeli deyir ki, birdəfəlik
İrana gedirəm, bu, atamın portretidir. Həhayət, bu
yolla Şəhriyarın çəkdiyim portretini aparmaq
müyəssər olur. Bu, çoxlu əziyyətlərdən
sonra gedib İrana çıxır, Şəhriyarla
görüşür. Mənə məktub yazdı. Orada
bütün təfərrüatı ilə Şəhriyarla
olan görüşünü təsvir etmişdi.
Yazırdı ki, mən Şəhriyarla görüşə
gedən vaxtı payız fəsli idi. Onun həyətindəki
heyva ağacı başını hovuza əymişdi. Şəhriyar
ikinci mərtəbədə ayaq üstə durmuşdu.
Çıxdım yuxarı, ustadın əlindən
öpdüm, qardaş kimi qucaqlaşdıq. Heçə ilin
həsrətliləri sayaq hər ikimiz ağladıq, sonra
içəri keçdik. Uzun söhbətdən sonra Şəhriyara
dedim ki, Bakıdan Fəxrəddin Əlizadə adlı bir rəssamın
çəkdiyi portreti sizə hədiyyə olaraq gətirmişəm.
Şəhriyar əsərə çox böyük
heyranlıqla baxdı. Dedi ki, əllərindən öpürəm.
Mən indiyə qədər belə bir hədiyyə
almamışdım. Bu, mənim ömrümdə ən əziz
bir ərməğan olacaq".
Rəssam o dövrdə
Şəhriyarla olan telefon danışıqları barəsində
də danışır: "Bir gün Beqdeli ilə telefon
danışığı zamanı xahiş etdim ki, Şəhriyarın
telefon nömrəsini mənə versin. Həhayət, telefon
nömrəsini əldə etmək mümkün oldu. O zaman
İranla danışmaq üçün gərək əvvəlcə
Moskvaya zəng edəydin. Xüsusi razılıqdan sonra
İranla danışmağa icazə verilirdi. Moskvadan
Tehranı, Tehrandan da Təbrizi aldılar, nəhayət, Şəhriyarla
danışmaq mənə qismət oldu. O, adımı
eşitcək çox mütəəssir oldu. Bakını
görmək həsrətilə yaşadığını
dilə gətirdi. Soruşdum ki, ustad, necəsiniz? Hiss etdim ki,
əhvalı rəvan deyil. Dedim ki, sizin "Heydər babaya
salam" poemanıza çoxlu miniatürlər işləmişəm.
Halı barədə bunları dedi ki, quşum uçub,
ağlım çaşıbdı. Uşaqlar xəstədir,
kaş onların əvəzinə mən öləydim. O
zaman Şəhriyarın həyat yoldaşı Əzizə
xanım bərk xəstə idi. Mən ona
cansağlığı dilədim. Bizim telefon söhbətimiz
yarım saatdan çox çəkdi. Bu tərəfdən də
telefonçu qız məni tələsdirirdi ki, bu qədər
danışırsınız, bilirsinizmi ki, xərci nə qədərdir?
Əsəbləşdim ki, ay qız, o xərci ödəmək
mənlikdir, imkan verin, danışaq. Doğrudan da mənim
üçün telefonun çoxlu pul yazması qətiyyən
əhəmiyyətli deyildi. İllərlə
arzuladığım istəyimə yetmişdim. Kaş indi o
söhbət yazılı şəkildə qalaydı. Şəhriyar
Bəxtiyar Vahabzadəyə, Süleyman Rüstəmə
salamlarını yetirməyimi xahiş etdi".
"Şəhriyarın bura
gəlməsinə qəti şəkildə imkan vermədilər"-deyən
F.Əli onunla dörd dəfə telefonla
danışdığını xatırlayır:
"Axırıncı dəfə telefonla əlaqə
yaratmağıma qəti şəkildə imkan vermədilər.
Zəng etdim, dedilər ki, bu nömrədə belə bir adam
yaşamır. Dəfələrlə israr etdim ki, siz nömrəni
yığın, nə bilirsiniz yaşamır. Sonra
ağlıma gəldi ki, Şəhriyarın dəfələrlə
beləcə danışması ola bilsin, İran tərəfini
ehtiyatlı hərəkət etməyə vadar edib. Şəhriyar
söhbət zamanı şikayətlənirdi ki, burada qədir-qiymətim
yoxdur. Şəhriyar vəfat edərkən dəfninə getmək
istəyim oldu. Dəfələrlə əlaqədar təşkilatlara
Şəhriyarın dəfninə getmək məqsədilə
icazə üçün müraciət etdim. Böyük bir
inadla viza üçün çalışdım, zəhmətim
boşa getdi. Beqdeliyə müraciət etdim, o da kömək
edə bilmədi. Heyf ki, Şəhriyarın
sağlığında Təbrizə getmək istəyim
ürəyimdə qaldı. Ancaq sonradan Şəhriyarın
yubileylərində iki dəfə ora getmişəm. Təbrizə
getdim, hər iki dəfədə soydaşlarımız tərəfindən
böyük bir sayğı ilə qarşılanmışam.
Güney Azərbaycana olan böyük sevgimdə, həmçinin
xüsusilə də Şəhriyarın əsərlərinə
çəkdiyim miniatürlərdən orada yaşayan
soydaşlarımız məni yaxşı tanıyır və
həmişə xatırlayırlar. Bu sevgi mənim
üçün hər şeydir".
Araşdırmaçı Əkrəm
Rəhimli deyir ki, farslar əllərindən gələni etdilər
ki, Şəhriyarı farslaşdırsınlar, ancaq
bacarmadılar. Şəhriyarın doğulduğu kəndin
türklüyü, nəsli, yaradıcılığında
türk ruhunun aparıcı olması farsları susdurdu. Gərək
əsas olsun axı? Bu da ki, yoxdur. Bu farslar ümumiyyətlə,
"türk" sözündən qorxurlar. Şəhriyara
anası vaxtilə deyibmiş ki, ay bala, sən mənim
danışdığım dildə yaz, bir görüm, nə
yazırsan. Şəhriyar bunu öz xatirələrində
yazıb. Məhz bundan sonra Şəhriyar məşhur
"Heydərbabaya salam" poemasını yazıb. Farslar
çalışırlar ki, Şəhriyarın guya fars
olmasını sübut eləsinər. Digər tərəfdən
də "sübut etmək" istəyirlər ki, o, məhz
fars poeziyasının təsiri altında Şəhriyar olub.
Milli oyanışımızda Şəhriyar
poeziyasının böyük rolu olub. Güney Azərbaycanda
Şəhriyardan bəhrələnmə genişdir".
Şəhriyarın böyük babasının adı Seyid Əli, böyük nənəsinin adı Seyidxanım, atasının adı isə Seyid İsmayıldır. Atasının el içində böyük hörməti olduğuna görə ona "Hacı Mirağa Xoşginabi" deyərmişlər. Şəhriyarın atası peşə etibarilə ədliyyə vəkili olub. Şəhriyar çoxsaylı şeirlərində təmiz türk olduğuna aydınca işarə edir, həmçinin türk dilinin ən yüksək dil olduğunu bəyan edir, bu dillə fəxr edir: "Onun şeirlərində Milli Oyanışa böyük çağırış var. Bu, şah dövründən başlayaraq onun yaradıcılığında möhtəşəmcəsinə ifadəsini tapıb, indi daha böyük təsirini göstərməkdədir".
Uğur
Xalq
Cəbhəsi.- 2011.- 29 aprel.- S.14.