Gülümsə, Ələkbər əmi!...

 

 Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Hüseynovun vəfat günüdür. Uzun sürən xəstəlikdən sonra 2007-ci il avqust ayının 2-də 46- yaşında vəfat edən Ələkbər Hüseynov ömrünün sonunadək Azərbaycan Dövlət Kukla Teatrında çalışıb.

 

Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı olan Ələkbər Adıgözəl oğlu Hüseynov - uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.

Ələkbər əmi 1961-ci ildə Bakıda anadan olub. O, 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərində Qurban, H.X. Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N. Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R. Əlizadənin "Tıq-tıq xanım"ında dirijor, Qoca və Müğənni, A. Ostrovskinin "Qar qız"da Lel, R. Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynayıb. Ə. Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü tamaşaya hazırlayıb. Aktyor "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. 2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. 2000-ci ildə Ə. Hüseynov Əməkdar Artist fəxri adına layiq görülüb. Ə.Hüseynov bir sıra digər festivalların da iştirakçısı və mükafatçısıdır. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatları laureatıdır. Beynəlxalq Festivallarda iştirak edib.

Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur. Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhval-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb. Mükafatın təqdimetmə mərasimi 2007-ci il martın 13-də Rəşid Behbudov adanı Mahnı Teatrında keçirilib. Mükafatı xüsusi olaraq bu məqsədlə Bakıya gələn Təbəssüm Ordeni Kapitulasının sədri Marker Mixalak şəxsən təqdim edib. Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib. 1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub. Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var.

Xatırladaq ki, dişini cərrahiyyə etdirən zaman hepatit virusuna yoluxan Ələkbər Hüseynov uzun müalicə kursları keçsə də, sağlamlığını bərpa edə bilməyib.

Gənc dramaturq Şəbnəm Xeyrulla Ələkbər Hüseynovu çox rollar oynayan bir aktyor kimi xatırlayır: "Amma mənim yaşıdlarım üçün, elə məndən yaşca daha böyüklər üçün də o "Ələkbər əmi" olaraq yaddaşlarda qalıb. Vaxtilə dövlət televiziyası ilə yayınlanan "Hər birimiz bir çiçək" verilişini demək olar ki, bütün uşaqlar maraqla izləyir, Ələkbər əmini elə öz doğma əmiləri kimi sevirdilər. Mən də o dövrün uşaqlarındanam. Təəssüf ki, nə biz uşaqlar, nə də valideynlərimiz onu qoruya bilmədik.

Onun baş rol aldığı maraqlı bir tamaşa var: "Bala - başa bəla". Nədənsə lap əvvəldən bu tamaşaya baxanda ürəyim sıxılırdı. Bu yaxınlarda anamla həmin tamaşa haqqında danışanda bunun səbəbinin nə ola biləcəyini soruşdum. Əslində axı müstəqillik illərində çəkilmiş ən uğurlu televiziya tamaşalarımızdandır, aktyorlar da rollarını məharətlə oynayıblar. Anam dedi ki, bu çox güman ki, psixoloji bir şeydir. Uşaq vaxtından çox sevdiyim bir insanı tamaşada "incitdikləri" üçün mən özümü pis hiss edirmişəm. Yaxşı-yaxşı düşünəndə belə olduğunu özüm də başa düşdüm.

Başqa nə deyəcəyimi bilmirəm. Təəssüf ki, bizdən sonrakı nəsillərin belə yaxşı əmisi olmayacaq. Buna çox üzülürəm. Allah rəhmət eləsin! Qəbrin nurla dolsun, Ələkbər əmi!"

Ələkbər əminin yaxın dostlarından olan uşaq yazıçısı Aygün Bünyadzadə hesab edir ki, Ələkbər əmi mərd, qeyrətli və həyat eşqi ilə dopdolu insan kimi xatirələrdə yaşayır:"Bir də ölümün gözünün içinə dik baxmağı bacaran əsl İNSAN öləcəyini bilirdi. Amma qorxmurdu ölümdən və qalan qısa ömründə ətrafındaki hər kəsə çox böyük həyat eşqi bəxş edir və çətinliklərlə mübarizə dərsi keçirdi. 2004 - cü ildə tanış olmuşuq. Mən Ələkbər əminin xəstəliyini eşidib onunla daha yaxından maraqlanmağa başladım və onun haqqında bir nağıl yazdım. Günlərin bir günü isə ona zəng etdim. O da məni tamaşaya dəvət etdi. Getdim. Xəstəliklə bağlı verdiyi uzunmüddətli fasilədən sonra ilk tamaşası idi. Mən də ilk dəfə idi ki, Kukla Teatrında olurdum və təbii ki, Ələkbər əminin tamaşasını da ilk dəfə görürdüm. İnan ki, Oktay, səhnədəki Ələkbərə baxırdım və gözlərimdən yaş axırdı. İçimdən isə bir səs mənə deyirdi ki, bu adamı ölməyə qoyma mübarizə apar. Və tamaşa bitdi. Mən Ələkbərə yaxınlaşdım. Tanış olduq və mən ona dedim ki, Ələkbər, biz telefonda tanış olmuşuq öz yerində. İkimiz də uşaqlar üçün çalışırıq, bu da öz yerində. Amma mənim bura gəlişimin məqsədi var. Bilirəm ki, sənə qara ciyər lazımdır. Mən bura sənə öz qara ciyərimi təklif etməyə gəlmişəm. İnan ki, gözləri yaşardı. Dedi: " - Bəs sən necə olacaqsan?" Dedim: " - Sən mənim fikrimi çəkmə, mənim qara ciyərimdən kiçik bir parça kəsib sənə köçürəcəklər, vəssalam!" Yoxlatdıq, məsləhət etdik həkimlərlə. Olmadı. Sən demə mən sarılıq xəstəliyi keçirdiyim üçün qara ciyərim zədəli imiş. Beləcə olduq "qara ciyər bacı - qardaşı"! Sonra ömrünün sonuna qədər mənimlə zarafat edirdi ki, sən öz "brakovannı" qara ciyərini mənə soxuşdurmaq istəyirdin? Xəstəliyi ona diş həkimi olan bir dostu "hədiyyə etmişdi". Eşitdiyimə görə sonra həmin həkim özü də bu xəstəliyə yoluxmuşdu.

Müalicəsi Almaniyada mümkün idi. Ona da pul tapılmadı. Heç kim kömək etmədi. Ələkbər ölməmişdən bir gün əvvəl müraciət etdiyimiz yerlərə zəng edib bir-bir hamısına dedim ki, etdiyiniz yardım üçün təşəkkür edirəm. Bu adam sayənizdə həyata vida edir və ağlayaraq dəstəyi asdım.

Bu sözsüzdür ki, Ələkbər əmi o dövrdəki uşaqların hamısına böyük təsir edib. Təəssüf ki, hazırda onun yolunu davam etdirən heç kim yoxdur. Onun kimiləri az-az gəlir yer üzünə. Bizdə bir Hüseynağa Sadıqov vardı - Xoruz baba, bir də Ələkbər əmi yetişdi. Onlardan sonra kim olacaq, Allah bilir. Ən faciəlisi odur ki, bizim məmləkətdə uşaqlarla məşğul olan, həyatını onlara həsr edən insanlara "barmaqarası" münasibət bəsləyir, qeyri-ciddi yanaşırlar. Mən Ələkbərə, özümə və ətrafımda uşaqlarla çalışmaq istəyənlərə münasibətin canlı şahidiyəm.

Xarici ölkələrdə isə bizimkilərdən fərqli olaraq uşaqlarla çalışmaq ən çətin iş hesab olunduğundan məhz həmin insanların işi digər sənətlərdən daha yüksək dəyərləndirilir. Belə olmasaydı mən və mənim kimi həyatını uşaqlara həsr etməyə qərarlı olan bəlkə də onlarla şəxs bu gün Azərbaycanda və eyni zamanda aktiv fəaliyyətdə olardıq. Belə olmasaydı bu gün bizim teleradio məkanında dəyərli uşaq verilişləri olardı, kitab mağazalarında əlvan şəkilləri olan boş və mənasız deyil,çox maraqlı uşaq kitabları satılardı, teatrlarda gözəl tamaşalar qoyular, üstəlik rejissorlarımız tərəindən əla uşaq filmləri çəkilərdi... Necə deyərlər, meydanı boş görüb, kim gəldi ortalığa atılmazdı... Allah rəhmət etsin Ələkbər əmiyə, elə onun özünə də dəfələrlə çox yüksək qonorarla xarici ölkələrdə qalmaq təklif edilsə də Vətənini hər yerdən üstün tutmuşdu"...

 

Oktay Hacımusalı

 

Xalq cəbhəsi.- 2011.- 3 avqust.- S. 12.