Tarixin erməni yalanları

 

 ABUC elmi əsası olmayan erməni iddialarını ifşa edir

 

ABUC-un Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan torpaqlarına erməni iddialarının gerçək tarixi faktları əks etdirən təkzibedilməz dəlillərlə ifşası" layihəsi yekunlaşıb. Avqustun 3-də "Olaylar" informasiya agentliyinin ofisində bununla əlaqədar mətbuat konfransı keçirlib. Layihənin rəhbəri Elman Cəfərli görülən işlərin zəruriliyindən danışıb.

 

 O deyib ki, əsas məqsəd tariximizi təhrif edən erməni yalanlarının ifşa olunması olub: "Erməni tarixçilərinin əsərlərində belə bir konsepsiya hakimdir ki, Albaniyanın Kür-Araz ovalığının (onların dili ilə desək, sağ sahil Albaniyasının) bir hissəsi, o cümlədən Dağlıq Qarabağ ərazisi bizim eranın 387-ci ilinədək "Böyük Ərməniyyə"nin tərkib hissəsi olub və göstərilən tarixdən sonra albanlara keçib. Guya Albaniyanın bu hissəsində əzəldən ermənilər yaşayıblar və ya yerli əhali 600 il ərzində erməniləşib. Erməni ekstermistlərinin son illərdə Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları da əsasən bununla bağlıdır.

Layihə rəhbəri deyib ki, erməni alimlərinin əsas məqsədi Dağlıq Qarabağ da daxil olmaqla digər ərazilərin işğalına ideoloji əsas yaratmaq, tarixi don geydirməkdir. Erməni iddialarının bu gündavam etdiyini deyən layihə rəhbərinin fikrincə, əsas diqqət alban dili və ədəbiyyatının tədqiqinə yönəldilməlidir. Son illər bu istiqamətdə sanballı əsərlərin yazıldığına diqqəti çəkən Elman Cəfərli deyib ki, bu əsərlər alban ədəbiyyatını öz adına çıxan ermənilərə tutarlı cavabdır: "Hələ sovet dövründə tarixşünaslıqda "erməni qıpçaqçası" deyilən bir ifadə vardı. Ermənilər bu dili, bu dildə yazılmış bütün nümunələri öz adlarına çıxırdılar. Tarixçi alim Bəxtiyar Tuncay vaxtilə Qafqaz Albaniyasından Ukraynaya köç etmişorada çoxsaylı əsərlər yazmış alban müəlliflərinin əsərlərini tədqiq edərək bu nəticəyə gəlib ki, əslində erməni qıpçaqçası elə alban dilidir. Araşdırmalar əsasında "Qafqaz albanlarının dili və ədəbiyyatı" kitabı nəşr olundu". Əldə olunmuş mətnlər içərisində Azərbaycanın, o cümlədən Qarabağ və Zəngəzurun tarixi barədə elmə məlum olmayan çox dəyərli məlumatlar da bulunmaqdadır. Sözügedən əsərlər alban dilində, daha dəqiq desək, qıpçaq türkcəsindədir. Onların həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırılmasına böyük ehtiyac var. Çünki bu materiallar erməni yalanların ifşa etmək və həqiqəti üzə çıxarmaq baxımından əvəvzsiz mənbədir". Layihə rəhbəri bildirib ki, son dövrlərdə erməni iddialarının kökünü qazımaq və həqiqəti ortaya qoymaq baxımından çox sayda təkzibedilməz dəlil və faktlar üzə çıxarılıb. Fəqət bu qiymətli materiallar sadəcə Azərbaycanın dövrü mətbuatında dərc edilib. Bu səbəbdən də geniş dünya ictimaiyyətinin, eləcə də ölkəmizin akademik dairələrinin bunlardan xəbəri yoxdur. Bu baxımdan münaqişəylə bağlı həqiqətlərin, eləcə də Qarabağın tarixinin, bu bölgənin qədim zamandan Azərbaycan xalqının dövlətçilik salnaməsinin tərkib hissəsi olduğunun bütün dünyaya çatdırılması böyük önəm daşıyır. Çünki Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşıya məqsəd qoyan ermənilərin əleyhimizə apardıqları təbliğat məhz tarixin saxtalaşdırılması üzərində qurulub.

Layihənin koordinatoru Məlahət Xəlilova bildirib ki, 4 aylıq layihə çərçivəsində müəyyən işlər görülüb: "ABUC olaraq layihədə nəzərdə tutulan işləri gördük, maarifləndirmə xarakterli dəyirmi masalar, seminarlar keçirdik, KİV-də xüsusi rubrika açdıq, nəşr etdirdiyimiz təbliğat materiallarında ictimai diqqəti erməni yalanlarına yönəltməyə çalışdıq. Qafqaz Albaniyasının tarixi, tarixi-coğrafiyası, albanların dili, ədəbiyyatı, əılifbası ilə bağlı son illərdə yazılmış elmi məqalələri topladıq, Azərbaycan və rus dillərində yazılı və elektron KİV-də dərc etdirdik. Layihə çərçivəsində ayrıca www.qafqazalbaniyasi.az saytını yaratdıq. Sayt hazırda fəalliyyətdədir və mövzu ilə ilgilənən oxucular saytın materillarından yaralana bilərlər".

 

 

Xalq cəbhəsi.- 2011.- 4 avqust.- S.10.