"Xoşbəxtlik böyük əmək və məsuliyyət tələb edir"

 

Yaşar Əhmədov: "Bizim axtardığımız qəlbimizin gəncliyi olmalıdır"

 

İnsan dünyanı, həyatı, təbiəti, özünü anladığı çağdan daha yeni üfüqlərə doğru can atıb. Bu, hər şeydən əvvəl yaşamın ilkin və ibtidai şərtidir. Yenilik hər zaman gərəklidir, ancaq bu inkişaf, irəliləyiş daha çox fərdin daxili-insani, milli təbiəti ilə üst-üstə düşməlidir. O halda inkişafın insaniliyindən və bəşəriliyindən danışa bilərik. Fəlsəfə doktoru Yaşar Əhmədovun fəlsəfi axtarışları, düşüncələri bu mənada maraqlıdır: "Həyatda nəyə isə nail olmaq, hansısa sahədə uğur qazanmağın birinci və əsas şərti bizim birgə yaşamağı öyrənməyimiz, ümumi məqsəd naminə birgə mübarizə aparmaq istəyimizdir. "Mən", "sən", "o" anlayışları və hamımızın "biz" anlayışı altında birləşməyimiz haqqında danışmaq müəyyən dərəcədə mürəkkəbdir. Hamıya məlumdur ki, bəşəriyyət çoxdan, özü də lap çoxdan meydana gəlib. Yeni tədqiqatlar, "bəşəriyyətin beşiyi" hesab edilən dövrü yavaş-yavaş daha uzaqlara aparır. İnsanın Yer kürəsində bir neçə min il əvvəl meydana gəldiyini söyləyən fikirlər artıq köhnəlib və insan sivilizasiyası qəbul edildiyi qədər də gənc deyil. Dünyanın müxtəlif bölgələrinin həyata öz baxışı, öz mövqeyi var, kimlərsə gözəlliyi, estetikanı və etikanı, kimlərsə siyasəti, kimlərsə sadəcə olaraq, yaşamaq modelini inkişaf etdirib; bütün bunların arxasında insanların başqaları ilə birləşməyə cəhdi dayanır. İnsanın dünyaya olan marağı onun özünə olan həddindən artıq marağıdır. "Nə üçün"ü bütün elmlərin materiyası hesab etmək olar. Elm yalnız bilik olmayıb, həm də şüurdur, yəni bilikdən necə lazımdırsa, istifadə etməkdir. Konfutsi onu böyük alim hesab edən tələbəsinə etiraz edərək demişdi ki, o yalnız onları bir yerə toplayır. Kitablarda olan fikir sənin əsas kapitalındır, sənin özündə yaranan fikirlər isə onun üstünə gələn faizdir".

Yaşar Əhmədov düşünür ki, yeni elm çərçivəsində bizə yeni təbabət lazımdır. Bu gün olan rəsmi təbabətdən kənara çıxan psixoloji və parapsixoloji prosesləri anlamağa kömək edən təbabət vacibdir: "Bizə yalnız instinktlərimizə təsir edən yox, yeni musiqi lazımdır, bizim qəlbimizə toxunan musiqi; Əgər kimsə, nə vaxtsa quşun səsini, yağış damcılarını lentə ala bilsə, bu çoxlarına zövq verər. Biz təbii aləmə qayıtmalıyıq, bu, ilahi bir aləmdir, burada hamı baş verənlərin iştirakçısına çevrilir, hamı rahat ünsiyyət yaradır, sadə şeylərdən danışır, hamının ürəyinə yaxın olan söhbətlər hər birimizə rahatlıq gətirir. Biz bir-birimizlə sərbəst danışmağı öyrənməliyik. Bizim "Mən", bizim qəlbimiz, ruhumuz qəfəsdə boğulan quşa bənzəyir. Ona qulaq asmaq, onu görmək olar, ancaq bu ruhun, bu daxili "Mən"in azadlığı yoxdur - o, uça bilmir, o bədənimizin qəfəsinə salınıb. Bizi daha çox istənilən predmetin və hadisənin məğzi maraqlandırır və onun köməyi ilə biz ağacı, heyvanı, ulduzu, bir-birimizi tanıyırıq. "Mən" insan şəxsiyyətini bildirir, o, bütün başlanğıcların başlanğıcıdır. "Mən" insanın hakim olmaq qabiliyyətini nəzərdə tutur. Qulun öz "Məni" yoxdur, çünki onun bədəni kiminsə iradəsinə tabedir, ancaq ruh heç vaxt kiməsə tabe ola bilməz. "Mən" və "qul" anlayışları bir-birini inkar edir. Doğrusu, biz insanı yox, onun keyfiyyətini sevirik ki, bu keyfiyyətlər də bir sıra amillərlə dəyişə bilər. Ancaq şəxsiyyət anlayışı bu keyfiyyətlərin məcmusu deyil, onların əriyib qarışması nəticəsidir və o, xarici təsirdən təcrid olunmalıdır. "Mən" insan nəslinin gizli paroludur. Hər kəs etiraf etməyi bacarmalıdır. Sokratın vaxtında insanlar "bilmirəm" deməyə qorxurdular. İndi də bu ifadəni işlədənlər azdır. 1986-cı ildə Minskdə olarkən Belarus Dövlət Universitetində elmi işlərlə bağlı bir professora yaxınlaşdım. Mövzunun adını eşidən kimi "Mən bu problemi bilmirəm" deyərək məni başqa kolleqasının yanına göndərdi. İlk dəfə idi ki, "bilmirəm" deyən adamla, həm də professorla rastlaşırdım. Bu bir kəlmə məni tamam ayıltdı və həyat proseslərinə yeni baxışımın formalaşmasının əsasını qoydu. Bu gün bilmədiyim bir şey haqqında məndən soruşsalar, "bilmirəm" deməyə utanmıram. Bunu deməyə öyrəşmək çox vacibdir. İnsanın bədəni qocalanda o, qocalmır, onun arzuları qocalanda o, taqətdən düşür. Əgər onun ümidi taqətdən düşürsə, o, qocalır. Elə qocalar var ki, onların həyat eşqi 20 yaşlı cavan kimidir, gənc tanıyıram ki, 80 yaşlı qocadan da halsızdır. Sevən, yazan, sənət inciləri yaradan yaşlı adamlar var. 20 yaşlı "nə üçün dünyaya gəlmişəm, oxumaq, yazmaq, işləmək, evlənmək istəmirəm" deyən gənc doğrudan da qocadır. Bizim axtardığımız qəlbimizin gəncliyi olmalıdır. Qəlbimiz nə qədər gənc olarsa, həyat eşqi bir o qədər güclü olur. Güc deyəndə yumruğun gücü yox, daxili güc nəzərdə tutulur, bu güc taxılın cücərməsinə, dalğanın sahilə gəlməsinə, günəşin üfüqlərin arxasında getməsinə, ulduzların hərəkət etməsinə səbəb olan gücdür. Bəzən düşünürəm ki, həyata keçirə bilmədiyimiz çox arzularımız var, bütün bunlar daxilimizdə olan qəbirstanlıqdır. Bizə yeni həyat gücü lazımdır ki, bizi optimist etsin, istədiklərimizi başlaya bilək, bizə kişilik, mərdlik və cəsarət fəlsəfəsi lazımdır ki, bizi boğan, tapdalayan maddi dünyada bizə həyan olsun. Bütün gün yemək, geymək, mənzil, bir sözlə, qurmaq yaratmaq fikri ilə yaşayırıq, qəlbimiz, hisslərimiz, arzularımız haqqında düşünməyi unutmuşuq. Hamı istəyir maşını olsun, villası olsun, heç kəs mənən istirahət etmək üçün hər hansı bir rahat şərait yaratmaq haqqında düşünmür". Yaşar Əhmədovun gəncliklə bağlı düşüncələrində də inam amili əsasdır: "Gənc yaşlarından insan öz inamsızlığını hər hansı yolla neytrallaşdırmağa cəhd edir və həyatdakı sonsuz dəyişikliyə qarşı dayanmaq üçün müəyyən daxili tarazlığa çatmağa çalışır. Gənclər real keyfiyyətləri ilə yox, məşhurluqları və ya gözəl təəssüratlar oyadan adamları özləri üçün yamsılamaq obyekti seçirlər. Bu ona gətirib çıxarır ki, onlar kor-koranə bu adamları təqlid edir və müəyyən inam hissi qazanırlar. Gəncləri əvvəllər bürüyən həyəcan hissi üstünlük hissi ilə əvəz olunur. Hansısa bir anda onlar daxili tarazlıq əldə etmək üçün cəhd göstərmirlər, çünki görürlər ki, insanlar onlara hörmətlə yanaşır, onlarla fərəhlənir və ya onlardan qorxurlar. Onlar belə güman edirlər ki, özlərinə inam səviyyəsinə çatıblar və insan müvafiq ictimai status qazandığını düşünəndə öz fərdiliyini axtarmır. O, psixoloji və mental baxımdan donuqlaşır və bu hal onu xarici təcavüzdən qoruyur və onda imtiyazlı vəziyyət yaradır. Bu proses sakit də ola bilər, özünü qorumağa yönəldilə bilər, həm də başqa cür təzahür edə bilər, belə ki, bu vaxt adam elə düşünür, gözlənilən təcavüzdən qorunmağın real yolu hücumdur. Bu vaxt o, psixoloji dalaşqana çevrilir, başqalarına sataşmaqla, söz atmaqla özündə inam hiss edir. Bəzən də elə olur ki, təcavüzkar davranış adamları qorxutmaq və gəlir əldə etmək məqsədi güdür. Çox güman ki, rahatlığa can atmaq mexanizmi insanı utancaq edir, belə ki, utancaqlıq müdafiənin ən əlverişli formasıdır. Elə də olur ki, adamlar öz maddi və ictimai səviyyələrinin ən aşağı olmasından yaranan kasıblığa bəraət qazandırmağa çalışır: o kasıb, ancaq qürurlu insan mövqeyində dayanır və varlılığa nifrət etməklə öz kasıblığını üstələyir. Bəzən vicdansızlar müxtəlif manipulyasiya yolu ilə yaxşı adam təəssüratı oyatmağa çalışırlar, əslində isə onlar cəmiyyətin tullantısıdırlar. İnsan hiss edəndə ki, başqalarına qarşı hansısa davranış formaları əlverişlidir, onda bu davranışı gücləndirmək üçün bütün vasitələrdən istifadə edir. Rahatlığa cəhdin öldürücü zəhəri insanın yaxşı niyyətlərini dağıdır. Rahatlığa cəhd - həmişə etdiyini davam etdirməkdir, öz vərdiş etdiyi emosional repertuarından kənara çıxmamaqdır. Adamlar fəaliyyətsizlikdən uğursuzluğa düçar olur, baş verənlərin hamısını passiv qəbul edir, öz gizli arzularından imtina edir, əqidələrinə zidd olan həqiqətləri rədd edir, şəxsi məqsədləri üçün əxlaqla manipulyasiya edir, öz köhnə ideyalarına pərəstiş edir, bütün yeniliyə qarşı qapalı olur, kimlərinsə onu qorxutmasına imkan verir, əksəriyyətin ən pis fikirlərini belə qəbul edir. Düzgün hərəkət etmək üçün xarakter və iradəni inkişaf etdirmək lazımdır. İnsan asan yola can atarsa, bu, mümkün deyil. O, təslim olur və fasiləsiz təzyiqlərdən geri çəkilir. Rahatlığa can atmaq eyni davranışa bağlılıq yaradır. Fiziki, mental, emosional vərdişlər istənilən dəyişikliyə mane olur. Çoxları özlərini bədbəxt hiss edir, onların ən böyük arzusu xoşbəxt olmaqdır. Ancaq onlar dərk edə bilmirlər ki, ən böyük bədbəxtlik rahatlığa can atmaqdır. Xoşbəxtlik eyni zamanda həm arzuolunan, həm də qorxu yaradan ola bilər, çünki bu, böyük əmək, ciddi-cəhd və məsuliyyət tələb edir. İnsan öz bədbəxtliyində xarici amilləri günahlandırır, öz şəxsiyyətinin dağıdıcı, şüursuz mexanizmini heç vaxt günahlandırmır. Rahatlığı sevənlər onlarla baş verən hər şeydən şikayət edir, öz problemlərində başqalarını günahlandırır, heç vaxt özünü təhlil etmir. Zəif görünən adamların əksəriyyəti yetkin tənbəllərdir, onlar qəsdən bu yolu tutur, həyatda heç bir əziyyətə qatlaşmaq istəmirlər. Güclülər hər gün rastlaşdıqları problemləri asanlıqla həll edir, həyatı sevir, həyat eşqi onlarda güclüdür.

 

 

 Uğur

 

Xalq cəbhəsi.- 2011.- 6 avqust.- S. 14.