"Babalarımın
qəbri o torpaqlardadır"
Fariz
Təmirov: "1988-ci ildən sonra Ermənistanda azərbaycanlılara
məxsus 2000-dən artıq qəbiristanlıq
dağıdılıb"
Müsahibimiz "Deportasiya
Olunmuş Şəxslərə Kömək" İctimai
Birliyinin sədri Fariz Təmirovdur.
-Öz yurd - yuvalarından
deportasiya edilmiş şəxslərin hüquqları
hansı şəkildə təmin olunmalıdır?
-Əvvala
onu qeyd edim ki, bu gün dünyada müxtəlif səbəblərdən
deportasiya edilmiş milyonlarla insan var. Gəlin, deportasiya
anlaşıyına nəzər yetirək. Deportasiya nədir?
Deportasiya hər hansı bir milli etnik qrupun bir ərazidən
başqa bir əraziyə məcburi köçürülməsidir.
Bu deportasiyanın ənənəvi anlayışıdır.
Etnik təmizləmə, yəni deportasiya Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində 107-ci
maddə ilə təsbit olunur və bu hərəkət həm
də cinayət məsuliyyəti yaradır. Məlumdur ki, azərbaycanlıların
(türklərin əksəriyyət təşkil etdiyi əhalinin)
Ermənistanın indiki ərazisindən kütləvi
köçürülməsi SSRİ Nazirlər Sovetinin Azərbaycan
əhalisinin Ermənistan SSR-dən Kür-Araz ovalığına
qovulması haqqında 1947-ci il 23 dekabr tarixli qərarı ilə
həyata keçirilib. Bu qərara əsasən,
1948-1953-cü illərdə Ermənistandan Azərbaycana 100 min
nəfərdən çox adam köçürülüb.
Bundan başqa, SSRİ Nazirlər Kabinetinin çox sayda sərəncamları
ilə Ermənistanda 2 mindən çox yer adı dəyişdirilib.
Ümumiyyətlə, azərbaycanlıların Ermənistandan
deportasiyası və köçürülməsi hələ
XVIII əsrdən başlanıb və bu üç mərhələdə
aparılıb: Birinci mərhələ 1905-1920-ci illər;
ikinci mərhələ 1948-1953-ci illər; üçüncü
mərhələ 1988-1992-ci illər. Bu proseslər zamanı
ermənilər Ermənistanda yaşayan azərbaycanlıların
yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan
edib, 30 minə yaxın evi dağıdıb və
yandırıb, qoca, uşaq və qadınların da daxil
olduğu 140 min insanı vəhşicəsinə qətlə
yetirib, 750 mindən artıq azərbaycanlı Ermənistandan
didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə
220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə
tab gətirə bilmədiyindən doğma
yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Ermənistandan
azərbaycanlıların izini itirmək məqsədilə
buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri,
dini müəssisələri, məktəb, xəstəxana və
digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən
sonra Ermənistanda ermənilər azərbaycanlılara məxsus
2000-dən artıq qəbiristanlığı
dağıdıb. Təəssüf ki, bu faktlar bu gün
dünyada haqqı-ədaləti bərpa etmək istəyən
super güclərin gözü qarşısında baş
verib, lakin hələ də öz hüququi qiymətini
almayıb. Deportasiya edilmiş, etnik təmizləməyə məruz
qalmış soydaşlarımızın hüquqları
dünya birliyi tərəfindən tanınmalıdır.
Şübhəsiz ki, dövlətimiz bu istiqamətdə
işlər aparır. Azərbaycan prezidenti cənab İlham Əliyev
bütün çıxışlarında dəfələrlə
vurğulayıb ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan
torpaqları üzərində qurulub. Bütün tarixi faktlar
bunu təsdiqləyir. Lakin ikili yanaşma prinsipi hələ
ki, dünyanı ədalətli qərar çıxartmaqda
yubadır.
- Birgəyaşayış
prinsipinin pozulduğu nadir ölkələrdən biri olan Ermənistandan
deportasiya olunan həmvətənlərimizin pozulmuş
hüquqlarının bərpa olunması baxımından rəhbərlik
etdiyiniz QHT hansı işləri görüb?
- Bu gün Ermənistan monoetnik bir ölkədir.
Məlumdur ki, "Gülüstan"
və "Türkmənçay"
müqaviləsinə qədər
indiki Ermənistan ərazisində ermənilərin-hayların
sayı barmaqla sayılacaq qədər idi. Həmin müqavilələrdən sonra hayların sayı üstünlük
təşkil etməyə
başladı və bu da şübhəsiz
ki, deportasiyalarla əlaqədar idi. Təşkilatımız məktəblərdə şagirdlərlə görüşlər
təşkil edir, tarixi torpaqlarımız haqqında onlara müəyyən bilgilər
veririk. Çalışırıq ki, bu günün şagirdi, sabahın tələbəsi
və əsgəri bir zamanlar bizim
olan torpaqlarımızı
yaddaşında yaşatsın
və qəlbi böyük Azərbaycanı
yenidən qurmaq üçün döyünsün.
Bu münasibətlə təşkilatımız
177 saylı məktəbin
şagirdləri ilə
birlikdə "Hər
ağac bir yurd adına
adlı" ağacəkmə
aksiyası keçirdi.
Hazırda tərtibçisi
Hafiz Təmirov olan
"Qərbi Azərbaycanmı-Ermənistanmı"
adlı toplu üzərində iş gedir. Maliyyə problemləri yaşayırıq
və çox istərdim ki, o torpaqlardan olan imkanlı şəxslər
bizə maddi və mənəvi köməklik göstərsinlər
ki, daha sanballı işlər görək və beynəlxalq mühitə inteqrasiya oluna bilək.
- Bir milyondan artıq qaçqın və məcburi köçkünü
olan Azərbaycan bu gün dünyaya
həmin insanların haqq səsini çatdıra bilirmi?
- Bu gün Azərbaycan prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin
həllinə xüsusi
diqqət yetirir, işlər görülür.
Ancaq burada ictimai mövqe də sərgilənməlidir. Hamımız səfərbər olmalıyıq
ki, problemlərin həllində gücümüzü
ortaya qoyaq, hədəflərimizi müəyyənləşdirək.
Erməni yalanının ayaq
tutub yeriməsinin qarşısını almaq
üçün diaspor
taşkilatlarının daha
intensiv işləməsi
lazımdır.
- Bu gün deportasiya olunmuş şəxslərin
birləşərək öz
hüquqlarını tələb
etməsi nə dərəcədə realdır?
Dünya
ictimaiyyəti bu problemin qoyuluşunun sizcə necə qarşılayacaq?
- Deportasiya olunmuş, etnik təmizlənməyə
məruz qalmış
soydaşlarımız müxtəlif
təşkilatlar yaradır
və bu istiqamətdə müəyyən
işlər görülür.
Ancaq bununla kifayətlənmək
olmaz. Daha böyük işlər
görməyə gücümüz
və maliyyəmiz var, sadəcə hərəkətə keçmək
lazımdır.
- Sabitlik, ictimai asayiş və tərəfdaşlıq
prizmasından baxsaq, deportasiya olunmuş şəxslər uzun müddət yeni yaşamağa başladıqları
cəmiyyətə adaptasiya
oluna bilmirlər. Bunun həlli yollarını nədə görürsünüz?
- Mən özüm indiki Ermənistan Respublikasının Kalinino
(keçmiş adı
Əbilkənd olub) rayonunun İlməzli kəndində doğulmuşam.
Ordan gələndə heç
bir yaşım olmayıb. Ancaq bu gün də o torpaqların adı gələndə kövrəlirəm. Çünki ora mənim ata-baba ocağımdır.
Babalarımın qəbri o torpaqlardadır.
Digər
soydaşlarım kimi mən də Bakıda yaşamağa artıq uyğunlaşmışam.
Təssüf ki, ağsaqqal
babalarımız, ağbirçək
nənələrimiz bura
gəldikdən sonra nə həsrətə dözə bildilər, nə də ki, şəraitə.
Çünki dağ adamının
aranda, istidə məskunlaşması çox
çətindir. Əlbəttə yenidən o torpaqlara qayıtsaq, heç bir problemlə üzləşmərik. Ora axı
bizə yad deyil, doğmadır.
Əsas odur ki, təhlükəsizliyimiz
təmin olunsun və bu iş
hüquqi müstəvidə
öz həllini tapsın. Onu da deyim ki, haylar bizi
havadarlarının əliylə
deportasiya etməklə
böyük bir səhvə yol verdilər. Demək olar ki, Ermənistan iqtisadiyyatı
bizim gücümüzə
ayaq üstə dura bilirdi. Gəlin, bu gün Ermənistandakı
şəraitə baxaq:
Aclıq və yoxsulluq. Azərbaycanda isə fərqli
bir mənzərə.
- Dünyada bir sıra sizinlə
eyni profildən olan təşkilatlar mövcuddur. Onlarla hər hansı
bir əlaqəniz mövcuddurmu? Həmin əlaqələrin
daha da dərinləşdirilməsi
üçün hansı
işləri görürsünüz?
- Dünyada bu yönümdə müxtəlif
təşkilatlar fəaliyyət
göstərir. Hələ ki,
həmin təşkilatlarla
elə bir əlaqəmiz yoxdur.
Gələcək planlarımızda əməkdaşlıq nəzərdə
tutulub.
- Deportasiya olunan əhalinin əksər hissəsini gənclər təşkil
edir. Bu gənclərin
içində yurd sevgisinin ölməməsi
üçün hansısa
layihələr həyata
keçirirsinizmi? Bu layihələr həmin gənclərin aktivliyinə
ümumilikdə necə
təsir edir?
- Ətrafımızda yüzlərlə deportasiya
olunmuş gənc var.
Hətta onların eləsi var ki, deportasiya olunduqdan sonra Bakıda və digər rayonlarda doğulub. Planlarımız var. Və gələcəkdə
bunun şahidi olacaqsınız. Suallara görə
təşəkkür edirəm
və arzum budur ki, itirilmiş
torpaqlarımızı geri
qaytaraq, böyük və bütöv Azərbaycan üçün
bütün gücümüzü
səfərbər edək.
Söhbətləşdi: Oktay Hacımusalı
Xalq cəbhəsi.-2011.- 9 avqust.- S.15.