"Aşıq mənəviyyatı həyat ölçüsünə çevirməlidir"

 

 Gənc aşıq Qızqayıt: "Əsl sənətdə uğur qazanmaq hədsiz çətindir"

 

Aşıq Qızqayıt İsayeva Kəlbəcərin İlyaslar kəndində anadan olub. Kəlbəcər işğal olunandan sonra köçlüyün bütün əzablarını dadıb. Hazırda Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti üzrə təhsil alır. Şeir də yazır. Saza-sözə bağlanmağının təsadüfi olmadığını deyir: "Gələcəyimi başqa bir sahədə qətiyyən təsəvvür etmirəm. Doğulduğum Kəlbəcər rayonu Azərbaycanın saza-sözə bağlı bölgəsi kimi məşhur olub. Qaçqınlıq aqibəti çoxlarını saza daha çox dərdi-qəmi ifadə edən bir imkan kimi baxmağa vadar etdi. Hətta sazla birbaşa bağlılığı olmayanlar da dərdlərini sazla ovutmağa başladılar. Bu gün demək olar, hər bir kəlbəcərlinin evində saz var. Dindirən kimi sənə sazla cavab verəcək, dərdini sazla ovundurmağa çalışacaq. Saz bu bölgədə yaşayan insanların dərdlərin musiqinin diliylə çatdırır, ürəklərini ovundurur".

Kəlbəcərdə zəngin aşıq sənəti ənənəsi var. Qızqayıt deyir ki, aşıq sənətinə olan həvəsi onu çox çətinliklərdən aşırıb: "Aşıq Sücaət deyir ki,

 

Mən fəxr edirəm Kəlbəcərdənəm,

Şairlər yetirən elim var mənim.

Xalqımın incilər xəzinəsində

Aşıq Şəmşir kimi ləlim var mənim.

 

Şəmşirlə, ümumən bu ocaqla bağlı saxlanan bütün soraqları ermənilər Kəlbəcəri işğal edərkən qəsb ediblər".

Böyük Aşıq Ələsgər də Kəlbəcər eliylə sıx bağlı olub, tez-tez bu ellərə gəlib-gedib: "Bu aşıqların nəfəsi başqa nəfəs olub. Təsadüfi deyil ki, bu aşıqlar ustadlar sayılırlar.

Bu, o deməkdir ki, aşıqlıq bir aqibətdir".

Aşıqlıq sənətinə yiyələnmək insandan hünər tələb edir.

Qızqayıt sazsız bir gününü də təsəvvür edir: "Harda oluramsa olum, Kəlbəcər elinin nəfəsini, sazını-sözünü çatdırmağı özümün insanlıq borcum sayıram. Həvəskar aşıq olmaq istəmirəm. Sənətimi daha dərindən öyrənmək istəyirəm.

Ona görə də illərlədir ki, məskunlaşdığım Bərdə rayonunda doğmalarımın yanında qalmaqdansa, sənətdə özümü təsdiq naminə Bakının soyuğunda, istisində hər cür çətinliklərə dözürəm. Yataqxana tipli, demək olar, şəraiti olmayan balaca bir otaqda hər cür çətinliklərə sinə gərərək yaşayıram.

Təəssüf ki, bir qohum-əqrəbam soruşmur halın necədir, necə dolanırsan? Ancaq sabah tanınanda təsəvvür edirəm ki, qohumlarım mənə necə fəxarətli münasibət bəsləyəcəklər.

Kimsə kiməsə kasıb olanda salam vermirsə, qohumu adlı-sanlı olanda sayırlarsa, elələrinin salamını səmimi saymıram. Qohumumsansa, belə bir günümdə mənə salam vermirsənsə, sabah heç vermə. Hər cür çətinlikləri inamla aşıram, inanıram ki, məqsədimə çatacağam, peşəkar aşıq olacağam".

İnsanın sənətinə bağlanması ən düzgün yoldur. Bütün sənətlər adamın şəxsi məninə, nəfsinə yox, insanlığa, millətə xidmət etməlidir. Bu mənada xüsusilə üzdə olan populyar sənətlərə münasibət məsələsi həmişə ciddi müzakirə mövzusu olub. İnsan bütün hallarda, məqamlarda ləyaqətini qoruyub saxlamağı bacarmalıdır. Sənət ondan ötrüdür ki, insanlıq təsdiq olunsun. Qızqayıt özünü sınayıb, görüb ki, bu yolu gedə bilər: "Mümkün qədər insanın sənətinə bərabərliyi olmalıdır. Adam var ki, böyük bir şövqlə özünə sənətçi deyir, ancaq insanlığın, sənətin adını batırır.

Mən yetkin sənətkar olaraq səhnədə olmaq, insanlığa uyğun varlığımı təsdiq etmək istəyirəm. Əgər beşgünlük şöhrət dalınca qaçsaydım, o zaman çətin şəraitdə yaşamağa razı olmazdım. Özümü tərifləmirəm, səsim var, ancaq bilirəm ki, üzərimdə daha çox işləməliyəm. Lap əvvəllərdə fikirləşdim: asan yolla sənətdə tanınmağın ömrü niyə azdır? Çünki o yolla təsdiq olunan böyük sənət deyil. Əsl sənətdə uğur qazanmaq hədsiz çətindir".

İncəsənət Universitetində sənətin sirlərini öyrənən Qızqayıt tanınmış aşıqlardan dərs alır. Bu sənətin sirlərini hazırda Aşıq Əhlimandan öyrənən Qızqayıt aşıq sənəti kimi tükənməz bir dünyada olduğunu deyir. Aşıqlıq universallıqdır. Gərək solada çalmağı, söz qoşmağı, həm də oxumağı bacarasan.

Aşıq olan mənəviyyatı özünün həyat ölçüsünə çevirməlidir: "Dastanları bilməyən aşıq şübhəsiz, sözün böyük mənasında aşıq sayıla bilməz. Əlbəttə, özünü soloda tapan istedadlı aşıqlarımız da az deyil".

Aşıq Ələsgərdə aşıqlığın bütün cəhətləri öz yetkin ifadəsini tapırdı. Qızqayıt deyir, əvvəllər Aşıq Zülfiyyənin yolunu çox sevib. Sənətinə gözəl təsirlər çox olub, ancaq sonradan öz yolunu tapmağa çalışıb. Artıq bu, alınır: "Kəlbəcər, Göyçə aşıqlarına çox qulaq asmışam. Çalışıram qədim aşıq sənətimizə uyğun aşıqlıq edim".

Azərbaycan aşıq sənətinin müxtəlif məktəblərinin ifa tərzini öyrəndiyini deyən Qızqayıt mahiyyətcə heç birinə fərq qoymur, çünki bütövlükdə aşıq sənətini sevdiyindən onların mahiyyətini yaşatmağı qarşısına məqsəd qoyub.

Dastanları sinədən öyrənməyin gərəkliyini önə çəkən Qızqayıt daim dastanları öyrənməkdə israrlıdır: "Elə dastanlar var ki, orada qadın aşığın səsi daha gözəl səslənir. Məhəbbət və qəhrəmanlıq dastanlarımızı yaradıcı şəkildə öyrənirəm. Dastançılıq ənənəsini bilmək bizi gələcəyə, milli ruhumuza daha sayğılı edir. Dastançılıqda zəngin ənənələrimiz yaşayır. Gərək aşıq xalqının ruhunu dərindən duysun ki, onu sözdə, havacatlarda ifadə edə bilsin".

Bəli, indi dastan yaratmaq çətindir, sinədəftər insanların sayı azalıb. Ancaq aşıq sənətinin qaydaları var, o qaydalar yaşadıldığı dərəcədə əsl aşıqlığın təsdiqi olur. Hər bir sahədə irəliləyiş gərəkdir. Əgər irəliləyiş olmursa, mütləq geriləmə baş verir.

"Bir elin qərib qızı". Bu, Qızqayıtın yaratmaq istədiyi dastandır: "Orada qaçqınlıq taleyini yaşayan bir gənc qızın həyatını öz dilindən ifadə etməsi var. Hələ ki, dastanın ayrı-ayrı hissələri var. Görünür, ömür müəyyən bir məqama çatmalıdır ki, dastanlaşma baş versin. Bütün hallarda dastan yaratmağın məsuliyyətini dərindən anlayıram".

Yaradıcı dünyasında imkanlarının artdığına inanan Qızqayıt bunun əsas səbəbini özünə inamda görür. Yeni saz havalarımız yaranmalıdır. Qənaətlərimizlə razılaşan Qızqayıt bu yöndə daim düşündüyünü deyir. Əlbəttə, yeni saz havası yaratmaq çətin işdir. Ancaq aşıq sənətinin yaşaması üçün həmişə yenilik gərəkdir: "Gərək bütün aşıq havalarını dərindən biləsən ki, yeni hava yaradasan. Yeni hava yaratmaq yeni nəfəs yaratmaq deməkdir. Bir qohumumuzun evində rahatlıqdan bezdim. Mənim üçün çətinlik sanki nəfəsdir. Qınamayın, başqa cür yaşaya bilmirəm. Fikirləşirəm ki, bu duyğularım rahat şəraitdə yarana bilməzdi".

 

 

Uğur

 

Xalq cəbhəsi.- 2011.- 10 avqust.- S. 15.