Qəyyur Yunus dünyası

 

 Sənətşünas Ziyadxan Əliyev: "Onun əsərlərində milli kolorit güclüdür"

 

Əməkdar rəssam Qəyyur Yunusun qəribə rəssamlıq yönü var. O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu, Tiflis Rəssamlıq Akademiyasını bitirib. Məşhur rəssam Səttar Bəhlulzadə ilə qohumluğu, sənətinə dərin bələdliyi var. O, həyatı anladıqca, sənətin sirlərinə vardıqca özünü qəlbən rahat, xoşbəxt hesab etdiyini bildirir. İnanır ki, sənətlə bağlı gözəl düşüncələr insanı heç vaxt tərk etmir: "Rəssamlıq həmişə mənə çox sirli, cazibəli gəlib. Hələ gəncliyimdə Şərq və Qərb rəssamlığı haqqında oxumuşdum. Həmişə fikirləşirdim ki, bu rəssamlar ustad səviyyəsinə necə gəlib çatıblar? Həyatın sirrini, sehrini anlamaq istəyim məni bir an da olsun tərk etmirdi".

Rəssam illər ərzində şərq fəlsəfəsini, rəssamlığını öyrənib. Bütün bu müşahidələr ona özünəməxsus rəssamlıq üslubunu yaratmasına imkan verib: "Yaradıcı insanın daxili aləmi rəvandırsa, təbiətlə, dünyayla harmoniyadadırsa, deməli, onun əsəri gözəl olacaq. Heç zaman eksperiment formasında axtarış etməmişəm. Həmişə mövzu seçərkən düşünmüşəm: burada təsvir edilən hadisə nəyi ifadə edir, ilə bağlıdır? Heç bir rəmzi obraz elə-belə deyil. Bunları elə təqdim etmək gərəkdir ki, mənanın açılışı gözəl, tamaşaçı tərəfindən qəbul edilən olsun".

Qəyyur Yunus həyatda, təbiətdə, tarixdə fəhmlə gördüklərini həmişə yaradıcılığa gətirməyə çalışıb: "Xarici seyrçilərin çəkdiklərimə eyni dərəcədə heyranlığının səbəbini əvvəlcə anlaya bilmədim. Sonra dərk etdim ki, insanların ruh duyumu birdir".

O, Bakının qədim kəndlərindən biri olan Əmircandan ayrıla bilmədiyini deyir: "Bu kənddə anadan olmuşam, ilk təhsilimi burada almışam, sonra da ömürlük bu kəndə bağlanmışam. Hara getmişəmsə, yenə Əmircana qayıtmışam. Əmircan mənim üçün dünyanın ən doğma, ən əzin bir yeridir. Bütün bunların hamısı yaradıcılığımda əksini tapıb". Onun yaradıcılığının əvvəlki illərində sərbəst üslub daha çox hiss olunur. Abşeron rəssamlıq məktəbinin burada təsirini sənətşünaslar xüsusi qeyd edirlər. 1982-ci ildən başlayaraq orijinal rəssamlığı formalaşıb. Bu, onun özü üçün gözlənilməz olub. Azərbaycan şairəsi Heyran xanımın qəzəllərini oxuyandan sonra onda belə bir fikir yaranıb ki, Heyran xanımın obrazını yaratsın. 90-cı illərdə bir neçə böyük tabloları yaranıb. "20-ci əsrin pəncərəsi", "21-ci əsrin astanasında", "Qarabağ gözəlləri", "Azərbaycan gözəli"... Əsərləri tanınmış qalereyalarda da saxlanılır. Onun həyatında Səttar Bəhlulzadə ilə bağlı məqamlar yaradıcılığına, bir sözlə, aqibətinin yaranmasına ciddi təsir edib. Səttar Bəhlulzadədəki təbiiliyi yüksək dəyərləndirir: "Olduqca sadə idi, bilirdi ki, sadə xalq səmimidir, həm böyük qüvvədir. Gözü tox idi, heç vaxt dəbdəbəyə can atmırdı. Sadə adamlarla ünsiyyətdə olmağı hər şeydən üstün tuturdu. Səttarın əsərlərinin çoxu həm muzeylərdədir. Ancaq onun kimi səxavətli rəssam da olmayıb. İki saat ərzində tanış olduğu bir adama yenicə çəkdiyi əsərini bağışlayırdı. Baxmayaraq ki, bu əsərlərini sata da bilərdi. O demək deyil ki, çəkdiklərinin qiymətini bilmirdi, bildiyi dərəcədə bağışlayırdı. İndi Səttarı, eləcə başqa rəssamları kopiya etmək olar, ancaq onu orijinal kimi qələmə vermək günahdır". Səttar Bəhlulzadənin çəkdiklərinin içərisindən nağıl çıxırdı. Çağdaş zamanımızda əfsanələr yaranmır. Bu da təbiidir. İndi insanları nəyəsə inandırmaq çətin olduğu dərəcədə adamların inamını qazanacaq fərdlər çox deyil. Di gəl ki, insanın fitrətən müqəddəsliyə tapınmaq, özündə olmayan, başqasındakı müqəddəs cəhəti görüb dəyərləndirmək xüsusiyyəti var. Bunun səbəbi odur ki, insan fitri müqəddəsçidir. Çox zaman insanın müqəddəsliyə inamı sarsılır, ancaq inanmaq xisləti fitri olduğuna görə həmin keyfiyyət ölmür, soydan-soya keçir. Səttar Bəhlulzadə bir təmiz, sufiyana həyat tərzi keçirən sənət adamıydı. Dünya malında demək olar, iynənin ucu boyda da gözünün olmaması, daim səxavətcillik göstərməsi barədə onu yaxından tanıyan sənət adamları, hətta sıravi adamlar da bu gün heyranlıqla danışırlar. Səttar çağdaş zamanımızda da niyə bu qədər sayğıyla xatırlanır? Onun bu dərəcədə rəssam kimi qəbul edilməsinin səbəbi təkcə yaradıcılıq sarıdan zənginliyindədirmi? Əsas olan onun fitrətən insanilik tələbi üstə yaşaması idi. Məhz rəssamlıqda o, fitrətini, ömrünü ləyaqətlə ifadə edə bildi. Deyirlər ki, mənəviyyatca pis sənətkar olsan, fəlakət deyil, əsas odur ki, sənətin gözəl olsun, hamı sənin yaradıcılığına heyran olsun. Təkcə rəssamlıq sahəsində sözügedən məqama diqqət yetirsək, o zaman bu qənaətlərin faciəviliyi insaniliyi təsdiq etmədiyi aydın olar. Qəyyur Yunusda da bu mənada Səttardan irsən ruhən keçən çoxlu nəsnələr var. Əslində isə sənət insanilik üçündür. Məhz böyük, yaşarı sənət nümunələri insanilik ölçüsünü təsdiq etdikləri üçün sabaha yetə bilirlər. bu əcərlərin yaradıcıları da az ya çox yaşadıqları dönəmin qaydalarından, baxışlarından üstün olduqları dərəcədə sabaha yarayan əsər meydana qoya biliblər. Rəssam deyir: "Səttarın çəkdiyi Qudyalçay mənzərələrini təbiətdə görəndə məəttəl qaldım ki, necə incəliklə alınıb. Onun rəng duyumu çox həssas idi. Əgər mən indi rənglərin yüz çalarını görə bilirəmsə, Səttar bunların minini görürdü. Adi adamlar isə o rəng çalarını görə bilmir. Bütün rənglərin hər birinin onlarla çaları var. Səttar Bəhlulzadənin Azərbaycan rəssamlarına çox təsiri olub".

Qəyyur Yunus yaradıcılığında miniatürdən bəhrələnib.

Səbəbini miniatür sənətində mənanın güclü olması ilə əlaqələndirir: "Balaca həcmli bir əsərdə həyatın çox mürəkkəb məzmunlu lövhələrinin açılması insanı heyrətə salır. Mövzular da ki, hədsiz müxtəlifdir. Miniatür sənəti olduqca mürəkkəb bir işdir. Bu, sənətkardan xüsusi bacarıq tələb edir. Rəng çalarlarını məharətlə seçə bilmək bacarığı miniatür sənətində xüsusi tələblərdən biridir".

Tanınmış sənətşünas Ziyadxan Əliyev Qəyyur Yunusun yaradıcılığı haqqında bu qənaətdədir: "Qəyyur Yunusun yaradıcılığını ilkin dövrdən bəri ardıcıl müşahidə etmişəm. O, illərlə öz üslubunu axtarırdı. Bu, əslində onun bir insan olaraq özünü təsdiq dövrü idi. İllərlə Səttar kimi bir rəssamın yanında olmaq, onun həyatını, yaradıcılığını müşahidə etmək Qəyyurun xoşbəxtliyi idi. Gözləmək olardı ki, Qəyyur Yunus məhz Səttar kimi əsasən mənzərəçi rəssam olacaq. Qəyyur gəncliyindən Səttarla birgə gələn o gözəl duyğuları itirmədi, sadəcə, rəssamlığında başqa cür ifadə etdi. 80-ci illərdə ilkin dövr yaradıcılığında milli ruh indiki səviyyədə deyildi". Onun yaradıcı insanlar arasında çox zaman müzakirə mövzusu olan fərqli yaradıcılıq üslubu haqqında Ziyadxan Əliyevin qənaətləri diqqəti çəkir: "Qəyyurun yaradıcılığında oxşar obrazlar çoxdur. Bu, miniatürdən gələn bir ənənədir. bu eynilikdə parlaq obrazların fərqliliyi, qabarıqlığı var. Mahiyyətcə isə bu ifadəçilik Qacar məktəbindən (XVIII əsr) gəlir. Burada artıq Avropa ilə Şərqi birləşdirən üslub, cəlbedicilik özünü göstərir. Miniatür janrının zəiflədiyi bir zamanda başlayan Qacar məktəbinin ənənələrini isə Qəyyur Yunus yeni bir dönəmdə, fərqli, özünəməxsus şəkildə bərpa etdi". Onun obrazları bu mənada qətiyyən eynilik ifadə etmir, Ziyadxan Əliyevin təbirincə desək, psixologizmlə zəngindir: "Tac Mahal, Səttar, Ağabəyim ağa, Cahan şah, Heyran xanım mövzulu əsərlərdə milli kolorit güclüdür. Deməli, bəşərilik belə əsərlərdə tam təsdiqini tapır. Avropa üçün bu gün maraqlı deyil ki, onun kimi işləyən rəssamları olsun. Ona məhz Şərq ruhunu ifadə edən, yəni özü olan sənət lazımdır. Təsadüfi deyil ki, Avropada miniatür mövzulu sərgilərdən sonra şərq rəssamlığına, xüsusilə miniatürə böyük maraq yarandı".

 

 

Uğur

 

Xalq cəbhəsi.- 2011.- 12 avqust.- S. 15.