"Kitabi-Dədə Qorqud"da Kərkük ləhcəsi

 

 "Dədə Qorqud dastanları" xalqımızın yenilməz, möhtəşəm abidəsi olaraq qədim dəyərlərimizi özündə yaşadır.

Güney Azərbaycanda çıxan "Varlıq" jurnalının redaktoru, doktor Cavad Heyətin dastanla bağlı qənaətləri maraqlıdır. O, türklərin yaddaşında dastanın yaşamasının əsas səbəbini bu möhtəşəm abidənin bütünlüklə ruhumuzu ifadə etməsilə əlaqələndirir. Cavad Heyətin fikrincə, "Dədə Qorqud dastanları"nın kökü daha qədimlərə gedib çıxır: "Türküstanda da bu dastanın izləri var. Dastanın yaşı 1300 ildən daha qədimdir. Dastanda Dərbəndin, Gəncənin, Əlincə qalasının, Göyçə gölününbaşqa yerlərin adlarının çəkilməsi Dədə Qorqud dünyasının coğrafiyasını bu arealda izləmək üçün kifayət qədər imkan verir. Həmçinin Bayburd, Trabzonbaşqa adlar da dastandan keçir. "Dədə Qorqud dastanları" hər şeydən əvvəl biz Azərbaycan türklərinindir, ancaq həm də eyni zamanda bütün Türk Dünyasının ortaq mənəvi sərvətidir".

Türklər arasında ortaq mənəvi sərvətlərlə bağlı müəyyən anlaşılmazlığın olduğunu qeyd edən doktor Cavad Heyət çıxış yolunu Türk Dünyasının ortaq məsələlərdə yaxınlaşmasında görür: "Dədə Qorqudu yenidən diriltməliyik". Türkiyədən olan tədqiqatı Hecati Dəmirin fikrincə, "Dədə Qorqud kitabı" bizi mənən birləşdirə bilər: ""Dədə Qorqud" baş kitabımızdır. Araşdırmalarımızın mərkəzində bu kitab durur. Uzun illər ərzində Türkiyəni kəndbəkənd gəzmişəm, görmüşəm ki, hətta uşaq laylalarında, oyunlarında belə "Dədə Qorqud"un izləri var. Dədə Qorqudla bağlı əfsanələri də toplamışam".

Tanınmış araşdırmaçı Qəzənfər Paşayev Necdet Yaşar Bayatlının "Dədə Qorqud" hekayələrində və günümüzdə İraq türkman türkcəsində işlədilən ortaq sözlər üzərinə bir incələmə" məqaləsində irəli sürdüyü bir müddəasına münasibətini bildirir: "Məqalədə diqqəti çəkən bir məsələ də ondan ibarətdir ki, Necdet Yaşar Bayatlı "Kitabi-Dədə Qorqud" və İraq türkman ləhcəsində üst-üstə düşən 116 sözü incələyib. Maraqlıdır ki, müəllifin söz açdığı 116 sözdən 111-i Azərbaycan ədəbi dilində də, "Kitabi-Dədə Qorqud" və İraq türkman ləhcəsində olduğu kimidir. Yalnız aşağıdakı beş söz fərqlidir: bori (şeypur), xısım (qohum-əqrəba), semmiz (kök), tenef//tenaf (çadır ipi), zaxım-yara, zeban (zəif, gücsüz). Yeri gəlmişkən onu da deyim ki, "çadır ipi", "zəif" və "gücsüz" sözləri də İraq türkman ləhcəsində işlək sözlərdir. Ola bilsin ki, Necdet Yaşar bu məqaləsini yazarkən Nəsimi adına Dilçilik İnstitutunun hazırlayaraq çap etdirdiyi "Kitabi-Dədə Qorqud"un izahlı lüğəti" əsəri (Bakı, "Elm" nəşr., 1999) əlində olub. O vaxt rəhmətlik Əbdüllətif Bəndəroğlu tez-tez Bakıya gəlir, Nəsimi adına Dilçilik İnstitutunda Dialektologiya şöbəsində üzərində işlədiyimiz iri həcmli "İraq türkman ləhcəsi" kitabını redaktə edirdi. "Kitabi-Dədə Qorqud"un izahlı lüğəti" kitabını İraqa o aparmışdı. Lüğətin təəssüf doğuran çatışmazlığı ondan ibarətdir ki, "Kitabi-Dədə Qorqud" və ədəbi dilimizdə eyni olan onlarla sözə izah yazmaq xatirinə azərbaycanca olan sözlərin üstündən sükutla keçilib. "Kitabi-Dədə Qorqud"dan sözlər götürülüb və izahı verilib. Söhbət "Kitabi-Dədə Qorqud"da və ədəbi dilimizdə eyni olan: külüng, çomaq, kişnəmək, kəfən, yırtılmaq, yaxşı, yalaq, nəvə, yağ, eşik, düymə, pəncərə, dürtmək, dolamac, dirək, un, çuval, pusmaq, pusqu, pay, dəyənək, dəyirman, dəvə, qucaqlamaq, lap, leş, qonur, qonaq, qonaqlıq, qardaş, buğa, göyərçin, qarğıdalı, qaravul, qamış, qayınata, qayınana, bəzirgan, arşın, and, ayğır və s. sözlərdən gedir. Görkəmli türkoloq alimlərimiz prof.

Fərhad Zeynalovprofessor Samət Əlizadə bu sahilsiz ümmana bənzər ölməz abidəyə yazdıqları, dərin mənalar kəsb edən giriş məqaləsində yazırlar ki, Drezden nüsxəsində aydın-aşkar əliflə yazılan sözün "türkman" oxunması xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, "türkmanlar" İraqdakı azərbaycanlılar, kərküklülərdir. İraq türkman alimləri daxil olmaqla bütün tədqiqatçılar "türkman" etnonimindən danışarkən onun "ulu türk", "xalis türk", "əsl türk" mənasını verdiyini xüsusi vurğulayırlar. İndinin özündə belə ədəbi dilimizdə İraq türkman ləhcəsində işlək olan azman, qocaman, orman, ataman, şişman, kecəman (böyük kərtənkələ) və s. kəlmələrdə "man"ın "ulu", "böyük", "əzəmətli" anlamına gəlməsi dediklərimizi təsdiqləyib. Maraqlıdır ki, şairlərimizdən Nəsimi və Xətainin yaradıcılığında da bu terminə təsadüf edilir:

Ərəbin nitqi bağlandı dilindən,

Sənə kimdir deyən kim türkmansan?

(Nəsimi)

Getdikcə tükənir ərəbin kuhi-məskəni

Bağdad içrə hər neçə kim türkman qonar.

(Xətai)

Göründüyü kimi, söhbət Orta Asiyada yaşayan türkmənlərdən deyil, Bağdad çevrəsində yaşayan, əsrlərlə öncə olduğu kimi, yenə də o ərazilərdə yaşayan dili bir olan qan qardaşlarımızdan gedir".

Tədqiqatçı daha sonra yazır ki, taleyin hökmü ilə çeşidli ictimai-siyasi səbəblər üzündən soykökündən ayrı düşən, təcrid olunaraq ərəb və kürd xalqlarının əhatəsində yaşayan, məhz buna görə də qədim leksikfonetik göstəricilərini daha çox saxlayan İraq türkmanlarının ləhcəsində "Kitabi-Dədə Qorqud" dastanlarının dil özəllikləri ilə üst-üstə düşən həm leksik, həm də fonetik xüsusiyyətlər çoxdur: "Bu baxımdan professor Tofiq Hacıyevin dediklərində böyük həqiqət var. Görkəmli türkoloq-alim haqlı olaraq "mən" əvəzinə "bən", "bu" əvəzinə "şu", "indi" əvəzinə "şimdi", "minmək" əvəzinə "binmək" və s. işlənməsini Kərkük ellərində Osmanlı təsiri olmadığını, hələ qədimdən "Kitabi-Dədə Qorqud" zamanından qalma olduğunu xüsusi vurğulayır. Eləcə də "Kitabi-Dədə Qorqud"da qabarıq şəkildə özünü göstərən "d" səsinin "t" ilə əvəzlənməsi, məsələn: taş, ton, tamar, tana, tavşan, tayaq, tağ, tağarçıq, tam, tırnaq, toğsan, toğmaq, toğlu, tul, tağarcıq, tağlamaq, tükan, tamğa, toğru, taşqın, turnas. az-çox İraq türkman ləhcəsi üçün də səciyyəvidir. Bu xüsusiyyət başqa dialekt və şivələrimizdə də müşahidə edilsə də, artıq ədəbi dilimizdə işlək deyil".

Ədəbi dilimizdə tam başqa bir mənzərənin şahidi olduğunu vurğulayan Qəzənfər Paşayev bildirir: "Məlum həqiqətdir ki, vaxt keçdikcə dil cilalanır, həm yerli ləhcələr, həm də alınma sözlər hesabına zənginləşir, bir çox sözlər arxaikləşir, gündəlik danışıqdan cıxır. Bu baxımdan Azərbaycan ədəbi dili istisna deyil. Maraqlıdır ki, XX əsrin əvvəllərində azərbaycanca yazılmış əsərlərdə, xüsusən də Üzeyir Hacıbəylinin məqalə və felyetonlarında bu gün işlək olmayan, "Kitabi-Dədə Qorqud"da rast gəlinən, İraq türkman ləhcəsində hələ də dövriyədə olan sözlərə təsadüf edilir. Məsələn: Üzeyir bəyin musiqi bəstələdiyi şeirdə boru-bori (şeypur) işlənib:

 

Dağlara səs salır hücum borusu

Haydı marş irəli, Vətən ordusu.

 

Üzeyir bəyin tək bircə cümləsində "Kitabi-Dədə Qorqud" və İraq türkman ləhcəsi üçün səciyyəvi olan bir neçə söz işlənib: "Mən nə edim ki, öz elmimi, biliyimi millətin tərəqqisinə sərf etməklə xain, hüsud və bəxil "zənbur"çuların gözlərinə ox olub batıram. Əhali hər kəsi gözəlcə tanıyır". Dahi Üzeyir Hacıbəylinin tək bircə məqaləsində yuxarıdakı "hüşud", "bəxil", "gözəlcə" sözlərindən əlavə, indi ədəbi dilimizdə işlənməyən, "Kitabi-Dədə Qorqud"da özünü göstərən, İraq türkman ləhcəsində işlək olan darılmaq (əsəbiləşmək, acıqlanmaq), hizmət (xidmət), eyş (yar, yoldaş) və s. sözlərə də təsadüf edilir. "Kitabi-Dədə Qorqud"daİraq türkman ləhcəsində indinin özündə belə "budaq" mənasında işlənən "dal" sözü klassik ədəbiyyatımızda çox işlənirdi. Qarabağ xanı İbrahimxəlil xanının qızı Ağabəyim ağanın qoşması əsasında yaranmış, indi də məşhur olan "Vətən bağı" mahnısında da bu sözə rast gəlirik:

 

Bülbül, səni kim uçurtdu?

Kim daldan dala qaçırtdı?

Kim sənə badə içirtdi?

Kimlər oldu saqi, bülbül?!

 

Hətta tovuzlu Əli Quliyevin "Yaşıyasan" adlı qoşmasında klassik ədəbiyyatımız, "Kitabi-Dədə Qorqud" və İraq türkman ləhcəsi üçün səciyyəvi olan ey//eyi sözünə təsadüf edilir:

Ey süd əmən, bir dərd bilən,

Yarın ola, yaşiyasan".    BAXCP Türkiyəyə səsləndi

«Türkiyə-Ermənistan ticari-iqtisadi əlaqələrinin hansı səviyyədə müstəvidə, hansı dövlətin ərazisi vasitəsilə həyata keçirilməsindən asılı olmayaraq, buna son qoyulmasını istəyirik»

 

 

Uğur

 

Xalq cəbhəsi.- 2011.- 13 avqust.- S.12.