"Ən böyük problemlərdən biri erkən evliliklə bağlıdır"

 

 Ələsgər Məmmədli: "Bəzi QHT-lər isə dini nikah mərasimlərinin pulsuz təşkilini həyata keçirir"

 

"Bu həmin insanların dinə bağlılığının göstəricisi olsa da, hüquqi məsuliyyəti ortaya çıxarır"

 

Konstitusiyamızda yer alan hüquqlardan biri də birləşmək azadlığıyla bağlıdır. Bu haqq vətəndaşlara müəyyən məqsədlər üçün birləşərək qeyri-hökumət təşkilatı (QHT) yaratmağa da imkan verir. Bu gün ölkəmizdə yüzlərlə QHT fəaliyyət göstərir, onlardan 2350-dən çoxu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Cəmiyyətimiz üçün aktuallığını nəzərə alıb, bu dəfə birləşmək hüququna aydınlıq gətirmək istədik. Həmsöhbətimiz hüquqşünas Ələsgər Məmmədlidir.

- QHT nədir və cəmiyyətdə hansı mövqeyi var?

- QHT-lər vətəndaşların daha kiçik və lokal məsələlərdə birləşərək problemləri həll etməyə yönələn təşəbbbüsləridir. Bütünlükdə biz birləşib dövləti yaradırıq, referendumda iştirak edib Konstitusiyamızı qəbul edirik və s. Fərdi olaraq isə lokal, daha konkret problemlərə yönələndə biz birləşmək hüququmuzdan istifadə edərək QHT-lərdə fəaliyyət göstəririk. Bu isə nəyə xidmət edir? Əlbəttə ki, ölkədə demokratiyanın inkişafına.

QHT hökumətlə, dövlətlə əlaqəsi olmayan, yəni onun fəaliyyətindən kənar çalışan amma cəmiyyətdə mövcud olan problemlərin həllinə yönələn təşkilati-hüquqi formadır. Onların missiyası ictimai fəaliyyətlə məşğul olmaqdır. Yəni hər hansı bir məcburiyyət, məsuliyyət gətirməyən, könüllülük prinsipiylə problemlərin həllinə, müəyyən təlim və maarifləndirmə işlərinə yönələn fəaliyyətlərin birləşməsidir. Burada ən önəmli faktor birləşmək hüququnun həyata keçirilməsidir.

- QHT-nin fəaliyyəti hansı prinsiplərə əsaslanır?

- "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Həmin qanunda QHT-lərlə bağlı müddəalar yer alır. Əslində QHT anlayışının doğuş səbəbinə görə hökumətin nə birbaşa müdaxiləsi, nə də təşviqi olmamalıdır. Dolayı şəkildə hökumət dəstəkləyə bilər, amma mane ola bilməz. İnsanlar tamamilə könüllülük prinsipiylə onun təşkilatlanmasını və fəaliyyətini həyata keçirməlidir.

- QHT yaratmaq üçün hansı sənədlər lazımdır?

- Birdən çox, məsələn, iki və daha çox insan birləşərək təşkilat yarada bilərlər. Yəni, konfransını keçirəcək, təşkilatın nizamnaməsini qəbul edəcək. Təbii ki, nizamnamənin hüquqi forması var. Bu kimi texniki məsələlər həll edildikdən sonra 30 gün müddətində Ədliyyə Nazirliyinə ərizə verirsiniz. Ədliyyə Nazirliyi "Hüquqi şəxslərin dövlət reyesteri haqqında" qanunvericiliyə uyğun olaraq 40 iş günü ərzində ərizəyə baxır. Əgər ərizənizdə heç bir problem yoxdursa, qanunvericiliyin tələbinə uyğun şəkildə yazılıbsa, QHT-ni qeydə alır. Yox əgər nizamnamənizdə müəyyən problemlər varsa, sənədlər sizə geri qaytarılır. Geri qayıdan sənədlər 20 gün ərzində yenidən düzəldilir və yenidən Ədliyyə Nazirliyinə təqdim olunur. Nazirlik 10 gün ərzində QHT-ni qeydə almalıdır. Hüquq bunu əmr edir. Amma praktikada ciddi problemlər olur. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan əleyhinə 16 məhkəmə qərarı çıxarıb ki, onlardan 2-si məhz QHT-lərin qeydiyyatılə bağlıdır.

- Sənədləri geri qaytarmaq səbəblərindən biri də QHT-nin adı ilə bağlı ola bilərmi?

- Əslində qanunvericilikdə tək istisna odur ki, eyni adda başqa fəaliyyət olmasın. Yəni eyni adda 2 təşkilat qurmaq olmaz.

- Bəs eyni adda təşkilatın olub-olmadığını necə öyrənmək olar?

- İstər Ədliyyə Nazirliyində, istərsə də Vergilər Nazirliyində hüquqi şəxslərin reyesterindən öyrənmək olar. İnformasiya əldə olunmasına dair qanuna görə bu cür məlumatlar açıq olmalıdır, internetdə yayılmalıdır. Odur ki, əgər siz ictimai birlik təsis etmək istəyirsinizsə və eyni adda artıq başqa ictimai birlik varsa, siz həmin addan istifadə edə bilməzsiniz. Əgər o adda ictimai birlik yox, fond varsa, siz istifadə edə bilərsiniz. Çünki ictimai birliklərlə fondlar fərqlidir. Yaxud Açıq tipli Səhmdar Cəmiyyət (ASC) qura bilərsiniz. Çünki onun missiyası tamamilə başqa strukturludur. ASC kommersiya gəliri gətirən, brendi, əmtəə nişanı olan bir quruluşdur. QHT ilə ASC eyni sferada olmadığı üçün bir-birinə mane deyil.

- Fondlarla ictimai birliklərin hansı fərqi var?

- İctimai fəaliyyət göstərmək istəyən vətəndaş təşkilati hüquqi formadan birini seçməlidir. Fondlar müəyyən xeyriyyə işləri həyata keçirmək məqsədilə qurulur. Məsələn, əgər kimsə xeyriyyəçiliklə məşğul olmaq məqsədilə universitet açmaq istəyirsə, fond quraraq onun vasitəsilə universitet aça bilər. Odur ki, fondlarla ictimai birliklərin hər birinin özünəməxsus xüsusiyyətləri və imkanları var. Bunlardan birinin digərindən üstün olduğunu demək olmaz. Hərəsinin öz məqsədləri və işləmə mexanizmi var. İctimai birliklərdə insanlar birləşərək hansısa məqsəd üçün bütün əməklərini sərf edirlər. Fond isə daha çox fondun quruluş məqsədinə xidmər edir. Fondu quran şəxs imkan şəxs bu fondu müəyyən bir məqsəd üçün yaradır.

- Bəs xarici ölkə vətəndaşı Azərbaycanda QHT təsis edə bilərmi?

- "Azərbaycan Respublikasının ictimai birliklər və fondlar haqqında" qanunvericiliyində göstərilir ki, xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda mövcud olan ictimai birliklərə üzv ola bilərlər. Amma onlara təsisçilik hüququ verilməyib. Bilirsiniz ki, Azərbaycan beynəlxalq qanunvericiliklərə, konvensiyalara qoşulub və Avropa İnsan Hüquqları Konvensiyasına əsasən, birləşmək azadlığı hər kəs üçün müəyyən olunub.

- QHT-lərin bir çoxu fəaliyyətlərində əsas çətinliklərdən biri kimi maliyyə sıxıntısını göstərirlər. QHT-lər maliyyə problemini necə həll edə bilərlər?

- Qrant verən təşkilatlara layihələr təqdim etmək olar. Eyni zamanda Azərbaycanda dövlət də QHT-lərə maliyyə yardımı ayırır. Təsəvvür edin ki, ölkəmizdə 226 yerli QHT birbaşa dövlətin qeyd-şərtsiz verdiyi maliyyədən faydalanaraq hansısa ictimai missiyanı həyata keçirir. Bu özü də böyük nəticədir. Çünki 220 layihənin hər birindən ən azı 10 adam faydalansa, bu o deməkdir ki, 2200 adam ictimai fəaliyyətin nə olduğunu biləcək.

- QHT-lərin bugünkü fəaliyyətini qənaətbəxş saymaq olar?

- Qeyri-hökumət sektoru çox geniş bir sektordur. İnsan hüquqlarıyla, milli-mənəvi dəyərlərlə, sosial hüquqların qorunmasıyla bağlı fəaliyyətlər var. Hər bir sahədə fəaliyyətini effektiv quran təşkilatlarla yanaşı, sırf qrant alıb ən azından əmək haqqı üçün bu işə girişən insanlar var.

- Bəs QHT-lərin fəaliyyətinə nəzarət mexanizmi yoxdur?

- İctimai fəaliyyətə nəzarət olunması doğru deyil. Amma maliyyə və öhdəliklərin icrasıyla bağlı nəzarət ola bilər. Qrant verən şəxs layihənin icra üsullarıyla, nəticəsiylə maraqlanmalıdır. Əgər maraqlanmırsa, deməli, müəyyən neqativ hərəkətlərdə ortaq iştirak edib.

- Bəs QHT-nin milli-mənəvi dəyərləri təbliğ etməyinə necə baxırsınız?

- QHT milli-mənəvi dəyərlərin təbliğilə məşğul ola bilər. Qanunla heç bir məhdudiyyət yoxdur. Amma mənəvi dəyərlərin təbliği hüquq sisteminin kənarına çıxaraq onun önünə keçməməlidir. Məsələn, bəzi QHT-lər dini nikah mərasimlərinin pulsuz təşkilini həyata keçirir. Bu həmin insanların dinə bağlılığının göstəricisi olsa da, hüquqi məsuliyyəti ortaya çıxarır. Bu gün Azərbaycanda ən böyük problemlərdən biri də erkən evliliklə bağlıdır. Rəsmi nikahı olmadan dini kəbinlə qurulan ailələrdə bir sıra problemlər ortaya çıxır. Xüsusən də boşanma zamanı əmlakın, mülkün bölünmə məsələsində çox ciddi problemlər yaranır. Odur ki, dini kəbinə yalnız dövlət nikahı olan vətəndaşlar təşviq edilməlidir.

- Dindar vətəndaş QHT təsis edə bilərmi?

- Qanunvericiliyimizə əsasən, Azərbaycan vətəndaşı olan hər kəs QHT təsis edə bilər. Tək istisna məhkəmə qərarıyla əqli yerində olmadığı təsbit edilən insanlardır. Onlar istisna olmaqla hər kəs, o cümlədən din xadimləri də QHT qura bilərlər.

- Qanunvericiliyimizə görə, QHT dini istiqamətdə fəaliyyət göstərə bilərmi?

- Dini istiqamət bir qədər mücərrəd anlayışdır. Dini istiqaməti dəqiq müəyyən etmək lazımdır. Din nədir? Mədəniyyətin bir parçasıdır. Siz din mədəniyyətdən kənardır desəniz, doğru olmaz. Bu baxımdan da milli-mənəvi dəyərləri təbliğ edən ictimai birlik dinin də müəyyən müsbət tərəflərini, eyni zamanda dini ənənələrin formalaşmasını da təbliğ edə bilər. Qanunla bunda heç bir məhdudiyyət yoxdur.

 

 

Real Cəfərli

 

Xalq cəbhəsi.- 2011.- 13 avqust.- S.11.