"Uşaq əməyinin istismarı yolverilməzdir"

 

 Aqil Məmmədov: "Qaydalar çərçivəsində işləmək uşaqların istismarına yox, əksinə, onların zəhmətkeş böyüməsinə şərait yaradır"

 

"Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin sədr müavini Aqil Məmmədovla müsahibəni diqqətinizə çatdırırıq.

- Uşaq əməyinin istismarının səbəbləri nələrdir?

- Gəlin, öncə ondan başlayaq ki, uşaqlar işləyə bilər və ya yox. Qanuna görə, Azərbaycanda yaşı 14-dən yuxarı olan uşaqların müəyyən qaydalar çərçivəsində işləməsi mümkündür. Dünyanın demək olar ki, bütün ölkələrində, o cümlədən Azərbaycanda qanunlar uşaqların müəyyən qaydalar daxilində işləyib pul qazanmağına icazə verir. Bu qaydalar çərçivəsində işləmək uşaqların istismarına yox, əksinə, onların zəhmətkeş böyüməsinə şərait yaradır. Əmək Məcəlləsinə görə, Azərbaycanda uşaqlara 14-15 yaşından işləməyə icazə verilir. Amma bunun üçün valideynlərin mütləq qaydada razılığı olmalıdır. Qanuna əsasən, uşaqların iş saatı da az olmalıdır. Belə ki, 14-16 yaşınadək uşaqlar həftədə 24 saatdan, 16-18 yaşında olanlar isə 36 saatdan artıq işləməməlidir. Məhdudiyyətlərə baxmayaraq, uşaqlar da 40 saat işləyənlərlə eyni maaşı almalıdırlar. Onlara ağır işlər də olmaz. Bu qaydalar qanunla müəyyənləşdirilir.

Əgər hər hansı bir müəssisədə uşaqlar iş saatından artıq, istirahətsiz, valideynin icazəsi olmadan ağır işlərdə işlədilirsə, artıq bu onların istismarı deməkdir. Əgər araşdırma aparsaq, görərik ki, bu gün Azərbaycanda uşaq əməyindən əsasən kiçik və yeni yaranmış müəssisələrdə istifadə edilir. Adətən istismara məruz qalan uşaqlar kimsəsiz, yoxsul ailələrdən və ya sosial durumları çox çətin olan uşaqlardır. Bir çox hallarda uşaqların məcburi olaraq cinsi istismarına da rast gəlinir. Araşdırmalar onu göstərir ki, bir sıra hallarda uşaqları öz valideynləri zorla işləməyə məcbur edir. Bunu isə valideynlər ailənin sosial durumuyla əlaqələndirirlər. Öz növbəsində bu uşaqların məcburi istismarı həm cinayətdir, eyni zamanda uşaqların konstitusiya ilə verilmiş hüquqlarının, yəni təhsil hüquqlarının pozulmasıyla nəticələnir.

- İnsanlar niyə buna ehtiyac duyurlar? İstismarın növləri hansılardır?

- Yuxarıda qeyd etdim ki, uşaq əməyi ən ucuz əmək sayılır. Eyni zamanda bir sıra işlər var ki, onlar həm az gəlirlidir, eyni zamanda bir çox insanlar o sahələrdə çalışmaq istəmirlər. Misal üçün ofisiant, kuryer. Bu kimi işlər daimi deyil və eyni zamanda bu işçilərin Əmək Məcəlləsinə əsasən işə götürülməsi və əmək müqaviləsinin bağlanması sahibkarlara sərf etmir, böyüklər isə belə az gəlirli və daimi olmayan işdən yayınırlar. Ona görə də bu kimi hallarda uşaq əməyinə müraciət edilir. Təəssüf ki, bu gün uşaq əməyindən istifadə edənlər sırasında şadlıq sarayları da yer alıb. Uşaqlar gecə saatlarına qədər çox ucuz qiymətə rəqs edilməyə, müxtəlif hazırlanmış ssenarini həyata keçirməyə məcbur olunurlar.

- İstismarı məruz qalan insanların ortaq özəllikləri hansılardır?

- Burada hansısa ortaq özəlliyin axtarılması düzgün deyil. Çünki istismarın növləri müxtəlif olduğu kimi bunu uyğulayan insanlar da müxtəlifdir. Kimisi bilərəkdən, kimisi isə sadəcə həmin uşaqların ailələrinə dəstək olmaq üçün uşaqları işlə təmin edir. Bu zaman qanunları pozduqlarını belə düşünmürlər. Onlara elə gəlir ki, bir savab iş görürlər. Məncə, bu cür halların aradan qaldırılması üçün əmək müfəttişliyi öz məsuliyyətini dərk edib mübarizəni gücləndirməlidir.

- Bəzi uşaqlar istismara uğradıqlarını deməkdən çəkinə bilərlər. Onların istismara məruz qaldıqlarını necə anlaya bilərik?

- Bilirsiniz, bəzən uşaqlar özləri də istismar edildiklərini dərk etmirlər. Onlar işlədikləri zaman özlərini bir böyük insan sayırlar və ailələrinə yardım edə bildiklərindən evdən qismən də olsa maddi baxımdan asılı olmadıqlarını hiss etdiklərindən öz hüquqlarını unudurlar. Ancaq belə halları anlamaq bir o qədərdə çətin deyil. Hər gün axşam restoranlara girin, özünüz şahidi olacaqsınız orada çalışan ofisiantlar, rəqqasələrlə heç bir əmək müqaviləsi bağlanmır. Rəsmiləşdirilmə olmadığından bu uşaqların sabah həmin müəssisədə ala biləcəyi xəsarətə görə də sahibkarlar məsuliyyətdən yaxa qurtara bilirlər. Eyni zamanda bu gün küçə ticarəti, bazarlarda ticarətlə məşğul olan uşaqlarla bir dəfə danışmaq kifayətdir ki, anlayasınız ki onlar təhsillərini atıb işlə məşğul olurlar. Kiminsə istismarına məruz qalırlar.

- Ailələr də uşaqlarının bəzən istismara uğradığını demirlər. Onların davranışları uşağın istismara uğradığını anlamağımıza kömək edə bilərmi?

- Ailələr heç vaxt bunu etiraf etmirlər. Çünki bir çox ailələr bunu tərbiyə metodu hesab edir. Bəzi ailələr isə uşaqlarının işləməsinin onların dolanışığına yardım göstərdiyindən uşaqlarının əməyini uşağın valideyni qarşısında borcu kimi sayırlar. Onlara elə gəlir ki, əgər uşaq dünyaya gətiriblərsə, bu artıq o deməkdir ki, uşaq gecə-gündüz çalışıb ailəni dolandırmalıdır. Ona görə də düşünmürəm hansısa valideyn fəxrlə desin ki, o, öz uşağını istismar edir.

- Cəmiyyət olaraq biz uşaq əməyinin istismarı haqqında ancaq mediadan xəbər tuta bilirik. Sizcə, Azərbaycanda uşaq əməyinin istismarı doğrudanmı dəhşətli vəziyyətdədir?

- Xeyr. Bu gün Azərbaycanda uşaq əməyinin istismarı o dərəcədə deyil ki, qarşısını almaq mümkün olmasın. Uşaq istismarı var. Ancaq bunun da obyektiv və subyektiv səbəbləri var. Artıq qeyd etdiyim kimi bir çox ailələrin bu kimi addımlara tərbiyə metodu kimi baxmasıdır. Digər tərəfdən, ailənin öz sosial problemləridir. Məsələn, ata və ya ananın xəstə olması, ailədə valideynin olmaması. Ona görə də uşaq əməyinin istismarı sahəsində vəziyyət ötən illərlə müqayisədə daha az müşahidə edilir. Baxın, əvvəllər avtobuslarda konduktorlar uşaqlar idi. İndi bu hal yoxdur. Qabaqlar dəmir yol vağzalında araba sürənlərin əksəriyyəti uşaqlar idi, indi bu az müşahidə edilir. Ölkənin iqtisadi potensialı artdıqca, ailələrin yaşayış səviyyəsi yaxşılaşdıqca bu kimi hallar da azalır.

Əgər biz sağlam gənclik istəyiriksə, biz sağlam uşaq böyütməliyik. Bu gün küçələrdə həyat keçirən, az yaşından böyüklərin əhatəsində olan, təhsildən kənar qalan uşaqları vaxtında realibitasiya etməsək, gələcəkdə uşaqların zərərli vərdişləri qavramalarına gətirib çıxaracaq. Eyni zamanda bu da milli genefondumuza öz mənfi təsirini göstərəcək. Gənclər arasında böyük uçurum yaradacaq. Ona görə də belə problemlərin həllində həm dövlət, həm QHT sektoru, həm media, həm də biznes dairələri birlikdə fəaliyyət göstərməlidirlər.

- Bir uşağın məyinin istismar edildiyindən şübhələniriksə, nə etməliyik? Ona necə davranmalıyıq?

- Belə hallar müşahidə edildikdə yaxşı olar ki, vətəndaşlar bir az məsuliyyətli olub polisə və əmək müfəttişliyinə məlumat versinlər. Eyni zamanda hər bir vətəndaş özü tək başına da belə neqativ halların aradan qaldırılmasına çalışmalıdır.

- Uşaq əməyinin istismarının "müalicə metodları" nələrdir?

- Mən düşünürəm ki, ən effektiv metod təhsil və asudə vaxtın səmərəli təşkili metodudur. Eyni zamanda bu uşaqlarla psixoloqlar da daim işləməlidirlər.

 

       

Oktay Hacımusalı

 

Xalq cəbhəsi.- 2011.- 17 avqust.- S. 11.