"Təbiətin
halında bir amansızlıq var"
Professor Telman Əliyev: "İnsan təbiətlə "yola
getməyi" bacarmalıdır"
Professor Telman Əliyevin
"Ölümqabağı gümrahlaşmanın sirri"
adlı elmi kəşfi alimlərin ciddi marağına səbəb olub. Bu barədə o, bizimlə söhbətində bildirib
ki, "30-a yaxın alimin müsbət rəyi oldu. Dünyaca məşhur alim, doktor Cavad Heyət
bu mövzuda özünün "Varlıq"
jurnalında ayrıca
məqalə nəşr
etdirib". Kitabın
ikinci nəşrində
mövzu daha da təkmilləşdirilib:
"Bu ideyalar dünyanın
müxtəlif ölkələrində
maraqla qarşılanıb".
Telman Əliyevin digər kəşfində
isə müxtəliflik
fenomeninin sirri açılıb: "Kainatdakı
müxtəliflik böyük
elmi prinsiplərə əsaslanmaqla açılıb.
Bu ideya vasitəsilə
canlılarda məhv olma risqini, habelə
cansız obyektlərdə
- mühəndis qurğularında
dağılma risqini azaltmaq mümkündür".
Bu fikirlərinin dünyanı
indi daha çox narahat edən zəlzələ məsələsində də
uğurla tətbiq edilə biləcəyinə
əminliyini bildirən
T.Əliyev ideyasının
3 yolla təsdiqini tapdığı qənaətindədir. O, qənaətlərini
müasir elmlərdə
əsaslı rol oynayan sinergetik tədqiqatlar vasitəsilə
də sübut edib: "Zəlzələyə
davamlılığı artırmaq
istəyiriksə, bir bina o birisindən hər mənada fərqli tikilməlidir.
Bu, hər hansı bir dövrdə ola biləcək
zəlzələ təhlükəsini
xeyli azaltmış olar. Sovet vaxtı binalar
demək olar, biri-birinə oxşayırdı.
Elə zəlzələlər var
ki, o binaların hamısını dağıdar.
Əsasən birtipli layihələrdən qurtulmaqla
bu problemin həllində irəliləyişə
nail olmaq mümkündür".
Çağdaş kompüter proqramı
vasitəsiylə "sınaq
məhəlləsi" yaradan
alim nəticə ilə bağlı bunları bildirir: "Bir neçə müxtəlif tipli-konstruksiyalı
binalar layihələndirildi.
9 ballıq Rixter
şkalası ilə zəlzələ "yaradıldı".
O binalardan yalnız biri dağılmağa başladı. Başqaları isə demək
olar, zəlzələyə
"reaksiya vermədilər".
Bu fakt təsdiq
edir ki, baş verəcək zəlzələlərin fəsadlarının
azaldılmasında bu
ideya əhəmiyyətli
rol oynaya bilər".
Bu ideyanın təbiətdəki,
ümumiyətlə, kainatdakı
bütün proseslərə
aid olduğunu bildirən
T.Əliyev deyir ki, təbiətdə iki bir-birinin eyni olan nəsə
yoxdur.
Çağdaş dövrdə dünyada birdilliyi, bir mədəniyyətliliyi əsasandırmaq
amili sovet dövründə vardı,
indi daha da bu meyl
artıb. Ancaq dünya eyniliyin
yox, müxtəlifliyin
vəhdəti kimi birdir. Alimin "Təbiətin qadağan olunmuş qanunları və ölümqabağı gümrahlaşmanın
sirri" və "Canlılarda müxtəliflik
(diversifikasiya) fenomeni və onun sirrinin
açılması" adlı
kəşfləri təbiət
hadisələrinin sirrinin
üzə çıxarılmasında
müəyyən rol oynaya bilər. Patentləşdirdiyi ixtiralar zəlzələ
proqnozu və zəlzələyə davamlı
qurğular yaradılması
sahəsinə aiddir.
Uğurlarına görə Beynəlxalq
Ekoenergetika Akademiyasının
və Ukrayna İnşaat Akademiyasının
akademiki seçilib.
Min illərdir ki,
insanlar tikdiklərinin
bir zaman uçulacağını dərk
etsələr də, amma yenə də qurmaq, yaratmaq inadlarından qalmırlar. Alim deyir, insan qurmasa,
yaratmasa, məhv olar: "Təbiətin halında bir amansızlıq var. İnsan
təbiətlə "yola
getməyi" bacarmalıdır.
Yəni insan elə tikib-yaratmalıdır ki, zəlzələ onu dağıda bilməsin".
Hər halda insan təbiətlə
olan əhdini pozub. Təbiət insanın heç
bir səhvini ona bağışlamır.
İnsan təəssüf
ki, təbiətlə
olan ilahi harmoniyanı qoruyub-saxlamaqda
inadlı deyil: "Tarazlıq təbiətin ən geniş yayılmış fundamental anlayışıdır.
Tarazlıq insan tərəfindən
pozulub. İnsan öz əməlləri
ilə təəssüf
ki, əksər hallarda təbiəti qəzəbləndirir. Digər tərəfdən
də təbiətin qəzəbinin səbəbi
təkcə insanın
fəaliyyəti ilə
bağlı deyil.
Təbiətin özündə də bu proseslər
gedir".
İnsanları tarixən, xüsusən də indi daha
çox daim gərginlikdə saxlayan təbii fəlakətlərdən
biri zəlzələlərdir. Zəlzələnin
bölgüsü aparılaraq
onun 4 növünün
olduğu müəyyənləşdirilib:
tektonik, vulkanik, uçqun və süni kimi zəlzələ növləri
var. Hazırda süni
zəlzələ barədə
də az
danışılmır. Ən təhlükəli
zəlzələlər tektonik
zəlzələlərdir. Təbiidir ki, tektonik zəlzələnin
də izahı var. Ancaq süni zəlzələ daha çox insan fəaliyyətilə bağlıdır.
Bu zəlzələlərə adətən "bənd zəlzələləri" də
deyirlər: "Aydınlaşdırılıb
ki, bəzi yerlərdə çəkilən
bəndlərdə suyun
səviyyəsi 80-100, eləcə
də 120 metrə çatanda zəlzələ
baş verir. Adətən
çox hallarda böyük şəhərlər
zəlzələlərin episentrinə
düşür. Məsələn,
Daşkənd, Aşqabad,
eləcə də Şamaxı, Gəncə...
"Bənd zəlzələsi"
ilə bu şəhərlərdə baş
verən təbii fəlakətlər arasında
analogiya tapmışam.
Bənd zəlzələsində əsas
motiv odur ki, müəyyən bir ərazidə yaranan ağırlıq artdıqda zəlzələ
baş verir. Ağırlığın artması nəticəsində
sıxılma gərginliyi
artırır; yəni
"bənd zəlzələsi"ndə
göldə necə effekt yaranırsa, bu məqamda da elə effekt
yaranır. Abşeron yarımadasında
indi də göydələnlər tikilir.
Təəssüf ki, bu zona çox yüklənib. Həticədə çox böyük fəsadlarla üzləşə
bilərik".
Zəlzələ hadisəsi və onun öyrənilməsi qədim tarixə malikdir. Zəlzələni Çində hələ
eramızdan əvvəl
760-cı ildə qeydə
almağa başlamışlar.
Zəlzələni qeyd edən
ilk cihazı-seysmokopu da
Çin alimi, riyaziyyatçı, astronom
və coğrafiyaşünas
Çyan Xen 132-ci ildə ixtira edib. Orta Asiyada zəlzələ
haqqında ilk elmi əsər yazan dahi alim, böyük
loğman İbn Sina (980-137) olub. İbn Sina özünün
"Kitab əş-şəfa"
əsərində güclü
silkələnməyə məruz
qalan sahələrin zəlzələnin episentri
ilə üst-üstə
düşmədiyi halları,
Yer səthinin müxtəlif sahələrində
zəlzələlərin təkrarolma
tezliyini, eləcə də Ay və Günəşin zəlzələyə
təsirini göstərib,
zəlzələ zamanı
ondan qorunmaq, ehtiyatlı davranmaq barədə mülahizələr
söyləyib. Zəlzələnin öyrənilməsi məsələlərilə
onun müasiri Əbu Reyhan Biruni məşğul olub.
Zəlzələ qədim zamanlardan öyrənilsə də,
indiyə kimi də xalqlara bədbəxtlik gətirməkdə
davam edir. Zəlzələ Yer qabığının
həyat fəaliyyətinin
təbii nəticəsi
hesab olunur. Seysmoloqlar ehtimal edirlər ki, zəlzələlər
milyard illər bundan sonra da
baş verəcək.
Qorxunc tektonik hadisə kimi zəlzələnin öyrənilməsi qədim
zamanlara gedib çıxsa da, ondan qorunmaq yollarının, zəlzələyə
davamlı qurğular yaradılmasının tarixi
bir o qədər cavandır".
Alimin fikrincə,
zəlzələyə davamlı
bina və qurğuların yaradılması
olduqca aktualdır və aktual olaraq qalacaq. Ona görə
ki, zəlzələnin
qarşısını almaq
mümkün deyil.
Digər
tərəfdən onun
proqnozunu etibarlı şəkildə, bəzi
istisnaları çıxsaq,
vermək mümkün
deyil. 2000-ci ilin yanvarında Yeni Zellandiyada keçirilən beynəlxalq
konqresdə qəbul olunan qətnamədə yazılmışdı ki,
yeganə çarə
bina və qurğuların zəlzələyə
davamlı tikilməsidir.
Ötən əsrdə zəlzələyə
davamlı qurğularla
bağlı bir-birini inkar edən 2 konsepsiya yaradılıb.
Onların hər ikisi
təcrübədə özünü
doğrulda bilmədiyindən
sıradan çıxıb.
Birinci konsepsiyanın məğzi
belə idi ki, bina və
qurğular sərt qrunt, məsələn, qaya üzərində tikilsə yaxşıdır.
Hamının qəbul etdiyi
bu fikir baş verən zəlzələlərdən sonra
mütləqliyini itirdi.
O zaman tələsik belə bir konsepsiya
yaratdılar ki, bina və qurğular
yumşaq qrunt, məsələn, qum, gil və s. üzərində
tikilsə yaxşıdır.
Bu da ağlabatan
idi, yumşaq qruntun amortizasiya xassəsi sözügedən
fikrə qüvvət
verirdi. Ancaq 1964-cü ildə Yaponiyada baş vermiş Hiiqata zəlzələsi bu ideyanın da doğruluğunu inkar etdi. Hiiqatada bu konsepsiya əsasında yumşaq qrunt üzərində tikilmiş binalar böyrü üstə aşdılar".
Alimin konsepsiyasının məğzi
belədir: "Bu, o biri
konsepsiyalardan fərqli
olaraq seysmik rezonans halını nəzərə almağa
və ondan yayınmağa imkan verir. Konsepsiyanın mahiyyəti ondan
ibarətdir ki, sərtliyi yüksək olan bina və
qurğular sərtliyi
aşağı olan qrunt üzərində, sərtliyi aşağı
olan bina və qurğular isə sərtliyi yüksək olan qrunt üzərində yaradılsa yaxşıdır".
Xalq cəbhəsi.- 2011.- 17 avqust.-
S. 14.