"Gültəkin" imzalı Əmin Abid

 

 Əli Şamil: "Əmin Abid irticadan qorunmaq üçün "Gültəkin" imzası ilə şeirlər yazdığını gizlədib"

 

Məhəmməd Əmin Rəsulzadə Gültəkinin milli azadlıq ruhu aşılayan şeirlərinə yüksək qiymət verib

 

1920-ci ildə Azərbaycan bolşevik Rusiyası tərəfindən istila edildikdən sonra millətin azadlığı uğrunda mübarizə aparanların bir qismi məhv edildi, sürgünlərdə çürüdüldü, bir qismi də yaxın-uzaq ölkələrə mühacirət etdilər. 1937-38-ci illərə kimi yaşayan fikir adamlarımızın taleyi heç də xoş keçmədi. Belələrindən biri də Əmin Abid idi. Araşdırmaçı Əli Şamil onunla bağlı olan bir kitabdan söhbət açır: "Buzlu cəhənnəm" kitabı İstambul "Kayabal-güresin" mətbəəsində 1948-ci ildə latın qrafikası ilə basılıb. Müəllifi Gültəkindir. Ancaq kitabı yayına müəllif deyil, tanınmış siyasi xadim, "Müsavat" partiyasının katibi Mirzə Bala hazırlayıb, ona "Gültəkin" başlıqlı geniş bir ön söz də yazıb. Orada deyilir: "Azərbaycan türkünün milliyyət, hürriyyət ve istiqlal uğrunda sovet imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahidlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir. Gültəkinin hürriyyet ve istiqlal hayqıran şeirləri 1923-1928-ci illərdə İstanbulda Rəsulzade Məhəmməd Əmin bəy tərəfindən nəşr olunan "Yeni Kafkasya" məcmuəsində çıxıb. Bəziləri daha o zamanlar, rus imperializmi ilə çarpışan əsir millətlər tərəfindən öz dillərinə tərcümə edilib və bir örnək alınmış bu şeirler, Milli Azərbaycan nəşriyyatının səkizincisi olmaqla 1928-ci ildə İstanbulda çıxan "İstiqlal uğrunda" adlı şeirlər məcmuəsində toplanıb. Mühacirətdə yetişən millətçi azəri şairləri" seriyasından yayınlanmış ilk kitab "Buzlu cəhənnəm"dir. Tərtibçi birinci şeirin adını da kitabın üz qabığına çıxarmışdı".

Araşdırmaçı nəşrin varlığından 1990-ci illərdə xəbər tutsa da, əldə edə bilməyib: "Kitabın diqqətimi çəkməsinin bir səbəbi vardı. Hələ Azərbaycan Dövlət Universitetində oxuduğum illərdə (1968-73) Əmin Abidin ömür yolu, yaradıcılığı ilə maraqlanırdım. 1926-36-ci illərdə Azərbaycan mətbuatında dərc etdirdiyi dərin məzmunlu elmi məqalələrinə heyran qalmışdım. Onun xidmətinin layiqincə qiymətləndirilməməsi məni narahat edirdi. Ancaq nədənsə onun ömür yoluna işıq saçacaq, ipucu olacaq bir sətirə belə rast gəlmirdim. Bu boşluğu doldurmaq üçün Əmin Abidi tanıyanlara müraciət etmək qərarına gəldim. Dərin biliyinə sayğım olan professor Abbas Zamanova üz tutduqda, "Mən Bakı Pedaqoji Texnikumunda oxuyanda (1927-29) Əmin Abid orada müəllim idi, ancaq bizim kursa dərs demirdi. Sonra oradan uzaqlaşdı. Çox savadlı, yüksək mədəniyyətli insan idi. "Gültəkin" imzası ilə şeirlər yazmışdı" - deyə məlumat verdi. Uzun illər Abbas Zamanovdan başqa bir kimsədən Əmin Abidin "Gültəkin" imzası ilə şeirlər yazdığını bir daha eşitmədim".

Ə.Şamil Qafqazda türkcə çap olunan qəzet və jurnalları diqqətlə gözdən keçirib: "1913-1919-cu illərdə "Məktəb", "Dirilik", "Övraqi nəfisə" jurnallarında "Abid", "Abid Mütəllibzadə", "Abid Mütəllib oğlu", "Abid alp Mütəllib oğlu" imzası ilə, 1923-25-cu illərdə "Kommunist" qəzetində, "Gənc pedaqoq", "Şərq qadını" jurnallarında "Əmin Abid" imzası ilə şeirlərə, hekayələrə, məqalələrə və tərcümələrə rast gəldim. Araşdırıcı Qulam Məmmədli isə "Babayi-Əmir" jurnalındakı "Qozqurab", "Qozqurabbəy" imzasının da Əmin Abidə aid olduğunu söylədi. Sonralar çap etdirdiyi "imzalar" kitabında da bunları Əmin Abidin imzası kimi göstərdi. Gizli imzaların, dövri mətbuatın gözəl bilicisi kimi tanıdığım Qulam Məmmədli də Əmin Abidin "Gültəkin" imzası ilə şeirlər yazdığından xəbərsiz idi. Cəfakeş araşdırıcı Rasim Tağıyev 1976-ci ildə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda Əmin Abidin şəxsi işi ilə tanış olmağıma köməklik göstərdi. İlk dəfə Əmin Abidin öz əli ilə yazdığı bir neçə anketi, tərcümeyi-hali, əsərlərinin siyahısını və s. oxudum".

Əmin Abid 1912-1919-cu illərdə "Kəlniyyət", "Leylək", "Məzəli", "Molla Nəsrəddin", "Sovqat", "Azərbaycan" və başqa qəzet-jurnallarda şeir və məqalələr, Türkiyədə çıxan "İnci", "Syus", "Şebab", "Yarin İstanbul" "Xidməti ümumiye" jurnallarında şeirlər çap etdirdiyini göstərmişdi. Əldə etdiklərim haqqında hər dəfə Abbas Zamanova danışıb "Gültəkin" imzasına rast gəlmədiyimi söyləyəndə yalnız bir cavab alırdım: "Yaxşı axtarmayıbsan. Get axtar, tapacaqsan".

Türkiyədə olarkən (1992-1997) kitabxanalarda apardığım axtarışlar, tanıdığım insanlarla söhbətlərimdə, "Buzlu cəhənnəm" kitabınin izinə düşməyə imkan vermədi. Azərbaycan Kültür Dərnəyinin hazırladığı cib dəftərçələrində, təqvimlərdə və s. Gültəkinin şeirlərindən gen-bol istifadə edilirdi. Dərnəyin yaşlı üzvləri belə bir kitabın olduğunu söyləsələr də, özlərində olmadığını, təkrar çap etdirdikləri şeirləri isə qəzet və jurnallardan aldıqlarını söyləyirdilər. Mehmed Kəngərli, Əhməd Qaraca da Gültəkinin Əmin Abidin imzası olduğunu yəqinliklə söyləyirdi. Qaynaq göstərmələrini xahiş etdikdə: "Biz elə bir yazılı qaynaq göstərə bilmərik. Məhəmməd Əmin və Fövzi Aküzüm kimi xocalarımızdan eşitdiklərimizi deyirik. Onlar da bunu hər yerdə söyləməzdilər. İnandıqlari adamlara belə yavaşdan deyərdilər"-cavabını almışdım".

Ə.Şamil bu qənaətdədir ki, "Gültəkin" imzası ilə dərc olunmuş şeirlər üsyankar ruhu, döyüşkənliyi ilə Əmin Abidin digər çap olunan şeirlərindən kəskin bir şəkildə seçilirdi. Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində Gültəkinə yüksək qiymət verərək yazır: "Millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan bu igidlərin əsil qəhrəmanlığı ilə bizi həqiqi mənada tanış edən şeir bolşevik senzurasindan azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda -

 

İstiqlal, o yaşayan millətin qəlbində can,

İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.

İstiqlal, o sönməyən müəbbəd bir məşalə

Könüllərdə tutuşur, gözlərdə sönsə belə!

 

- deyə "Gültəkin" adını daşıyan alovlu şairin yazıları xüsusi yer tutur. Gültəkinin şeirlərində biz həqiqi, milli-inqilab mübarizəsini görürük. Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardı. Bunlardan Sənan və Yayicili Kərimi göstərə bilərik".

Məhəmməd Əmin Rəsulzadə Gültəkinin milli azadlıq ruhu aşılayan şeirlərinə yüksək qiymət verərək "Bayrağım və istiqlalım", "Buzlu cəhənnəm" şeirlərini bütövlükdə əsərinə daxil edib". Ə.Şamil M.Ə.Rəsulzadə və Ə.Cəfəroğlunun Əmin Abidin yaradıcılığı ilə yaxından tanışlığına şübhə etmir: "Ancaq onlar da Ə.Abidin "Gültəkin" imzası olduğuna dair kiçik işarə belə verməmişdilər. Odur ki, yazılanlarla kifayətlənmir, Gültəkinin kitabıni axtarırdım. İstanbulda Azərbaycan Respublikasinin baş konsulu işləyən şair Abbas Abdulla Gültəkinin "Buzlu cəhənnəm" kitabını 1990-ci illərdə Türkiyədən Bakıya apardığını, kitabın üz qabığındakı şəkli "Ulduz" jurnalında çap etdirdiyini söylədi. İpucu tapsam da, kitabın əlimə keçməsi Abbas Abdullanın konsulluqdan çıxıb Bakıya qayıtmasınadək uzandı. Türkiyə radiosunun "Azərbaycanın səsi" redaksiyasının müdiri, ədəbiyyatımızın gözəl bilicisi və təbliğatçısı Seyfəddin Altaylı da Gültəkinin "Buzlu cəhənnəm" kitabını axtardığımı bilirdi. O, 1997-ci ildə "İstiqlal uğrunda" adlı bir kitabın surətini mənə bağışladı. 1928-ci ildə İstanbulun "Orxaniyyə" mətbəəsində ərəb qrafikasi ilə basılmış kitabı mühacirətdə olan Azərbaycan siyasi xadimləri hazırlamışdılar. "Milli Azərbaycan nəşriyyatı" seriyasından buraxılan səkkizinci kitab "İstiqlal uğrunda"dır. Şeirlər toplusuna geniş müqəddimə yazılmış, sonunda isə "Yeni Kafkasya" dərgisindən alınmış "İnqilab nəğmələri" və "Azəri-türk" dərgisindən alınmış "Usta Əli və şeirləri" məqaləsi verilmişdi.

Bu nüsxənin dəyərini artıran oradaki avtoqrafdır. "Müsavat" partiyasının qurucularından olan Abbas Kazımzadə 18 dekabr 1932-ci ildə avtoqrafla "İstiqlal uğrunda"nı Muxtar bəyə bağışlayıb. "İstiqlal uğrunda" kitabına "Kamal" imzalı müəllif geniş müqəddimə yazıb. Tərtibçi şeirləri haradan aldığı, müəlliflərin şəxsiyyətləri haqqında heç bir bilgi verməyib. Müqəddimədə və "İnqilab nəğmələri" məqaləsində Gültəkinin yaradıcılığına geniş yer ayrılıb. Şeirlər 9 bölümdədir. 6 bölümün hər birinin başlanğıcında Gültəkinin şeirlərindən alınmış bənd və misralar var. Şeirlər yazarlara görə deyil, mövzuya görə qruplaşdırılıb. Kitabda Gültəkinin 20, Əhməd Cavadın 9, Sənanın 6, Azərizadənin 2, Məsud Səfvətin 2, Ə.Yusifin, İsmayıl Zühutinin, Usta Əlinin, Gülsərənin, H.Həmidzadənin, Nafiə Şükrünün hərəsinin 1 şeiri var. "Buzlu cəhənnəm" kitabında çap olunan şeirlər ("Buzlu cəhənnəm" şeirinin önə çıxarılmasını, "Sevimli Bakı" şeirinin əlavə edilməsini nəzərə almasaq) "İstiqlal uğrunda"da Gültəkin imzası ilə çap olunan şeirlərlə (hətta sıra ardıcıllığı da) eynidir. "Buzlu cəhənnəm"ə ön söz kimi yazılmış "Gültəkin" məqaləsindəki fikir və mülahizələr "İstiqlal uğrunda" kitabının müqəddiməsində Gültəkin haqqında deyilənlərlə üst-üstə düşür. Yoxsa "İstiqlal uğrunda"ya müqəddimə yazan Kamal "Buzlu cəhənnəm"i toplayıb nəşrə hazırlayan, "Gültəkin" başlıqlı ön söz yazan Mirzə Baladir".

Bəs Gültəkin kimdir? "Gültəkin" Əmin Abiddirmi? Bu suallara cavab tapmaq üçün Ə.Şamil "Gültəkin" imzası ilə çap olunan şeirlərlə Əmin Abidin əlində olan şeirlərini və faktları tutuşdurmağa başlayıb. Ə.Abid 1938-ci ildə tutulub, güllələnib. Gültəkinin son şeri isə 1926-ci il tarixi ilə çap olunub. Gültəkin Ə.Abiddirsə, niyə 1926-38-ci illərdə bir dənə də olsun şeir yazmayıb? Şəkillərdən və xatirələrdən Əmin Abidin obrazı yaddaşıma zəif göründüyündən qalın gözlük taxan, sakit təbiətli, astagəl, necə deyərlər, suyu da üfürə-üfürə içən, ehtiyatla davranan bir alim kimi hopmuşdu. Gültəkin isə Xəlil Rza Ulutürk kimi çılğın, yüksək səslə bağıran bir şair təsiri bağışlayırdı".

Sonda isə Ə.Şamil bu qənaətə gəlir: "M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu Ə.Abidi sovet irticasindan qorunmaq üçün Gültəkinin şəxsiyyətini müəyyənləşdirə biləcək bir işarəyə belə yer qoymayıblar. Buna görə də Azərbaycanda Əmin Abidin Gültəkin olduğunu bilməyiblər. Ə.Abid irticadan qorunmaq üçün işə girərkən doldurduğu anket və yazdığı tərcümeyi-halda Gültəkin imzası ilə şeirlər yazdığını və "Yeni Kafkasiya" ilə əməkdaşliq etdiyini, Qəzvində, Ərzurumda olduğunu gizlədib".

 

 

Uğur

 

Xalq cəbhəsi.- 2011.- 19 avqust.- S. 14.