"Musiqi seçimi yaş dövründən irəli gələn bir şeydir"

 

 Tural Bakuvi: "Küçədə gördüyüm, dilənməyə utanan qocanın gözlərindəki tükürpədici ifadədən duyğulanaraq nəsə yaza bilərəm"

 

"Hər bir sahənin dirijoru öz xorunu yaxşı idarə etməyi bacarmalıdır"

 

Müsahibim olduqca səmimi və həyatsevər insandır. Bu səmimilik və həyatsevərlik onun şeirlərində, bəstələdiyi musiqilərdə aydın nəzərə çarpır. Müsahibə boyunca onun nə qədər müsbət keyfiyyətlərə malik olduğunu hiss etdim. Şirin söhbətdən sonra gənc müsahibimin iç dünyasına daha yaxından bələd oldum. Beləliklə, müsahibimiz Bakuvi ləqəbi ilə tanınan şair-bəstəkar Tural Məmmədovdur.

- Tural bəy, ilk öncə özünüz barədə oxuculara məlumat verərdiniz. Neçə ildir incəsənət aləmindəsiniz?

- İlk öncə mənə ayrılan diqqətə görə siz də daxil olmaqla bütün redaksiya heyətinə öz dərin minnətdarlığımı bildirirəm. Özüm haqqında qısa olaraq demək istərdim ki, 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışam. Evliyəm, 1 qızım var. Neçə ildir incəsənət aləmində çalışmağıma gəlincə, düşünürəm ki, bəzi insanlar yaradılarkən təbiət etibarilə məhz incəsənət - musiqi, şeriyyat və sair üçün nəzərdə tutulur. Həmin insan özünü dərk etdiyi, özündə olan yaradıcılıq imkanlarının fərqinə vardığı zamandan əslində faktiki olaraq incəsənətin bir hissəsi sayılmalıdır. Mən özüm yeniyetmə yaşlarımdan musiqi və şeir yazmağa başlamışam. Təbii ki, ilk vaxtlar məndə olan mənəvi halın, içimə sızan anlaşılmaz hisslərin nə olduğunu anlaya bilmirdim. Bu ruh halı ilk mahnını yazana qədər davam edir.

- Ləqəb olaraq niyə məhz Bakuvi seçmisiniz?

- Tarixi şəhərim olan Bakını çox sevirəm. Hər ikisini bir kəlmədə büruzə verməyə çalışmışam. Bildiyiniz kimi, orta əsrlərdə saray dili fars diliydi. Bu dildə hansısa bölgəyə aidiyyat məhz fars şəkilçisi "Vi" ilə komplektasiya olunurdu. Mən də aid olduğum şəhəri tarixi çalarlarla özümə ləqəb olaraq görmüşəm.

- Bu müddət ərzində mahnılarınızı hansı müğənnilər ifa edib? Daha çox hansı müğənnilərlə işləməyə üstünlük verirsiniz?

- Suala keçməzdən öncə vurğulamaq istəyirəm ki, mən mahnılarımı sözləri ilə eyni zamanda yazıram. Yəni adətən əvvəl melodiya və ya söz yazılır, məndə isə hər ikisi eyni zamanda axır ürəyimə. Yalnız mahnı bitəndən sonra mən ona diqqətlə nəzər yetirib redaktələrimi edirəm. Bundan sonra isə onu ən mükəmməl formada ifa edə biləcək insana təklif edirəm. Bu zaman mənim üçün həmin insanın tanınmış və ya tanınmamış olması da önəm daşımır. Əsas olan mahnımın sındırılmaması, mən istəyən kimi oxunmasıdır. Mahnılarıma öz övladlarım kimi baxıram və onları pis vəziyyətdə görmək mənim üçün olduqca ağır ola bilər. Daha çox gənc, lakin istedadlı insanlarla işləməyə üstünlük verirəm. Çünki gənclərin daha çox yardıma və dəstəyə ehtiyacları var. Bir çox gənc ifaçı ilə işləmişəm. Xüsusi olaraq, Rəmal Rəsul adında olduqca gənc və bacarıqlı bir ifaçıya onlarla mahnı vermişəm, hamısının da ifasından tam razıyam. Bütün oxuculara məsləhət görərdim Rəmalın ifa etdiyi mahnılara vaxt ayırsınlar. Mən bu gəncin perspektivinə bələdəm və parlaq gələcəyinə adım kimi əminəm. "Şeron" qrupunun keçmiş üzvü Yaşar Yusubun da mahnılarımı "üzümü güldürəcək" şəkildə ifa etdiyini vurğulamaq istərdim.

- Hazırda yeni mahnılar yazırsınızmı?

- Təbii ki yazıram. Sizdən gizli saxlamayacağam - xalq artisti, canlı korifeyimiz Flora xanım Kərimovanın ifasında tezliklə mahnılarım işıq üzü görəcək. Məni bəlkə də bütün yaradıcılıq fəaliyyətim boyu ən çox sevindirən hal Flora xanım kimi, çox sayda böyük və tanınmış şair, bəstəkarla çalışmış bir insanın mənim yaradıcılığımı bəyənməsi, alqışlaması olub.

- Nə vaxtdan musiqilər bəstələməyə başladınız? Əsasən hansı janrda musiqilər yazırsınız?

- 15-16 yaşımdan öz miqyasımda bir şeylər eləməyə başlamışam. O vaxtlar da indiki kimi söz və musiqini eyni zamanda yazırdım. Lakin bu gündən o illərə boylandıqda təbii ki, yazdıqlarımın indiki standartlarımdan olduqca uzaq olduğunu etiraf etmək çətin deyil. Əsasən estrada janrında yazıram.

- Son vaxtlar nədənsə Azərbaycan mahnılarının sözlərində bayağılığa çox rast gəlinir. Nə etmək lazımdır ki, sözlə musiqinin uzlaşması pozulmasın?

- Məsələ burasındadır ki, ilk öncə şeiriyyatın nə demək olduğunu anlamaq lazımdır. Şeir dediyimiz sadəcə bir-birilə qafiyələnən misralar toplusu deyil. Şeiri meyxanayla qarışdırmaq olmaz. Şeiri meyxanadan fərqləndirən cəhət də məhz budur ki, meyxanada qafiyə mənanın önündə, şeirdə isə arxasında olur. Alt fikirlər, qapalı hisslər şeirdə ön planda olmalıdır ki, insanı düşündürə bilsin. Lakin, təəssüf ki, indi bir çoxları sırf qafiyələnmə quraraq mahnı sözü və ya şeir yazdıqlarını iddia edirlər. Özünüzün dediyiniz kimi, mahnıda söz və musiqi harmoniyası olmalıdır. Mahnı - söz, musiqi, aranjiman və ifa dördbucağıdır. Bunlardan hansısa biri axsaq olarsa, mahnı tam olmur. Bu dördlük harmoniyasının pozulmaması üçün isə "hər sahənin dirijoru öz xorunu yaxşı idarə etməyi bacarmalıdır."

- Hər bir mahnının yaranmasında şairin, bəstəkarın və müğənninin böyük əməyi olur. Bəs mahnının dillər əzbərinə çevrilməsində bunların hansından böyük səy tələb olunur?

- Mahnının insanlar tərəfindən, daha doğrusu musiqi zövqlü insanlar tərəfindən bəyənilməsi və qəbul edilməsi üçün, bunların hər birinin rolu danılmazdır. "Atüstü" yazılmış sözlər olduqca dərin musiqini bərbad hala sala bilər, ya da tərsinə. Yaxud söz və musiqi düşünülmüş şəkildə yazılmış olsa da belə, mahnının təbiətinə uyuşmayan ifa da işi korlaya bilər.

Mənim öz mahnılarım arasında da uyğun olmayan mətn səbəbindən aylarla ürəyimi açmayanları olub. Hansı ki, aylar sonra eyni mahnıya qayıdaraq sözlərində düzəlişlər etmişəm və yalnız bundan sonra rahatlaşmışam. Dolayısıyla, mahnının insanların ürəyinə yol tapa bilməsi üçün, həm musiqi, həm söz, həm də ifa maraqlı və düşündürücü olmalıdır.

- Siz eyni zamanda şeir də yazırsınız. Bütün şeirlərinizə mahnı yazmaq müyəssər olubmu?

- Əlbəttə xeyr. Çox nadir hallarda sırf şeir olaraq yazdığım misralara musiqi yazıram. Dəqiq deyə bilərəm ki, belə hal yalnız iki dəfə baş verib. Rəmal Rəsulun ifasında "Yoxluğun" adlı mahnım məhz bu qəbildəndir ki, əvvəlcə sırf şeir olub, sonradan mahnıya çevrilib. Əgər dinləsəniz, özünüz də görəcəksiniz ki, bu mahnıdakı sözlər mahnı sözündən daha çox şeirə yaxındır. Mahnının nəqarət hissəsində istifadə etdiyim bənd bu idi:

 

"Əlvida" demədin o gün, gözlədim,

Gözlədim gələrsən bu payızadək.

O payız - bu payız on il qocalıb,

Bilmirəm nə deyim... Görüşənədək!

 

Əksər mahnılarım isə çox vaxt məhz söz və musiqi birləşməsi şəklində dolur içimə. Təbii ki, sonradan bəzi redaktələr edirəm. Yeri gəlmişkən, qəzəlləri çox sevirəm. Tez-tez Füzuli, Nəsimi, Şirvani yaradıcılığını oxuyuram. Hətta özüm də ara-bir cızma-qara edirəm.

- Çox vaxt dinlədiyimiz mahnıların mətnlərində bayağılığa və anlaşılmazlığa çox rast gəlinir. Bu nə ilə bağlıdır?

- Bu əslində bir az nisbi məsələdir. 70-80-ci illərdə bayağı sayılan mahnılar, günümüzün bayağı mahnılarıyla müqayisədə peşəkar sayıla bilər. Cılızlaşma var, lakin buna baxmayaraq insanımızı zövqsüzlükdə ittiham etməzdim. Musiqi seçimi bir az da yaş dövründən irəli gələn bir şeydir. Həqiqətən də hansısa bir insan 13-16 yaşlarında dinlədiyi bir mahnını çox nadir hallarda 10 il sonra sevə-sevə dinləyə bilir.

- Nə vaxtsa bəstələdiyiniz mahnıları özünüz ifa etmək istərdinizmi?

- Mənim üçün ərsəyə gətirmək daha məsuliyyətli və zövqlüdür. Düşünün, mahnıda bir mövzu var, bir obraz var, bir süjet xətti var. Bu süjet xəttinin hansı şəkildə cərəyan edəcəyi sizdən asılıdır. Mahnılarım istədiyim səviyyədə oxunmayınca "tamam" demirəm. Nəhayətdə, yazdığım mahnımı eşitmək istədiyim kimi eşidirəmsə, daha niyə oxuyum? Buna baxmayaraq, ola bilsin ki, məchul gələcəkdə hansısa bir mahnımda ifaçıya duet ortağı olum. Lakin hələlik bu barədə düşünmürəm. Çünki insan bir neçə fərqli işlə məşğul olduğu zaman potensialı bir neçə fərqli istiqamətdə xərclənər və məhsuldarlıq ritmi azala bilər. Hər kəs "bacarıram" hesab etdiyi işlə məşğul olmalıdır.

- Musiqilərinizdən ibarət disk çıxarmaq fikriniz varmı? Bundan öncə diskiniz işıq üzü görübmü?

- Hələ ki, bu, baş verməyib. Amma, gələcəkdə belə bir məqsədim var. Ən çox bəyəndiyim mahnılarımı bir CD halında toplayaraq dinləyicilərin ixtiyarına buraxmaq mənim üçün çox xoş olardı. Qismət...

- Mahnılarınızı yazarkən, daha çox nədən ilham alırsınız?

- Ani gələn ilham da olur. Mən buna mənşəyi bilinməyən ilham deyərdim. Sadəcə hiss edirsiz ki, mahnı yazmalısız və yazırsız. Bunu təsvir etmək olduqca çətindir. Təsadüfən xatırlanan uşaqlıq illərindən, anamın saçlarındakı bəyazdan tutmuş, Abşeronun çılpaq dağlarına, küçədə addımlayan dalğın bir insana, payızda ağacdan asılı qalmış və düşməyini gözləyən axırıncı yarpağa qədər bir çox şey ilham verə bilər. Lakin sonradan bu ilhamın proqress tempi dəyişə də bilir. Məsələn, küçədə gördüyüm dilənməyə utanan qocanın gözlərindəki tükürpədici ifadədən duyğulanaraq nəsə yaza bilərəm. Lakin bu o demək deyil ki, mövzu həmin ifadə olacaq... Bir sözlə, əsas olan ilhamın mahiyyəti və mənşəyi deyil, özüdür.

- Tural Bakuvi adı nə üçün Azərbaycan şou-biznesa aləmində elə də çox tanınmır?

- Ümumiyyətlə yaradıcı insanlar, o cümlədən bəstəkarlar adətən pərdə arxasında olan, görünməyən sinfə aiddirlər. Sizdən soruşsam ki, Azərbaycanda neçə gənc bəstəkar tanıyırsız, ən yaxşı halda on bəstəkarın adını çəkərsiz. Laki, bu o demək deyil ki, Azərbaycanda yalnız 10 gənc bəstəkar fəaliyyət göstərir. Bu peşənin təbiəti etibarilə bəstəkarlar çox gec tanınan insanlardır. Amma bununla özümə bəraət də qazandırmaq istəmirəm. Ola bilsin ki, yetərincə aktivliyimi göstərə bilməmişəm. Təbii ki, burada məişət sıxıntıları da az rol oynamır.

- İndi də bir az musiqidən kənara çıxaq. Tural Bakuvinin sevdiyi və sevmədikləri.

- Həyatı sevirəm. İnsanları, dəyişən fəsilləri - yayın istisini, payızın sərinini sevirəm. Ailəmi, anamı, qızımı, yaxınlarımı sevirəm. Çox vaxt istirahətimi mütaliə ilə keçirirəm. Anadan söz düşmüşkən, istərdim fürsətdən yararlanaraq, öz anamın timsalında bütün anaları bağrıma basım və onlara bir ananın bu həyatda çata biləcəyi ən yüksək zirvəni arzu edim.

- Bəs sevmədikləriniz?

- Tərbiyədən kənar insanlar gözümün düşmənidir. Çünki bu cürləri bəyənilməyən bütün addımları ata bilərlər. Allah hamımızın yoluna daim vicdanlı insanlar çıxartsın.

 

 

Nicat Göyüşlü

 

Xalq cəbhəsi.- 2011.- 20 avqust.- S. 13.