Kitabxanaların əməkdaşlığı

 

Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun nümayəndəsi Bosniya və Hersoqovinaya səfər edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində bu sahədə bir çox məsul şəxslərlə görüşlər keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun məsləhətçisi Samir Abbasov "Dervis Susic" Kütləvi və Universitet Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifini irəli sürüb və sözügedən təklif şəhər rəhbərliyi, kitabxananın rəhbərliyi tərəfindən qəbul olunub. Azərbaycan guşəsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, incəsənəti, adət-ənənələri, ədəbiyyatı və s. mövzularda müxtəlif nəşrlərin göndərilməsi razılaşdırılıb. Səfər çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və "Dervis Susic" Kütləvi və Universitet Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən iki tərəf arasında əməkdaşlıq əlaqələrinin qurulması, kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təcrübə mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, birgə nəşrlərin hazırlanması, qarşılıqlı təşkil olunan seminar və konfranslarda iştirak, hər iki kitabxanada dövlətlərin mədəniyyətini, tarixini, turizmini, ədəbiyyatını təbliğ etmək məqsədi ilə sərgi və guşələrin yaradılması nəzərdə tutulub.

"Dervis Susic" Kütləvi və Universitet Kitabxanasının direktoru xanım Enisa Zuniç Balkan Kitabxanalar Birliyinin koordinatoru və ölkə nümayəndəsidir. Bu məqsədlə Azərbaycan kitabxanalarının Balkan Kitabxanalar Birliyində təmsil olunması müzakirə edilib və bu təşkilata üzvlüklə bağlı Azərbaycan kitabxanalarına müvafiq köməkliyin göstərilməsi razılaşdırılıb. Bundan başqa, Bosniya və Hersoqovinanın "Dervis Susic" Kütləvi və Universitet Kitabxanası və Azərbaycanın F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Qardaşlaşmış Kitabxanalar" elan olunub.   

 

 

 Xalq cəbhəsi.- 2011.- 24 avqust.- S. 6.