Turizmin
inkişafı üçün sərnişindaşıma
qiymətləri ucuzlaşdırılmalıdır
Aydın İsmiyev: "Üç
ulduzlu mehmanxanaların tikilərək istifadəyə verilməsi
və sərnişindaşıma biletlərinin bir az
ucuzlaşdırılması orta səviyyəli turistlərin
Azərbaycana gəlməsi üçün stimul olar"
"Biz 27 avqustun
turizm xidməti əməkdaşlarının peşə
bayramı kimi elan olunması təklifini irəli sürməyə
hazırlaşırıq"
Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin
müdiri Aydın İsmiyevin "Trend"ə müsahibəsini
diqqətinizə çatdırırıq.
- Azərbaycanda builki turizm
mövsümü yekunlaşmaq üzrədir. Builki
mövsüm əvvəlkilərdən fərqlənə
bildimi?
- İldən-ilə Azərbaycanda turizm infrastrukturu genişlənir, yaxşılaşır, xidmət səviyyəsi yüksəlir. Bu il də ötən illərə nisbətən xidmət səviyyəsi daha da yaxşılaşıb, qiymətlər aşağı salınıb. Artıq hotellər gün ərzində 3 dəfə yemək verməklə müştərilərinə xidmət göstərirlər. Azərbaycanda əhali 5-6 il əvvəl istirahət günlərində indi olduğu kimi böyük qruplarla rayonlara səfər etmirdilər. Çünki müəyyən infrastruktur yox idi. Artıq bu infrastruktur yaradılıb və yaradılır.
- Bu il Azərbaycan
daha çox hansı ölkələrdən turistlər qəbul
edib?
- Azərbaycana daha çox sərhədyanı ölkələrdən turistlər gəlir. Bu, bütün ölkələrdə belədir. Demək olar ki, bütün ölkələrdə sərhədyanı turizm daha çox inkişaf edir. Çünki turistlərə magistral yolla səfər etmək sərfəlidir.
- Azərbaycana gələn turistlərin sayının artırılması məqsədilə viza rəsmiləşdirilməsinin sadələşdirilməsi nəzərdə tutulur. Sadələşdirmə hansı formada olacaq və yeni qaydalar nə vaxtdan tətbiq ediləcək?
- Elektron vizaların Azərbaycanda tətbiq edilməsilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı var. Elektron vizalar elə viza rəsmiləşdirilməsinin sadələşdirilməsi deməkdir. Hazırda müvafiq dövlət qurumları tərəfindən bu məsələylə bağlı işlər aparılır. Həmin işlər başa çatdıqdan sonra bu sistem tətbiq olunacaq. Amma yeni qaydaların nə vaxtdan tətbiq ediləcəyini deyə bilmərəm. Çünki bu məsələ Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində deyil.
- Artıq Azərbaycanda
da çimərlik turizminin inkişaf etdirilməsi qərara
alınıb. Nəzərə alaq ki, Xəzərin bəzi
sahil əraziləri çimərlik kimi istifadə olunmaq
üçün münasib sayılmır. Bu halda çimərlik
turizminin inkişafı üçün hansı ərazilər
seçiləcək?
- Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə çimərliklər turizm xidmətlərinə aiddir. Hazırda bizim ölkədəki çimərliklərin Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti yoxdur. Ona görə də çimərliklərlə əlaqədar sizə bir söz deyə bilmərəm. Lakin qeyd edim ki, hazırda çimərliklərin vəziyyəti lazımi səviyyədə deyil. Onu hansısa formada tənzimləmək lazımdır.
- Nazirliyin
çimərlik turizminin inkişafı ilə bağlı təklifləri
varmı?
- Ümumiyyətlə, mövcud olan turizm növlərilə bağlı nazirlik işlər aparılır. Biz bu istiqamətdə də işlər görmək niyyətindəyik.
- Turizm sektorunda
daha bir yeniliyin - hava, dəniz, quru yoluyla, yerli sərnişindaşımalarda
turist qruplarına xüsusi qiymətlərin tətbiqi nəzərdə
tutulur. Bu tariflər həmin sahələrdəki adi tariflərdən
nə qədər fərqlənə bilər?
- Müxtəlif qiymətlər ola bilər. Amma bu məsələlər bizim səlahiyyətimizdə deyil. Biz bununla əlaqədar müəyyən dövlət qurumlarına müraciət ünvanlayırıq. Hesab edirik ki, biletlərin qiymətlərinə yenidən baxılmalıdır. Əgər biz Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turistlərin gəlməsini istəyiriksə, onda sərnişindaşıma biletlərinin qiymətlərinə yenidən baxılması zəruridir.
- Onda fərqli
tariflərdən Azərbaycanın daxili turistləri deyil,
yalnız ölkəyə xaricdən gələn turistlər
istifadə edə biləcəklər?
- Bəli. Azərbaycanın daxili turistləri üçün məncə, problem yoxdur. Daxili hava reyslərində bu il Azərbaycan Hava Yolları güzəştlər edib.
- Hazırda turizm
sektorunun daha çox hansı sahələrinə investisiya
yatırılmasına ehtiyac var?
- Hazırda respublikada 500-ə yaxın mehmanxana və mehmanxana tipli komplekslər fəaliyyət göstərir. Onların hamısı müasir səviyyədə tikilməyib. Amma son zamanlar müasir səviyyədə mehmanxanalar inşa edilir. Mənə elə gəlir ki, Azərbaycanda beş, dörd ulduzlu hotellərin sayı kifayət qədərdir. Hazırda üç ulduzlu mehmanxanalara ehtiyac duyulur. Ona görə ki, üç ulduzlu mehmanxanalar orta səviyyəli turistlərin Azərbaycana cəlbi üçün imkan yaradar. Üç ulduzlu mehmanxanaların tikilərək istifadəyə verilməsi və sərnişindaşıma biletlərinin bir az ucuzlaşdırılması orta səviyyəli turistlərin Azərbaycana gəlməsi üçün stimul olar.
- Belə
çıxır ki, Azərbaycanda turizmin hotelçilik sahəsinə
daha çox investisiya yatırılmasına ehtiyac duyulur?
- Hotelçilik biznesi turizmin
inkişafının əsas amillərindəndir. Turizmin əsas
infrastrukturları yollar, restoranlar, iaşə xidmətləri
və mehmanxana, mehmanxana tipli komplekslərdir. Hotelçilik sahəsində
də investisiyanın həm Bakı, həm də regionlarda
yatırılmasına ehtiyac var. Bu il 26 yeni mehmanxana və
mehmanxana tipli komplekslər tikilib istifadəyə verilib, 46
mehmanxana hazırda tikilir. Bu ilin sonuna qədər 4-5 brend hotel də açılacaq. "Kempinski",
"Four seasons", "Hilton", "Fermond"
hotellərinin Azərbaycanda
açılması ölkənin
adıdır. "Four
seasons" oteli hər
bir ölkədə açılmır. Bu, Azərbaycanın yüksək
səviyyəli inkişafına
və etibarına görədir.
- Azərbaycanda iş adamları daha çox beş,
dörd ulduzlu hotellər tikməyə maraqlıdırlar. Bəlkə onlar hesab edirlər ki, üç, iki ulduzlu hotellər
tikməklə bu sahəyə qoyduqları investisiyaları batıra,
gəlirlərini azalda
bilərlər?
- Belə deyil. Son illər Azərbaycanın
güclü iqtisadi inkişafı xarici iş adamlarının ölkəyə marağının
artmasına gətirib
çıxarıb. Ona
görə də xarici ölkələrdən
Azərbaycana çoxlu
sayda iş adamları gəlirlər.
Həmin iş adamları Azərbaycanda beş, dörd
ulduzlu hotellərdə
qalmağı üstün
tuturlar. Mənə belə gəlir
ki, Azərbaycanda əsas turizm növü biznes, konqres turizmdir. Respublikada, xüsusilə Bakıda böyük beynəlxalq tədbirlər keçirilir.
Bu da konqres
turizmi adlanır.
Azərbaycanın yüksək
iqtisadi inkişafı
ölkəmizdə müxtəlif
xarici iş adamlarının gəlməsinə
gətirib çıxarır.
Bu da biznes
turizmidir.
- Azərbaycanda turizm sektorunda daha hansı yeniliklər gözlənilir?
- Bizim gözəl mətbəximiz var. Biz yeni
- mətbəx turizmini
də inkişaf etdirməyi planlaşdırırıq.
Bu turizm növü
Avropada çox yaxşı inkişaf edir. Bizim maraqlı mətbəximiz
var, ona görə də ondan istifadə etmək lazımdır.
Bununla yanaşı, turistləri
daha geniş və rahat şəkildə
məlumatlandırmaq üçün
Azərbaycanın turizm
obyektlərinin, gəzməli-görməli
yerlərinin məlumat
xidməti yaradılacaq.
Bu məlumatları turistlərə çatdırmaq
üçün telefonlardan,
köşklərdən və
digər üsullardan da istifadə edilə bilər. Müzakirələrdən sonra bunlardan
hansı daha yararlı olsa, o, tətbiq ediləcək.
Şahdağ Qış-Yay Turizm
Kompleksinin tikintisi ilə bağlı da işlər normal qaydada gedir. Bu ilin sonuna qədər komplekslə bağlı müəyyən
işlər başa çatmalıdır.
- Nəhayət ki, turizm xidməti
əməkdaşlarının da peşə bayramları qeyd ediləcək. Bu, hansı günə təsadüf edəcək?
- Əvvəllər də
biz bununla bağlı
araşdırmalar aparırdıq. Bu araşdırmalar hələ
də davam edir. Araşdırmalarımız nəticəsində məlum olub ki, 1929-cu ilin avqustun 27-də Azərbaycanda
ilk dəfə "İnturist"
Cəmiyyəti yaradılıb.
Bununla əlaqədar biz avqustun
27-ni turizm xidməti əməkdaşlarının peşə
bayramı kimi elan edilməsini təklif etməyə hazırlaşırıq.
Xalq cəbhəsi.- 2011.- 26 avqust.- S. 8.