Su ilə bağlı inanclar
Tədqiqatçı Aynur Babək: "Onları öyrənməklə
təbiətsevər türkün dünyaya humanist
münasibətinin dərinliklərinə varmaq
mümkündür"
Ta qədimdən xalq arasında su ilə bağlı inanclar özünün diriliyi, duruluğu sarıdan milli ruhumuzda köklü yer tutub.
Su ilə bağlı andlar, inanclar qədim əcdadlarımızın həyat tərzində, düşüncəsində yaşayaraq günümüzə kimi gəlib çıxıb. Bu, o deməkdir ki, xalq özünün ruhuna uyğun olan cəhətləri böyük bir mətanətlə, ruh yaddaşının gücüylə qoruyub saxlamağı bacarır.
Tədqiqatçı Aynur Babək su ilə bağlı inancları araşdırıb. O, bildirir ki, su ilə bağlı inanclar xalqımızın mifoloji dünyagörüşündə hərtərəfli əksini tapıb: "Xalqımızın ta qədimlərdən suya hansı dəyər verməsi, onda nə kimi qeyri-adi keyfiyyətlər görməsi, suyu necə müqəddəsləşdirməsi, onun magik xüsusiyyətlərindən necə istifadə etməsi bu inanclarda rəngarəng şəkillərdə görünür. Onları öyrənməklə təbiətsevər türkün dünyaya humanist münasibətinin dərinliklərinə varmaq, müasir mənəviyyatımızın köklərini aşkarlığa qovuşdurmaq mümkündür. Su ilə bağlı inanclar məzmunca çox rəngarəng və əlvandır. Bu mürəkkəblikdə qədim türk təfəkkürünün aydın məntiqi, dünyaya sağlam humanist-ekoloji münasibəti gerçəkləşib. Onların dərinliklərinə varıldıqca türk mifoloji düşüncəsinin sistemi, məntiqi üzə çıxır".
Naxçıvan bölgəsindən toplanmış inanca görə, pis yuxunu suya danışarlar ki, yuyub aparsın. Yaxşı yuxunu da danışarlar ki, aydınlıq olsun. İnsan nə üçün yuxusunu suya danışır: "İnanca görə, su pis yuxunun qabağını alır, insana gələcək şəri dayandırır, su insanın taleyinə təsir edir, baş verəcək pis hadisənin qabağını su alır. Bu halda su pisliyi, şəri təmizləyən qüvvə kimi çıxış edir. Su ilkin yaradılışla bağlıdır. Su qədimlərdən bəri ilahi qüvvə ilə bağlı hesab olunub. Deməli, suyun yuxu ilə xəbər verilən şər, bədbəxt hadisələrin qarşısını alması onun ilahi güclə bağlılığı haqqındakı görüşə əsaslanır".
Göyçədən toplanmış mətndə bu görüş aydın bir dillə ifadə olunub: "Qorxulu yuxunu suya söyləmək lazımdır ki, bədbəxt hadisə yuxu görəndən uzaqlaşsın". Zəngəzur bölgəsinə dair inanc mətni: "Yuxunu qarışdıranda itə çörək, toyuğa bir qab dən atarsan. Sonra suya nağıl eləsən, xətər sovuşar".
Tədqiqatçı deyir ki, inanca görə, insan pis yuxunu suya danışdığı kimi, yaxşı yuxunu da suya danışmalıdır: "Yaxşı yuxu - yaxşı, xeyir əlamətlər deməkdir. Beləliklə, insanın yuxu ilə ona xəbər verilən taleyi bütün hallarda suya bağlanır. Bu da göstərir ki, su insanın taleyinə hərtərəfli təsir göstərir. Ümumiyyətlə, yuxu ilə gələn su simvolu xeyir əlamət hesab olunur".
Naxçıvandan toplanmış inanc mətni: "Yuxuda ət görmək, diş çıxartdırmaq, quyuya düşmək pis əlamətdir, çimmək, quş kimi uçmaq yaxşı". Göyçəyə məxsus inanc: "Yuxuda dənizdə çimmək günahların yuyulması deməkdir": "Burada çimmək dedikdə, təbii ki, suda çimmək nəzərdə tutulur. Adətən yuxuda su görmək suda çimmək şəklində olur ki, bu da insana yuxu ilə verilən xeyir əlamət, baş verəcək xoş hadisənin sorağıdır. Ancaq insan yuxuda su görüb sevinirsə, bu, o demək deyil ki, həmin hadisə baş verəcək. Bundan ötrü, yəni həmin yuxunun çin olmasından ötrü onu suya danışmaq lazımdır. Çünki yalnız bu halda xeyir simvol gerçəkləşər - "aydınlıq" olar. Bu halda aydınlıq olması yuxunun həyata keçməsi deməkdir". Araşdırmaçı qeyd edir ki, ulularımız suyun şəfaverici qüdrətinə inanıblar. Naxçıvandan toplanmış inanc mətnində deyilir ki, yazda birinci dəfə sel gələndə selin qabağından kim su doldurub içsə, hər dərdi sağalar deyərlər: "Bu inancdakı suyun xüsusiyyətlərinə nəzər salaq. Adətən insanlar seldən qorxurlar; özü ilə dərd-bəla gətirir, mal-heyvanı, əkin-biçini yuyub aparır, qabağına çıxanı xaraba qoyur. Ancaq bu su adi su deyil. Onun bütün qeyri-adiliyi ilkinliyindədir. Mətndə aydın şəkildə deyilir ki, "yazda birinci dəfə sel gələndə..." Yaz ilin başlanğıcıdır, ilk sel də ilin başlanğıc suyudur. Demək, bu su yaddaşların dərinliklərində yaşayan ilkin yaradıcı su ilə bağlıdır. Ona görə də şəfaverici, həyatyaradıcı hesab olunur".
Araşdırmaçı su ilə bağlı inancların məzmunca rəngarəngliyinə diqqət çəkir: "İraq türkmanları yarasa qanadını suda saxlayıb, sonra həmin sudan körpəyə içirdəndə onun gələcəkdə çox ağıllı olacağına inanırdılar. Burada ilk baxışda yarasa qanadının mövqeyi suyun mövqeyinə nisbətən daha güclü görünür. Əlbəttə, xalq arasında yarasa qanadı, kirpi əti, eşşək südü, qurd pəncəsi və s. kimi şeylərlə bağlı inanclar çoxdur. Ancaq nəzərdən keçirilən inanc mətnində suyun rolunu diqqətdən qaçırmaq doğru olmaz. Axı yarasa qanadını uşağa birbaşa vermirlər, onu suya çevirib verirlər. Demək, elə məsələnin kökü sudadır. Yarasa qanadına sehr gücünü (magik təsiri), ağılverici qüvvəni su verir. Su olmasa, yarasa qanadı özü-özlüyündə bir dəyər kəsb etməz. Axı türk mifologiyasında yarasa və onun qanadı az rast gəlinən inanc obyektidir. Digər tərəfdən yarasa qanadı su kimi ilkin stixiya, dünyanın yaradıcı əsaslarından deyil. Bu halda yarasa qanadı mifoloji düşüncədə hər hansı qüvvə mənbəyi hesab olunursa, bu qüvvə birbaşa suyun iştirakı ilə reallaşa bilir. Çünki suyun xeyir yaradıcı - şərqovucu gücü var. Hər şeyi aydınlığa qovuşduran sudur. Yol gedən adamın ardınca su atıb "yolun aydın olsun" deyirlər. Burada "aydın" sözü təkcə hərfi mənasında "işıqlı" demək deyil. Mifoloji mənada "aydınlıq" - xeyir, bərəkət, xoş tale deməkdir. Yarasa qanadındakı gücü "aydınlığa" - əqli-intellektual gücə, qabiliyyətə çevirən elə sudur".
İnanclarda suya müqəddəs, toxunulmaz varlıq kimi yanaşılır: "Ona qarşı sayğısız davranmaq olmaz. Göyçədən toplanmış mətndə deyilir: "At suyu murdarlayarsa, səfərə çıxma, xeyir tapmazsan". Suyun müqəddəsliyi Muğan bölgəsindən toplanmış "Axar suya tüpürməzlər" inancında da aydın şəkildə ifadə olunub. Ancaq burada suyun axar su olması xüsusi vurğulanır.
Göründüyü kimi, burada təbiətin və dünyanın məsuliyyətinin insana yönəlik mifoloji fəlsəfəsi var. Baxmayaraq ki, suyu insan yox, at murdarlayır, lakin məsuliyyəti insanın boynundadır. Çünki atın sahibi insandır. İnsan türk insançılıq fəlsəfəsində həm zirvədə dayanan varlıq, həm də dünyanın məsuliyyətini, yükünü çəkməli olan varlıqdır. O, suyun da yükünü boynuna götürməli, onun müqəddəsliyinin qayğısına qalmalıdır".
Mifoloji inanclarda su xeyir-bərəkət vericisi hesab olunur: "Yağış yağanda insanlar "göydən nur-bərəkət yağır" deyirlər. Göyçə inancına görə, dolu yağanda onun bir dənəsini nehrəyə atıllar ki, bərəkətdi olsun". Göydən yağan dolu - suyun buz formasıdır, yəni buz şəklində sudur. Demək, dolu nur-bərəkət hesab olunur. O, nehrəyə atıldıqda onun bərəkətini artırır. Şəkidən toplanmış inanc mətni də eyni həqiqəti təsdiq edir: "Su axarında salınan el-oba barlı-bərəkətli olar". Şəkidən toplanmış "Boş vedrə ilə qabağına çıxsalar, işin uğursuz olar" inanc mətnində, Şəki-Zaqatala bölgəsindən toplanmış "Qabağına boş qabnan çıxsalar, yoldan qayıt" inancında, Şirvandan toplanmış "Səhər tezdən səfərə çıxanda boş sənəkli qadınla rastlaşsan, geri qayıtmalısan" inancında da suyun məhsuldarlıq, uğur gətirmə xassəsi ifadə olunub. Bu, su ilə bağlı inancdır. Vedrədə suyun olması, xeyirin, uğurun, olmaması uğursuzluğun əlamətidir".
Araşdırmaçı qeyd edir ki, suyun xeyir-bərəkətlə bağlı olması haqqındakı mifoloji görüşlər Zəngəzur bölgəsinə aid "Təzə gəlin birinci dəfə bulağa gedəndə qızlar bulaq üstdə şirni paylayarlar ki, onun ayağı sayalı olsun" inancında da ifadə olunub.
Dərbənd bölgəsindən
toplanmış inancda deyilir:
"Gəlini bəy evinə yola salanda arxasınca su, un, bir də daş atarlar. Su aydınlıq istəyidir, yəni gedib aydınlığa çıxasan. Un atmaq da
odur ki, qədəm
basdığın ocağa özünlə
ruzu, bərəkət aparasan.
Daşı da o qəsdnən
atarlar ki, geri qayıtmayasan, getdiyin
yerdə qalıb qayım-qədim olasan":
"Su ilə bağlı türk
mifologiyasında çoxsaylı, rəngarəng məzmuna malik inam və obrazlar yaranıb. Bunların içərisində
əsas başlanğıc su
inancıdır. Bu inanc
su stixiyası ilə bağlı
obrazların əsas ruhunu, cövhərini
təşkil edir. Su ilə bağlı inanc abi-həyat (dirilik suyu), su əyəsi (su anası), Yer-sub, Öləng
və s. kimi obrazlar, o cümlədən
su stixiyası ilə bağlı
çoxsaylı mifoloji inamlar
ilkin kosmoqonik-yaradıcı su başlanğıcının qoruyucu, şəfaverici, şər qüvvələrdən
təmizləyici, xeyir-bərəkətverici, bir
sözlə, yaradıcı funksiyalarını
özündə izlər şəklində
yaşadır".
Uğur
Xalq Cəbhəsi.- 2011.- 1 dekabr.- S.14.