Ekologiya ilə bağlı tədris
proqramı təqdim olundu
Sənəd Azərbaycan Mətbuat
Şurasının və YUNESKO-nun Moskva ofisinin birgə layihəsi
əsasında hazırlanıb
Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun Moskva ofisinin birgə hazırladığı "Ekoloji stabillik və iqlim dəyişmələri mövzusü müasir mətbuatda" tədris proqramının təqdimatı keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan toplantı hər iki qurum arasında imzalanmış müqavilə əsasında Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqrama (KİBP) uyğun reallaşdırılan "Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığınım artırılması məqsədilə tədris proqramının hazırlanması" layihəsi çərçivəsində gerçəkləşdirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov sözügedən layihə barədə ətraflı məlumat verib. Təşəbbüsün bu ilin avqustundan həyata keçirildiyini deyən Şura sədri rəhbəri olduğu qurumun 2010-cu ildə də UNESKO-nun Moskva ofisi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, təşkilatların əvvəlki birgə layihəsinin qlobal iqlim dəyişmələrinin mediada işıqlandırılmasına, əhalinin mövcud istiqamətdə maarifləndirilməsinə dəstək baxımından əhəmiyyətindən söhbət açıb. Əflatun Amaşov bildirib ki, istər YUNESKO-nun Moskva ofisi, istərsə də Mətbuat Şurası başlanılmış işin davamında maraqlı olub. Çünki ekoloji sahədəki təbliğat işinin gücləndirilməsinə, problemin elmi cəhətdən daha yaxından mənimsənilməsinə və cəmiyyətə çatdırılmasına hər zaman böyük ehtiyac duyulmaqdadır: "Çox şadam ki, birgə fəaliyyətimizin məhsulu olaraq "Ekoloji stabillik və iqlim dəyişmələri mövzusü müasir mətbuatda" adlı Tədris Proqramını hazırlamışıq. Bu gün burada Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi də bizimlədir. Nazirliyin ekspertləri tərəfindən layihə yüksək qiymətləndirilir. Hesab edirik ki, onların köməyi ilə yaxın gələcəkdə sənəd rəsmi təsdiqini tapacaq. Hələlik proqram Bakı Dövlət Universitetində sınaqdan keçirilir. Şübhəsiz, qarşıdakı illərdə o digər ali təhsil ocaqlarında jurnalistika təhsili üçün prioritetlərdən sayılacaq", - deyən MŞ sədri diqqəti bu mövzudakı tədris proqramının ilk dəfə olaraq Azərbaycanda hazırlanmasına çəkib.
UNESKO-nun Azərbaycan üzrə Milli Komissiyasının nümayəndəsi Ramin Əliyev ölkəmizin son illər dünyanın bir sıra təşkilatları ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq bu baxımdan həmin qurumla işbirliyinin mühüm önəm daşıdığını bildirib. O, təşkilatın bir çox layihələrinin Azərbaycanda uğurla icra edildiyini deyib. Heydər Əliyev Fondunun UNESKO ilə birgə fəaliyyət istiqamətlərinə ayrıca toxunan Ramin Əliyev hazırkı dövrdə qarşılıqlı əməkdaşlığın təhsil, xüsusən də media təhsili sahəsində də uğurla inkişafı üçün gözəl zəmin formalaşdığını vurğulayıb.
UNESKO-nun Moskva bürosunun kommunikasiya və informasiya üzrə müşaviri Svetlana Knyazyeva təmsil olunduğu qurumun Azərbaycan Mətbuat Şurası ilə işbirliyinə böyük önəm verdiyini deyib: "Ötən il birgə fəaliyyətimiz çərçivəsində Azərbaycanın televiziya və radio qurumları rəhbərlərinin UNESKO-nun "Teleradio mediası və iqlim dəyişikliyi" barədə Paris deklorasiyası ilə həmrəyliyinə dair bəyanatının qəbuluna nail olduq. Bu bizim üçün çox önəmli məsələ idi. Təbii ki, başladığımız işi yarımçıq qoya bilməzdik. Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığımızın növbəti mərhələsi Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram çərçivəsində reallaşmaqdadır. Düşünürəm ki, üzərimizə çox vacib missiya götürmüşük və bu gün biz həmin missiyanın həyata keçməsi istiqamətində önəmli addım atmış, Tədris Proqramı hazırlamışıq. Proqramın jurnalistlərin ekoloji mövzudakı bilik və bacarıqlarının dərinləşməsinə dəstək nöqteyi-nəzərdən əhəmiyyətliliyinə inanıram".
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə bildirib ki, Mətbuat Şurası ilə UNESKO-nun Moskva ofisinin birgə layihəsi jurnalist təhsili səviyyəsinin yüksəldilməsində müstəsna rol oynayacaq. Proqramın təkcə BDU-da deyil, digər ali təhsil müəssisələrində də uğurla tətbiq ediləcəyinə əmin olduğunu deyən Bayram Hüseynzadə təmsil olunduğu dövlət qurumunun bunun üçün üzərinə düşən bütün zəruri tədbirləri görəcəyini vurğulayıb. O həmçinin UNESKO-nun təhsil sahəsinə həssas yanaşdığını qeyd edərək Təhsil Nazirliyinin bu qurumla əməkdaşlığa hər zaman böyük önəm verdiyini diqqətə çatdırıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Şuranın UNESKO-nun Moskva ofisi ilə birgə layihəsinin koordinatoru Umud Rəhimoğlu deyib ki, BMT-nin YUNESKO qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdən biri qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılmasına yönələn fəaliyyət həyata keçirməkdir. Bu işdə isə media mühüm təbliğat vasitələrindən sayılır: "Dünya mediasında məsələyə yanaşmada bir sistematiklik, vahid mövqe nümayişi var. Azərbaycan mediası da ötən il UNESKO-nun "Teleradio mediası və iqlim dəyişikliyi" barədə Paris deklorasiyası"na həmrəyliyini göstərməklə mövcud prosesə qoşulduğunu bəyan edib. Düşünürəm ki, hazırda ortaya qoyduğumuz tədris proqramı problemin mahiyyətini gənc jurnalistlərə çatdırmaq baxımından müstəsna əhəmiyyət daşıyacaq".
YUNESKO-nun Azərbaycan Milli MaB(İnsan və Biosfer) Komitəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov bildirib ki, hazırkı dövr ekoloji sivilizasiyalar mərhələsinin başlanması ilə xarakterikdir. Mövcud prosesdə medianın rolundan səmərəli istifadə olduqca vacibdir. O, medianı başlıca sosial məsuliyyətli institut olaraq dəyərləndirib və deyib ki, onun cəmiyyətdəki digər problemlər kimi, ekoloji tarazlığın pozulmasına, iqlim dəyişikliyinə operativ reaksiya göstərməsi zəruridir. Urxan Ələkbərov həmçinin media fəaliyyətinin daimi yeniləşən biliklərə əsaslanmalı olduğunu önə çəkib: "Dünyada problemlər mahiyyətcə məhz insan fəaliyyətinin nəticəsində meydana çıxır. Bunlar əsasən insanların təbiətdəki resurslardan düzgün istifadə etməməsindən qaynaqlanır. Azərbaycan prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə bildirib ki, biz qara qızılı insan qızılına çevirməliyik. Bu işdə isə başlıca həlqələrdən biri təhsil, digəri isə insanların şüuruna təsir göstərən mediadır. Yaşıl iqtisadiyyatımız kimi, yaşıl insanımız da olmalıdır".
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli bir müddət əvvələdək ekoloji maarifləndirmənin ayrıca problem təsnifatlandırılmasına birmənalı münasibətin olmadığını deyib. O bunu məsələyə önəmlə yanaşmaq üçün kifayət qədər əsasların mövcudsuzluğu ilə əlaqələndirib: "Hazırda vəziyyət dəyişib. İlk növbədə Azərbaycan iqtisadi cəhətdən bəlli inkişaf səviyyəsinə çatıb. İnikşaf isə məhz bu məsələlərin gündəmə gəlməsini qaçılmaz edir. Əlbəttə, demək olmaz ki, Azərbaycan mediası ekoloji mövzuların işıqlandırılmasına önəm vermir. Mövcud istiqamətə maraq həmişə nəzərə çarpıb. Lakin məsələyə sistemli yanaşma zəruridir. Hesab edirəm ki, Mətbuat Şurasının YUNESKO-nun Moskva ofisi ilə birgə layihəsi əsasında hazırlanan tədris proqramında prosesə kifayət qədər kompleks münasibət var. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində mövzunun əvvəl magist pilləsində tədrisi qərara alınmışdı. İndi isə belə düşünürük ki, bunu bakalavr pilləsindən başlamaq lazımdır. Ümid edirəm ki, yaxın 4-5 ildən sonra hazırda əsası qoyulan işin nəzəri aspektlərini bilən mütəxəssislərin yetişdirilməsinə nail olacağıq".
"Olaylar" qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz təqdimatı keçirilən tədris proqramının jurnalistlərin ixtisaslaşmasında mühüm rol oynayacağına diqqət yönəldib. O, bu hazırlığın redaksiyaların özləri tərəfindən gerçəkləşdirildiyini bildirərək prosesin kifayət qədər vaxt apardığını qeyd edib. Ekoloji tarazlığın pozulması ilə bağlı konkret misallar üzərində dayanan baş redaktor kütləvi informasiya vasitələrinin problemin bütövlükdə bəşəriyyət üçün əhəmiyyətli məsələ kimi daha sistemli və peşəkar şəkildə cəmiyyətə çatdırmalarının əhəmiyyətinə toxunub.
MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev hazırlanmış proqramı Azərbaycanda jurnalistikanın tədrisi istiqamətində önəmli işlərdən biri kimi xarakterizə edərək mövcud fəaliyyətin medianın mövzu ilə bağlı cəmiyyəti düşündürən hadisələrə peşəkarlıqla yanaşmasının təminatına dəstək baxımından hərtərəfliliyinə diqqət çəkib.
Bakı Slavyan Universitetinin jurnalistika fakultəsinin dekan müavini Xatirə Hüseynova bildirib ki, BSU-da jurnalistikanın tədrisi tələbələrin ayrı-ayrı sahələr üzrə ixtisaslaşmalarına imkan verir. Bu mənada idman, siyasət və sair sahələrdə kadr hazırlığı aparılır: "Bu proqramın köməyi ilə ekoloji sahədə də ixtisaslaşmanı həyata keçirməyimiz üçün imkanlar yaranır".
MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas ekoloji natarazlıqdan yaranan diskanfortu cəmiyyəti hər zaman narahat edən başlıca problemlərdən biri olaraq dəyərləndirərək diqqəti bu məsələlərin müasir jurnalistikamızda kifayət qədər işıqlandırılmamasına yönəldib. Tədris proqramının mövcud sahədəki təbliğat işindəki boşluqları aradan qaldırmaqda mühüm rol oynayacağını deyən baş redaktor sənədin redaksiyalara paylanmasının vacibliyini vurğulayıb.
Yevlaxda nəşr olunan "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı da KİV-lərin, xüsusən bölgələrdə fəaliyyət göstərən mətbu nəşrlərin ekoloji problemlərin spesifik cəhətləri ilə əlaqədar az məlumatlı olmaları üzərində dayanıb. Belə qənaətə gəlib ki, mövcud mənfi status-kvonun aradan qalxması peşəkarlıq səviyyəsinin yüksəldilməsindən keçir.
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Mətbuat Şurasının və UNESKO-nun Moskva ofisinin birgə layihəsi əsasında hazırlanmış tədris proqramının ekologiya sahəsində jurnalist kadrların hazırlığı prosesinə mühüm təkan verəcəyini vurğulayaraq deyib ki, Təhsil Nazirliyinin təşəbbüsə dəstək verməsi layihənin məntiqi sonluğunun əldə olunması nöqteyi-nəzərdən əhəmiyyətlidir: "Azərbaycan cəmiyyəti qarşısında duran məsələlərdən biri də məhz ekoloji mədəniyyətin formalaşdırılmasıdır. Məsələyə ilk növbədə təhsildən başlanılmalıdır. Çünki bu missiya ayrılıqda hansısa təşkilat və ya təşkilatların işi çərçivəsindən qat-qat böyükdür. Prosesə fundamental yanaşılmalıdır. Hesab edirəm ki, Təhsil Nazirliyinin tədris proqramını dəstəkləməsi bu mənada böyük anlam verir", - deyən Elçin Mirzəbəyli redaksiyaların konkret sahələr, o cümlədən ekoloji mövzuda yazan ixtisaslı kadrların çatışmazlığından əziyyət çəkdiklərini bildirib.
"Mingəçevir işıqları" (Mingəçevir şəhəri) qəzetinin baş redaktoru Fərman Nəbiyev fəaliyyət göstərdiyi bölgənin ölkənin ekoloji mühitinə hər zaman mühüm təsir göstərə biləcək ərazilərdən olduğunu nəzərə çatdıraraq buradakı jurnalistlərin məsələyə böyük önəm vermələrinin vacibliyindən söhbət açıb.
Çıxış edənlərdən "İqtisadiyyat və həyat" qəzetinin baş redaktoru Bəhlul Eminov, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu, "Millətçilik" qəzetinin baş redaktoru Pərviz Elay, nəşrin redaktor müavini Sevda Əsgərova, "Styudent Tayms" qəzetinin şef redaktoru Məmməd Ağayev və başqaları tədqimatı baş tutan tədris proqramının jurnalistlərin ekoloji mövzudakı praktik fəaliyyət istiqamətlərini dolğun əhatə etdiyini diqqətə çatdırıblar. Tədbir iştirakçıları yekdilliklə bu rəyə gəliblər ki, sənədin Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakultələrində tətbiqi jurnalist kadrların hazırlığı prosesində ekoloji mövzunun ixtisaslaşmasını yüksək səviyyədə təmin edəcək. "
Xalq Cəbhəsi.- 2011.- 1 dekabr.- S.5.