Rəssamlıqda Qadın obrazı

 

 Qadın obrazı minilliklər ərzində rəssamları ilhamlandıran obrazlardandır. Azərbaycan təsviri sənətində elə bir rəssam yoxdur ki, yaradıcılığında qadın obrazı yaratmasın. Tanınmış rəssamlarımız Tahir Salahov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Zeynalov, Vəcihə Səmədova və başqaları müxtəlif sahələrdə öz sözünü demiş, qadınların obrazını kətan üzərində canlandırmışlar.

Müasir Azərbaycan rəssamlığının bir çox nailiyyətləri hərtərəfli istedadı olan, bir sıra gözəl tematik tablo, peyzaj, qadın və kişi portretlərini yaratmış T.Salahovun yaradıcılığı ilə bağlıdır. Obrazlı başlanğıc, insan həyacanları aləminə müdaxilə, kompozisiyalarda özünəməxsus ritm və təsviri dilin yığcamlığı – bütün bunlar T.Salahovun yaradıcılığının fərqləndirici xüsusiyyətləridir. Rəssam daim öz yaradıcılığında qadın obrazlarına böyük diqqət yetirirdi. 2002-ci ildə Moskva şəhərində rəssamın ad günü münasibətilə sərgi keçirildi və «Qadın obrazları» kataloq albomu nəşr olundu. Alboma «Ana portreti», «Aydan», «Alagöz», «Varvaranın portreti», «Aktrisa İ.Miroşniçenkonun portreti», «Rəqqasə Tamara xanımın portreti» və başqaları daxil idi. Bu əsərlərdə rəssam qadın gözəlliyini, şəxsiyyətini vəsf edir, qadının mənəvi dünyasının harmoniyasını əks etdirir.

M.Abdullayev dəfələrlə öz yaradıcılığında həm tematik tablolarda, həm portret janrında Azərbaycan qadınlarının gözəlliyini vəsf etmişdir. Rəssam Azərbaycan qadının gözəlliyinə pərəstiş etdiyi kimi, onun əmək fədakarlığını, çalışqanlığını da öz əsərlərində əks etdirirdi - «Mənim anam», «Leyla xanım», «Tələbə», «Müğənni» və s. M.Abdullayevin qadın portretləri arasında rəqqasə «Əminə xanım Dilbazi»nin portreti əlvan koloriti ilə digər portretlərdən seçilir. Azərbaycan xalq rəqslərinin mahir və istedadlı ifaçısı Əminə xanım Dilbazini rəssam incə hərəkətlərdən ibarət xalq rəqslərindən birini ifa edən zaman təsvir etmişdi. Rəssam düzgün portret oxşarlığından savayı Əminə xanıma xas olan incə plastik hərəkətləri, onun həyatsevər xarakterinidüzgün təsvir edə bilmişdi.

Digər tanınmış Azərbaycan rəssamı B.Mirzəzadənin də bir çox əsərləri Azərbaycanın zəhmətkeş, əməksevər qadınlarını əks etdirir - «Şamama Həsənovanın portreti», «Sürəyya Kərimovanın portreti», «Pambıq yığımı», «Ziba Hüseynovanın portreti», «Qızxanım Qulamovanın portreti» və digər tablolarda B.Mirzəzadə gözəl komprozisiya, koloriti əldə etməyə bacarıb. B.Mirzəzadənin erkən yaratdığı portretlərdən «Balerina Rəfiqə xanım Axundova», «Müğənni Sara Qədimova» portretlərinin adını da çəkmək olar. R.Axundovanın portretində müəllif balerinanın hərəkət və jestlərinə xüsusi plastik gözəllik verib. S.Qədimovanın portretində müğənninin məlahətli siması, ifadəli gözləri tamaşaçını cəlb edir. Tünd geyimdə təsvir olunmuş müğənni sakit və təmkinli pozada verilmişdir. Portretdəki gül dəstəsi müğənniyə verilən qiymətin rəmzidir. Bu portret bir qədər təntənəli xarakter daşısa da sonrakı illərdə rəssamın yaratdığı silsilə qadın portret obrazları daha çox intim xarakter daşıması ilə seçilir – «Qalanın portreti», «Mina xanım», «Qızın portreti» və s.

Tanınmış Azərbaycan rəssamı V.Səmədova tərəfindən gözəl qadın portret obrazları yaradılmışdır. Psixoloji xarakteristikanın ifadəliliyi, rəsmlərin gözəlliyi və tamlığı, parlaq ifadə olunmuş milli xüsusiyyətlər rəssamın bir çox portretlərini fərqləndirir. İnsan hisslərini dərindən açmaq arzusu onun bütün portretləri üçün səciyyəvidir. – Bu mənada sənətkarın «Aktrisa Leyla Bədirbəylinin portreti», «Heykəltəraş Həyat Abdullayevanın portreti», «Mühəndis Minirə Məmmədbəylinin portreti», «Tələbə qız portreti», «Tanınmış kolxozçu Sürəyya Kərimova», «Gilas Verdiyeva» və s. portretlərin adını qeyd etməmək olmaz. Bütün bu obrazlar özünəməxsus gözəlliyə malikdir. Rəssamın tabloları günəş işığı və parlaq rənglərlə dolğundur. Rəssamın əsərlərinin təhlili göstərir ki, o qadını ancaq ana, bacı və ya arvad kimi təsvir etmir, qadın şəxsiyyətinin xüsusi dəyərdə olduğunu qabardır, istedadlı və özünə hər baxımdan əmin qadınları təsvir edir.

Yaradıcılığında dəfərlərlə qadın obrazlarına müraciət edən rəssamlardan biri H.Zeynalov olmuşdur. Rəssamın qadın obrazları sahəsindəki ən böyük nailiyyətlərini ziyalıların, sənətkar qadınların portretlərində əldə etmişdi – «Çıxışdan qabaq», «Elmira Rəhimovanın portreti», «Nelli Mahmudovanın portreti», «H.Rzayevanın portreti», «A.Pənahovanın portreti» və digər əsərlərin işləmə üslubundakı lirizm, cazibədarlıq tamaşaçını heyrətə gətirir.

Rəssam Sakit Məmmədovun yaradıcılığının böyük qismini qadın obrazları təşkil edir. Rəssam öz qadın obrazları ilə iki dəfə Bakıda keçirilən «Qadın obrazları» sərgisində iştirak etmişdir. 2001-ci ildə İtaliyada təşkil olunmuş sərgiyə rəssamın təqdim etdiyi altı əsər yalnız qadın obrazlarından ibarət idi. Rəssamın maraqlı qadın obrazlarından «Leyla», «Nüşabə», «Güzgü qarşısında», «Qızıl gül», «İtaliyalı qız» portretlərini göstərmək olar. S.Məmmədov öz əsərlərində güllərə bənzər qızlar, qızlara bənzər güllər yaratmağı bacarır. Onun əsərlərində isti rənglərdən ibarət kolorit dominantlıq edir.

Digər tanınmış rəssam Qəyyur Yunus 1985-ci ildə çəkdiyi «Azərbaycan qadınları» tablosunda Azərbaycan qadınının itməyən mənəvi dəyərlərini, qadınlığı və qadın məlahətini vurğulamağa çalışır. Yumru sifətlər, bəzəkli paltarlar, zinət əşyaları, iri gözlər. Cizgilər rəvan, ahəngdardır. Lakin qadın gözəlliklərinin seyrindən sonra tamaşaçı istər-istəməz tablodakı gözlərə qayıdır – bu gözlərin hər biri dərin dərya kimidir.

Rəssam Ə.Muradoğlu öz əsərlərində maraqlı qadın obrazları yaratmışdır. Rəssam «qadın gözəlliyi» anlayışına yeni traktovka verir. Onun «İdmançı qızlar» silsilə əsərləri ilk baxışdan sadəcə «absurd teatrı» təsiri bağışlayır. Böyük ölçülərdə, yarıçılpaq, kobud yonulmuş sifətləri, sanki həndəsi fiqurlardan yığılmış fiqurlar, tamamilə qara fonda günəşin şüalarında «çimən» idmançılar adamı təəcübləndirir. Lakin tezliklə təəcüb heyranlıq və heyrətlə əvəz olunur. Burada qəfildən zəngin qadın dünyası açılır və qadın psixologiyasının bütün nüansları önə çıxır. Sadə ifadə vasitələrinə baxmayaraq, bu şəkillər ətrafında xüsusi bir enerji sahəsi yaradılır. Şəkildə rəngərəng abstrakt xətt və cizgilərdən ibarət qadın bədəninin təqdiminin yeni rakursları verilir.

Beləliklə, Azərbaycan təsviri sənətində öz yaradıcı və əmək nəaliyyətləri ilə fərqlənən gözəl və maraqlı qadın obrazları yaradılıb və yaradılacaq. Hadisələrin romantikasını, əmək mövzusunu, qadınların əmək fəaliyyətini təsvir etmək səyi nəticəsində rəssamlıq sənətimiz çoxlu və maraqlı yeniliklərlə zənginləşdi. Azərbaycan rəssamlarının yaratdığı qadın obrazlarında qadının ali məziyyəti kimi onun əmək qəhrəmanlığı, fədakarlığı, gözəlliyi, intellektual potensialı vəsf olunur.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2011.- 2 dekabr.- S.13.