Son 20 ildə ölkəmizdə hər
şey dəyişib”
Müsahibimiz
Rusiya Prezidenti yanında Dövlət İdarəçiliyi
Akademiyasının tələbəsi, filologiya üzrə fəlsəfə
doktoru, millət vəkili köməkçisi Əhməd
Şahidovdur
- Gələcəyimiz
adlandırılan gənclər ölkəmizin inkişafı
naminə hər hansı bir xeyirli iş görə bilirmi?
Hər bir ölkənin gələcəyi onun gəncləridir. Ölkənin
qüdrəti, iqtisadi, siyasi və hərbi potensialı gənclərin
mənəvi əxlaqının, intellektual səviyyəsinin
və vətənpərvərlik ruhunun göstəricisindən
birbaşa asılıdır. Təbii ki,
bugün Azərbaycanın nəinki regionun, habelə
bütün dünyanın inkişaf etməkdə olan ölkəsinə
çevrilməsinin bir səbəbi də onun savadlı,
istedadlı və vətənpərvər gənclərə
malik olmasıdır. Və bu gənclərə
İlham Əliyev kimi gənc və uzaqgörən bir siyasətçinin
rəhbərlik etməsi ölkəmizin daha mətin addımlarla
inkişaf etməsini şərtləndirir.
Konkret
olaraq, onu deyə bilərəm ki, bugün ölkəmizdə
onlarla gənclər təşkilatları, cəmiyyətlər,
ayrı-ayrı fəal gənclərimiz var ki, onlar gündəlik
həyatlarında Azərbaycanın milli maraqları naminə
çalışır, beynəlxalq aləmdə ölkəmizin
haqq səsinin ucalması istiqamətində çiddi işlər
aparırlar. Bugün siyasətlə məşğul
olan gənclərimiz, millət vəkili olan gənclərimiz
var ki, onların gördüyü işlərin məğzi
elə Azərbaycanın bugünkü inkişafına
birbaşa xidmət etməkdir.
- Ölkəmizdə
gənclər siyasətinin inkişaf etdiyi dövrdə bəzi
gənclərimizin mənfi qüvvələrin təsiri
altına düşməməsi üçün sizcə
hansı işlər görülməlidir?
Çox ağrılı məqama toxundunuz. Təəssüflər
olsun ki, bugün Azərbaycan gəncliyi bir yumruq ola bilməmişdir. Bir qisim gənclərimiz
xarici dövlətlərin, xüsusən də İran,
ABŞ və Avropanın təsiri altına düşüblər.
Konkret olaraq, dindar gənclərimiz sırf dinlə deyil, din pərdəsi
altında İranın siyasətini, ələxsus da
bölücü siyasətini Azərbaycanda yeridirlər. Digər bir qisim isə ABŞ və Avropadan əsən
küləyin bir parçası kimi ölkədə milli-mənəvi
dəyərlərə zidd bir həyat tərzi təbliğ
edir və buna da “demokratiya” damğası qoyurlar. Üçüncü, dördüncü qisim gənclərimiz
var ki, onlar da hansısa cılız ideologiyaların əsirinə
çevriliblər. Və bundan nəinki Azərbaycana,
heç özlərinə də bir xeyir gəlmir və gələ
də bilməz.
Bəs bütün bunlara qarşı mübarizə
aparmaq üçün hansı işlər görülməlidir
sualına cavab olaraq, bildirim ki, ilk növbədə gənclərlə
bağlı siyasətin əhatəsi daha da genişləndirilməli
və bu siyasət siyasi, dini baxışlarından
asılı olmayaraq, bütün gənclərə şamil
olunmalıdır. Azərbaycanda heç bir gənc
özünün bu və ya digər formada diskriminasiya
olunmasını hiss etməməlidir və çoxluqdan
küsüb hansısa zərərli cərəyanlara və
düşərgələrə qoşulmamalıdır.
İkincisi, cəmiyyətdə bütöv bir
“Azərbaycançılıq” təbliğatı gücləndirilməlidir.
Əsası mərhum prezidentimiz Heydər
Əliyev tərəfindən qoyulmuş bu ideologiyanın var
gücü ilə hərtərəfli reallaşması
üçün bütün resurslar səfərbər edilməlidir.
Orta məktəblərdə, universitetlərdə,
mədəniyyət mərkəzlərində bütün təbliğat
bu istiqamətdə aparılmalıdır. Sıravi Azərbaycan
vətəndaşı özünü bu torpağın
tamhüquqlu vətəndaşı kimi hiss etməlidir. Hansısa narazıçılıq olanda başqa
dövlətlərə, xarici səfirlik və ya beynəlxalq
təşkilatlara deyil, elə özümüzə müraciət
etməlidir. Burada milli şüurun da
formalaşması böyük əhəmiyyət kəsb edir.
Vətəndaşlarımız
özünüdərk etməlidirlər.
- Gənclərin
fəallığı sosial şəbəkələrdə
daha çox görünür. Bu virtual fəallıq
sizcə gəncliyə nə verir?
Bilirsiniz, sosial şəbəkələr Azərbaycanda
populyarlaşdıqca, cəmiyyətdə olan mənfiliklər,
iyrəncliklər ortaya çıxır. Sosial şəbəkələrdəki
insanların sayca çoxluğu əslində ilk
baxışdan belə görünür. Misal
üçün, Facebook rəhbərliyinin rəsmi açıqlamalarına
görə, Azərbaycanda 500 mindən çox Facebook istifadəçisi
var, amma mən bu rəqəmi təxminən 3 dəfə
azalda bilərəm. Çünki,
hamımız yaxşı bilirik ki, əksər şəxslərin
Facebookda 2 və ya 3 səhifəsi var. Heç bir məşğuliyyəti
olmayan, cəmiyyətdə heç bir çəkisi və
hörməti olmayan avara gənclərimiz isə nəinki
öz adlarına, hətta saxta adlarla qeydiyyatdan keçərək,
onlarla Facebook səhifəsi işlədirlər. Bundan isə müxtəlif müzakirələr
düşəndə, siyasi polemikalar zamanı gen-bol istifadə
olunur və yalançı kütləvilik təsəvvürü
yaradılır. Bu, saxtakarlıqdan
başqa bir şey deyil. Bu metoddan əsasən
müxalifət yönümlü gənclər istifadə
edirlər. Özlərinin pafoslu ideyalarını təbliğ
edərkən guya “yüzlərlə gənc bizi dəstəkləyir,
xalq bizimlədir” təsəvvürü yaratmaq
üçün bucür cılız vasitələrdən
istifadə olunur. Əslində isə həmin
qüvvələrin arxasında heç yüz nəfər də
insan potensialı dayanmır. Buna sübut
olaraq, Facebookda yaradılmış hansısa tədbirə dəvət
səhifələrini misal göstərmək olar. Həmin səhifəyə minlərlə insan üzv
olur və tədbirə qatılacaqlarını bildirirlər.
Tədbir vaxtı isə görürsən ki,
20-30 nəfər iştirak edir. Bu da sizin sualınıza
mükəmməl cavab!
- İnternet insanlarda hansı dəyişikliklərə
səbəb olub?
İnternet bəşəriyyətin ən mükəmməl
kəşflərindən sayılır. İnsanlar həyatlarının
bütün sahələrində rahatlığa və keyfiyyətə
nail olublar. İnsanlar arasında ünsiyyətin
asanlaşmasına, istənilən informasiyaların
rahatlıqla tapılmasına, bu və ya digər xəbəri
qısa zaman ərzində geniş auditoriyaya
çatdırmaqda internetin rolu əvəzsizdir. Bugün internet bir çox insanların, o cümlədən
mənim həyatımın mənasına
çevrilmişdir. Açığını
desəm, mən internetsiz yaşaya bilmərəm. Amma unutmaq olmaz ki, internetin zərərli tərəfləri
də var ki, bunlardan da çalışdığımız
qədər uzaq durmağımız məsləhətdir.
-
Doğrudanmı yazışmaqla ünsiyyətdə olmaq,
özünü ifadə etmək gənclər
üçün daha asandır?
İnternetdə təkcə yazışmaq yox, həm də
səsli və görüntülü ünsiyyət qurmaq
mümkündür. İnternet ünsiyyət və
özünü ifadəni çox asanlaşdırıb.
Təsəvvür edin ki, mən bir yazı yazıram, şəxsi
saytıma yerləşdirirəm, sosial şəbəkədəki
səhifəmdə paylaşıram, üstündən 1 saat
keçdikdən sonra Türkiyədən və Rusiyadan
dostlarım, qohumlarım zəng edir və məqaləmə
münasibətlərini bildirirlər. İnterneti
kəşf etməmişdən bunu bacara bilərdimmi?! Əlbəttə ki, yox.
- Müstəqilliyi
gənc olan bu ölkənin gəncləri üçün
son 20 ildə nə dəyişdi?
Son 20 ildə hər şey dəyişib, ölkəmiz
inkişaf edib, şəhərlərimiz gözəlləşib,
yeni-yeni tikililər inşa edilib. Həyat səviyyəmiz
daha da yüksəlib, yaşayış səviyyəmiz
çox rahatlaşıb, gənclərimiz indi azad, müstəqil
və demokratik bir cəmiyyətdə yaşayırlar. Savadlı, intellektual və istedadlı gənclərimizin
qarşısında geniş perspektivlər
açılıb. İndi dünyanın
bütün ölkə və şəhərlərində azərbaycanlılara,
xüsusən də gənc həmyerlilərimizə rast gəlmək
mümkündür. İndi gənclərimizin
xaricdə təhsil alması üçün geniş imkanlar
var, dövlət bu istiqamətdə ciddi işlər
görür.
- Azərbaycan
gəncliyi ölkənin ictimai-siyasi həyatında, vətəndaş
cəmiyyəti və dövlət quruculuğu prosesində nə
dərəcədə fəal iştirak edir?
Əvvəla onu qeyd edim ki, ölkə
başçısının hələ gənc
yaşlarında aktiv siyasətə qoşulması məndə
Azərbaycanın gələcəyi barədə xoş
ümidlər yaratmışdı. Əmin idim ki, bu
ölkənin sükanında məhz gənclər olacaq.
Bu əminlik indi də məni tərk etməyib.
Lakin bu, uzun sürən bir proses olduğundan bir qədər
vaxt aparmaqdadır. Buna baxmayaraq, bir sıra məmurlarımız,
millət vəkillərimiz, dövlət qulluğunda
çalışan şəxslər məhz gənclərdən
ibarətdir. Mən özüm Milli Məclisdə
çalışıram və oradakı işçilərin
əksəriyyətinin gənclərdən ibarət olması
məni çox sevindirir. Həqiqətən
də Azərbaycanın çox istedadlı, intellektual gəncləri
var.
- Gənclər
arasında vətənpərvərlik təbliğatını
necə qiymətləndirirsiz? Sizcə, bu təbliğat qaneedici səviyyədədirmi?
Bilirsiniz ki, Azərbaycan müharibə şəraitindədir. Azərbaycan
silahlı qüvvələrinin bugünkü gücü də
heç kimə sirr deyil. Düşmən
də etiraf edir ki, Azərbaycan ordusu güclüdür. Bu, gənclərimizin vətənpərvərlik
ruhunun yüksək səviyyədə olmasından xəbər
verir. Amma nəzərə almalıyıq
ki, Azərbaycanın xarici siyasətində digər prioritet
sahələr də mövcuddur. Biz
iqtisadiyyatımızı da inkişaf etdirməliyik və təbliğatımızın
bir hissəsi olaraq Azərbaycanın iqtisadi cəhətdən
etibarlı ölkə olduğunu bəyan etməliyik.
Biz Eurovision kimi nüfuzlu mahnı yarışmasına ev sahibliyi edirik və təbliğatımızda
Azərbaycanın ictimai-siyasi cəhətdən sabit ölkə
kimi təbliğ olunmasına da
çalışmalıyıq. Odur ki,
bütün sahələrdə təbliğat aparılır
və düşünürəm ki, bu təbliğatın
içində vətənpərvərlik ruhu də kifayət
qədər aşılanır.
- Etiraf
etmək lazımdır ki, hələ də gənclər bir
sıra problemlərlə üzləşirlər və həmin
problemlərin həllini arzulayırlar. Siz bir gənc
kimi gənclərlə tez-tez ünsiyyətdə olursunuz.
Bugünkü gəncliyin əsasən hansı
problemləri ön plandadır?
Əvvəla onu deyim ki, bugün Azərbaycan gəncləri iki hissəyə bölünüb: mübariz, çalışqan və istedadlı gənclər bir düşərgədə, təhsilsiz, savadsız, dar düşüncəli gənclər isə başqa bir düşərgədədir. Hər iki gəncliyin özünəməxsus problemləri mövcuddur. Savadlı və istedadlı gənclərimiz cəmiyyətdə kifayət qədər özlərinə yer tuta biliblər. Bugün ən strateji yerlərdə xaricdə təhsil almış gənclərimiz təmsil olunurlar. Onlar üçün bütün şərait yaradılmaqdadır. Amma yenə problemlər olmamış deyil. İlk öncə, gənclərimizin mənzil problemidir ki, dövlətimiz də İpoteka Fondu vasitəsilə bu məsələni həll etməyə çalışır. Gənclərimizin yüksək vəzifələrdə daha çox təmsil olunmasıyla bağlı bir qədər çətinliklər mövcuddur. Düşünürəm ki, bu, zamanla öz həllini tapacaq. Bucür gənclər üçün başqa bir ciddi problem və ya baryer görmürəm. O ki qaldı, savadsız, təhsilsiz və qaragüruhçu gənclərimizə, onların ən böyük problemi elə özləri ilə bağlıdır. Əsasən müxalifət düşərgəsində təmsil olunan bu gənclər həyatda nail ola bilmədiklərinin, reallaşmayan arzularının qisasını cəmiyyətdən, konkret olaraq, həmyaşıdları olan istedadlı gənclərdən çıxmağa çalışırlar. Amma yenə düşünürəm ki, dövlətimiz həmin gənclərə də şərait yaratmalıdır ki, onlar özlərini realizə edə bilsinlər. Əks halda, həmin gənclər xarici qüvvələrin təsiri altına düşür, zərərli cərəyanlara qoşulur və ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilirlər.
- Heç bir siyasi görüşə bağlı olmayan, müstəqil mövqeyə malik bir gənc kimi bu gün sözdə “siyasi fəaliyytinə” görə həbsdə olan gənclik haqında nə düşünürsünüz? Yəni, doğrudanmı, onlar qəhrəmandılar?
Bu sual məni hər zaman düşündürür. Bayaq qeyd etdiyim ki, bəzi gənclərimiz zamanında təhsilə maraq göstərməmiş, ixtisas seçimində başısoyuqluq etmiş, valideyn himayəsindən kənarda qalmışlar və bunun bir növ intiqamını cəmiyyətdən çıxmağa çalışırlar. Nəticədə həmin gənclər istənilən təklifə, şirnikləndirici yola üz tutmaq məcburiyyətində qalırlar.
Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın gənc nəslinin əxlaq və dəyərlər sistemi müxtəlif dövlətlərin ideologiyaları tərəfindən işğal olunur. Hər il addım-addım gənc beyinlərin işğal faktını görür və izləyirik.
Təmiz, gənc beyinlər artıq 18 yaşa kimi zəbt olunur, işğala uğrayır. Dövlətimiz uşaqlarımızı gözəl məktəblərdə oxudur, yedizdirir, geyindirir, idmançı, rəssam, hüquqşünas, həkim kimi yetişməsi üçün milyonlarla vəsait xərcləyir. Lakin dövlətin vəsaiti ilə xaricə oxumağa göndərilən, mitinqlərə çıxaraq, polisə yumurta, daş atan, mənasını anlamadıqları “Azadlıq”, “Demokratiya” qışqıran uşaqlarımızı görəndə təəccüblənirsən. Bu uşaqlar Vətəninin nankor övladlarımıdır?! Məncə, xeyr! Bu məqamda hörmətli millət vəkilimiz Gülər Əhmədovanın bir sözü yadıma düşür. Gülər xanım Facebook sosial şəbəkəsində yazmışdı ki, “ərəb inqilabları bir daha sübut etdi ki, beyni, ürəyi boş, qarnıtox gənclər və uşaqlar hər bir dövlət üçün təhlükəlidir. Və eyni zamanda dövlətin düşmənləri üçün əla hədəf və ovdur.”
Bu mövqedən çıxış edərək bildirməliyəm ki, bugün bütün dünyaya “siyasi məhbus” kimi təqdim edilən gənclərin əksəriyyəti konkret olaraq, Azərbaycan qanunvericiliyini pozmuş şəxslərdir. Nəzərə alsaq ki, qanun qarşısında hamı bərabərdir, onda kimin Harvardda, kiminsə Bakıda oxumasından asılı olmayaraq, hər bir şəxs etdiyi əmələ görə, cavab verməlidir. Ortada konkret qanun pozuntusu varsa, bunu şişirtmək və ətrafında siyasi şou yaratmağa ehtiyac yoxdur. Lakin siyasi müxalifət başqa cür düşünür. Onlar düşünürlər ki, hər vəchlə rəqiblərinə şər, böhtan yaxmalı, özlərini daha mübariz, ədalətli və haqlı tərəf kimi təqdim etməlidirlər. Lakin zaman ən böyük ədalətdir. Və zaman öz sözünü həmişə deyir!
Müsahibəni
götürdü Oqtay Hacımusalı
Xalq Cəbhəsi.-
2011.- 7 dekabr.- S.13.