«O vaxtı başqa bir dövr idi»   

Bu xəbəri paylaş Aşıq Əhliman: «Hər bir sənətkarın meydanı ayrıydı»

 

Bu gün xalqın özünütəsdiqi, inkişafı sarıdan müəyyən problemlər yaranmaqda, artmaqdadır. Bu, daha çox xalqlar, dövlətlər arasında ünsiyyətin artması ilə bağlıdır. Dünyada eyniləşmənin artması qədim adət-ənənələrin çox zaman zədələnməsi, hətta aradan qalxması ilə sonuclanır. Bu mənada folklora xas bütün düşüncələrin, davranışların

qorunması, inkişaf etdirilməsi gərəkdir. Həmsöhbət olduğumuz Aşıq Əhliman əvvəlki onillərdə şahidi olduğu el adət-ənənələrindən danışır, bu gün itməkdə, yoxa çıxmaqda olan bəzi məqamlara diqqət çəkir: «Qabaqlar toylar çox maraqlı keçirdi. Adətən aşıqlar toyxanaya gələnə kimi toya bərk hazırlıq görülürdü. Kimin hansı işlə məşğul olması ilə bağlı siyahı tutulardı. Artıq aşıq gələnə kimi hər cür işlər görülüb qurtarardı. Camaat aşığı dinləməyə hazır olardı. 1995-ci il idi. Qonaqkənddə bir toyda idim. Toyda bir yaşlı kişi vardı. Soruşdu ki, sən Mirzə Bilalı görmüsən? Dedim yox. Dedi Mirzə Bilal bu həyətdə toy eləyib. Özü necə toy eləyib. Sən demə, bu hadisə 1925-ci ildə olub. Kişi Mirzə Bilalın Kalvalı Əli Dədəni gözəl xatırlayırdı. Atası Mirzə Bilalın dəstəsini qardaşının toyuna gətiribmiş. Kişinin o zaman 13-15 yaşı varmış. Danışırdı ki, Mirzə Bilal çox güclü oxuyan idi. Kalvalı Əli balabanda elə çalırmış ki, hamı lal-dinməz qulaq asırmış».

Həmin kişi Aşıq Şakirin onların kəndinə gəlişindən də maraqla danışırmış: «Şakir gələndə ilk öncə ağsaqqallarla söhbətlər edib. Nəhayət, ağsaqqallar deyir ki, Şakir, bir söz de, oxu. O vaxtlar da Şakirin dəbdə olan vaxtları imiş. Şakir də sazı basıb sinəsinə, oxuyuboxuyub. Ağsaqqallar bunun səsinə qulaq asandan sonra deyiblər ki, gələcəkdə bəlkə Mirzə Bilalın yolun gedə biləsən. Gör Mirzə Bilal necə böyük sənətkar olub ki, Aşıq Şakir o boyda gözəl, gur səslə hələ Bilaldan az hesab olunub. Bu, həm də o dövrdə ustad-şagird ənənəsinin necə ciddi şəkildə yaşadılmasına gözəl misaldır».

Zurna sənəti ümumşərqə məxsus olsa da, türklərin, konkret Azərbaycan türklərinin bu sənətin inkişafında oynadığı rol danılmazdır. Aşıq Əhliman qeyd edir ki, Azərbaycanda zurna-balaban məktəbləri də olub: «Şirvanda Əli Dədənin zurna-balaban məktəbi çox məşhur olub. Ağasəf Seyidov, Fikrət Əliyev və başqaları bu məktəbin yetirmələridir. Fikrət Əliyevlə toylara çox getmişəm. Onun ifaları çox gözəldir. «Sarı gəlin»i necə gözəl çalır». Aşığın yeniyetməlik dövründəki təəssüratı, aşıq sənətinə olan həvəsi taleyini müəyyən etməsində əsas rol oynayıb: «15 yaşımda Aşıq Şakiri görmüşəm. Bu, mənə bəs elədi ki, onun haqqında təəssüratım olsun».

Tələbələri çox olan Aşıq Əhliman indikilərin öz dövrü ilə müqayisədə bu sənətə ümumən maraqlarının azlığından narahatdır: «Sənətdə maraq məsələsi əsasdır. Uşaqlıqdan ustad aşıqların çalğılarına, oturuş-duruşlarına, danışıqlarına çox fikir vermişəm. Toyxananın baş hissəsində – sazandaların oturduğu stolun arxasından xalça-palaz asardılar. O qədər palazın arxasından onların saz kökləmələrinə baxmışam ki… Mənim üçün bu sənətkarların necə oxumaları, hətta necə danışmaları da maraqlı idi. Heç zaman inadımdan əl çəkməmişəm, öyrənmişəm. Mən Ucarın Bərgüşad kəndində anadan olmuşam. Bu kənd Müsüslüdən 7-8 km o yana Zərdaba doğrudur. Müsüslüyə gəlmişəm piyada, ordan da Göyçayın İnçə kəndinə. 40 km yolu piyada getmişəm, ona görə ki, Aşıq Şakir orada toydadır. Gedim baxım görüm, Aşıq Şakir necə toy aparır, nəyi necə oxuyur? O zaman necə böyük həvəs vardı. Mən o dövrün aşıqlarından gördüyümü görmüşəm. Gözüylə görən Allah qədər bilir. Ancaq Mirzə Bilalı görməmişəm, haqqında eşitmişəm. Aşıq Məmmədağanı, Aşıq Pənahı, Aşıq Əhmədi, Aşıq Şakiri, Aşıq Yanvarı görmüşəm. Ucarın Şilyan kəndində Aşıq Fərhad vardı. Onun dastan ifaçılığı Aşıq Şakirdən geri qalmırdı. Bu aşıqların 500-1000 nəfər dinləyicini ağlatdığını da görmüşəm, güldürdüyünü də. Doğrudan beləydi. Bu aşıqlar obraza girə, obraz yarada bilirdilər. Camaat o dövrdə aşığa saatlarla qulaq asmağı bacarırdı. Adamların yaddaşı belə şeylərə qarşı güclü idi».

Aşıq bu fikirdədir ki, həmişə dinləyicilərin diqqəti sənətkarın məsuliyyətini artırıb: «Sənətkar bilib ki, ona qulaq kəsilənlər var, gərək danışanda, oxuyanda qətiyyən səhv etməsin. Tutalım, gəlirəm Kalva kəndinə toya, sabah gedəcəyəm Ucarın Şilyan kəndinə. Həmişə fikirləşmişəm ki, birdən filan dastanı soruşarlar, bir yaddaşımı itiləyim, görüm onu dəqiq bilirəmmi? Anam deyərdi ki, a bala, gecə saat 3-də gəlmisən, indi 5-dir. Niyə yatmırsan? Həm o dövrdə camaatın ruhunda təbi olaraq aşıq sənətinə güclü həvəs vardı. Bir görürdün məktəbdə müəllimlərimiz soruşurdu ki, dünən Aşıq Şakir, ya Aşıq Əhməd toya gəlmişdi, kim getmişdi dinləməyə? Qorxumuzdan səsimizi çıxarmırdıq ki, suallar verərlər. Müəllim deyərdi ki, Aşıq Əhməd gözəl dastan danışdı, başda elə bir ustadnamə dedi ki, indiyəcən eşitməmişdik. Çox nahaq getməmişdiniz. Hansı ki, getmişik. Müəllimlərimiz bizi aşıq sənətini sevməyə yönəldirdilər. Kimya müəllimi dərsin sonunda yorğunluğumuzu çıxarmaq üçün bayatı deyərdi.

 

Əziziyəm, dəstə gül,

Mənim yarım Dəstəgül.

Mən yarıma söz atdım,

O da mənə dəstə gül.

***

Mən yarı necə gözlər

Necə qaş, necə gözlər,

Gözləri kirpik çalan,

Yar yolun necə gözlər?

 

«O vaxtı başqa bir dövr idi»- deyən Aşıq Əhliman

Azərbaycanda aşıq sənətinin yeni dönəmdə dövlət səviyyəsində inkişaf etdirilməsindən, bu sahədəki uğurlardan da danışır: «Bu ildən Mədəniyyət İncəsənət Universitetində «Aşıq sənəti» kafedrası açılıb. Bu, çox gözəl bir işdir». İndi adamların təəssüf ki, əvvəllərdə olduğu kimi aşıq söhbətlərinə böyük marağı qalmayıb, toylarda əvvəlki kimi səhərədək aşığa qulaq asmaq yoxdur: «O vaxtı başqa bir dövr idi. Hər bir sənətkarın adı ayrı olan kimi, onun meydanı da ayrıydı. Aşıq Əhməd dastan ifaçılığında qətiyyən əziyyət çəkmirdi. O, qüdrətli sənətkar idi. Hərdən deyirlər ki, filan aşıq filan aşıqdan, filan xanəndə filan xanəndədən üstündür. Şişirtmədən demək olar, o vaxtı aşıqların hamısı aqil idi. Əlbəttə, sözünün yerini bilməyən cahil aşıqlar da olub. Ona görə çox adam deyib ki, mən maşına oturub toya gedəcəm, aşıqlıq edəcəm. Bunlar o aşıqlar olub ki, 3 aşığı kiritmək üçün 3 sözü olmayıb. Yaxşı sənətin üzünü suvamaq olmur. Aşıq Soltan vardı. Kalvalı Əli Dədə ilə çox məclislərə gedib. Aşıq Soltanın oğlu Aşıq Fərhadı görmüşəm. Onun da dastan ifaçılığı çox güclü idi. Əvvəllər dastan ifaçılığı çox güclü idi. Aşıqlar dinləyiciləri sehrləyə bilirdilər. Aşıq Şakir Mirzə Bilaldan sonra Şirvan aşıq sənətinin ən böyük ustadlarından biri olub. Aşıq Məmmədağa həmçinin. Aşıq Şakirin dastan ifaçılığından bir məqamı demək istəyirəm. Onun ustadlığı nədəydi? Dastanın axarına uyğun Azərbaycanın klassik ədəbiyyatındanFüzulidən, Həbibidən, Seyid Əzimdən, Vahiddən muğam üstə elə sözlər oxuyurdu ki, adam mat qalırdı. Fikir ver, «Abbas Gülgəz» dastanından oxuyur, həmin yerdir ki, Abbas Gülgəzindən ayrılıb.

Dili batır, danışa bilmir. Bu yerdə Gülgəz deyir ki, ay əmi, icazə ver, ona özüm var. Deyirlər, olmaz, danışa bilmir, qulağı da batıb. Onsuz da səni eşitməyəcək. Deyir yox, o, sözlə olsa, him-cimlə olsa, məni başa düşəcək.

Oxuyur ki:

 

Açılar dağlar çiçəyi,

Gözəllər örtər örpəyi.

Görsən məndən göyçəyi,

Ay əmioğlu, dayanma gəl.

 

Aşıq Əhliman aşığın həmişə sənətin tələbinə uyğun sanballı olmasını gərəkli bilir: «Aşıqlar həmişə ağır-ağır gəzirdilər toyxanada. İndi görürsən ki, aşıqlar «Sənsiz qalmışam, anam Göyçəm» oxuyur, camaat da ortalığa girib şıdırğı oynayır.

Bir məsəl var, deyir, ağlaşmasını bilməyən ölüsünü murdar eyləyər. Mən Nardaranda çox toylar aparmışam. Bilirsiniz ki, Nardaran Bakı kəndləri içərisində muğama münasibəti ilə çox fərqlənir. Toylarda Aşıq Şakirin adı gələndə ağsaqqallar deyirlər ki, Aşıq Şakir nadir sənətkar idi. Aşıq havalarını oxuyuram, onlara xoş gəlir. Deyirlər ki, bunu Aşıq Şakir vaxtilə oxuyub, özü necə oxuyub. Hacabbas deyilən birisi vardı, Aşıq Şakirlə dost idi, musiqini gözəl bilirdi. Bir toy məclisində aşıq şeirindən nümunələr dedim, çox xoşuna gəldi. Bakı camaatı Aşıq Şakirin muğamı gözəl ifa etməsinə vurulmuşdu».

Aşıq sənəti çox zəngindir: «Burada ifaçılıq var, teatr sənəti var, rəqs var. Bu sənətdə sinkretizm var, bir neçə sənəti özündə birləşdirir. Toyun yaxşı keçməsi ilk növbədə sənətkardan asılıdır. Sənətkar gərək toy başlayanda elə söz desin ki, camaatın fikrini özünə cəlb eləsin. Bəxtiyar Vahabzadənin fikridir, deyir, əsl müəllim odur ki, onun dərsində gərək şagird, tələbə saata baxmasın. Şübhəsiz, bu, o dövr üçün deyilib. Ancaq indiki tələbələr təəssüf ki,

ciddi şəkildə dinləməyi yadırğayıblar. Qabaqlar toy məclislərində cavanlar məndən tez-tez xahiş edərdilər ki, aşıq, bir dodaqdəyməz de. Ona görə bu maraq vardı ki, o dövrdə adamların qanı bu cür musiqilərlə qaynayırdı.

Şirvan aşıq sənətində aşıq meydanda gərdiş edərkən balabançı elə gəzişmələr edir ki, dinləyənlər, baxanlar heyran olmaya bilmir. Məsəl var ki, vur deyənlə vuran yarıdır. Şirvan xanəndələri aşıq musiqisini gözəl bilirlər. Şirvan aşıq sənətinin özünəməxsus yolu var. Ancaq qədər şikəstələr oxunur, Şakirin oxuduğu «Şirvan şikəstəsi»nin yerini vermir».

 

Uğur

Xalq Cəbhəsi.- 2011.- 8 dekabr.- S.14.