«Əzab olmasa, insan yaranmaz»
Dünən xalq şairi, mərhum Nəbi Xəzrinin doğum günü idi.
Onunla bir neçə dəfə həmsöhbət olmuşdum. Son söhbətlərim
yaxşı yadımdadır:
nədənsə üzgün
idi. Adətən insan ömrünün
qoca çağında
həyata daha yetkin gözlə baxır. Xüsusən yaradıcı insanların
ömrü istər-istəməz
dünyanın gedişatındakı
bütün ziqzaqları,
ağrıları görür,
duyur, onlarla yaşayır. Bu ağrıların, ziqzaqların
onun şair ömründən necə
keçdiyini soruşmasam
da, sifətindən aydınca oxunurdu. Danışırdı ki,
həyatını özünəxsus
yaşamağa çalışıb:
«İnsan ömrünün
heç bir anı asan, qovğalarsız, mübarizəsiz
keçmir. Hətta ömrün ən
rahat hesab edilən dövrü belə əsl insan üçün əzablarla, ağrılarla
keçir. Ömrünü
ləyaqətli yaşamağı
qərara alan
insan istər-istəməz
bu ağrılara tuş gəlir. Onlarla birgə yaşamağı
təbii, zəruri sayır. Mən ömrümün bu çağında artıq qəti əminəm ki, insan ömrü heç də onun yaşadığı
uzun ömür müddətilə ölçülmür.
Yəni insan 30, 40, 50,
80 və ya 90 il yaşadı;
bunun bir o qədər də əhəmiyyəti yoxdur.
Mənim
qəti qənaətimdir
ki, insanın ömrü insanlara verə bildiyi inam, ümid duyğuları ilə ölçülür».
Bir var ömrümüz boyu əzabdan danışaq, bir də var
ki, real həyatımızda
onu yaşayaq. Əzabla fərəh
arasında mahiyyətcə
bağlılıq, birlik
var. Danışırdı ki, insana əzab
sevinc kimi, şadlıq kimi çox vacibdir. Mən deyərdim ki, əzab insana bəlkə də hər şeydən daha zəruridir. Hətta mən bununla bağlı bir şeir də
yazmışam:
Əzabsız sevgilər sevgi
deyilsə,
Əzabsız dünya da, dünya deyildir.
Əzab olmasa, insan yaranmaz. İnsan xüsusən
ömrünün yetkin
mərhələsində bir
daha anlayır ki, əzab insanı
mətnləşdirir, mərdləşdirir,
həyatın gündəlik
gözlənilməz qayğılarına
qarşı dözümlü
edir. Həm də qəribədir
ki, onu insanlara
doğmalaşdırır».
Burada dedim ki, dünyada
bu saat çatışmayan
ən zəruri şey insanın insana sevgisi, doğmalığıdır. İnsani istəklər
uğrunda çarpışmalar
zamanı doğmalığın
qiyməti daha çox bilinir, görünür. Fikrimlə
razılaşdı, dedi
ki, zəmanəmizin indiki gərgin çağında doğmalıq
bizə çox gərəkdir: «Mənim üçün əzab ilahi bir qüvvədir».
Uşaqlığı əzablarla dolu olmuşdu, yetimliklə böyümüşdü:
«Mən elə uşaqlıqdan sınaqda
olmuşam. Qəribədir, bunun kökü
gedib 5 yaşıma çıxır. Adətən bu dövr insanın
dünyanı, həyatı,
özünü yavaş-yavaş
anlamağa başladığı
illər olur. 5 yaşımda atamı
itirmişəm. Dörd qardaşım
37-ci ilin qurbanı olub. Dayım gedib, qayıtmayıb.
Dayımdan bizə bir gözü kor keçi qalmışdı.
O keçi bizi müharibədən çıxartdı:
balaladı, süd verdi. Mən o fikirdə
deyiləm ki, camaatın yaşamaq ehtirası, çarpışıb-vuruşması
həmin quruluşa inamla bağlı idi. Bu inam
ədalətə, haqqa,
torpağa, anaya, Vətənə olan bağlılıqdan gəlirdi.
Onu da deyim ki,
tamam kasıb bir oğlan idim. Təkbaşına Leninqrada oxumağa
getdim. Gündə bizə 500 qram
çörək verirdilər.
Təsəvvür edirsinizmi,
düz bir sutka gözləyirdik ki, sabah
bizə bir parça çörək
verəcəklər. 1944-cü
ildə mən çox cavan idim. O zaman Səməd Vurğun istedadımı gördü,
mənə zəmanət
verdi. Bu zəmanətlə də məni Yazıçılar
İttifaqına üzvlüyə
qəbul etdilər.
O zaman Moskvadakı Maksim Qorki adına Ədəbiyyat
İnstitutuna qəbul
olunmaq istəyirdim. Təbii ki, o zaman istənilən
səviyyədə həyat
təcrübəm yox
idi. Bu səbəbdən
də Moskvada oxumaq istəyim çox gecikdi. Onu da deyim ki,
instituta şeirlərimi
göndərərkən onları
ruscaya tərcümə
etdirə bilməmişdim.
Digər
tərəfdən də
Yazıçılar İttifaqının
üzvü olduğumu
yazmamışdım. Qayda belə idi ki,
o zaman Yazıçılar
Birliyinin üzvü olanlar Ədəbiyyat İnstitutuna imtahansız qəbul olunurdular. Bir azdan Moskvadan cavab gəldi ki, sizin şeirlərinizdən
heç nə başa düşmədik.
Bayaq dediyim kimi, mən ali təhsilimə
Leninqraddan başlamalı
oldum».
Leninqraddın havası rütubətli
olduğundan orqanizmi dözmür, xəstələnir:
«Çətin də olsa, sağaldım. Anam məni oxumağa yola salanda demişdi
ki, oğul, bəd gətirmirəm, oxumağa tək gedirsən, tək də gələcəksən.
Bir dəfə gördüm ki, bir qarayanız
oğlan bizim qızlardan birinə yanaşaraq onu təhqir elədi. Mən onun cavabını yumruqla verdim. Oğlan dekanlığa qaçdı,
Budaqyan adlı erməni yarım saatın içərisində
mənim əmrimi divara vurdu ki,
bu şəxs xuliqanlıq üstündə
institutdan qovulur.
Təbii
ki, mən o saat yataqxanadan məhrum oldum. Qabaqdan da dəhşətli qış gəlirdi.
Qrupumuzun
qızları əsl həqiqətin nədən
ibarət olduğunu sübut etmək üçün min nəfər
tələbənin imzasını
yığdılar. Rektor
Voznesenski ərizədəki imzaları görən kimi mənim instituta bərpa olunmağım haqqında
əmr verdi.¬ Elə həmin il tətilə
çıxan kimi Moskvaya getdim, çox çətinliklə
də olsa Ədəbiyyat İnstitutunu
tapdım. Bakıdan İnstituta şeirlər
göndərməyimi, institutundan
mənə yazılan
ümidsiz məktub haqqında rektora danışdım. Rektor bunları
eşidəndə çox
təəssüfləndi. Bu işə məsul
olan şəxsi çağırdı, onun
üstünə əsəbiləşdi.
Dedi ki, Yazıçılar Birliyində
bütün respublikalar
üzrə tərcüməçilər
var, bu gəncin
şeirlərini ora göndərib tərcümə
etdirə bilərdiniz.
Ordan alınan rəy əsasında fikrinizi Bakıya yazmalıydınız.
Təbii
ki, artıq gec idi. Rektor məni ruhlandırdı.
Dedi ki, əgər Yazıçılar
İttifaqının üzvü
olmağın barədə
Bakıdan arayış
gətirsən, köçürülmə yolu ilə burada
təhsil ala bilərsən.
1949-cu ilin axırı
idi. 5 il
Moskvadakı Ədəbiyyat
İnstitutunda təhsil
aldım. Mən həmin instituta
oxumağa gedən ilk
azərbaycanlı idim.
Sonralar İsa Hüseynov, Salam Qədirzadə,
Əli Kərim, İsgəndər Coşğun,
Rüfət Zəbioğlu,
Hüseyn Arif, Asif Ata, Ramiz Heydər, Cabir Novruz, Vidadi Babanlı və başqaları həmin instituta oxumağa gəldilər. Dağıstanın məşhur şairi
Rəsul Həmzətovla
orada tanış olduq, dostlaşdıq».
Ömrünün son illərini tənha yaşayırdı. Tənhalığı ömründə yaradan səbəblər vardı. Həyat yoldaşını itirmişdi:
«Çoxları israr elədilər ki, həyatımı yenidən
qurum. Ancaq heç zaman
belə fikrə düşmədim. Cavabım bu
oldu ki, taleyi bir dəfə
sınayarlar. Mən bu
qənaətdəyəm ki,
gərək insan axıracan sədaqətli
olsun. Həmsöhbətim tənhalığımdır.
Mən tənhalıqla söhbət
edirəm. Fikrimi kimsəsizliyə
deyirəm. O da məni baş düşür».
Uğur
Xalq Cəbhəsi.-
14 dekabr.- S.14.