Mahnının ustadı

 

 

Mahnını hamımız sevirik. Bizim istər xalq, istərsə də XX əsrdə yaranmış müxtəlif səciyyəli, gözəl mahnılarımız çoxdur. Mahnı yazan bəstəkarlarımızdan söz düşəndə respublikanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Səid Rüstəmovun adı həmişə iftixarla çəkilir. Onun şirin, lirik, ürəyəyatımlı nəğmələri təkcə respublikamızda deyil, bəzi xarici ölkələrdə də ifa olunur, bəstəkara məşhurluq gətirir. Səid Rüstəmovun bu sahədə böyük xidmətləri var.

Hər şeydən əvvəl həm xalq musiqisini, həm də şifahi ənənəli professional musiqini dərindən, bütün incəliklərinə qədər bilən Səid Rüstəmov bu saf bulaqdan bütün yaradıcılıq boyu öz istedadı çərçivəsində istifadə etmiş, nəticədə o, keyfiyyətcə yeni, orijinal əsərlər yazmağa müvəffəq olmuşdur. Bu ümdə cəhət bəstəkarın mahnılarında daha bariz şəkildə özünü nümayiş etdirir. Heç də təsadüfi deyil ki, iri həcmli əsərlərinə görə deyil, məhz mahnılarına görə SSRİ dövlət mükafatına layiq görülmüşdür. Bunların hər biri həyatımızın müxtəlif cəhətlərini əks etdirir. Məsələn, «Sürəyya» zəhmət adamına-qabaqcıl pambıqçıya, «Mən sülhə səs verirəm» mahnısı sülh uğrunda mübarizəyə, «Sumqayıt» yeni yaradılmış sənaye şəhərinə həsr olunmuşdur.

Səid Rüstəmovun mahnıları təkcə yuxarıda qeyd etdiyimiz mövzularla bitmir. O xeyli sayda lirik mahnıların da müəllifidir. Bu mahnılar saf məhəbbətə, doğma vətən torpağına həsr olunmuşdur. Bu qəbildən olan mahnıların çoxu dillər əzbəridir: «Bənövşə», «Gəlmədi», «Hardasan?», «Həkim qız», «Getmə, getmə», «Qurban adına», «Alagöz», «Şeir deyilmi?» və onlarla başqa mahnıların adlarını çəkə bilərik.

Bəstəkar S.Rüstəmovun adı gələndə bizim yadımıza bu mündəricəli mahnılar düşür. Mübaliğəsiz demək olar ki, bəstəkar mövzusundan asılı olmayaraq, hər mahnısı ilə musiqi çələnginə yeni töhfə gətirirdi.

S.Rüstəmov musiqi sənətinə tar çalan kimi gəlmiş və bu sənətin sirlərini Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylidən mənimsəmişdir. O, Üzeyir Hacıbəylinin yetirməsi olmaqla yanaşı, Azərbaycan xalq çalğı alətləri orkestri üzrə onun həm də yaxın köməkçisi idi. Belə ki, 1931-ci ildə Müslüm Maqomayevin təşəbbüsü ilə Üzeyir Hacıbəyli Azərbaycan Radio Komitəsinin notlu xalq çalğı alətləri orkestrini yaratdıqda Səid Rüstəmov əvvəl kollektivin konsertmeysteri, üç il sonra isə bədii rəhbəri və baş dirijoru olur. O, qırx il bu kollektivə rəhbərlik etmişdir. Əgər əvvəllər orkestr xalq musiqisini, muğamları işləmədə, eləcə də, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və başqalarının əsərlərini ifa edirdisə, sonralar Səid Rüstəmovun əməli işi sayəsində orkestrin repertuarı dünya musiqi klassikasının məşhur əsərləri ilə zənginləşir. Açığını deyək ki, azərbaycanlıların əksəriyyəti Motsartın, Şubertin, Mendelsonun, Bizenin, Qlinkanın, Çaykovskininbaşqa klassik bəstəkarların, musiqi korifeylərinin əsərlərilə məhz ilk dəfə bu orkestr vasitəsilə tanış olmuşlar. Bu baxımdan onu demək olar ki, Şərq musiqisi tarixində klassik populyar simfonik əsərləri xalq çalğı alətləri orkestri üçün orkestrləşdirib ifa etdirən ilk dəfə S.Rüstəmov olmuşdur.

S.Rüstəmov orkestrin repertuarını Azərbaycan bəstəkarlarının orijinal əsərləri hesabına zənginləşdirə bilmişdir. Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Qənbər Hüseynli, Adil Gəray, Xəlil Cəfərov, Arif Məlikov, Ramiz Mirişli, Dadaş Dadaşov, Azər Dadaşovbaşqa bəstəkarlarımız istər irihəcmli (simfoniyettalar, konsertlər, süitalar), istərsə də kiçikhəcmli əsərlər (pyeslər, miniatürlər, mahnılar…) yazmışlar. Bu bəstəkarların ilk əsərləri məhz bu orkestr üçün bəstələnmişdir və ifa edilərək şöhrət tapmışdır. Çünki Səid Rüstəmovun təfsiri ilə səsləndirilən hər bir əsər tez bir zamanda musiqisevərlərin rəğbətini qazanmış və geniş yayılmışdır. Onu da xatırladım ki, yüksək zövqə malik olan Səid Rüstəmov ancaq səviyyə etibarilə professional əsərlərə dirijorluq edərdi. İndi də Səid Rüstəmovun interpretasiyası ilə maqnitafon lentlərinə və videoyazılara qulaq asdıqda dediklərimizin bir daha şahidi oluruq. Bu mənada S.Rüstəmovun bir dirijor kimi də fəaliyyəti genişdir.

30-cu illərdə bəstəkarlığa başlayan S.Rüstəmovun ilk əsəri də xalq çalğı alətləri orkestri üçün idi. Bu, «Bayatı-kürd» muğamı əsasında fantaziya olmuşdur. Sonra isə həmin orkestr üçün mahnı və rəqsləri də o, yazır. Müharibə illərində bəstəkarın orkestr üçün yazdığı «Cəngi» və «Qəhrəmani» əsərləri əsgərlərimizi qələbəyə ruhlandırırdı. Bu əsərlərin partituralarına bəstəkar zurnanı və qoşa-nağaranı da əlavə etmişdi.

Bu əsərlərdən sonra Səid Rüstəmov xalq çalğı alətləri orkestri üçün üç süita yazmışdır. Onların arasında daha populyar «Azərbaycan» süitasıdır ki, burada ölkəmizin füsunkar təbiəti, insanların əməksevərliyi maraqlı musiqi lövhələri ilə əks olunmuşdur. Qədim mizrablı musiqi alətimiz olan tarın imkanlarını yaxşı bilən Səid Rüstəmovun tar ilə Xalq Çalğı Alətləri orkestri üçün yazdığı «Konsert» ilk ifadan müəllifinə şöhrət gətirir, həm tarzənlərimizin konsert repertuarını, həm də ortaali musiqi məktəblərimizin tədris proqramlarına daxil edilir. Hazırda elə bir tarçalan tapılmaz ki, bu əsəri ifa etməsin.

Səid Rüstəmovun xor, solistxalq çalğı alətləri orkestri üçün kantataları arasında biz xüsusilə «Azərbaycan» kantatasını qeyd etmək istərdik. Bu kantata çox maraqlı və cəlbedicidir. Bu səbəbdən də heç bir zaman dəbdən düşmür, vaxtaşırı televiziyaradio dalğalarında, konsert salonlarında səsləndirilir.

Səid Rüstəmov 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüklərinin iştirakçısı olmuşdur. Onun təqdirəlayiq işlərindən biribirinci ongünlük üçün Üzeyirbəy Hacıbəylinin «Arşın mal alan» operettasının simfonik orkestr üçün partiturasının xalq çalğı alətləri orkestrinin ifasında moskvalılara təqdim etməsidir. Səid Rüstəmov dram tamaşalarına çoxlu musiqi yazmışdır. Xüsusilə, Azərbaycan Dövlət Akademik dram teatrı tamaşalarına – «Hacı Qara», «Vaqif», «Almas», «Bahar suları» və s. göstərmək olar. Bəzi mahnılar bu tamaşalardan ayrılaraq ikinci müstəqil həyata başlamışdır. Bunlardan «İntizar», «Hardasan?», «Alagöz» indiöz təravətini saxlayıb, əvvəlki kimi sadə, səmimi və yaddaqalandır.

Azərbaycanda musiqili komediya janrının inkişafı sahəsində Səid Rüstəmovun da mühüm rolu vardır. O, müasir mövzuda ilk musiqili komediyaların müəllifidir: «Beşmanatlıq gəlin», «Durna», «Rəisin arvadı». Bu üç musiqili komediyanın əsas xüsusiyyəti odur ki, bunlarda mahnı aparıcı rol oynayır.

«Beşmanatlıq gəlin» (libretto Məmməd Səid Ordubadinindir) musiqili komediyası ilk tamaşasından sonra tez bir zamanda populyarlıq qazandı. Bu əsər Orta Asiya respublikalarının səhnələrinə ayaq açıb uzun müddət repertuardan düşmədi.

Süleyman Rüstəmin mətninə yazılmış «Durna» musiqili komediyası da bu janrda maraqlı əsərlərdəndir. Bu əsərdə müharibədən sonrakı dinc quruculuq dövründən söhbət açılır. Əsərdə DurnaMurad əsas qəhrəmanlar kimi göstərilir. Onların ülvi məhəbbəti, zəhmətdə şücaətləri müxtəlif səpkili musiqi boyaları ilə açılır. Ümumiyyətlə, operettada aparıcı bir qüvvə kimi səhnədə iştirak edən ayrı-ayrı obrazları (Lalə, Durna, Murad, Dursun, Kərim və başqalarını), istərsə də kənd camaatının kütləvi səhnələrini musiqi təşkil edir. Komik vəziyyətlər zamanı məzəli musiqi sədaları əsərə şən, şux əhval-ruhiyyə aşılayır. «Durna» bir neçə dəfə redaktə olunmuş, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş, həmçinin respublikamızın hüdudlarından uzaqlarda da öz səhnə təcəssümünü tapmışdır.

Səid Rüstəmovun üçüncü musiqili komediyası olan «Rəisin arvadı» isə Məmməd Əlizadənin librettosuna yazılmışdır. Komediyanın süjeti xalq malının dağılmasına qarşı yönəldilmişdir. Əvvəlki musiqili komediyalarında olduğu kimi, bu tamaşanın da təravətli musiqisi bəstəkara böyük rəğbət qazandırmışdı. Bəstəkarın sənət dostu Tofiq Quliyev məqalələrinin birində Səid Rüstəmovun bəstəkar kimi uğurlarının əsas sirlərini belə qiymətləndirir: «Məncə, onun səbəbini Səid Rüstəmovun istedadının təbiiliyində, səmimiliyində, dərin xəlqiliyində, geniş milli koloritə malik olmasında axtarmaq lazımdır».

Səid Rüstəmovun yaradıcılıq fəaliyyətinin bir mühüm sahəsini musiqi folklorçuluğu təşkil edir. O, Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasında yaranmış xalq musiqisi Elmi Tədqiqat Musiqi Kabinetinin ilk günündən onun işində fəallıqla aşıq musiqisi, xalq mahnı və rəqs nümunələrini nota yazmağa başlayır. Bunun nəticəsidir ki, onun not yazısı ilə 30-cu illərdə 4 dəftər «Aşıq mahnısı», Cabbar Qaryağdıoğlunun ifasından nota köçürülmüş «50 Azərbaycan xalq mahnısı» nəşr olunmuş, 1954 və 1957-ci illərdə çap olunmuş iki cildlik «Azərbaycan xalq mahnıları» məcmuələrinə də Səid Rüstəmovun nota yazdığı xalq mahnıları daxil edilmişdir. 60-cı illərdə isə «Azərbaycan xalq mahnıları» məcmuələri, iki dəftər «Azərbaycan xalq rəngləri» çapdan çıxmışdır. Bu not yazıları xalq musiqisi ifaçılarının repertuarlarını zənginləşdirməklə yanaşı, lazımlı tədris vəsaitləri kimi də istifadə olunur.

S.Rüstəmov 30-cu illərdən başlayaraq, əvvəl Bakı musiqi texnikumunda, sonrakı illərdə Azərbaycan Dövlət Konservatoriyasında tar ixtisası sinfi üzrə müəllim işləmişdir. O, bu sahədə ilk professor elmi dərəcəsini almışdır. Onun yetirmələri hazırda respublikanın görkəmli tarzənləri, bəstəkarları və dirijorlarıdırlar. Bəstəkarın bir müəllim kimi fəaliyyətinin əsas cəhətlərindən biri onun dərslik və dərs vəsaitlərinin yazılmasının qayğısına qalmasıdır. O, ilk dəfə olaraq, 1935-ci ildə «Tar məktəbi»ni yazıb çap etdirmişdir.

Bundan əlavə, 30-cu illərdə Azərbaycan dilində yazılmış və çap olunmuş «İbtidai not savadı» dərsliyinin müəlliflərindən biridir. Daha sonra ortaali musiqi məktəbləri üçün S.R.Konyusun «İbtidai musiqi nəzəriyyəsi» və Rimski-Korsakovun «Harmoniya» dərsliklərini də Azərbaycan dilinə çevirən Səid Rüstəmov olmuşdur. Xatırladaq ki, bu dərsliklər öz dövrü üçün lazımlı vəsait idi

 

Oktay Hacımusalı

Xalq Cəbhəsi.- 2011.- 14 dekabr.- S.13.