Yəhya Şeydaya həsr olunmuş
tədbir
Söhrab Tahir: «O, sözün əsl mənasında azadlıqla
nəfəs alırdı»
Dünən Azərbaycan Yazıçılar Birliyinin Hatəvan klubunda
Güney Azərbaycandan olan tanınmış yazar, araşdırmaçı Yəhya Şeydaya həsr olunmuş xatirə gecəsi keçirildi. Tədbiri giriş sözüylə xalq şairi Söhrab Tahir açdı, Yəhya Şeydanın Güney Azərbaycanda anadilli ədəbiyyatın inkişafında gənc soydaşlarımıza kömək etməsindən, müxtəlif ədəbi toplular, məcmuələr nəşr etməsindən danışdı, onunla bağlı xatirələrini dilə gətirdi. Söhrab Tahir qeyd etdi ki, Yəhya Şeyda ən çətin şəraitdə sətiraltı ifadələrdən istifadə etməklə fikirlərini çatdırmağa çalışırdı və buna nail olurdu: «O, sözün əsl mənasında azadlıqla nəfəs alırdı».
Yazıçılar Birliyinin Güney Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz Yəhya Şeydanın həyat və yaradıcılığı barəsində araşdırma məruzə ilə çıxış etdi. O, Yəhya Şeydanın gənc yazarların yetişməsində, ədəbi fəaliyyətlərinin milli yöndə inkişafında çabalarından, Vətən sevgisindən danışdı: «Ayrıca olaraq Güney Azərbaycan və ya Quzey Azərbaycan ədəbiyyatı yoxdur, vahid Azərbaycan ədəbiyyatı var. Yəhya Şeydanı yalnız Güney Azərbaycana aid etmək olmaz».
O, vurğuladı ki, gerçəklikdə xalqımız Güneyə və Quzeyə ayrılsa da, ancaq millətimizin ürəyində ayrılıq yoxdur: «Yəhya Şeyda onillər boyunca böyük bir yaradıcı nəslə təsir edib, onların milli duyğularının oyanmasında, inkişafında əvəzsiz rol oynayıb, gənc yazarlarımızı – soydaşlarımızı Azərbaycan Türkcəsində yazmağa sövq edib». Araşdırmaçı Sabir müəllim Yəhya Şeydanın daim mübarizələrdə keçən ömründən danışdı: «Ümumiyyətlə, güneyli soydaşlarımızın qəmli taleləri var. Onun haqqında radioda çıxış etmişdim. Yəhya Şeydanın iki cildlik ədəbiyyat toplusundan həmişə geniş istifadə etmişəm».
Çıxışlarda qeyd edildi ki, yeni dönəmdə Yəhya Şeydanın yaradıcılığının tədqiqinə, bu sahədəki araşdırmaların kitab halında çapına böyük ehtiyac var. Habelə çıxışlarda çağdaş Güney Azərbaycan ədəbiyyatının inkişaf meylllərindən danışıldı, bu sahədəki problemlərə toxunuldu. Araşdırmaçəı Esmira Fuad Yəhya Şeydanın həm istedadlı şair, həm də gözəl ədəbiyyatşünas olduğunu bildirdi: «Onu təkcə anım günündə yox, həmişə xatırlamaq, yaşatmaq gərəkdir. Arzu edirəm ki, bu cür yaradıcılarla bağlı mövzular publisistikamızda, araşdırmaçılarımız arasında daha da aktuallaşsın. 21 Azər hərəkatından sonra ana dili ilə bağlı çabaların artması istər-istəməz öz təsirini ədəbiyyatda göstərdi. Bu dövrdə Mirmehdi Etimad, Məhəmmədəli Fərzanə kimi araşdırmaçılar söz sahibləri də ədəbi meydana qədəm qoydular, xalqın maariflənməsində, milli soraqlarına yiyə durmasında mühüm rol oynadılar». Şair Qəşəm Həcəfzadə 20-ci yüzildə Güney Azərbaycanda gedən proseslər fonunda xalqın azadlıq mübarizəsinin davamlı olmasından, ədəbiyyatda ifadəsini tapmasından danışdı: «Güneyli yazarlarımızın ruhunda sıxılmaqdan, əzabdan yaranmış doğmalıq, xalq şeiri ruhunda yaradıcılıqlar var. Sevginin göz yaşı hər yanda eynidir».
Şair İslam Sadıq – «Söz ədəbiyyatın uçulmaz körpüsüdür»- dedi: «Ana dilimiz ən çətin zamanda belə bu bağları qırılmağa qoymayıb». Sonra o, «Bir gözüm Bakıdır, bir gözüm Təbriz» adlı şeirini oxudu.
İşıqlı Atalı 20-ci yüzildə Güney Azərbaycanda baş verən inqilabların ədəbiyyata, ictimai düşüncəyə təsirindən söz açdı, Şəhriyarın «Heydərbabaya salam» poeması ilə nəfəs alan, anadilli poeziya yaradan gənclərə Yəhya Şeydanın qayğısının ciddi, davamlı olduğunu bildirdi: «Bu gün Güney Azərbaycandan olan bir çox yaradıcının milli əhvala, ana dilinə sevgi üstə köklənməsində Yəhya Şeydanın mühüm rolu olub. Güneydəki yaradıcı soydaşlarınmız taleyin gərdişindən bir neçə sahədə çalışmalı olublar, çünki Güney Azərbaycanda milyonlarla türkün ana dilində məktəbi yoxdur, milli ruh ardıcıl şəkildə söndürülür. Bu mənada Yəhya Şeydaların çabalarının mili gərəkliyini anlamaq çətin deyil».
Şair Balayar Sadiq Güney həsrətinin onun ömründə yaratdığı təsirdən danışdı. Yazar Zümrüd Yağmur soydaşlarımızın Bütöv Azərbaycan məfkurəsinə çatmasının gərəkliyindən söz açıdı.
Şairə Zərəngiz xanım «Araz nisgili» adlı şeirini oxudu.
Yəhya Həsən oğlu Şeyda 1924-cü ildə Təbrizdə anadan olub. Şair, ədəbiyyatşünasdır. Ədəbi fəaliyyətə gənclik dövründən başlayıb (1940). Klassik ədəbi irsi və ədəbi-nəzəri bilikləri, eləcə də fars, ərəb və alman dillərini mütaliə yolu ilə dərindən öyrənib. Onun şeirləri, ədəbi-tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap olunub. Təbrizdə dərc edilən «Məhdi azedi» («Azadlıq beşiyi») qəzeti redaksiyasında şöbə müdiri və Azərbaycan dilində buraxılan səhifələrin redaktoru idi. Azərbaycan və fars dillərində yazıb-yaradıb. «Odlar vətəni», Mirzə Əli Möcüzün «Əsərləri», «Odlu sözlər», «Sijimqulu», Məhəmmədhüseyn Şəhriyarın «Divan»ı, «Biriyanın ürək sözü», «Ədəbiyyat ocağı» (I-II cild) və s. kitabları tərtib və nəşr etdirib. Fars dilində əsərləri Tehranda kütləvi tirajla buraxılıb. Onun atası Həsən Yüzbaşı Məşrutə inqilabının mücahidlərindən olub.
Uğur
Xalq Cəbhəsi.- 2011.- 15 dekabr.- S.14.